Gözünü yumdunmu keçdi bu gecə,Mən də bu gecənin bir uyğusuydum.Bir az dağ xislətli, bir az çay təbli,Başı buludlarda, ayağı suydum.

Yarpaqla saralan, toxumla bitən,Beşiklə tapılan, məzarla itən,

Kimsə soruşmadı, kimsən, ay gedən!Payızın köçəri bir duyğusuydum.

Allahdı, şeytandı? – ayır bu səsi,İşığın yanında kölgə də gəzir,Bir oğru sövdənin Keçəl HəmzəsiBir doğru sevdanın Koroğlusuydum.

Gülmək istəmirdim gülüm çağırdı,Gülüş arxasınca zülm çağırdı,Ölmək istəmirdim, ölüm çağırdıElə bil borcluydum, gor oğrusuydum.

Onsuz da bağlanmaz qəm dəftərimiz,Onsuz da soyumaz alın tərimiz,Axirət sınağı – görüş yerimiz –Binədən Allahın maraqlısıydım!

24.VIII.1994

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets