Birinci pərdə
Page 4 of 4 · 75%
Gülümov
Gör sən məni necə səhv başa düşdün? Mən vasitəçilik eləmirəm ki. Əsl həqiqəti deyirəm. Özü də bu yaxınlarda təşrif aparır.
Qumru
Necə təşrif aparır? Hara gedir?
Gülümov
Hələlik naməlumdur. Təcili raykoma çağırdılar. Yəqin vəzifəsini böyüdüb, Bakıya göndərəcəklər.
Qumru
Of, Bakı, Bakı, kim ora gedirsə, xoşbəxtdir. Bircə bu payız gəlsin. Mütləq gedib həkimlik institutuna girəcəyəm.
Gülümov
Bakıya tək getməyi mən sizə məsləhət görmürəm. Gərək elə gedəsən ki, ömürlük heç bir şeyə ehtiyacın olmasın. Ev almaq lazımdır? Lazımdır. Evin içini düzəltmək lazımdır? Lazımdır. Gərək bir məclis açasan ki, şaq-şaq şaqqıldasın.
Qumru
Bəxtəvər, sən də məclisdən-zaddan dəm vurursan. Mənim heç bir şey gözümdə deyil. Bircə ev alsaydım.
Gülümov
Dəniz kənarında. İkinci mərtəbədə. Bulvara da balkonu. Qapıda adamlar dayanıb doktoru, Qumru xanımı gözləyirlər.
Qumru
Ay Gülümov ey, maskara eləmə görək. Doktor olanlar məndən artıq deyil ki? Bura bax, Gülümov, mən keçən ilin haqq-hesablarını qurtarıram, amma on iki ton taxıl aformit olunmayıb, qalıb. Bu gün məsələni həll elə ki, rayfo tələsdirir.
Gülümov
On iki ton? Hə, doğrudan ha... Bəs, yaxşı, onu sən bu vaxta kimi dəftərdən keçirməmisən?
Qumru
Necə keçirim ki? Saxta qəbz düzəltmək olar? Yoxsa on iki ton taxıl əskik gəlir?
Gülümov
Bıy, bıy, ayıb deyil, Qumru xanım? Mən Qurbanova deyərəm, o sçotu aformit eləyərik.
Qumru
Özün bil, bu gün-sabah məsələni həll elə, yoxsa atçotları rayfo istəyir, görərlər, sizinçün yaxşı olmaz.
Gülümov
O düzələn işdir.
Səməndərli və Hüseyn içəri girirlər.
Səməndərli
Yoldaş Qurbanov bu saat daxil olacaq.
Gülümov
Hə, necədir? Üzünü gördün? Gülürdü? Fikirli idi?
Səməndərli
Üzünü görmədim. Mən cananı ayaqlarının səsindən tanıyıram.
Qumru
Nə vaxt gedir?
Hüseyn
Hələ o qədər də tez getməz. Gərək təhvil verə axı.
Gülümov
Sən də gedirsən?
Hüseyn
Mənsiz dayım ayağını atmaz ki...
Gülümov
Gör nə böyüdü, dedim, axı. Dedim ki, onsuz dolana bilməyəcəklər. Qurban olum sənə, yoldaş Qurban Qurbanov.
Səməndərli
Yoldaşlar, o içəri girən kimi əl çalarsınız. Adətdir. Səhnəyə çıxana əl çalarlar. Qurbanov da bu gün yeni həyat səhnəsinə qədəm atır.
Qurbanov içəri girir. Səhnədəkilər ona əl çalırlar.
Qurbanov təəccüb içərisində dayanır.
Qurbanov
Bu nədir? Əl niyə çalırsınız? Bu müharibə dövründə əl çalmaq nədir?
Səməndərli
Təbrik eləyirik, yoldaş Qurbanov! Nə vaxt yola düşürsünüz?
Qurbanov
Səməndərli? Qəmədiyə çıxartma, bura sənin üçün səhnə deyil. Get bu saat otur mənə yaz görüm bu il idarədə neçə yanğın söndürmüsən?
Səməndərli
Yoldaş Qurbanov! Heç bir dəfə də yanğın olmayıb.
Qurbanov
Budur da. Siz bu cür işləyirsiniz, amma sözünüz mənə gəlir, deyəcəklər ki, yanğın ki, yoxdur, niyə o boyda kişini avara eləyib maaş verirsən? Get bütün illik fəaliyyətini yaz, orda qeyd elə ki, üç-dörd xırda-xuruş yanğın olub, o saat bütün idarədəkilərlə əlbir olub söndürmüşük, yoldaş Qurbanovun rəhbərliyi altında. Başa düşdün? Bu günlər idarəni yoxlayacaqlar, lazım olacaq.
Səməndərli
Yoldaş Qurbanov, yoxlamaya qədər, doğrudan da, yanğın eləyib o saat yenə söndürsək, necə olar? İstəyirsiniz mən bir məşq eləyim.
Qurbanov
Səməndərli, çox uzadıb məni yorma, get mən dediyim kimi yaz. (Səməndərli çıxır) Qumru, qurban olum qədəmlərinə. Bir stəkan su ver. (Qumru çıxır) Gülümov, sən də get haqq-hesabları yığ bura gətir. Bir çötkəyə vuraq görək nəyimiz var, nəyimiz yoxdur. (Gülümov çıxır) Bacıoğlu, yaxına gəl görüm, işlərin necədir?
Hüseyn
Qız yola gəlmir, dayı. Bilmirəm, bu anbarın işi necə olacaq. Bilirsiniz nə qədər taxıl əskik gəlir.
Qurbanov
Bəs, torpaq nə oldu? Mən demədim qat? Mən tapşırmadım, sarsaq?
Hüseyn
Qatıram, dayı, torpaq ilə onun öhdəsindən gəlmək olmaz ki? Gündə iki-üç vedrədən artıq keçirmək olmur. Siz taxılı buraxanda kisə ilə buraxırsınız. İndicə göndərdiyiniz adam iki kisə apardı.
Qurbanov
O barədə danışma, o vacib iş idi. Sovxoztrestin anbar müdirini tanıyırsan? Ona göndərdim. Lazımlı adamdır. Sən o qızın məsələsini tez elə. Bu gün-sabah almasan, dayı-bacı oğlu bizi qatarlar bir-birimizə.
Hüseyn
Ümidim Səməndərliyədir. Görək onun üsulları kömək eləyəcəkmi?
Qurbanov
Səməndərlidən bərk yapış. Elə işlərdən başı çıxar. (Gülümov gəlir) Di get, gözümün qabağında tirlənib dayanma. (Hüseyn çıxır) Bura gəl görək, Gülümov, sən ruh doktorusan, mənim ruhumu təcili təmir eləmək lazımdır.
Gülümov
Xeyir ola, yoldaş Qurbanov? Mətləbi mənə açmaq olmaz?
Qurbanov
Raykoma bizim idarədən siqnal veriblər. Sən bilən bu işi hansı nanəcib eləmiş olar?
Gülümov
Dayan, dayan, yavaş, ehtiyatla. Heç özünüzü itirməyin, yoldaş Qurbanov!
Qurbanov
Mən özümü itirən deyiləm, Gülümov. Mənim saçım kontrolnı komissiyalarda tökülüb. Ancaq məni maraqlandıran o materialı yazan adamdır. Sən bilən kim olar?
Gülümov
Materialda nə yazıldığını bilmədinmi?
Qurbanov
Bilmədim. Materialı mənə göstərmədilər. İspalkomun sədri bərk danışırdı. [?], ancaq yoxlama göndərəcəklər. İdarədə işləri təcili qaydasına salmaq lazımdır. İllik atçotları hazırdır?
Gülümov
İllik haqq-hesabda kəsrimiz var. On iki ton taxıl ilişib qalıb. Qumru tələsdirir, özü də yola gələnə oxşamır. Qorxuram rayfoya xəbər verə, işləri korlaya.
Qurbanov
Çağır, işləri ondan al. İstəyirsən, işdən çıxardaq getsin.
Gülümov
Yox, olmaz. Məsələ keçib onun əlinə, yumşaqlıqdan başqa əlacı yoxdur.
Qurbanov
Onda bir az parıldayan şeylər göstər, gözləri qamaşsın.
Gülümov
Ha söz salıram bir şey çıxmır. Vaxt olsaydı, yoldan çıxartmaq olardı. Amma heyf ki, vaxt yoxdur, deyirsiniz, bir-iki günə yoxlayarlar?
Qurbanov
Nə bilim, mən belə başa düşdüm. Bəs, yaxşı, bu Qumrunu neyləyək? Lap dolaşığa düşdük...
Gülümov
Yoldaş Qurbanov, əlac onun ağzını yummaqdır. Gəlin bircə günün içində tarixi bir iş görün.
Qurbanov
Gülümov, mən tarixi iş görmək üçün ölürəm, de görüm, nədir?
Gülümov
Bir günün içində Firuzə xanımı boşayıb Qumrunu alsanız, bütün məsələlər həll olunar.
Qurbanov
Əşi, elə şey olmaz. Firuzəni boşamaq olar? Qumru mənə gələr? Bu yaşımda?
Gülümov
Yaşa nə baxırsınız? Sizin hələ canınız suludur.
Qurbanov
Deyəsən, bu tədbir beynimə batır axı. Arvadım olsa, məni ayağa verməz.
Gülümov
Özü də gözəl-göyçək qız. Həm ziyarət, həm ticarət.
Qurbanov
Yaxşı, işə girişək görək, nə olur?
Gülümov
İcazə verin, mən bir vasitə tapıb materialda nə yazıldığını öyrənim.
Qurbanov
Öyrənsən pis olmaz. Gör xətt kimin xəttidir. (Qumru su gətirir) Ay sağ ol, Qumru! Sənin gətirdiyin su mənim ürəyimə yağ kimi yayılır.
Səməndərli içəri girir.
Səməndərli
Yoldaş Qurbanov, yazmışam, hazırdır. Mənim məruzəmə görə, bir ilin içində bu idarə dörd dəfə yanıb təzədən tikilib.
Qurbanov
Dayan, dayan. O cür məruzə üstə mənim atamı dörd dəfə yandırarlar. Qoy bir fikirləşim. Bu cür çətin dəqiqələrdə baş işlətmək lazımdır.
Gülümov
Yoldaş Qurbanov, yığışaq, məsləhətləşək, bir başdan iki baş yaxşıdır.
Qurbanov
Düz deyirsən, ağıllı məsləhətdir, təcili iclas çığırmaq lazımdır.
Səməndərli
İclasa! İclasa!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-asnalar-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci şəkilBakıda kiçik bir mətbəə. Bir tərəfdə şrift kassaları, o biri tərəfdə stol, stullar. Küncə çoxlu qəzet yığılıb. Xosrov nə isə yığır. Roza içəri girir.*
İkinci pərdəBeşinci şəkilKəblə Muxtarın evi. Axşama hazırlıq gedir, otaqları yığışdırırlar. Firuzə xanım əli belində ortada hərlənir. Kəblə Muxtar qan-tər içində evə girir.*
Üçüncü pərdəSəkkizinci şəkilBakının küçələrindən biri. Əlibaba ilə İmamqulu Kəblə Muxtarı gətirib güclə bir daşın üstündə oturdurlar.*
Əliqulu evlənir4 pərdə, 5 şəkildə*İştirak edənlər
Poems by other poets
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Düşmüşəm seyd kimi damdə səyyad əlinəDüşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum