Cənnət xuliqanı
Page 2 of 4 · 25%
Onun ayağa durmasını Cəlilbəy mərhəmət əlaməti hesab edib yalvarıcı səslə dedi:
– Mənə bir nahar düzəlt, Ağarəhim, adam qonağı əliboş yola salmaz.
Ağarəhim onun bu sözünə:
– Odur ey!.. – deyə kəndi göstərərək, cavab verdi, – Molla Şirəli məscidə təşrif aparır. Get, sənin də qarnını doldursun.
Cəlilbəy təəccüblə soruşdu:
– Kim?
– Molla Şirəli. Quşluq kəndinin təzə peyğəmbəri. Gör qocalar dörd tərəfini necə alıblar! Cücəli toyuğa oxşayır!.. Onun qrimini eləyib “Ölülər”də nə oynayardım?
Cəlilbəy durub onun yanına gəldi, diqqətlə baxmağa başladı:
– O kəndlilərin qabağında gedəni deyirsən?
– Aha... gör necə Şeyx Nəsrullaya oxşayır!.. Onun qrimini eləyib “Ölülər”də nə oynayardım?
Cəlilbəy bir az da diqqətlə baxıb, nədənsə həyəcanlandı:
– Adı nədir deyirsən?
– Molla Şirəli.
Cəlilbəy bu sözü eşidən kimi kəndə tərəf qaçmağa başladı.
4
Molla Şirəli namazı qurtarıb salavat çevirdi və ayağa qalxdı. Onun arxasınca hamı durdu, məscid bir dəqiqədə boşaldı. Baqqal dükanı bağlayıb evə gedən kimi, Molla Şirəli də məscidi bağladı, açarını xadimə verib evinə tərəf rəvan oldu. Kefi lap yuxarı idi. Dağlardan əsən meh əbasını yellətdikcə xoşlanır, arabir əlini yavaşca cibinə vururdu. Pulun günü-gündən çoxalıb şişməsi onun qarşısında gözəl bir gələcək açırdı (heç kəsə inanmadığından pulu evdə qoymaz, həmişə cibində gəzdirərdi). Nəhayət, asan yaşayışın açarını tapıb əlində möhkəm tutmuşdu, buraxan deyildi, heç kəs onun ayaqlarını bu bərəkətli torpaqdan ayıra bilməyəcəkdi.
Heç kəs?.. Bunu düşünəndə Molla Şirəli elə bildi ki, başının üstündə buludlar oynayır. Əslində şəhərə yaxın olan bu kənd onunçun çox namünasib idi; gərək ucqar yerlərdə, gözdən uzaq kəndlərdə yaşaya idi, ancaq neyləsin? Kəndlərin bir çoxunda məscid yox idi, olanı da çoxdan tutulmuşdu. Neçə il gəzəndən sonra Quşluq kəndini tapmışdı. Axırı xeyir olsun, görək nə olur...
Molla Şirəlinin dünyada iki şeydən xoşu gəlmirdi: birincisi, ən zəhləsi getdiyi, ona əyri-əyri baxıb salam verməyən cavanlar idi. Bəli, elə ona görə də o, Məcid kişiyə təsir göstərmiş və o teatr çıxardan oğlanların ayaqlarını bu kənddən kəsmişdi. İkincisi, xoşu gəlməyən milisioner idi. Bəli... milis nəfərini lap uzaqdan görəndə onun bədənini qəribə bir titrəmə tuturdu. Səbəbi?
Səbəbi keçmişin qaranlıq quyusunda basdırılmışdır. Qurdalayıb üzə çıxartmağın nə mənası var?!
Molla Şirəli ətəyini yellədərək, tini burulduqda qulağı bir səs eşitdi. Kim isə yavaşdan dedi:
– Şirəli!
Molla dönüb ətrafına baxdı, gördü onu səsləyən gödəkboy, kök, qəribə paltar geyinmiş bir kişidir. Əvvəlcə kim olduğunu tanımadı, təəccüblə soruşdu:
– Sən mənimi çağırırsan, övladım?!
“Övladım” deyilən adam ayağının ucunda yaxınlaşıb qabaqca oyan-buyana baxdı, sonra yavaşdan dedi:
– Məni tanımadın, Şirəli? Diqqətlə bax, gör kiməm?!
Molla Şirəli Cəlilbəyi səsindən tanıdı, ancaq özünü tanımamazlığa vurdu, çünki bir az kənarda üç-dörd kəndli arvadı dayanıb onların söhbətinə qulaq asırdı. Arvadlar şübhələnməsinlər deyə, Molla Şirəli bərkdən səsləndi.
– Əleykəssəlam, ey Məhəmməd ümməti!
– Ədə, mən Məhəmməd Hümmətov deyiləm, Cəlilbəyəm ey!.. Tanımadın?
– Övladım! Sən məni kiminləsə dolaşıq salmısan. Xudahafiz!
Molla Şirəli bu sözləri deyib getmək istədikdə, Cəlilbəy qırğı kimi atılıb onun qolundan tutdu, səsini yavaşıdıb dedi:
– Dayan, dayan! Necə yəni “dolaşıq salmısan?” Səni mən yüz adamın içində tanıyaram. Neçə il bir kamerada yatmışıq, bir boşqabdan xörək yemişik, bir qabdan su içmişik. İndi özünü nə tülkü öldüyünə qoymusan?
Molla Şirəli dartınıb qolunu Cəlilbəyin əlindən qurtardı, dişlərini qıcıdıb hirslə pıçıldadı:
– Yavaş danış! Qələt eləmədim səninlə üçcə il bir kamerada yatdım. Qoymazsan bir tikə çörəyimizi yeyək? Rədd ol bu kənddən get! Sən məni tanımırsan, mən də səni!
Molla Şirəli yavaşdan əkilmək istəyirdi ki, Cəlilbəy yalvarıcı səslə dedi:
– Şirəli! Mənim səninlə işim yoxdur... Əlim aşağıdır... Adam oğlusan, özün dolanırsan, nə olar, məni də dolandır... Bir az pul ver... araq pulu.
– Sənin kimilərə verməyə məndə pul yoxdur. Rədd ol, rədd ol!
– Belə eləmə, Şirəli, yoxsa o çörəyi axıra kimi yeyə bilməzsən ha!
Molla Şirəli cavab verməyərək, ötüb getdi. Cəlilbəy onun arxasınca çığırdı:
– Yaxşı, sən Şirəli ol, mən də Cəlil!..
5
Molla Şirəlinin bu cür rəftar eləməsi Cəlilbəyi odsuz-alovsuz yandırmağa başladı. Öz-özünə: “Yaxşı, görək kim-kimi?” – deyə onu hədələdi, sonra kənddən çıxıb geri döndü. Huşu özündə deyildi, hissləri bir-birinə qarışmışdı. Bir tərəfdən intiqam almaq arzusu, o biri tərəfdən paxıllıq hissi onu elə çaşdırmışdı ki, hara getdiyini, nə üçün getdiyini bilmirdi. Avtobus stansiyasının yanından keçəndə Ağarəhim onu səslədi:
– Hə, bəy sağ olsun, molladan bir şey qopara bildin?
Cəlilbəy diksindi, dərin xəyalatdan ayrıldı.
– Ondan Allah verdiyi canı ala bilmir, – deyə, hirslə cavab verdi.
– Bütün kəndi yesə, yenə doymaz... Qazamatda öz payını bir dəqiqədə yeyib, sonra gözünü dikərdi bizim payımıza... Verməyəndə də oğurlayırdı. İndi ağzı çörəyə çatıb. Mən boyda adamı saymır.
Ağarəhim qulaqlarına inanmadı:
– Nə deyirsən, canım, kim dustaq olub?
– Şirəli.
– Bu kəndin mollası?
– Bəli, üç il bir kamerada yatmışıq. Ancaq əbləh indi məni tanımaq istəmir, deyir: “Övladım, sən kimsən?”
Ağarəhim sevindiyindən yerində tullanıb düşdü. Tez cibindən pul çıxardıb Cəlilbəyə uzatdı:
– Bəy sağ olsun, bu, yemək pulu... hələ üstündən yüz qram da mənim boynuma. İçəri gəl, səninlə sözüm var.
Ağarəhim Cəlilbəyi kontora apardı. Onlar orada nə dedilər, nə danışdılar – heç kəsin bundan xəbəri yoxdur. Ancaq açıq pəncərədən qulaq asan olsaydı, arabir bəzi cümlələri eşidə bilərdi.
Məsəl üçün xeyli pıçıldaşdıqdan sonra Cəlilbəyin səsi eşidildi:
– Çətini bircə damcı içənə qədərdir; dilinə dəyən kimi dəli olur.
Bir az sonra bir cümlə də eşidildi. Cəlilbəyin cümləsi:
– Elə tündünü alaram ki, lap öküzü yıxar...
Onların söhbəti yenidən pıçıltıya çevrildi. Dedilər, güldülər. Ağarəhim Cəlilbəyə nə isə verdi (deyəsən pul idi) və ayrıldılar.
6
Molla Şirəli böyük səhv eləmişdi, gərək Cəlilbəyi o cür kobud qarşılamayaydı. Evə gətirsəydi, bir az pul ilə ağzını möhürləsəydi, yaxşı olardı. Ancaq artıq iş işdən keçmişdi: olan olmuş, torba dolmuşdu. İndi yalnız ehtiyatla hərəkət etmək lazım idi. Yoxsa bu gözəl həyat bircə himə bənddir, bir dəqiqədə dağılıb kün-fəyəkun ola bilər.
O gün Cəlilbəyin qorxusundan evdən çölə çıxmadı. Özünü xəstəliyə vurub axşam namazına da getmədi. Sabahı günü səhər namazını da ötürdü. Ancaq günortaüstü davam gətirə bilmədi: fikirləşdi ki, məscidi özbaşına qoysa, daha da pis olar, çar-naçar durub çıxdı küçəyə... hər tində gözləyirdi ki, Cəlilbəy bu saat qabağına çıxacaq, onu söyüb biabır eləyəcək, yada ki, başqa hoqqa çıxardacaq... Sərxoş adamdan nə desən çıxar!
Ancaq heç bir təhlükəyə rast gəlmədən məscidə çatdı. Namazdan qabaq həmişə balaca bir moizə edərdi – müqəddimə kimi. Dünyanın faniliyindən, cənnətdən, cəhənnəmdən... Xülasə ağzına birinci hansı söz gəlsə, deyərdi. Sual verən, hikmət soruşan olmurdu. Çünki onun dinləyicilərinin ən cavanının yaşı yetmişdən yuxarı idi.
Molla Şirəli minbərə çıxıb dinləyicilərə nəzər yetirdi və sözə başladı. Ancaq ha elədisə, əvvəlki bəlağətlə danışa bilmədi. Onca dəqiqəyə moizəsini qurtardı. Həmişəki kimi salavat çevirib, aşağı düşmək istəyirdi ki, lap arxada oturmuş bir adam ayağa qalxıb səsləndi:
– Molla əmi, bir sual olar?
Molla Şirəli sual verəni tanımadı. (Avtobusa minmədiyi üçün Ağarəhimi görməmişdi) Ürəyinə balaca xal düşdüsə də, üzə vurmayıb dedi:
– Buyur, övladım, sualını ver!
Ağarəhim bir az qabağa gəlib soruşdu:
– Mənim sualım budur ki, oğurluq üstə qazamatda yatmış bir adam mollalıq eləsə, onun dalında namaz qılmaq dürüstdür ya yox?
Elə bil bir qırpımda yüz əl girib Molla Şirəlinin ürəyini dartmağa başladı, sual onu elə sarsıtdı ki, bir neçə saniyə nitqi tutuldu, bir xeyli sonra güclə kəkələdi:
– Yox... dü... dü... dürüst deyil.
Molla Şirəli bu cavabı verib, tələsik minbərdən düşmək istəyirdi ki, Ağarəhim bərkdən çığırdı:
– Molla əmi, aman ver, bir sualım da var!
Molla Şirəli dilxor halda cavab verdi:
– Namazın vaxtı keçir, övladım, sualı bir ayrı gündə verərsən.
– Yox, molla əmi, elə indi vermək istəyirəm.
Molla Şirəli hirslə minbərdən düşdü. Ağarəhim onun hiyləsini (yəni qaçmaq istədiyini) başa düşüb, lap qabağa gəldi. Elə bu zaman məsciddəki qocalar üzlərini qibləyə sarı tutmaq üçün hərəkətə gəldilər. Onların bu saat elə vaxtları idi ki, oturduqları yerdən durmaq böyük qoçaqlıq hesab olunurdu. Ona görə də nə Ağarəhimin suallarına qulaq asırdılar, nə də mollanın cavabına.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-cennet-xuliqani
Use ← → keys to move, R for a random poem
More by this author
Yeddinci şəkilSəhər ertə. Dəmirçi Musanın dükanının qabağı. Dükan bağlıdır. Surxay və bir neçə kolxozçu səhnəyə çıxırlar. Mehralı, Şirəli və sairə kolxozçular onları qarşılayırlar.*
Beşinci pərdəSəkkizinci şəkilXalçalar döşənmiş böyük çəmənlik. Bir tərəfində çay dəsgahı, o biri tərəfdə kabab bişir. Uzaqdan gülmək, oxumaq, tar, kamança səsi gəlir. Kolxozun məhsul bayramıdır. Təzə paltar geyinmiş kolxozçular çəmənlikdə gəzişirlər. Musa və Zalxa səhnədədirlər.*
Xoşbəxtlər4 pərdə, 5 şəkildə*İştirak edənlər
Birinci pərdəBirinci şəkilBöyük bir istirahət evinin tikintisi, səhnədən dəstə-dəstə işçilər danışa-danışa keçirlər. Səhər tezdəndir. Nəsirov qəti addımlarla səhnəyə çıxır, o yan-bu yanı gəzir. Bərbərzadənin otağına baxır, bir-iki ağız Bərbərzadəni səsləyir, sonra Maralın otağına baxır, yuxarı boylanaraq, “Mirzə Qərənfil” deyə səslənir, heç bir cavab olmur. Səhnədən çıxmaq istədikdə, birinci işçi və ikinci işçi ilə qarşılaşır.*
Poems by other poets
Yanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
AxtarırDilbəra! Bu rind genə bir yağlı qurban axtarır,Bu qələtdir kim, deyərlər, əhli-iman axtarır.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.