Nadir şah
Ərəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?
Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!
Ərəblinski bu düşüncələrdə ikən Mirzə Mehdinin rolunu oynayan Hüseynqulu Sarabski hövlnak içəri girdi və qapıdan çığırdı:
– Mühüm xəbər!
– Nə xəbər? Zərgər papağı göndərdimi?
– Yox! – Sarabski Hüseynə yaxınlaşdı və qulağına pıçıldadı: – Sadıq bəydə beş manat pul var.
– Vermir?
– Pulu olduğunu heç boynuna almır. Amma öz kostyumundan çıxardıb elçi paltarında gizlədəndə uşaqlar görüblər.
– Onu bura çağır!
Sarabski tez çıxdı. Hüseyn qrimini qurtardığından ayağa qalxdı və əllərini qoynuna qoyub gözləməyə başladı.
Sadıq bəy aktyor deyildi. Əsas sənəti birjada dəllallıq eləməkdi, teatra da kömək edirdi, dükan-dükan, ev-ev gəzib bilet satırdı, çox üzlü adam olduğu üçün onun cənginə keçən, bilet almamış yaxasını qurtara bilmirdi. Hərdənbir tamaşalarda da iştirak edirdi. Çox xəsis adam idi. Biletlərin pulunu vaxtında təhvil vermirdi, yəqin öz şəxsi ticarətində kapital olaraq istifadə edirdi və nə vaxt müraciət etsən, göz yaşı töküb ağlayırdı ki, bir qəpik pulum yoxdur.
Sarabski ilə Sadıq bəy qrim otağına girdilər. Hüseyn, Sadıq bəyi başdan-ayağa süzüb geyimindən və qrimindən narazı qaldığı üçün ilk növbədə bu barədə ona bir neçə kəlmə söz dedi və sonra soruşdu:
– Sadıq, bizə iyirmi manat pul borclusan, nə vaxt verəcəksən?
Pul sözü eşidəndə Sadıq bəy təhlükə hiss eləmiş atlar kimi qulağını şəklədi və hirsli-hirsli cavab verdi:
– Məndən niyə soruşursunuz, gedin nisyə bilet alanlardan soruşun. Onlar nə vaxt versə, məndə o vaxt qaytaracağam.
– O hesaba bizə bu saat beş manat pul lazımdır.
– Bu saat məndə bir qara qəpik də yoxdur.
– Uşaqlar səndə beş manat görüblər.
Hüseyn bunu deyəndə Sadıq bəyə elə bil qəfildən iynə batırdılar. O, dik atıldı. Bu hərəkət Hüseynin nəzərindən qaçmadı. Sadıq bəy qapıya tərəf dal-dalı çəkilib çığırdı:
– Sizin uşaqları pulsuzluqdan qara basır. Məndə pul yoxdur, məndə pul yoxdur!.. Və otaqdan çıxdı.
O gedən kimi Hüseyn sakit halda dedi:
– Tamaşanı başlayaq, çıxaq səhnəyə.
Sarabski təəccüblə cavab verdi:
– Nə danışırsan? Bəs papaq? Bu pərdə qurtarandan sonra on beş dəqiqə vaxtımız olacaq, zərgərdən gətirməyə çatışmarıq.
– Gedək, Hüseynqulu! – deyə Ərəblinski qabağa düşüb qrim otağından çıxdı və koridorda artistlərin dayandığını görüb pıçıldadı. – Səhnədə mən sənə nə desəm onu eləyərsən.
...Bir tərəfdə Xorasanın qalası görünür, o biri tərəfdə çadırlar. Nadir (Ərəblinski) səhnədə tək oturmuşdur. Mirzə Mehdi (Sarabski) içəri girir. Nadir düşüncədən ayrılır, başını qaldırıb soruşur:
Nadir. Mirzə, gəlibsən? Kimdir, nə səsdir?
Mirzə Mehdi. Qulluğunuza Sistan tərəfindən elçi gəlibdir.
Nadir. Elçi? (Ayağa durur) Buyursun! (Mirzə çıxır. Tək) A... zərbi-dəstimi dadıblar. Elçi nədir? Gərək xan özü gəlib təvəqqə edə ki, mən ondan əl çəkəm. Xeyr. Əl çəkmərəm. Ancaq təvəqqə edə bilər ki, xalqı əbəs yerə qırmayım. Özünü öldürməyim. Ancaq belə şeylərin təvəqqeyi ola bilər.
Sadıq bəy elçi paltarında içəri girir.
Elçi (baş əyib). Xidmət şərəfinizə salam edib, Sistan xanı tərəfindən göndərilmişəm.
Nadir. Xob. Buyuruq?
Elçi. Xanın xahişi budur ki, ümumi xeyirdən ötəri davanı bərhəm edək.
Nadir (acıqla baxır). Nə şərt-şürutla.
Elçi. Xan xahiş edir ki, layiqincə xərac versin.
Nadir (gülür). Qalada oturub dəhyek versin? Xob! Cənab elçi, xanınız çox əla xəyallara düşübdür...
Elçi. Və bir də şərt edib ki, min bəd İranla dava etməsin.
Nadir (gülə-gülə). Cənab elçi, xanınıza ərz edərsiniz ki, bu gün hazır olsun. Şərtnaməmi yazıb göndərərəm və buyruq verərəm ki, qolu bağlı şərtnaməyə qol çəksin.
Elçi (mat). Anlamıram.
Nadir. İnşallah, bir saat keçər anlarsınız. Görünür, xanınız davada xab qəflətdə imiş. Zərbi-dəstimi görməyibdir və illa görsəydi, bu təklifləri mənə etməzdi. İnsafdırmı ki, ata-babalarımızdan qalan yerləri alasınız, müqəddəs yerlərimizi qarət edəsiniz və bizim qüvvəmiz ola-ola sizin xeyrinizə olan şərtlər qəbul edək? Hərgah xanınız xahiş edir ki, özü əsir olmasın, hərgah qoşunun əbəs qanfəşan olmağını istəmir, iki saatadək Xorasanın qalasını gərək azad etsin və illa bu gün şəhəri altüstünə çevirmək, ataları balasız, balaları anasız qoymaq mənim borcum olsun.
Ərəblinski bu monoloqu böyük vəcdlə dedikdə salonda alqış qopdu. O, alqışlara adət etdiyindən buna əhəmiyyət vermədi, gözünü elçiyə zilləyib bir qədər dayandı. Əli ilə yol göstərib “indi buyurun” sözünü deməli idi və bu zaman elçi səhnədən çıxıb gedəcəkdi. Ancaq Hüseyn elçiyə diqqətlə baxıb birdən çığırdı:
– Mirzə Mehdi, bu elçi mənə çox şübhəli görünür, bəlkə o, silah gizlədib, məni gizlindən vurmaq istəyir? Tez axtar onun ciblərini!
Mirzə Mehdi – Sarabski heç gözləmədiyi bu əlavədən əvvəlcə çaşdı, sonra işarəni başa düşüb elçinin – Sadıq bəyin qolundan yapışdı. Sarabskinin o vaxt qoçaq və cavan vaxtı idi, zarafatca ona “Azərbaycan teatrının qoçusu” deyirdilər; çaşmış və özünü itirmiş Sadıq bəyi yıxıb bir dəqiqədə ciblərini axtardı, sonra Hüseynə yaxınlaşıb əvvəlcə “beşliyi tapdım, cibimdədir”, – deyə pıçıldadı, sonra bərkdən cavab verdi: – Ciblərində silah tapılmadı.
Ərəblinski böyük istehza ilə elçiyə yol göstərib tekstin dalını dedi:
– İndi buyurun!..
Sadıq bəy tir-tir əsirdi. Pulu getdiyi üçün özünü itirmişdi, gözləri kəlləsinə çıxmışdı. Əsə-əsə dalı-dalı getdi və səhnədən çıxdıqda tamaşaçılar onun bu vəziyyətini aktyor məharəti başa düşüb əl çaldılar.
Tamaşa müvəffəqiyyətlə sona çatdı. Ərəblinskini çox alqışladılar, neçə dəfə səhnəyə çağırdılar. Hüseyn paltarını dəyişib qrimini yudu, sonra da Sarabskinin köməyi ilə paltarları qarderoba təhvil verdi. Küçəyə çıxdıqda artıq gecədən xeyli keçmişdi. Evlərinə tərəf getmək istəyirdilər ki, Sadıq bəyin tində dayandığını gördülər. Onun yanına çatdıqda Hüseyn Sarabskiyə tərəf dönüb dedi:
– Mirzə Mehdi, bu elçi yenə mənə şübhəli görünür. Axtar, bəlkə onun cibində bir beşlik də var.
Sadıq bəy Sarabskinin ona tərəf gəldiyini görüb:
– Ey, ey!.. Yaxın gəlməyin. Polis çağıraram! – deyə qaçmağa başladı.
Ərəblinski gülə-gülə onun arxasınca çığırdı.
– Səndə qaldı on beş manatımız!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-nadir-sah
Use ← → keys to move, R for a random poem
More by this author
1**Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz.
Nəfəs puluƏsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Çiy ətTədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:
CeyranAtalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Poems by other poets
Ey səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
QubaHüsnündən doymuram, sənə vurğunamQoynunda hər dəfə gəzəli Quba,
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.