Page 4 of 4 · 75%

Cəlilbəy onu möhkəm qucaqlayıb küçəyə çıxartdı, hava dəyən kimi Molla Şirəlinin xasiyyəti dəyişdi, səbəbsiz yerə çığırmağa, qabağına gələni söyməyə başladı.

Bir dəqiqədə camaata elə bil simsiz teleqrafla xəbər verdilər: “Molla keflənib”.

9

Günəş batırdı. Dağlar, qayalar, uca ağaclar gülümsəyərək, onu yola salırdılar. Qaranlıq düşməyinə hələ xeyli vardı, ancaq buna baxmayaraq parkda işıqlar yandırılmışdı. Ağacların, kolların, çiçəklərin arasında gizlədilmiş lampalar bu gün parka qəribə bəzək verirdi. Məcid kişi ilə Sevil skamyaların birində oturub, gəlib-gedənlərə tamaşa edirdilər.

Bir azdan parkın girəcəyində haray qopdu. Parkdakı adamların bəzisi səs gələn tərəfə qaçıb gördülər ki, Molla Şirəli ilə Cəlilbəy qapının yanında dayanıblar. Yıxılmasınlar deyə, səsə yığılmış oğul-uşaq onların qolundan yapışmışdılar.

Molla Şirəli yəqin bu parkı ilk dəfə görürdü. Çünki gözlərini döyərək, vəcd və heyrət içərisində baxırdı. Bəzən sərxoş beyninə elə gəlirdi ki, artıq cənnətə yetişibdir. Xeyli diqqət yetirdikdən sonra bərkdən dedi:

– Axırısı ki, gəlib çıxdım cənnətə! – Ətrafındakıları itələyib, qabağa yerimək istədi, bu zaman Cəlilbəyin onu qucaqladığını görüb, bərk hirsləndi və çığırdı. – Çəkil kənara, məlun!.. Bizimki səninlə buraya qədər idi. Öt, get, sənin yerin bura deyil, cəhənnəmdir!

O, bu sözü deyib, parkın qapısından içəri girdi və güllük-çiçəklik içərisində gəzişən al-əlvan geyinmiş qızları görüb bərkdən güldü. Molla Şirəli dəfələrlə minbərdən camaata demişdi: “Kim ki, cənnətə düşdü, hərəkətlərində sərbəstdir. İstədiyi mələyin qolundan yapışa bilər. Heç kəsin ona gözün üstə qaşın var deməyə ixtiyarı yoxdur”. Odur ki, əlvan geyinmiş qızları görəndə hüququnu yadına salıb, tez onların üstünə cumdu.

Belə bir hücumu gözləməyən qızlar qışqırıb ətrafa səpələndilər. Molla Şirəliyə elə gəldi ki, mələklər onunla hənək-mazaq eləyirlər. Qəhqəhə çəkərək, qırmızı paltar geymiş bir qızın dalınca qaçdı. Demə qız qorxaq deyilmiş, Molla Şirəli ona yaxınlaşanda, üzünə möhkəm şillə çəkdi və bərkdən çığırdı:

– Rədd ol, xuliqan!

Şillə mollanı bərk tutdu. O bir-iki dəfə ləngər vurub yaxındakı ağacdan yapışdı. Elə bu zaman hadisə yerinə qaçan iki milisioner onun qabağını kəsdi. Molla onları görüb, elə bil ayıldı. Birdən-birə tir-tir titrəməyə başladı.

– Çəkilin yana!.. Cənnətdə də məndən əl çəkməyirsiniz?

Ancaq milisionerlər ondan əl çəkən deyildilər. Bütün park birbirinə qarışmışdı. Qızlar hürkmüş ceyranlar kimi qaçıb bir tərəfə yığışmışdılar.

... Molla Şirəlini “təntənə ilə” milis idarəsinə apardılar.

Sevilin babası Məcid kişi bu hadisələri öz gözləri ilə gördüyü üçün bərk dilxor idi. Tez-tez deyirdi:

– Sevil, dur gedək evə, xəcalətdən burada qala bilmərəm.

Biz nə qədər çalışdıqsa, onun kefini aça bilmədik. Əhvalı birdənbirə yaman xarablaşmışdı. Nəhayət, əsasını əlinə alıb ayağa qalxmaq istədikdə, Sevil yalvarmağa başladı:

– Nə olar, baba, bir azca səbir elə, yaxşı konsert olacaq.

Baba tərəddüd içində ətrafa göz gəzdirdi, sonra bizə, xüsusilə Ağarəhimə diqqətlə baxmağa başladı.

– Mən öz konsertimi gördüm, – deyə nəvəsinin sözünə cavab verdi. – Sənin bu ərtis yoldaşların mənə yaxşı dərs verdilər. O, bu sözü dedikdə, Ağarəhim guya təvazökarlıq göstərərək, üzünü yana çevirdi. Məcid kişi sözünə davam edərək dedi: – Mən bayaqdan təəccüb eləyirdim, deyirdim görəsən gün haradan çıxıb ki, cavanlar məni gəzməyə gətiriblər? Əsil mətləbi indi başa düşdüm. Məlum oldu ki, bizim molla sərxoşun, lotunun biri imiş. Eybi yoxdur, siz deyən olsun, amma qulluğunuza onu ərz eləyim ki, mənə yox, özünüzə pis elədiniz. Şərtim budur: Sevil hansı teatrda oynasa, lap birinci cərgədə mən oturmalıyam. Əgər bu şərt yerinə yetirilməsə, mən nəvəmi teatr çıxartmağa qoymuram.

Biz bu şərtə razı olduq, Məcid kişi evə getmədi, birinci cərgədə oturub, konsertə tamaşa elədi.

Epiloq

Biz “Şeyx Sənan”ı böyük müvəffəqiyyətlə oynadıq. Xumar rolunda çıxış edən Sevil, tamaşaçıların, xüsusən Məcid kişinin çox xoşuna gəldi.

Yuxarıda təsvir etdiyimiz hadisələr Sevilin babasına qəribə təsir eləmişdi. O, birdən-birə teatr düşmənindən teatr aşiqinə çevrildi. Səhnəni o qədər sevməyə başladı ki, hətta Sevilin payızda Bakıya teatr institutunda oxumağa getməsinə belə razılıq verdi.

Cəlilbəy isə yenə də köhnə işindədir. On beşinci əsr ilə iyirminci əsrin arasında, yəni şəhərin düz ortasında, “Azərşərab” dükanının yanında hər gün ona rast gəlmək olur. Bir fərqi var ki, indi daha tək oturmur. Quşluq kəndinin sabiq mollası Şirəli də onun yanında olur.

Bu günlərdə mən oradan keçirdim, gördüm Cəlilbəy tək oturub. Şirəli yanında yoxdur. Səbəbini soruşanda, bəy yavaşdan dedi:

– Ezamiyyətdədir.

– Necə ezamiyyət? Şirəli bir yerdə işləyir?

– Yox canım, axmaq deyil ki, işləsin, onu mən ezam eləmişəm, ayrı rayonlara... Molla istəyən kənd axtarmağa gedib, tapan kimi məni də çağıracaq. İkimiz köməkləşib dolanacağıq...

Mən ondan ayrıldım və öz-özümə söz verdim ki, bu hekayə vasitəsilə hamıya məlum eləyəm: ayıq olun, Şirəli ciblərini doldurmaq üçün təzə bir cənnət axtarır!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets