Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Page 7 of 7 · 86%

İmamqulu

Adə, tut onun qolundan, təpəsi üstə dəyər yerə.

Əlibaba

Dayı, özünə gəl, dayı!

Mirzə Əliabbas

Nə böyük insan, nə geniş ürək!

Kəblə Muxtar

Çox qəribədir, çox qəribədir. Pulunu Bilgəh qumu kimi ora-bura səpələyir.

Nəsrullah bəy

Susun, görməmişlər! Pul adı çəkilən kimi özünüzdən getməyin. Məgər bilmirsinizmi ki, bu qəzetdən ayda on nömrə çıxsa, beş milyon nüsxə eləyir? Ölüsü on qəpikdən satsaq xərci-xəsarəti çıxandan sonra görün ayda neçə milyon qazanc olur. Pul qoy, pul götür, buna deyirlər, Kəblə Muxtar. Ticarətin təzə üsulu bu cürdür. Altı aydan sonra Rotşild, Nobel, bu lüt şairin qabağında əlibağlı dayanmasalar bu bığları qırxdıraram, ingilislər kimi təkcə saqqal ilə gəzərəm. Ol rayt, Finkelşteyn... Rəşid Məğrur bəy, tez altmış nəfər işçi tutmalısan. Otuzu şair, otuzu yaxşı yazmağı bacaran. Taparsan?

Rəşid Məğrur

Şair nə qədər istəsəniz var, yaxşı yazmağı bacaran tapmaq bir az çətindir.

Nəsrullah bəy

Pul olandan sonra hamı yaxşı yazacaq. Beş gün vaxt verirəm. Əlli səhifəlik qəzet çıxardarsan...

Rəşid Məğrur

Beş gün azdır, çatdırmaram, bir az da möhlət verin.

Nəsrullah bəy

Yaxşı, on gün... Bir gün də artıq istəmə, verməyəcəyəm.

Rəşid Məğrur

Baş üstə. (Əhməd bəyə) Avans lazımdır. Mən qorxuram, siz ona deyin ki, avanssız işə başlamaq mümkün deyil.

Əhməd bəy

Ol rayt, Finkelşteyn...

Nəsrullah bəy

Əhməd bəy, sabah tezdən Fitilbörkə tel vur, şairin pulunu göndərsinlər. Hələlik borc eləyib xərcləsin. Şair, qorxma, dalında dağ kimi durmuşam.

Rəşid Məğrur

Tapdım, qafiyənin ardını tapdım:

Ürəkləri geniş, uca, lap dağlar kimi,
Pulları çox, daim axan bulaqlar kimi,
Nəsrullah bəy Otaylinski, Əhməd bəy Butaylinski. Sizi görüm pul yağışına düşəsiniz, Allah başınızdan aşağı o qədər töksün ki, daldalanmağa yer tapa bilməyəsiniz. İcazə verin, gedim işə başlayım. Rəşid Məğrur, qəzetin yarım milyon tirajla çıxır, başını dik tut, həyat səni gör haralara qaldırmışdır. Qapı haradadır, mənə qapını göstərin!

Əhməd bəy

İmamqulu bəy, Əlibaba bəy, aparın bu bədbəxti, qorxuram ürəyi davam gətirməyə.

İmamqulu ilə Əlibaba Rəşid Məğrurü səhnədən çıxardırlar.

Nəsrullah bəy

Əhməd bəy, Mirzə Əliabbasa de, qapını bağlasın, sonra gəlsin yanıma. Ona iki kəlmə sözüm var.

Əhməd bəy

Mirzə Əliabbas!

Mirzə Əliabbas

Eşitdim, bu saat. (Qapını bağlayıb gəlir) Buyurun, bəy dadaş!

Nəsrullah bəy

Mirzə Əliabbas, sən hesabdarsan, xəbərdar olarsan, ingilis pulunun Bakı qiyməti neçəyədir?

Əhməd bəy

Funt-sterlinqin...

Mirzə Əliabbas

Doqquz manat səksən qəpik. Bank rəsmi olaraq bu qiymətə dəyişir.

Nəsrullah bəy

Xırda-xuruş xərc-məxaric üçün mənə yüz min Nikolay pulu lazımdır. Gör tacirlərdən kim ingilis pulu almağa müştaqdır. Mən doqquz manat səksən qəpikdən yox, beş manatdan verirəm.

Mirzə Əliabbas

Beş manatdan? Nəsrullah bəy, o qiymətə hamı alar. Papaqlarını satıb alarlar.

Nəsrullah bəy

Papaq satanla mən alış-veriş eləmərəm. Dövlətli adam tap, doxsan səkkiz min manat, duru yerindən qazancı olacaq.

Mirzə Əliabbas

Dövlətli adam – Kəblə Muxtar.

Nəsrullah bəy

Kəblə Muxtar, istəyirsən?

Kəblə Muxtar

İstəyirəm.

Nəsrullah bəy

Yüz min nağd taparsan?

Kəblə Muxtar

Taparam.

Əhməd bəy

Ol rayt...

Nəsrullah bəy

Fitilbörk bankına iyirmi min funtluq çek sənin ovcunda, yüz min manat Nikolay pulu da mənim ovcumda... Razısan?

Mirzə Əliabbas

Kəbleyinin nəinki özü, papağı da razıdır.

Nəsrullah bəy

Dayanın, bir şərikimlə razılaşım. (Əhməd bəyin qulağına nə isə pıçıldayır)

Əhməd bəy

Bəy, sən kəsən başa sorğu-sual yoxdur, amma fikirləş, çox ucuz olmadı ki?..

Nəsrullah bəy

Özümüzünküdür, eybi yoxdur. Kəbleyi, elə fikirləşmə ki, Nəsrullah bəy dəli olub, on manatlıq şeyi beş manata satır, xeyr, dəli olmamışam. Dövlətin çoxluğundandır. Əlli min o yana, əlli min bu yana, bizimçün fərqi yoxdur. Əgər ürəyində şübhə varsa, girişmə, sənin kimi fəqirə yüz min də puldur.

Kəblə Muxtar

Nəsrullah bəy, məni niyə utandırırsınız? Mirzə Əliabbas, gücüm çatar, çatmaz?

Mirzə Əliabbas

Kəbleyinin pulunu balta kəsmir.

Nəsrullah bəy

Əlini ver, Kəbleyi, Əhməd bəy, gəl üstünü peçatla. (Kəblə Muxtarın əlini tutur, Əhməd bəy əlini onların əllərinin üstünə qoyur) Axşam pulu gətir, çeki apar.

Kəblə Muxtar

Axşam onsuz da bizə buyurmalısınız, qızın nişanıdır. Orada hesablaşarıq. (Rəcəb yemək gətirir) Nökər sizə xörək gətirib, meyl eləyəcəksiniz?

Əhməd bəy

Gətirsin, gətirsin.

Nəsrullah bəy

Daha gəlib, qapıdan qaytarmaq olmaz. (Rəcəbə) Oğlum, qoy orada bir tərəfə, vaxt tapa bilsək, bir-iki tikə alarıq.

Rəcəb xörəyi bir tərəfə qoyur. Kəblə Muxtar, Əliabbas və Rəcəb gedirlər.

Əhməd bəy

Qapını bağlayıram.

Nəsrullah bəy

Gör tamam getdilər?

Əhməd bəy

Getdilər. O qəzet yazanı yaxşı başdan elədin.

Nəsrullah bəy

Əbləh oğlu əbləh. Bugünkü nömrədə yazıb, ürəyimizə vəlvələ salıb. Hələ gələn nömrədə də yazmaq istəyir. Qərəz bunlar xırda şeylərdir, sən yeməyi gətir.

Əhməd bəy

Yaxşı ki, yemək gətirdilər, yoxsa, axşamkı qonaqlığa qədər ac qalacaqdıq. Cibimizdə bir qara quruş da yoxdur.

Nəsrullah bəy

Sən tez çek hazırla.

Əhməd bəy

Axırda məni işə salacaqsan, ay Nəsrullah, bir də tutulsam, gurup-guppaz gedərəm.

Nəsrullah bəy

Mənim yanımda sənə heç nə olmaz. Bir neçə il bundan qabaq Kərbəlada daş satırdım...

Əhməd bəy (onun sözünü kəsir)

Nə satırdın?

Nəsrullah bəy

Daş. Çaydan daşları yığıb camaata satırdım ki, guya, bu daşlar özləri öz ayaqları ilə ziyarətə gəliblər. Axund deyirdi, Nəsrullah, üzündə şeytan tükü var, daşdan da pul çıxardırsan. Çeki düzəlt, hazır elə. Həştərxanda bir manata teatrdan aldığımız brilyantı qoy cibinə, axşam Kəbleyinin qızına verərik. İndi isə xörəyi gətir. (Əhməd bəy xörəyi gətirir) Pəh, pəh, pəh, gəl, kefimin günortası... Əhməd, çırma qollarını, giriş yeməyə... Bismillahir rəhmanirrəhim.

Yeməyə başlayırlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 min
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 min
Yeni il hədiyyəsi

Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

8 min
Cənnət xuliqanı

Proloq*– Sevil gəlmədi.

196024 min

Poems by other poets