Page 1 of 4

Birinci şəkil

Pərdə qabağı. Sol tərəfdə telefon budkası, sağda ağac və skamya. Bunlar sona qədər bu cür qalır.

Yasəmən

Salam, hörmətli tamaşaçılar! Mən yazıçıyam. Adım Yasəməndir. Əlbəttə, siz məni tanımırsınız. Çünki yazdığım əsərlərin heç biri hələ səhnə üzü görməyib. Pyeslərim sönük, yaratdığım obrazlar isə cansız, nəfəssiz kölgə kimi çıxır. Faciə yazıram, hiss eləyirəm ki, tamaşaçılar iştirak edənlərin halına ağlamaqdansa, mənim halıma ağlayacaqlar. Komediya isə heç əlimdən gəlmir. Bir neçəsini yazmışam, yoldaşlara oxuyanda gördüm onlar yazdıqlarıma gülməkdənsə, qəhqəhə çəkib mənə gülürlər. İndi belə qərara gəlmişəm ki, aranızda gəzib dolaşım, işləməyi, həyəcan keçirməyi, gülməyi sizdən öyrənim. Ancaq hələlik mane olmaq istəmirəm. Deyəsən, tamaşa başlanır. Siz baxın, mən də gedim bir dəstə gül alım. Necə? Gül nəyimə lazımdır? Nazlının anadan olan günüdür. Onu təbrik eləməliyəm. (Gedir)

Kamal gəlib səhnənin sol tərəfində qoyulmuş telefon budkasına girir, nömrəni yığmağa başlayır. Bu zaman pərdə açılır. Əliqulunun evi görünür. Yaxşı bəzənmiş böyük bir otaq. Pəncərənin yanında, tumbanın üstünə qoyulmuş telefon zəng çalır.

Qumral tələsik çıxıb dəstəyi götürür.

Kamal

Alo, Qumral, mənəm, Kamalam, eşidirsən?

Qumral

Kamal, sənsən? Xoş gəlmisən, haradan zəng edirsən?

Kamal

Aşağıdan, avtomatdan. Səni görmək istəyirəm.

Qumral

Nə vaxt?

Kamal

Elə bu saat. Sizə gəlirəm.

Qumral

Sonra görüşərik. Evə gəlmək olmaz.

Kamal

Yox, yox, ananla vacib sözüm var, gəlirəm.

Qumral

Anamla?

Kamal

Hə, hə, sənin barəndə danışacağam.

Qumral

Mənim barəmdə anamla nə danışacaqsan?

Kamal

Telefonla deməli deyil, bu saat gəlirəm. (Telefonun dəstəyini asıb, səhnədən çıxır)

Qumral

Yox, yox! Alo, alo!.. (Dəstəyi asır, sevinc və həyəcan içərisində gəzinir)

Gövhər içəri girir, məlum olur ki, paltar yuyubdur.

Gövhər

Zəng vuran kim idi?

Qumral

Kamal idi.

Gövhər

Bəs deyirdin rayondadır?

Qumral

Bu gün gəlib. (Anasını qucaqlayır, yavaşcadan qulağına) Səni görmək istəyir, xahişi var.

Gövhər

Nə xahişi?

Qumral

Mənim barəmdə sənə nəsə demək istəyir.

Gövhər

Onun mənimlə nə söhbəti? Heç üzünü də görməmişəm...

Qumral

Ana can, özün bilirsən ki, mənim dünyada ən çox istədiyim adam sənsən. Öz ürək sözümü sənə deməyim, bəs kimə deyim? Yəqin sizdən razılıq almaq istəyir.

Gövhər (onun üzünə diqqətlə baxır)

Düzünü de, sevirsən?

Qumral (gülümsünərək)

Dəli kimi.

Gövhər

Doğrudan da, dəli kimisən. Oğlanın özünə də elə de, sonra çıxıb otursun başımızda... Qız oğlanı qudurtmaz. Min istəyirsənsə gizlət, bir də istədiyini boynuna alma!

Qumral

Heç elə şey olar?

Gövhər

Olar! Adam ürəyini səxavətlə xərcləsə, vaxtından qabaq yanıb kül olar. Bax, mənim kimi. Atan Əliquludan çəkdiyimi çəkmişəm. Mən yarımadım, heç olmasa, sən yarı. Mənim ömrüm-günüm belə keçdi, heç olmasa, sən ağıllı ol.

Qumral

Kamal elə oğlan deyil, ana.

Gövhər

Tərifləmə, hərçənd üzünü görməmişəm, amma bilirəm ki, hamısı bir cürədir. Kişiyə özünü canavar göstər ki, qabağında quzu kimi olsun.

Qapının zəngi çalınır.

Qumral

Gəldi...

Gövhər

Nə tez?

Qumral

Aşağıdan, avtomatdan danışırdı.

Gövhər

Ev yığışdırılmayıb. Tələsik əl gəzdirək.

Ana, qız ev yığışdırırlar.

Qumral

Ana can, sən qapını aç, mən gedim üst-başımı qaydaya salım. (Qumral çıxır)

Gövhər qapını açır. Kamal içəri girir.

Kamal (evi diqqətlə gözdən keçirtdikdən sonra)

Mənə Qumral lazımdır.

Gövhər

Əyləşin, bu saat çağırım.

Kamal

Atası evdə yoxdur ki?

Gövhər

Yoxdur.

Kamal (dərindən nəfəs alır)

Şükür olsun. Onda xahiş eləyirəm, elə çağırın ki, anası bilməsin.

Gövhər (təəccüblə)

Anası biləndə nə olar ki?

Kamal

Utanıram.

Gövhər

Nə üçün utanırsan, ay bala?

Kamal

Elə belə. Heç bir günahım yoxdur, yenə utanıram.

Gövhər

Təəccüblüdür. İndiki cavanlar günahları olanda da utanmırlar.

Kamal

Bacı, bu evdə çoxdan işləyirsən?

Gövhər

Nə?

Kamal

Deyirəm, bu evdə çoxdan işləyirsən?

Gövhər

Bəli. Qumralı öz qucağımda böyütmüşəm.

Kamal

Hə, onda əsil söz səndə olar, bacı! Anası necə adamdır?

Gövhər (Kamalın səhv saldığını hiss edib, gülməyini güclə saxlayır)

Adamdır da... Bütün analar kimi o da öz balasını çox istəyir.

Kamal

Qumral kimi qızı istəməmək olar? Bəs atası necə? Deyirlər yaman canavardır. Heç yaxın düşmək mümkün deyil. Düzdür?

Gövhər

Sən niyə bu evin sirlərini birdən-birə öyrənmək istəyirsən?

Kamal

Qumralı çox sevirəm. Qorxuram ata-anası razı olmaya.

Gövhər

Sən yaxşı olandan sonra niyə razı olmurlar ki?

Kamal

Eh, ay bacı, yaxşı-pisə baxan var? Cırt-cırt çəkmə geyib, saçını uzadıb, avara-avara küçələri ölçən oğlan şəhərdə nə qədər istəsən. Bizim kimi rayon adamını sayan yoxdur ki.

Gövhər

Sən yəni Qumralın ata-anasını o qədər qanacaqsız hesab eləyirsən?

Kamal

Anası barədə bir söz deyə bilmərəm, çünki yaxşı tanımıram, amma atası... (O yan-bu yana baxır, yavaşca) Deyirlər, heç ailəsinə də yaxşı baxmır, arvadını dilənçi kökündə saxlayır. Hər şeyin hesabını da, bacı, elə bundan götür. Ailəsini sevməyən adamın sinəsindən ürək əvəzinə daş asılıb. Düz dedim, demədim?

Gövhər

Əcəb dedin, ay oğul. Otursana!..

Kamal

Yox, oturmuram. Bura bax, sən yaxşı arvada oxşayırsan. Qumralla mənim toyumdan sonra köç bizə. Bu evdə nə var ey... Yaxşımı? Söz verirsən?

Gövhər

Baxarıq. Kaş ki, toyunuz olsun.

Kamal

Di, get, get, Qumralı bura çağır, amma elə elə ki, anası bilməsin.

Gövhər

Çalışaram. (Çıxır)

Kamal (öz-özünə)

Qulluqçu ovcumda!.. Qaldı o biriləri... Görək nə olur.

Qumral içəri girir.

Qumral

Kamal, xoş gəlmisən?

Kamal (heyran nəzərlərlə onu süzür)

Qumral, nə qəşəngləşmisən!

Qumral

Yaxşı daha, utandırma məni. Nə vaxt gəlmisən?

Kamal

Elə bu saat. Vağzaldan birbaş bura gəldim.

Qumral

Bəs, niyə yazmamışdın ki, gələcəksən?

Kamal

Birdən-birə qərara gəldim. Diplomu ki, aldım əlimə, gördüm daha sənsiz bir gün, bir saat, bir dəqiqə yaşaya bilmirəm. Gəlmişəm məsələni qəti həll eləməyə.

Qumral

Bu cür tələsik mən razı deyiləm!

Kamal

Razı deyilsən? Dayan, dayan, düzünü de, yoxsa, daha məni sevmirsən?

Qumral

Sevirəm.

Kamal

Sevirsənsə, qurtardı. Elə bu gün ata-ananın razılığını alarıq, toyu başlarıq.

Qumral

Birdən razılıq vermədilər?

Kamal

Onda səni götürüb qaçaram.

Qumral

Götürüb qaçarsan? Necə?

Kamal

Keçmişlərdə olan kimi. Səni bürüyərəm yapıncıya, vuraram qoltuğuma, qalxaram atın belinə, ağzını da dəsmal ilə bağlayaram.

Qumral

Ağzımı niyə bağlayırsan?

Kamal

Çığırmayasan.

Qumral

Niyə çığırıram ki? (Fikirləşib sözünə davam edir) Yox, çığırsam, yaxşıdır. Qoy səsimə evdəkilər, qonşular oyansınlar, bizi təqib eləsinlər. Atışma başlansın.

Kamal

Atlar köpük içində qaçsın, güllələr qulağımızın dibində fit çalıb keçsin. (Gülüşürlər)

Qumral

Hayıf ki, bunların heç birisi mümkün olan şey deyil.

Kamal

Nə üçün?

Qumral

Çünki bizim şəhərdə çıraq ilə də axtarsan at tapa bilməzsən. Bizim evdə isə, nəinki tüfəng, heç dalımızca atmağa daş da yoxdur.

Kamal

Zarafat elədim, qaçırmaq niyə! Yaxşısı budur, el qaydası ilə toy eləyək.

Qumral

Axı, sən el qaydasından çıxırsan. Özün elçiliyə gəlmisən, elə iş olar?! Atam nə deyər?

Kamal

Qorxma, mən özüm onunla danışıb, yola gətirərəm.

Qumral

Yox, yox, gözünə görünmə, işləri daha da korlayarsan.

Kamal

Niyə qorxursan ey?.. Uzaq başı heç ondan soruşmarıq. Birbaş gedərik ZAQS-a...

Qumral

Bir o qalıb. Atam-anam icazə verməmiş, sən mənim nəinki özümü, heç baş yaylığımı da apara bilməzsən.

Kamal

Qumral! Bu cür də sevgi olar?

Paltarını dəyişmiş Gövhər içəri girir. Kamal ona heç əhəmiyyət vermir.

Kamal

Neçə ildir ki... (Qumralın ona işarə etdiyini görüb təəccüblə) Nə olub ey?..

Qumral

Yavaş, anamı görmürsən?

Kamal (təəccüb və heyrət içində)

Bu sənin anandır? (Qapıya tərəf qaçır)

Qumral

Kamal, sənə nə oldu?

Kamal (həyəcanla)

Hanı mənim şapkam! (Qapıdan çıxmaq istədikdə, Gövhər onun qabağını saxlayır)

Gövhər

Hara qaçırsan, ay oğul?!

Kamal

Mən batdım, mən məhv oldum...

Qumral

Axı, nə olub?

Kamal (yavaşdan onun qulağına)

Nə olacaq? Ananı qulluqçu bilib, artıq-əskik danışmışam.

Gövhər

Paltar yuyurdum, üst-başım bir gündə idi ki... (Kamalı güclə oturdur) Otur görək...

Kamal

Xəcalətimdən başımı qaldırıb, üzünüzə baxa bilmirəm.

Gövhər

Eybi yoxdur. Amma bir sözün xoşuma gəldi. Nə təhər dedin? Ailəsini sevməyən adamın sinəsindən ürək əvəzinə daş asılıb!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets