Page 3 of 3 · 67%

Qumral

Gedək, anacan, gedək.

Xəlil

Ay canım, bir səbrinizi dərin.

Gövhər

İyirmi beş il səbr elədim, bəsdir.

Xəlil

Gövhər, sözüm var ey, Gövhər! (Gedirlər)

Əliqulu, Səfər və qarmonçu gəlirlər.

Əliqulu (musiqiyə qulaq asır)

O nə darambadurumdur.

Səfər

Yəqin gəlirlər də...

Əliqulu (qarmonçuya)

Tez ol, çıx balkona, başla çalmağa!

Qarmonçu balkona çıxır, çalmağa başlayır. Əliqulu həyəcan içində ora-bura qaçır.

Əliqulu

Səfər, nə durmusan? Əl at qalstukuma, zəhrimar hey sürüşür. Şlyapanı tap, bura gətir!

Səfər

Haradadır?

Əliqulu

Nə?

Səfər

Şlyapa.

Əliqulu

Bu istidə şlyapanı neyləyirəm?

Səfər

Özünüz istəmədiniz?

Əliqulu

Yadımda deyil, darağını mənə ver.

Səfər

Başımda tük yoxdur, ona görə daraq işlətmirəm.

Əliqulu

Götür o gül dəstəsini, düşək həyətə, gəlini təntənə ilə qarşılayaq. (Gedirlər)

Nazlı, Humay, Yasəmən, Səadət və Azad bu biri tərəfdən içəri girirlər. Humayın əlində xonça var.

Nazlı

Bəs, bizi heç kəs qarşılamadı?

Humay

Evdə adam yoxdur, nədir?

Yasəmən

Bu qəribə nişandır! Qız yoxdur, oğlan da ilim-ilim itib...

Səadət

Köhnə qayda ilə oğlan gəlməməlidir.

Azad

Kamal cavan oğlandır, gərək köhnə qayda-qanuna sığışmaya axı.

Humay

Kamal elə burada bizi gözləməlidir.

Nazlı

Mən Rövşəndən nigaranam. Bilmirəm, yenə harada qaldı? Gül almağa göndərmişdim, gəlib çıxmadı.

Yasəmən

Çalanlar nə oldu?

Humay

Dedim həyətdə dayansınlar, vaxtı çatanda səsləyərik.

Nazlı

Bu olmadı. Qabağımıza ki, heç kəs çıxmır, deməli, razı deyillər də...

Humay

Heç elə şey olar? Bu saat mən çağıraram. Ay ev yiyəsi! (Xəlil gəlir, salam vermədən kefsiz dayanır) Xəlil, niyə bir “xoşgəldin” demirsiniz? Nişan gətirmişik.

Xəlil

Kimə, qıza, yoxsa atasına?

Nazlı

Bu nə sözdür? O yaşda kişiyə də nişan gətirərlər?

Humay

Qumrala gətirmişik ey, Qumrala!

Xəlil

Əşi, qoy oturmuşuq!..

Yasəmən

Kamal üçün sizin bacınız qızı Qumralı istəyirik.

Xəlil

Kamal üçün, Qumralı? Əcəb işdir! Bəs sərhəddən o tərəfə keçməyəcəksiniz? (Şkafları göstərir)

Nazlı

Orda nə var ki?

Xəlil

Orda da toy var, Nazlı xanım, sizi gözləyirlər.

Nazlı

Heç nə başa düşmürəm. Şkafın o tərəfində mənim nə işim var, Xəlil dayı! Sən Qumralın anasına de, çıxsın qabağımıza!

Xəlil

Belə mənim bu gözlərim üstə! Ay Gövhər! Ay Gövhər çıx qabağa!.. Yox, o bir az incikdir, gəlməz. Yaxşısı budur, siz bu otağa buyurun.

Hamı çıxır. Kamal və Rövşən tələsik Gövhər tərəfdən içəri girirlər.

Kamal

Heç kəs yoxdur.

Rövşən

Bəlkə gecikmişik, iş-işdən keçib?

Kamal

Yəqin o tərəfdədirlər. Balkonda qarmon çalınır. Görürsənmi, arvadından ayrılıb, böyük otağı tən yarıdan necə bölüb?!

Rövşən

Ax, ikisi də düşsünlər əlimə!.. Gəl, bu şkafın üstündən aşıb keçək.

Kamal

Yaxşı deyil, həyətdən gedək. Mən o yolu yaxşı tanıyıram.

Çıxırlar. Onlar gedən kimi Xəlil və Gövhər səhnəyə çıxırlar.

Gövhər

Xəlil, bu Nazlı xanımın heç nədən xəbəri yoxdur ki...

Xəlil

Əliqulu ya keflidir, ya da qızdırmalı.

Gövhər

Deməli, onda o, ayrı adamı alır?

Xəlil

Mən bilən heç kəsi almır. Oğlan evində toydur, qız evinin xəbəri yoxdur...

Qumral gəlir.

Qumral

Ana can! Gördün mən deyən oldu, ana can? Kamalın heç nədən xəbəri yoxdur.

Gövhər

Gəl, səni öpüm, qızım, xoşbəxt olasan!

Xəlil

İndi sən Xəlil dayının sözünə inandın? Mən “öldü var, döndü yoxdur” nəslindənəm.

Gövhər

Onun böyük bacısı səninlə çox əzilə-əzilə danışır, ay Xəlil, bu nə işdir?

Xəlil

Yaxşı, utandırma məni.

Gövhər

Qonaqları tək qoymayaq. Sən, Xəlil, get onların başlarını söhbətə tut, biz Qumralla çay hazırlayaq.

Xəlil

Ürəyim istəyən adamlarla söhbətə varam. (Çıxırlar)

Əliqulu ilə Səfər bu biri tərəfdən səhnəyə gəlirlər.

Əliqulu

Əlli-ayaqlı itdilər. Sən bilən hara getmiş olarlar?

Səfər

Əliqulu Baloğlanoviç... Bəlkə?

Əliqulu

Əşi, kəs səsini, görək! Mənim başıma fırlanmaqdansa, aşağıda qarovullarını çəkə bilmirdin?

Qapı döyülür.

Səfər

Gəldilər.

Əliqulu

Qarmonçuya deyən başlasın.

Əliqulu təntənə ilə oturur. Səfər “Buyurun, buyurun” deyə qapını açır. Kamal və Rövşən içəri girirlər.

Əliqulu

Sizə kim lazımdır?

Rövşən

Sən lazımsan. Hanı Nazlı, bu saat yerini de!

Əliqulu

Aha, sən onun qardaşısan? Xoş gəlmisən!

Rövşən

Bu saat mən sənə necə qardaş olduğumu göstərərəm.

Kamal (onu qoymur)

Əmioğlu, atan yaşında kişidir, özünü ələ al!

Nazlı və Yasəmən o biri tərəfdən çıxırlar.

Əliqulu

Ey, cavan oğlan, namərdlik eləmə, belə gündə adamın yaşını artırmazlar.

Nazlı

Rövşənin səsidir, yəqin bizi axtarır. Rövşən, haradasan, Rövşən?!

Rövşən

Nazlı, qorxma, gəlirəm. (Ora-buranı axtarır, tapmır. Əliquluya) Bu saat yerini de görüm, onu harada gizlətmisən?

Əliqulu

Əşi, mən onu tapmışam ki, gizlədim? Görmürsən Əslisini axtaran Kərəmə dönmüşəm?

Rövşən

Yalan deyirsən! Çəkil buradan, çıx buradan!

Əliquluya hücum edir, onu və Səfəri qovub otaqdan çıxarır. Şkafı itələyib ortanı açır. Rövşən və Kamal bu biri tərəfə keçirlər. Azad və Səadət səsə çıxırlar.

Rövşən

Nazlı, haradasan, Nazlı?

Nazlı

Burdayam, Rövşən, bura gəl! Bıy, bəs gül hanı?

Rövşən

Gül vaxtı deyil, sən mənim əlimdən gedirsən.

Nazlı

Mən sənin əlindən hara gedirəm?

Rövşən

Bu kişinin evinə. Deyirlər məni atıb bu qocaya ərə gedirsən?

Yasəmən

Qısqanc adamın başına nə qəribə fikirlər gələrmiş!

Nazlı

Rövşən, sən yenə əhdini, andını unutdun? Beyninə yenə ilan-qurbağa girdi? De görüm, bu xəbəri sənə kim verdi?

Rövşən

Kamal. Ona inanmayım, bəs kimə inanım?

Nazlı

Kamal, bu sənin “sağ ol” deməyindir? Biz sənin üçün nişan gətirmişik, sən əvəzində məni biabır eləyirsən?

Azad

Əvəz-əvəz çıxır da. Sən onu evləndirirsən, o da səni ərə verir.

Səadət

Azad, bəsdir!

Kamal

Nazlı, bağışla! Məni də bu kişi yoldan çıxartdı. Qumralın atasına da inanmayım, bəs, kimə inanım?

Rövşən

Siz mənə göstərin, görüm, Kamalın nişanlısı haradadır? Qumral kimdir?

Yasəmən

Budur, gəlirlər.

Qumral, Xəlil, Gövhər, Humay səhnəyə gəlirlər. Bu zaman Əliqulu ilə Səfər də həyətdən hərlənib bu tərəfə gəlirlər.

Xəlil

İcazəsiz sərhədi keçiblər ki?

Əliqulu

Xəlil, arxayın ol! Biz bu saat qayıdarıq öz yuvamıza. Bir göyərçinimiz səhvən uçub sizin tərəfə, onu aparmağa gəlmişik. Naza xanım, buyurun!

Nazlı

Hara, Əliqulu əmi?

Əliqulu

Necə yəni hara? Öz evimizə! Sizinlə mənim aramda “əmi” nədir, “dayı” nədir? Sadəcə adımı deyin: Əliquluşa.

Gövhər

Əliquluşa, gəlinlə qonşuları da tanış eləsənə!

Əliqulu

Sən mənim işimə qarışma, bacı!

Nazlı

Səadət, Yasəmən, görürsünüz? A yoldaş, bu qəribə fikir sizin ağlınıza haradan gəldi?

Əliqulu

Necə yəni haradan gəldi? Dünən bulvarda sizinlə danışmadıq?

Nazlı

Bulvarda mən sizinlə Kamalla Qumral haqqında, onların bir-birinə olan sevgiləri haqqında danışırdım. Ona görə məktub yazıb, Xəlil kişi ilə göndərdik ki, bulvara gələsiniz.

Əliqulu

Məktub? Məktubu siz yazmışdınız?

Səfər (Nazlını iyləyir)

Özüdür ki, var. Ədqalonun iyindən bildim.

Əliqulu

Xəlil, bəs, deyirdin məktub yazanı tanımıram?

Xəlil

Siyasət işlədirdim. Demədim ki, mən işə girişsəm, qabağımda Əliqulu-Məliqulu davam gətirməz?

Əliqulu

Yaxşı, Xəlil, səninlə söhbətim qalsın sonraya.

Humay

Yaman siyasətcil kişisən, ha!

Əliqulu (Nazlıya)

Tutaq ki, bu oğlan mənim qızımı istəyir. Ondan sizə nə var?

Nazlı

Kamal ərim Rövşənin əmisi oğludur.

Əliqulu

Sıfır, bəs, deyirdin əri yoxdur?

Səfər

Mənə o cür məlumat vermişdilər. Əliqulu Baloğlanoviç, yəqin bacıları tay-dəyişik salıblar...

Əliqulu

Məsələ haçalaşdı ki...

Səadət

Əliqulu Baloğlanoviç! A kişi, neçə gündür səni idarədə tapa bilmirəm.

Azad

Səadət, əsəbiləşmə! Sənə yaramaz!

Səadət

Dayan, Azad! (Əliquluya) Şikayətçilər görməsinlər deyə, dal qapıdan qaçırsan?

Əliqulu

Bacı, əl çək! Mənim öz dərdim özümə bəsdir.

Yasəmən

Yeri deyil, Səadət, Kamalla Qumral gözləyirlər. Nazlı, sən də Rövşəni görüb, işi yaddan çıxartma!

Nazlı

Bu saat, Humay, xonçanı gətir!

Humay

Xəlil kişi, mənə kömək eləyərsən?

Xəlil

Bu dəqiqədən ömrümün axırına kimi.

Humayla Xəlil xonçanı gətirirlər...

Nazlı

Gövhər xala, Qumralla Kamal bir-birlərini sevirlər. Biz nişan gətirmişik.

Əliqulu

Qaytarın geri! Mən qətiyyən razı deyiləm!

Gövhər

Sənin daha razılığını istəyən yoxdur, Əliqulu!

Əliqulu

Necə yəni istəyən yoxdur? Qız mənim qızım deyil? Qumral deyil? (Ona yaxınlaşmaq istəyir)

Qumral

Dayan! Evini, ailəni, bircə dəqiqənin içində dağıtdın. İyirmi beş il başına pərvanə kimi dolanan bir arvaddan elə ayrıldın ki, “uf” da demədin. Mən sənə necə ata deyim?

Əliqulu

Gövhər, bir işdir oldu, yuyub ağartma! Bağışla məni!

Gövhər

İndi daha gecdir. Mən özümü sənin yolunda qurban vermişdim. Qədrimi bilmədin, heç olmasa bu qızından utanaydın. Sənin kimilər “ata” və “ər” adını danışmağa layiq deyil!

Qumral

Ana can, sən mənim həm anam, həm də atamsan.

Nazlı

Söz sizindir. Biz cavab gözləyirik.

Gövhər

İndi ki, söz mənimdir, mən deyirəm ki, xoşbəxt olsunlar. (Qumralla Kamala) Hər ikinizi öpürəm, övladlarım.

Əliqulu

Evin yıxılsın, Səfər!

Səfər

Yıxıldı da... Muradov nədir, fələk də düzəldə bilməz.

Rövşən

Əmioğlu, neyləyirsən elə, amma qısqanma! Canımçun işdən-gücdən avara qalarsan.

Kamal

Əmioğlu, sən toydan söhbət sal. Gör haçandır? O barədə heç danışan yoxdur.

Rövşən

Bu saat. Ay qız evi! Bir sualımız var: nişan elədik, bəs, toy nə vaxtdır?

Gövhər

Qız sizindir. Nə vaxt istəsəniz, apara bilərsiniz.

Səadət

Toy bizim rayonda olacaq. Qoy, Qumralla Kamalın ilk addımları həyatda toyla başlansın.

Qarmonçu (içəri girir. Əliquluya)

Ay yoldaş, ay bəy, balkonda külək məni qurutdu. De görüm toy olacaq, ya yox?

Yasəmən

Hə, Əliqulu, cavab ver! Evlənirsən, evlənmirsən?

Əliqulu

Hər şey bitdi. İt də getdi, ip də. Daha pərdəni salmaq olar.

Gövhər

Buyurun içəri! Şirin çay için!

Yasəmən

Salın pərdəni! (Pərdə yavaş-yavaş enir. Yasəmən pərdə qarşısına çıxır) Bununla da Əliqulunun məzhəkəsi bitir. Sağ olun, dostlar!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets