Page 2 of 5 · 20%

Salmanov

Ağzınızdan çıxan qeyd olunur, yoldaş Kərəmov.

Surxay içəri girir.

Surxay

Qüvvət olsun.

Kərəmov (öz-özünə)

Xeyr, a... Bundan yaxa qurtarmaq çətin olacaq.

Surxay

Yoldaş müəllimə xüsusi salamlar! Sən də yəqin Ziynətin nigarançılığını çəkirsən, hə?

Şeyda

Gərək səhər gələ idi. Bilmirəm niyə gecikdi.

Kərəmov

Balam, canım, gözüm, kolxoz idarəsi sizinçün vağzalzad deyil ki, yığılmısınız? Mirzə Hüseyn, mən sənə əmr eləməmişəm ki, buraya yaz yapışdır, işsiz daxil olmaq qadağandır?

Mirzə Hüseyn

Yazıb yapışdırmışdım, yoldaş Kərəmov, bax, bu Surxay yoldaş cırıb atdı.

Kərəmov

Niyə? Surxayın nə ixtiyarı var heyətin qərarı olmamış kolxoz idarəsində elan cırıb ata?

Surxay

Bilirsiniz niyə cırdım, yoldaş Kərəmov? Əgər yazsanız ki, işsiz daxil olmaq qadağandır, onda gərək hamıdan qabaq sədr özü buraya girməyə, çünki məncə, bu kolxozda bir işsiz var, o da kolxoz sədridir.

Kərəmov

Surxay, sənə əmr eləyirəm, bu dəqiqə kəs!

Surxay

Düz deyirəm, müəllim?

Şeyda

Tamamilə düzdür. Özü işləmədiyi bəs deyil, hələ başqalarına da mane olur.

Kərəmov

Kəsin deyirəm sizə... Mənə, mənim öz kabinetimdə hücum çəkirsiniz? Baş-başa verib qruppa düzəltmisiniz? Salmanov! Qeyd eləyirsən, eləmirsən?

Salmanov

Deyəsən, kağız çatışmayacaq...

Kərəmov

Kağız çatışmır, köhnə protokolların künc-bucağına yaz. Mənim əleyhimə deyilən hər bir kəlmənin sorğu-sualı olacaq. Özbaşınalıq deyil ki!

Şeyda

Gedək, Surxay. Ziynəti tarlada, açıq havada qarşılasaq daha yaxşıdır.

Surxay

Gedək. Vaxt olar, Kərəmov yoldaş ilə bundan da səmimi söhbət eləyərik...

Çıxırlar.

Mirzə Hüseyn

Müşərrəf oldular? Yaxşı ki, bu səfər tez qurtardı.

Kərəmov

Nə hədləri var? Qabaqlarındakı aslandır, axı. Bəs, necə? Görürlər ki, camaat burada iş görür, semiçka çırtlamır. Bu, sədrlikdir, masqara deyil. Hə, indi daha sakitlikdir, qoy dərindən fikirləşim. Elə bir təliqə yazmaq istəyirəm ki, mərkəzdə əldən-ələ gəzsin.

Mirzə Hüseyn

İcazə verin, gedim görüm, əməkgünlərini qeyd ediblərmi?

Kərəmov

Get, mane olma.

Mirzə Hüseyn (gedir. Sonra pəncərədən başını çıxarıb, tələsik xəbər verir)

Camaat bu tərəfə gəlir, qabaqlarında da Ziynət. (Pəncərədən çəkilir)

Kərəmov

Yox, bu olmadı. Mənim idarəmi karvansaraya döndərdilər. Canım, dərindən fikirləşməyə şərait yoxdur ki!

Ziynət, Mehralı və bir neçə kolxozçu içəri girirlər.

Mehralı

Uçan bülbülümüzü tutub gətirdik. (Çamadanı yerə qoyur)

Ziynət

Xoş gördük, yoldaşlar, ha yalvardım ki, a Mehralı dayı, sən zəhmət çəkmə, qoca kişisən...

Mehralı (onun sözünü kəsir)

Hə, onda çaşdın. Ortada qoca sözü olmayacaq.

Gülüşürlər.

Ziynət

Siz necəsiniz, yoldaş Kərəmov?

Kərəmov

Sazam. İndi get, bir az istirahət elə, sonra gəlib mənə Bakıda olub-keçənlər haqqında ətraflı məruzə elərsən.

Ziynət

O məsələləri gərək ümumi kolxoz iclasında müzakirə eləyək.

Kərəmov

O sonrakı işdir. Əvvəlcə mənə danış. Mənimlə razılaşdır, sonra kolxozçularla söhbət apar.

İbrahim kişi tələsik gəlir.

İbrahim kişi (Ziynətlə görüşür)

Xoş gəlmisən, qızım, səni səhərdən gözləyirdik, niyə belə ləngidin?

Ziynət

Maşın iki dəfə sındı. Yollarımız o qədər xarabdır ki, adam xəcalət çəkir.

Kərəmov

Eybi yoxdur, qoy başım açılsın, o yolları elə düzəldirəcəm ki, o başında yumurta qoysan, bu başında görünəcək. Bəs, necə?

İbrahim kişi

Siz əvvəlcə kolxozdakı biabırçılıqların qabağını alın, sonra.

Ziynət

Nə olubdur ki? Nə biabırçılıqdır?

Mehralı

Nə biabırçılıq olacaq? Taxıllar yığılıb dağ kimi, daşıyan yoxdur. Maşınlar xarab, arabalar sınıq...

Kərəmov

Yenə keçdilər tənqidə, göz açmağa qoymurlar ki... A kişi, a Mehralı, bu saat bu söhbətlərin işə heç dəxli yoxdur. İclas çağıraram, bir deyərsiniz, beş də cavabını alarsınız.

Mehralı

Düzdür, bu cür nəticəsiz söhbətlərdənsə, qoy Ziynət bacı bizə yığıncaqdan danışsın.

Təmraz

Sənin danışığını, qızım, qəzetdə oxuduq, ürəyimiz fərəhlə doldu.

Kərəmov

Çox gözəl çıxış eləyib, hələ bir fərəhlənirsiniz də? Mənim öyrətdiyim sözlərin heç birini deməyib. Burada kolxozun rəhbəri mənəm, gərək heç kəs mənim sözümdən bir addım qırağa çıxmaya. (Ziynətə) Mən burada sənə nə öyrətmişəm, sən gedib gör nə danışmısan? Tənqid yaxşı şeydir, amma gərək əvvəlcə rəhbərliklə razılaşdırasan, sonra.

Mehralı

Demək, sən tənqidi döndərib ev toyuğu eləmək istəyirsən?

Hamı gülür.

Kərəmov (Mehralıya)

Bəri bax, yoldaş sıravi kolxozçu, böyük-kiçik yanında danışmağın qaydasını bil. (Ziynətə) Danış görək, Bakıda neyləmisən?

Ziynət

Konfransdan sonra bizim kolxozun bəzi məsələlərini həll etmək üçün müəyyən idarələrə getdim. Əvvəlcə, dalda qaldığımız üçün danladılar, sonra da uzaq kənd olduğumuzu nəzərə alıb, bizim kolxoza əlavə iki maşın bağışladılar.

Kərəmov

İmadin?

Ziynət

Yox.

Kərəmov

Zis?

Ziynət

Yox, yük maşını.

Kərəmov

Onda apar, qaytar dala. Mən yük maşınında gəzə bilmərəm.

Ziynət

Onları sizin gəzməyiniz üçün yox, yük daşımaq üçün veriblər. Sonra da sizə mən bir şad xəbər vermək istəyirəm. Neçə ildir, Kərəmov əlləşirdi, ancaq bizim bu körpü məsələsini düzəldə bilmirdi. Körpü olmadığından rayon mərkəzi ilə əlaqəmiz çətinləşirdi, yolumuz bir günlük uzaq düşürdü.

İbrahim kişi

Bəs, necə oldu, düzəldi?

Ziynət

Düzəldi. Smetaya baxdılar, təsdiq elədilər.

Mehralı

Sağ ol, Ziynət, çox sağ ol, bilirsən bu körpü bizim əlimizdən necə tutacaq?

Kərəmov

Düzdür, mən neçə ildir körpü düzəltmək üçün əlləşirdim, bir şey çıxmırdı, amma daha sənin kimi gözəl-göyçək qız hara, mən hara? Əlbəttə, səninçün körpü də salarlar, hələ dəmir yolu da çəkərlər.

Mehralı

Canım, yekə kişisən, nə əttökən sözlər danışırsan?

Təmraz

Sədrimiz belə danışanda daha başqalarından nə gözləyək?

İbrahim kişi

Bu cür sözlər eşidəndə adam bilmir, neyləsin?

Kərəmov

Dayanın, dayanın, qarğa-quzğun kimi tökülməyin üstümə. Mən o mənada demirdim, sözümü fındıq kimi sındırıb, içindən ləpə çıxartmayın. Mən bu körpü məsələsinə çox sevindim. Sağ ol, Kərəmov ki, kolxozda bu cür Ziynətlər yetişdirmisən. Yaxşı, bəs, necə məsləhət görürsünüz, körpüyə kimin adını qoyaq?

Mehralı

Körpüyə ad qoymazlar.

Kərəmov

Qoyarlar. Sən mənə öyrətmə. Salmanov!

Salmanov

Bəli, yoldaş Kərəmov.

Kərəmov

Bu saat mənim əmrimi heyət üzvlərinə yetir. İclas çağırıram. İclasda gərək bu saat həll eləyəm, körpüyə kimin adı qoyulsun.

İbrahim kişi

Körpü hələ tikilməyə başlanmayıb, adını fikirləşirsən.

Ziynət

Heç elə iş olar, yoldaş Kərəmov? Heyət üzvləri bu saat çöldə, biçində, onları işdən ayırıb, iclas çağırmaq olar?

Kərəmov

Bəli də, demək, kolxoz sədrinin kefi istədikdə iclas çağırmağa da ixtiyarı yoxdur? Bilirəm, niyə istəmirsiniz, qorxursunuz kolxozçular körpüyə Kərəmovun adını qoyalar? Heç nigaran qalmayın. Onlar qoysalar da, mən razı olmaram. Kərəmovun adı bir kənd körpüsünə sığışmaz. Yaxşı, daha qəbul saatım qurtardı. İndi icazə verin, dövlət işləri ilə məşğul olum. Salmanov, təkərlər barəsində rayon mərkəzinə yazdığımız kağız hazırdırmı?

Salmanov

Kağız hazırdır, amma sözləri yazılmayıb.

Kərəmov (hirsli halda)

Ah, Salmanov, Salmanov...

Ziynət

Ayıbdır, yoldaş Kərəmov, rayona təkərlər barədə yazmaq yaxşı deyil. Çağırın dəmirçi Musanı, təkərləri düzəltsin.

Kərəmov

O mənim işimdir. Onların borcudur bizim hər bir dərdimizə qulaq assınlar. Əgər, qulaq asmayacaqlarsa, daha niyə adlarını məsul işçi qoyub, hökumətdən məvacib alırlar?

Ziynət

Taxıllar çöldə qalıb, yağış altında çürüsün ki, kolxoz rayon mərkəzindən araba təkəri gözləyir? Bu, ziyançılıqdan başqa heç bir şey deyil.

Kərəmov

Necə? Sən mən Kərəmova ziyançı deyirsən? Salmanov, bu sözləri yaz, altından qol çəksin. Adə, mən, kolxoz sədri, ziyançı! Yaz, altından qol çəksin. Kişisənsə, qol çək, nə durmusan?

Mehralı

Yazarıq da, qol da çəkərik, hələ bir az səbr elə.

Kərəmov

Sən bağla, səndən soruşan yoxdur.

Ziynət

Kərəmov, mən bu saat yol yorğunuyam, bu sözlərimi ümumi yığıncaqda bir də təkrar eləyərəm.

Kərəmov

Hə, məni hodələyirsən? Qoymurlar da, qoymurlar sakit oturub iş görək. Ziyançı da özünüzsünüz, işi pozan da. Bəri bax, məni acıqlandırarsınız, səhərdən əmr verərəm ki, bütün “Şəfəq” kolxozu böyüklü-kiçikli işdən azad edilsin. Salmanov, yığışdır dəftərxananı, gedək ayrı yerə, bu şəraitdə mərkəzə kağız yazmaq olar? (Çıxırlar)

Mehralı

Get, eybi yoxdur. Sənin də mənəm-mənəm deməyinin ömrünə az qalıb.

İbrahim kişi

Ziynət, qızım, sən bu saat yoldan gəlmisən, istirahət elə, sonra doyunca söhbət eləyərik.

Ziynət

Danışmalı söz çoxdur. Biz işlərimizdə elə yeniliklər yaratmalı, elə əmək fədakarlığı göstərməliyik ki, kolxozumuz bu gözəl, bu şən həyata layiq bir kolxoz ola bilsin.

Təmraz

Kərəmov qoysa...

İbrahim kişi

Biz mübarizəni onun özündən başlamalıyıq.

Çöldən səs gəlir.

Mehralı

Bizi çağırırlar, gedək. Sağ ol, qızım, yığışıb bir yaxşı məsləhətləşərik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets