Birinci pərdə
Page 2 of 4 · 25%
Sadıq
Göstərərsən, niyə göstərmirsən ki?
Gülər
Sadıq, qulağım sənin səsini eşitməsin!
Sadıq
Ay Gülər, yəni o qədər zəhlən gedir?
Gülər
Hələ danışırsan da? Özün bilirsən ki... Bu bir ildə biz hər gün iki dəfə dalaşmışıq.
Sadıq
Maşallah! Bizim dalaşmağımızın haqq-hesabını çəkmək üçün yekə bir dəftərxana lazımdır.
Gülər
Hə... Amma indi daha canım boğazıma yığılıb, bəsdir. Mən ailə qurmaq, oğul-uşaq sahibi olmaq istəyirəm. Amma sənin fikrin ayrı yerlərdə səyahət eləyir. Ona görə də nöqtəni qoymalıyıq.
Sadıq
Nöqtəni qoyaq deyirsən, qoyaq, nə deyirəm ki? Ancaq icazə ver, axırıncı dəfə sənə bir sual verim, sonra nöqtəni də qoyaq, vergülü də.
Gülər
Ver axırıncı sualını.
Sadıq
Sənin davan yalnız uşaq üçündür? De görüm, uşaq sənin nəyinə lazımdır?
Gülər
Uşaq insan nəslini artırmaq üçündür.
Sadıq
Demək, bu boyda dünyada insan nəslini artırmaq səninlə mənə həvalə olunub?
Gülər
Sadıq, kəs mübahisəni!
Sadıq
Kəs deyirsən, kəsərəm, niyə kəsmirəm ki?.. Deməli...
Gülər
Deməlini saxla, sabah ZAQS-da danışarsan. (Gedir)
Sadıq
Gülər, ay Gülər, qadan alım, bir dayan.
Sadıq onun dalınca qaçmaq istəyəndə Maral və Həlimə ilə rastlaşır.
Maral
Yoldaş Sadıq, bir dəqiqəliyə. Yerli komitə tərəfindən sənə bir sual verəcəyəm.
Sadıq
Sual vaxtı deyil, rəhmətliyin qızı, arvad getdi. (Çıxır)
Maral
Yaxşı, yoldaş mühəndis. (Həliməyə) Mən bunlara yerli komitənin zərb-dəstini gör necə göstərəcəyəm.
Həlimə
Onları tanımırsan, ay Maral bacı? Niyə hirslənirsən? Nə olsun ki, mənə də deyirlər ki, yerli komitənin texniki katibisən, ixtiyarın yoxdur özünçün putyovka götürəsən. Mən də deyirəm ki, yerli komitənin sədri Maral bacıdır, özü bilər, bəlkə məni ən yaxşı kurorta göndərəcək...
Maral
Mənim kurort-zad gözümə görünməyir, ay qız.
Həlimə
Yerli komitənin hörməti kurort ilə, putyovka ilə qalxar. Krıma var? Doktorlar mənə Krımı məsləhət görürlər.
Maral (darıxmış halda portfelini ona uzadır)
Al, aç bunu görüm, içində qaynanmış su var, ver başıma çəkim. Ürəyimin başı od tutub yanır.
Həlimə
Neçə gündür bir az bikef kimisən, nə olub?
Maral
Sənə deməli deyil!
Həlimə
Sən mənim canım, Maral bacı! Deməsən, əl çəkən deyiləm.
Maral
Dilini dinc qoyarsan?
Həlimə
Mən heç yerli komitənin sirrini başqalarına deyərəmmi? Birdən müdiriyyət xəbər tutar.
Maral
Yerli komitə nədir, ay qız? Qulaq as, gör nə deyirəm. Ürəyim dönüb olub sərv ağacı. Məhəbbət quşu qonub bu sərvin bir budağına, ürəyimi tut ağacı kimi silkələyir. Başa düşdün? Ah, sən cavansan, belə şeyləri hardan başa düşürsən ki?
Həlimə
Niyə başa düşmürəm, ay Maral bacı? Yəqin aşiq olmusan.
Maral
Haradan bildin, ay qız?
Həlimə
Olmuya müdiriyyətə vurulmusan?
Maral
Amma bax, lal-kar! Bildin?
Həlimə
Əcəb işdir, yerli komitə müdiriyyətə aşiq olub!.. İşçilərin hüququ yaxşı müdafiə olundu.
Maral
Eh, sən də söz danışdın. Bu saat elə halımdır ki, öz hüququm yadımdan çıxıb.
Həlimə
Ancaq mən yaxşı başa düşə bilmədim, hansı müdiriyyətə? Yoldaş Nəsirova?
Maral
Yox-yox! Bir pillə aşağı en!
Həlimə
Mirzə Qərənfilə?
Maral
Bir pillə də en.
Həlimə
Hə... Demək Bərbərzadəyə?
Maral
Ay, ürəyim xarab oldu.
Həlimə (gülür, birdən səhnə arxasına baxıb sevincək)
Bıy, ay Maral bacı, Bərbərzadə gəlir. Özü də səninçün gör necə bəzənib?
Maral
Bura gəlir? Ay aman, ürəyim çırpınır.
Həlimə
Mən gedirəm. Özünü itirmə. Nə olub ki?
Həlimə çıxır. Bərbərzadə ehtiyatla içəri girir.
Bərbərzadə (özünü son dərəcə itirmişdir)
Demək olar ki, gəlib çıxmışam.
Maral (utancaq)
İndi ki, gəlmisən, daha neyləmək olar, xoş gəlmisən.
Bərbərzadə
Hava bu gün sərindir.
Maral
Yox a, yaman istidir.
Bərbərzadə
Elə mən də o cür demək istəyirdim. Mən istiyə sərin deyirəm. Uşaqlıqdan adət eləmişəm.
Maral
Portfelsiz gəlməyinizdən belə məlum olur ki, istirahətə çıxmısınız?
Bərbərzadə
Dedim ki, bu gün istirahət günüdür. Ayaqüstü bura baş çəkib evə qayıdım. Gedəndən sonra görürəm ki, yadımdan çıxıb şapqamı burada qoymuşam. İndi də onu axtarmağa gəlmişəm. (O yan-bu yana baxır)
Maral
Bıy, şapqa başınızdadır ki!
Bərbərzadə
Doğrudan da, başımda imiş. Mən isə, bayaqdan bəri şapqamı axtarıram. (Sükut) Nə dediniz?
Maral
Heç, mən bir söz demədim.
Bərbərzadə
Hə, görünür, qulağım aldanıb, yaxşı, bəs indi biz necə eləyək?
Maral
Nəyi necə eləyək?
Bərbərzadə
Şeyi deyirəm də... Ox, yaman tərləmişəm, deyəsən, yadımdan çıxıb, yaylığımı da evdə qoymuşam.
Maral
Bəs əlinizdəki yaylıq deyil?
Bərbərzadə
Bəli, qəti olaraq demək olar ki, mən özümü itirmişəm. (Üzünü silir)
Maral
Mən də lap istidən boğuluram.
Bərbərzadə (cibindən qəzetə bükülmüş yemək çıxardır)
Bəlkə açlığınız var? Məndə ehtiyatdan həmişə yemək olar.
Maral
Yox, mən yaz-yay həmişə bir şüşə qaynanmış sudan başqa ağzıma heç bir şey almaram.
Bərbərzadə
Mən isə tərsinə. Özümə korluq verən deyiləm. (Sükut) Demək olar ki, əgər zavxoz dili ilə desək, bizim ikimizin də söz inventarımız qurtarıb?
Maral
Sizin beyninizə bir şey gəlmir?
Bərbərzadə
Bir az dayanın, beynimi qurdalayım, hə, hə, gəldi. Mirzə Qərənfili tanıyırsınız?
Maral
Bizim Mirzə Qərənfili? Çox gözəl tanıyıram. Beş aylıq üzvlük haqqını verməyib, ittifaqdan çıxardacağam.
Bərbərzadə
Hələ çıxartmayın, səbir eləyin!
Maral (nazlanaraq, minnət qoyur)
Mənim gözlərim üstə, hələlik çıxartmaram, sizin xatirinizə.
Bərbərzadə
Xatiriniz isti-soyuq görməsin. Bəli, haman Mirzə Qərənfil elə adamdır ki, stəkana sal, su ilə iç, həvəngdəstədə döy, qənd elə, ye!..
Maral
Nə olar ki?
Bərbərzadə
Bəli, haman Mirzə Qərənfil... (Özünü itirmiş halda gözlərini döyərək) Heç mən bilmirəm biz nə üçün Mirzə Qərənfildən söhbət saldıq?
Maral
Siz beyninizi qurdaladınız, içindən Mirzə Qərənfil çıxdı.
Bərbərzadə
Hə, yadıma düşdü. Mən utanıram, danışa bilmirəm, sözümü Mirzə Qərənfilə deyərəm, o sizə yetirər. Siz də ona deyin!
Bayırdan səs-küy gəlir. Nəsirov və Mirzə Qərənfil içəri girirlər. Maral və Bərbərzadə ayağa qalxırlar.
Nəsirov (onları bir yerdə görüb pərt olur)
Hə, bu da bunlar... Biri təsərrüfat müdiri, biri yerli komitənin sədri. Yəqin qeybət eləyirlər.
Bərbərzadə
Yoldaş Nəsirov...
Nəsirov (onun sözünü kəsir)
Bir kəlmə belə danışmağa icazə verməram. Səhərdən işçilər gəlib materialsız qalıblar, mən zavxoz əvəzinə material paylayan olmuşam, bu isə burada boşboğazlıq eləyir. Öyrənmisiniz dünyanı başınıza götürüb, saatlarla danışmağa. Adamın vaxtını almağa həvəsiniz var. Mən bu tikintidə uzunçuluqla, boşboğazlıqla mübarizə eləməkdən yorulmuşam.
Bərbərzadə
Yoldaş Nəsirov...
Nəsirov (yenə onun sözünü kəsir)
Bir kəlmə də. Budur bütün işçilər bu gün öz xahişləri ilə işləyirlər. Amma siz burada yenə də çənənizi bərkidib beyninizi boşaldırsınız. Sizi mən dəqiqə ilə, saniyə ilə danışmağa öyrədəcəyəm. Bir məsələni başa salmaq üçün uzun-uzun cümlələri dəvə karvanı kimi yan-yana düzmək lazım deyil. Bir cümlənin bir kəlməsi, hətta bir kəlmənin bir hecası kifayətdir.
Maral
Yoldaş Nəsirov! Biz burada...
Nəsirov (onun sözünü kəsir)
Dedim bir kəlmə də olmaz. Mirzə Qərənfil!
Mirzə Qərənfil
Mirzə Qərənfil sizi kölgə kimi təqib eləyir.
Nəsirov
Uzatma. Sən mənim müavinimsən, hər şeyi bilməlisən. De görüm, işçilər material ilə təmin edilmişlərmi? Sənə bir dəqiqə vaxt verirəm.
Mirzə Qərənfil
Yoldaş Nəsirov yəqin bilsin ki, müxtəsər danışmış olsaq, demək olar ki, heç bir zaman bizim təsərrüfatımızda, yoldaş Nəsirov...
Nəsirov
Yoldaş deməsən də olar.
Mirzə Qərənfil
Nəsirov! Heç bir zaman bizim təsərrüfatımızda...
Nəsirov
Mənim familiyamın bu söhbətə heç bir dəxli yoxdur.
Mirzə Qərənfil (birnəfəsə deyir)
Heç bir zaman bizim təsərrüfatımızda işçilər materialsız qalmayıblar.
Nəsirov
Bax, bu bir kəlmə sözü demək üçün gör nə qədər vaxtımı aldın! Bərbərzadə! De görüm, rənglər hazırdırmı?
Bərbərzadə
Mən hələ heç, yoldaş Nəsirov...
Nəsirov (sözünü kəsir)
Yoldaşsız!
Bərbərzadə
Mən hələ heç, Nəsirov...
Nəsirov
Nəsirovsuz!..
Bərbərzadə
Mən hələ heç... hələ heç... Özümü itirdim getdi ki...
Nəsirov
Demək, almamısan?
Bərbərzadə
Xeyr, yoldaş... sız... Almışam... hazırdır.
Nəsirov
Yerli komitə sədri, sən de görüm, yarış müqaviləsinin necə yerinə yetirildiyini yoxlamısınız, yoxsa yox?
Maral
Xeyr, yoldaş Nəsirov, hələ mən indicə...
Nəsirov
Yoldaşsız və Nəsirovsuz. Yarım dəqiqə vaxt verirəm, ya hə, ya yox!
Maral
Yox!
Nəsirov
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-xosbextler-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Talada sevmişəm mən bir şahbazı,Sərv boyu tuba boya tən edər.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun