Page 4 of 5 · 60%

Maral

Mirzə, bir yanını yerə qoy, mənə yaxşı mültəfit ol.

Mirzə Qərənfil

Yanımı yerə qoymamışdan da mültəfit olmağı bacarıram. Sən sözünü danış. Ancaq üzvlük haqqı barəsində danışmaq istəyirsənsə, nahaq zəhmət çəkirsən. Lap altıma qu tükündən döşək də qoysan, məndən bu saat üzvlük haqqı qopara bilməyəcəksən.

Maral

Mirzə, üzvlük haqqını tezliklə yaddan çıxart.

Mirzə Qərənfil

Çıxartdım.

Maral

Gedib mənim tərəfimdən o dildara de ki... Bağışla. Mirzə, mən səni qardaşlığa qəbul eləmişəm. Ona görə də bu cür açıq danışıram. O dildara de ki...

Mirzə Qərənfil

O dildar kimdir? Əvvəl sən onu mənə de!..

Maral

O da, özün bilirsən ki, Bərbərzadə. Ona de ki, mənim fikrim qətidir. Əgər onun da fikri qətidirsə, axır sözünü desin.

Mirzə Qərənfil

Yaxşı, elə təkcə bunu deyim?

Maral

Dalını onunla özümüz danışarıq. Daha sənə zəhmət vermərəm.

Mirzə Qərənfil

Hörmətin artıq olsun.

Daldan Bərbərzadənin səsi gəlir.

Bərbərzadə

Ay balam, yoldaş Nəsirov özü paylayır, yoxdur, yoxdur.

Maral (həyəcanla)

Mirzə, məni çatdır doktora, ürəyim bir cür olur.

Mirzə Qərənfil

Bax, buradan getsən, doktorxanaya çatarsan.

Maral

Ona mənim sözlərimi deməmiş olma.

Mirzə Qərənfil

Arxayın ol.

Bərbərzadə səhnəyə gəlir. Maralı görüb özünü itirir.

Bərbərzadə

Məni qocaltdınız, daha bəsdir, məni çərlətdiniz, daha bəsdir! (Maral utancaq çıxır) Mirzə Qərənfil, bu nə işdir məni saldın? Bu nə bilet oyunu idi mənim başıma gətirdin? Otur görüm.

Mirzə Qərənfil

Çox sağ ol, oturmuram, çox oturmuşam.

Bərbərzadə

Mən ölüm, otur, Mirzə! Nə qədər ki, camaat yaxamdan əl götürüb, iki kəlmə danışaq. Bəlkə mənim sözümü o cananına yetirəsən. Spiçkanı mənə ver, görüm.

Mirzə Qərənfil

Papirosun yanır ki.

Bərbərzadə

Hə, doğrudan da... İndi bir mənə de görüm, Mirzə, mənim tapşırığıma əməl eləmisən, ya yox?

Mirzə Qərənfil

Hansı tapşırığı deyirsən?

Bərbərzadə

Şeri.

Mirzə Qərənfil

Yazmışam.

Bərbərzadə

Mirzə, sən məni sevindirdin. Oxu görüm. (Cibindən yemək çıxarır) Yemək yeyirsən?

Mirzə Qərənfil

Yemək istəmirəm, vədə vəfa istəyirəm.

Bərbərzadə

Vədə verilib, yerinə yetiriləcək. Mən kişiyəm, verdiyim söz qəbzdən möhkəmdir. Oxu!

Mirzə Qərənfil

Bu saat oxuyum, qulaq as:

Bu nazik qəlbimin soltanı sənsən,
Dünyanın ən nazlı cananı sənsən.

Bərbərzadə

Əcəb demisən, a Mirzə! Amma bir fikirləş ha, o nazik sözü bir az qorxuludur.

Mirzə Qərənfil

Qorxulu niyə olur ki?

Bərbərzadə

Deyər, bəs, mən ona rəmz atıram. Maral, maşallah, əndamlıdır axı.

Mirzə Qərənfil

Ürəyinə pis fikir gətirmə, dalına qulaq as:

Sənsiz sükut ilə keçir həyatım,
Ürəkdə yaradan tufanı sənsən.

Bərbərzadə

Sərçəni lap gözündən vurmusan, Mirzə. Həqiqətən, onu görəndə bədənimdə bir təlatüm olur ki, mən boyda adamı yığğalayır.

Mirzə Qərənfil

Hələ gör nələr yazmışam:

Kim öyrədib sənə naz-qəmzəni,

Bərbərzadə

Pəh, pəh, pəh! Burasında lap fantan eləmisən.

Mirzə Qərənfil

Kim öyrədib sənə naz-qəmzəni,
Sevgi quyusunun kankanı sənsən.

Bərbərzadə

Kankan nədir, Mirzə?

Mirzə Qərənfil

Kankan quyuqazana deyirlər.

Bərbərzadə

Acığı gəlməz ki?

Mirzə Qərənfil

Acığı niyə gəlir? Qulaq as:

Sənə qurban olsun, bu Bərbərzadə,
Yerli komitənin aslanı sənsən.

Bərbərzadə

Hə, bu olmadı. Onu poz!

Mirzə Qərənfil

Bir kəlmə də pozmaram, xoşuna gəlmir?

Bərbərzadə

“Sənə qurban olsun” sözü ürəyimdəndir, amma aslanda ağ eləmisən, poz.

Mirzə Qərənfil

Bir kəlmə də əl vurmaram. Necə ki, aslan şikara çıxanda nərə çəkir, o da sənin ürəyini şikar eləyib nərə çəkir. Mənası budur, başa düşdün?

Bərbərzadə

Acığı gəlməz ki?

Mirzə Qərənfil

Yəqin bilirəm ki, xoşu gələcək. İndi mən gedib sənin cananını tapıb şeri təqdim eləyim.

Bərbərzadə

Amandır, Mirzə, ümidim sənədir.

Mirzə Qərənfil

Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!

Bu nazik, qəlbimin soltanı sənsən...

Şeri oxuya-oxuya çıxırlar. İnci və Gülər səhnəyə gəlirlər.

İnci

Ay qız, o qədər də qabağa keçmə, ayıbdır.

Gülər

Gəl bəri. Mən çox maraqlanıram, görək bizim kişilər gecəni harada keçiriblər?

İnci

Onlar harada keçiriblər, bilmirəm, amma mən səhərə kimi gözümü yummamışam.

Gülər

Mənim heç vecimə deyil. Qoy başı daşa dəysin, özü yorulanda suyu süzülə-süzülə üstümə gələcək.

İnci

Sənin ürəyin bərkdir. Lap qız vaxtından mənim ürəyimin ipləri bir az nazikdir. Gecəni səhərə kimi ürəyimdə öz hərəkətlərimi, bir də onun hərəkətlərini təhlil eləmişəm. Əslinə qalsa, ikimizdə də təqsir var. İstəsəydik, işi bu dərəcəyə çatdırmazdıq.

Gülər

Səninki lap nahaqdır, İnci. Sənin yoldaşın çox mədəni, qabiliyyətli oğlandır, o cür axmaq şey üstə adam ailəni dağıdar?

İnci

Bəs özünü niyə demirsən?

Gülər

Hə, mənim işim lap ayrı işdir. Mənim yoldaşım... (Hirsli halda) Of, mənim yoldaşım!

İnci

Sənin yoldaşın da çox qabiliyyətlidir. Səndən ayrılmaq o yazığı elə çaşdırıb ki, sən onun gözünü elə qorxutmusan ki, bir kəlmə danışıb, yüz dəfə o yan-bu yana baxır.

Gülər

Hələ gör mən onun başına nələr gətirəcəyəm. Balaca bir uşaq nədir ki, onun hələ anadan olmamışdan düşmənidir. Bir adam ki... (Hirsindən sözünü qurtara bilmir). Ah, gör onun başına nə gətirəcəyəm!

İnci

Yaxşı, yaxşı, çox hirslənmə. Gələn var, ayıbdır, gedək.

Bərbərzadə öz-özünə zümzümə edərək içəri girir.

Bərbərzadə

Bu nazik qəlbimin soltanı sənsən. Pəh... Sevgi quyusunun kankanı sənsən... (Birdən Gülərlə İncini görüb özünü düzəldir) Mənə dair qulluğunuz, bacılar?

Gülər

Sizə heç bir sözümüz yoxdur. Biz burada ayrı adamı axtarırıq.

Bərbərzadə (pərt halda)

Demək, məni axtarmırsınız? Çox şadam!

İnci

Bu tikintidə işləyən adamlar bu saat hardadırlar?

Bərbərzadə

Bacı, bu saat hər kəs öz işi ilə məşğuldur, bu bir. Sabah istirahət evini açırıq, bu iki. Sizə kim lazımdır, deyin, bəlkə mən onların yerini bilirəm, bu da üç.

Gülər

Mənə burda mühəndis Sadıq lazımdır.

İnci

Mənə də Mürşüd.

Bərbərzadə

Yaxşı, bacılar siz onların nəyisiniz?

Gülər (əsəbi halda)

Biz onların heç nəyi deyilik.

İnci

Biz onların keçmiş arvadlarıyıq.

Bərbərzadə (bunu eşidib dik yerindən qalxır)

Aha, lap vaxtında gəlmisiniz. Mənə elə siz lazımsınız. Ay bacılar, sizə nə olub ki, yazıqları atmısınız küçənin ortasına? Xalq burada illərlə əlləşir, evlənə bilmir (özünü göstərir), siz isə gül kimi həyatınızı pozmusunuz ki, yaşamırıq.

Gülər

Siz kimsiniz ki, bizə öyüd-nəsihət verirsiniz?

Bərbərzadə

Mən? Bərbərzadəyəm!

Gülər

Bərbərsiniz?

Bərbərzadə

Təkcə bərbər deyiləm, zadəsi də var. Təsərrüfat müdiriyəm. Buyurun əyləşin, mən sizin üçün onları taparam.

İnci

Sağ olun, o qədər də təcili deyil. Zəhmət çəkməyin.

Bərbərzadə

Onları tapmaq məndə. (Maral içəri girir. Bərbərzadə, Maralı görən kimi sözünü dəyişir) Hə... İndi isə, bacılar, zəhmət çəkib gedin, xalqın burada işi var. Maral yoldaş, buyurun, rəsmi işimizə başlayaq.

Gülər

Bıy, ay yoldaş, sizə nə oldu?

Bərbərzadə

Görsəm, deyərəm, bacı, görsəm, deyərəm, işim var. (Gülər və İnci təəccüb içərisində səhnədən çıxırlar) Canım, bunların əlindən göz açmaq olmur. Biri arvadını boşayır, o biri ərindən ayrılır. Bərbərzadə düşür işə. Buyurun, Maral xanım, əyləşin.

Maral (kinayə ilə)

Bağışlayın, sizə mane oldum, şirin-şirin söhbət eləyirdiniz.

Bərbərzadə

Bunlar bizim mühəndislərin arvadlarıdır. Ərləri atıb, gəlib yalvarırlar ki, mən kömək eləyim.

Maral

Özünüzə ki, umac ova bilmirsiniz, özgəsinə necə əriştə kəsirsiniz?

Bərbərzadə

Umacı ovmuşam, hazırdır. Mirzə Qərənfil hamısını sizə deyər. Ürək sözümü mən şeir ilə yetirirəm. Mirzə Qərənfil sizə oxuyacaq.

Maral

Bəzilərinə özünüz oxuyursunuz...

Bərbərzadə

Bizim mühəndisləri yoldaş Nəsirov göndərib ki, sabaha kimi mənim otağımda qalsınlar. Bu tərəfdən də arvadları gəlib çıxıb... Hərçənd vəzifəmə dəxli yoxdur. Nə eləyim ki?..

Maral

Nə eləmək olar ki?.. Alın, bu da akt. (Ona bir dəstə kağız verir)

Bərbərzadə

Sağ olun! Buxalter məni lap zara gətirmişdi. (Kağızlara baxır) Bıy, bəs, buna imza atmamısınız.

Maral

Tək məndən nə çıxar ki, verin cüt-cüt imza atsınlar. (Qadınların getdiyi tərəfə işarə edir)

Bərbərzadə

Heç kəsin imzası mənə lazım deyil, əlbəttə, sizinkindən başqa... Siz də ki, həm də komissiya üzvü...

Maral (acıqlı halda)

Mən yoxlanmamış akta qol çəkə bilmərəm.

Bərbərzadə

Sçotları Nəsirov yoldaş özü yoxlayıb, sonra təsdiq eləyib.

Maral

Biz gözümüzlə gördüyümüzə inanırıq.

Bərbərzadə

Demək, mənə inanmırsınız? Bu saat Nəsirov yoldaşın şəxsən öz imzasını göstərərəm. Bu saat... (Çıxır)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets