Page 1 of 3

On üçüncü şəkil

Üçüncü şəklin dekorasiyası. Umud tək, həyəcanlı gəzinir, zəngi aramsız çalır, Xumar qaçaraq səhnəyə gəlir.

Umud

Haradasan, zəng çalmaqdan yoruldum, gəlib çıxmırsan?

Xumar

Məşğul idim, çay gətirim?

Umud

Çay boğazımdan keçmir. Dediklərimi almısan?

Xumar

Nigaran qalmayın, hamısı vaxtında hazır olacaq. (Getmək istəyir)

Umud (onu saxlayır)

Bura bax, at da al ha, balacalar atı çox sevirlər.

Xumar

Hələ onun at minməli vaxtı deyil, böyüyəndə alarsınız.

Umud

Böyüyəndə atı neyləyir, ona xüsusi maşın alacağam. (Telefon zəng çalır. Umud dəstəyi götürür) Alo! Mənəm. Kefim? Göyün yeddinci qatında. Oğlum olub ey, oğlum. Axşam gəl, gözləyəcəyəm. (Dəstəyi asır, Xumara) Dalıycan nə vaxt getmək lazımdır?

Xumar

Nahardan sonra.

Umud

Mənim sözlərimi ona dedin?

Xumar

Dedim, acığı tutdu, razı deyil. İnciklidir də.

Umud

Haqqı var, işləri yaman dolaşıq salmışam. Bir yandan o, bir yandan da Şəlalə. Şəlaləyə də yazığım gəlir. Toydan iki ay sonra əri ölüb. Görüb-görəcəyi mənəm, ayrılsam dəli olacaq.

Xumar (yavaşdan)

Güman eləmirəm.

Umud

Nə dedin?

Xumar

Heç. Gedə bilərəm?

Umud

Get, yox, dayan, nə deyəcəkdim, yadımdan çıxdı. Hə, belə eləyərik. Xəstəxanaya sizinlə bərabər mən də gedərəm. Camaatın içində rədd eləməz, barışar. (Öz-özünə) Bəs Şəlalə nə olsun? Nahara qədər fikirləşim, görüm bu iki arvadın öhdəsindən necə gələcəyəm. (Gedir)

Xumar öz otağına keçir. Aslan, Saleh, Fərman gəlirlər. Xumar onlara təəccüblə baxır.

Saleh

Umud yoldaşa de ki, Şəlalə xanımın ərləri gəlib, onunla görüşmək istəyirlər.

Xumar

A... hamınız onun əri olmusunuz?

Fərman

Mən yox.

Saleh

Biz ikimiz: bir nömrəli, iki nömrəli.

Xumar

Ərlərin iclasını çağırmısınız?

Aslan

Yox, ona öz təcrübəmizdən danışacayıq, qənfet qız!

Xumar (hirsli)

Bura bax, bu saat konfet qızlar, konfet oğlanlarla bir yerdə restoranlarda tvist oynayırlar, bildin?

Aslan

Sən öl, mənim də hirsim başladı tvist oynamağa.

Fərman

Şef, yeri deyil.

Aslan

Get, ada, mən haranın şefiyəm? İndi sən mənim şefimsən.

Xumar

Yoldaş ərlər, Umud yoldaş indi sexdədir, gedin ora.

Saleh

Gedək. (Gedə-gedə Aslana) Xumar ciddi qızdır, ona sataşma.

Çıxırlar. Səhnədə Xumarla Fərman qalır.

Xumar

Bilirsən, bu nədir? (Bir kağız göstərir)

Fərman

Mənə yazmısan?

Xumar

Sənin əmrindir, sabahdan işə başlayırsan.

Fərman

Oxumaq olar?

Xumar

Yox, divardan asılanda oxuyarsan.

Fərman

Xumar! (Kağızı onun əlindən almaq istəyir)

Xumar

Fərman, bura idarədir.

Kəklik içəri girir, onlara diqqətlə baxır.

Kəklik

Xumar, bu oğlan kimdir?

Xumar

Tanış ol, Fərman.

Kəklik

Portfelində sənin şəklini gəzdirən budur?

Fərman (Kəkliklə görüşür)

Sizin yanınızda günahkaram.

Kəklik

Niyə?

Fərman

Sizin bu fabrikdən, bu şəhərdən tamam getməyinizi o qədər arzu edirdim ki...

Xumar

Fərman, nə danışırsan? Kəklik mənim ən yaxın rəfiqəmdir.

Fərman

Elə ona görə deyirəm də... (Kəkliyə) Həmişə cüt gəzirdiniz, mənsə Xumarı tək görmək istəyirdim.

Kəklik

İndi də o cür arzunuz var? Gedə bilərəm?

Fərman

İndi yox, indi mən Xumarın bütün rəfiqələrinin qulluğunda hazıram. Əmr eləsin, göyün hansı ulduzunu istəsəniz ovcumda sizə gətirim.

Xumar

Lap kosmonavtsan ki.

Zəki içəri girir. Fərmanı burada görüb çığırır.

Zəki

Xumar, sən onu saxla, mən milis çağırım.

Xumar

Dayan, Zəki, lazım deyil. Mən özüm onun cəzasını vermişəm.

Zəki

Hə, belə de... (Fərmana) Xoşbəxt oğlansan. (Kəkliyə) Görəsən, mənim cəzamı nə vaxt verəcəklər?

Kəklik

Zəki, səninlə mənimki qəti qurtardı, bildin? (Xumara) Az, mənə deyir, təzə pyes var, rol verəcəyəm, demə, yalan danışırmış.

Fərman

Həmkar, yalan danışmamaq birinci şərtdir.

Kəklik

Hələ adını rejissor qoyub. (Zəkiyə) Heç bilirsən rejissor nə deməkdir?

Xumar

Rejissor tamaşanın yaradıcısıdır, kapitandır.

Zəki

Xeyr, rejissor müftə hambaldır. Əsər tapdın, rol verdin, adamsan, yoxsa heç üzünə də baxan olmur. (Yavaşdan) Xumar, bir dil tərpətsənə.

Xumar

Şikayət qutusunu açım?

Zəki

Aç! (Xumar ona dilini göstərir) Səninlə də ciddi danışmaq olmur ki? (Öz-özünə bərkdən) Neyləyim, bir pyes haradan tapım?

Fərman

Pyes axtarırsan? Məndə.

Xumar

Səndə pyes haradandır?

Fərman

Trolleybusdan tapmışam. Budur bax! (Cibindən əsəri çıxarıb Zəkiyə verir)

Zəki (həyəcanla)

“Yalan” tapıldı. Kəklik, gəl yapış qolumdan, yıxılıram.

Kəklik

Sənin qolundan niyə yapışım ki? Bu saat sevincimdən öpəcəyəm.

Zəki (yavaşdan)

Sonra, burada yox.

Kəklik

Səni yox ey, bu oğlanı.

Zəki

Olmaz, mən icazə vermirəm.

Xumar

Kəklik, ağ eləmə.

Fərman

Bacı, mənə çatası öpüşü Zəkiyə verin, sonra ondan alaram.

Kəklik

Əlacım qalmadı, di gəl səni öpüm. (Zəkinin üzündən öpür)

Zəki

İnsan bir dəqiqənin içində nə qədər xoşbəxt olarmış.

Şamil içəri girir, onlara təəccüblə baxır.

Şamil

Bu nədir? Yenə məşq eləyirsiniz?

Xumar

Bəli, əsəri tapmışıq.

Şamil

Əcəb kolxozdur. Sədr yox, üzvlər də qaçdı-tutdu oynayırlar. (Umudun kabinetinə baxır, heç kəs olmadığını görüb gedir)

Xumar

Uşaqlar, gedin, gedin. Məşqə sonra yığışarıq.

Gedirlər. Xumar səhnədə tək qalır. Şəlalə səhnəyə gəlir, Umudun kabinetinə tərəf yollanır.

Xumar (Şəlalənin arxasınca)

Üç nömrə kabinetdə yoxdur.

Şəlalə (cəld Xumara tərəf dönür)

Nə?

Xumar (kinayə ilə, qəsdən əzilə-əzilə danışır)

Deyirəm, Umud yoldaş yoxdur, gedib.

Şəlalə

Hara gedib?

Xumar

Deyəsən, sexdədir.

Şəlalə

Bu adamlar işləməkdən yorulmurlar?

Xumar

Biz işləməyəndə yoruluruq.

Şəlalə

Nə naz-qəmzə ilə danışırsan, kişi deyiləm ki? Get sexə, Umudu çağır.

Xumar

Baş üstə. (Gedə-gedə, öz-özünə) Ay çağırdım ha...

Şəlalə (ora-bura baxır, kimsə olmadığını görüb telefona yaxınlaşır, zəng eləyir)

Pişik, neyləyirsən?

Xumar qayıdır, Şəlalə onu görmür.

A, iş nədir? Mən olan yerdə işi neyləyirsən? Şamil, səni Qız qalasının yanında gözləyəcəyəm. Şamilçik, vaxtında gəl, ha? (Dəstəyi asır. Xumarı görür, həyəcan və qorxu ilə) Çoxdan buradaydın?

Xumar

Yox, indicə girdim.

Şəlalə

Umudu çağırdın?

Xumar

Yoxdur, iclasa gedib.

Şəlalə (Xumarı yamsılaya-yamsılaya)

Umud gələndə deyərsən ki, mən bu gün evdə nahar eləməyəcəyəm, rəfiqəmgildə olacağam. (Birdən kəskin çığırır) Başa düşdün?

Xumar (eyni tonda)

Düşdüm. (Hərəsi bir tərəfə gedir)

Umud və arxasınca Salehlə Aslan kabinetə girirlər.

Umud

Gəlin, gəlin. Deməli belə? (Aslana) Sən bir nömrəli ər, (Salehə) sən iki nömrəli, demək mən də oluram üç nömrəli, hə?

Aslan

Sizin üç nömrəli olduğunuzu yəqin demək çətindir.

Umud

O da düzdür, bəlkə beşinciyəm.

Xumar içəri girir.

Xumar

Şəlalə xanım sizi soruşurdu. (Çıxır)

Umud

Gözüm aydın. Necə oldu ki, ağlımı itirdim, ona uydum, ailəmi dağıtdım?

Saleh

Onu görəndən sonra siftə mənə də elə gəlmişdi ki, Rəfiqədə sevgi yoxdur.

Aslan

Zalımın qızı başdan-ayağa gopdur.

Saleh

Bilirsiniz bu nədəndir, Umud yoldaş? Çünki biz xəstəyik.

Umud

Mən xəstə deyiləm, sağlam adamam.

Saleh

Yox, elə demə, biz üçümüz də onun zəhərini şərbət kimi içmişik, çünki xəstəyik, yalan xəstəsi. Yalan da mikrob kimidir, sağlam bədən, yəni yalana meyli olmayan bədən onunla mübarizə aparır, amma xəstə bədəndə isə bu mikrob özünə isti yuva tapıb min cür fəsad törədir.

Aslan

Qardaşımız çənədən möhkəmdir.

Umud

Demək istəyirsən ki, biz özümüz o yalana tutuluruq və cəmiyyətə də yayırıq.

Saleh

Bundan da birinci növbədə xalq ziyan çəkir. Mən necə idarədə müdir olmuşam, təcrübədə görmüşəm. “Bəli” deməyəndə yuxarıdakının xoşuna gəlmir.

Aslan

Bəli.

Saleh

O “bəli” bilirsiniz nədir? Yalanın toxumu. Torpağa atırsan, əlverişli şərait tapıb cücərir, yarpaqlanır, çiçək açır və nəhayət meyvə verir. Bu acı meyvəni isə xalq yeməyə məcbur olur.

Umud

Məsələ aydındır. Ziyanın yarısından qayıtmaq da qazancdır. (Birdən Aslana baxıb çığırır) Düz deyirəm, bir nömrəli?

Aslan (Salehə)

Bu özü doqquz b-dirki.

Saleh (yavaşdan)

Gedək, eşidər, xətrinə dəyər. (Çıxırlar)

Arxa pərdə enir. Umud düşüncə içərisində pərdə qabağına gəlir.

Umud (öz-özünə)

Necə oldu ki, mən aldandım, necə?

Xumar gəlir.

Xumar! Al bu kağızı divardan as, Şamilin çıxmağı barədə nazirliyin əmridir. Axır ki, bu avaradan canım qurtardı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets