Beşinci pərdə
Page 1 of 2
Səhnə saray həyətinin bir guşəsini təsvir edir. Vəzirlər bir yerdə danışırlar.
Sərdar Zamanxan. Mirzə Möhsün, işlər necə gedir?
Mirzə Möhsün. Çox yaxşı, şəhərdə qıtlıqdır, şatırlar çörək bişirməyə un tapmır.
Mirzə Yəhya. Çox gözəl, demək, biz işə başlaya bilərik.
Sərdar Zamanxan. Dünən sizinlə danışdıqdan sonra gedib şah Abbas ilə, qoşun böyüyü Əsgər xan ilə görüşdüm. Camaat aclıqdan üsyan etdiyi zaman Şah Abbas və Əsgər xan ordu ilə birlikdə saraya hücum edib Yusif şahı dostları ilə bərabər məhv edəcək.
Mollabaşı. Allah-taala qibleyi-aləm Şah Abbasa tofiq və zəfər versin!
Sərdar Zamanxan (Mirzə Möhsünə). Sən Xosrovu inandır ki, bu gün Yusif şahı öldürüb yerinə səni şah edəcəyik. Hələlik bu qədər.
Hamısı gedir. Xosrov fikirli gəzişərkən XacəMübarəkə təsadüf edir.
Xosrov. Nə var, X a c ə?
Xosrov. Çox şey... Vəzirlər şəhərə aclıq salıb, xalq içində üsyan yaratmaq istəyirlər.
Xosrov. Üsyan?
Xacə. Bütün ərzağı şəhərdən, kəndlərdən yığmaya əmr verilmişdir.
Xosrov (gülərək). Yalnız bu?
Xacə. Bundan daha mühüm tədbirlər görürlər.
Xosrov. Nə kimi?
Xacə. Şahı camaata pis qələmə verirlər. Guya şah məmləkəti tacirlərə satır.
Xosrov. Qorxma, Xacə! Biz də yatmayırıq. Mühüm tədbirlər görürük. Ancaq bu işi Yusif şaha açma!
Xacə. Nə üçün?
Xosrov. Hökumət siyasətini sən bilməzsən. Yusif şah səndən, məndən artıq bu vəzifələrə inanır. Söyləsən, inan ki, başın bədənində qalmaz!
Xacə. Açma deyirsən, açmaram. (Fikirli gedir)
Xosrov. Tədbirlərim yavaş-yavaş ayaq tutmağa başlayır. Dayan, Yusif!.. (Budaq ilə Rəhman gəlir. Xosrov onları görüncə) Oho, xoş gördük sizi, dostlar!
Budaq (həyəcanla). Yusif şah hanı?
Xosrov. Nə var, nə olmuş?
Budaq. Şəhərdə böyük həyəcan var, deyirlər Yusif şah İranı dağıdır.
Xosrov. Elə bu?
Rəhman. Başqa sözlər də var... Deyirlər Yusif şah ərzağı xaricilərə satıb, məmləkətdə aclıq törədir.
Xosrov (həyəcanlı). Dostlar, Yusif şah həqiqətən o gördüyünüz, bildiyiniz Yusif Sərrac deyil. Taxt-tac onu tamam dəyişdirmiş. Saraya girəli, eyş-işarətdən, keyfdən, nəşədən başı ayılmır. Doğrusu, Yusif haqqında çox bədbin olmuşam.
Hamı məyus bir-birinə baxır.
Rəhman. Belə isə biz daha nə üçün çalışırıq? Dağılıb gedək öz işimizə.
Xosrov. Siz hələ işinizə davam edin, görək nə olur.
Rəhman. Biz gedirik. Sən əhvalatı ona anlatmamış olma!
Budaq. Yox, burada bir hikmət var, yoxsa, aşna, sən də siyasət işlədirsən?
Xosrov. Necə? Mən sizinlə nə siyasət işlədəcəyəm? Sən xərifləmisən, Budaq!
Budaq. Xərifləmişəm. Yusifin bu qədər tez dəyişməsinə inana bilmirəm.
Xosrov. Sən haqlısan!.. Gözümlə görə-görə mən də heç inanmıram ki, bu haman Yusif Sərracdır. Neyləyim, əlimdən nə gəlir?.. Hər halda ümidsiz olmayın! İşinizdə möhkəm durun!
Hər ikisi acıqlı səhnədən çıxarkən
Xosrov. Söylərəm, arxayın olun! (İstehza ilə gülərək) Gedin, mən taxta oturduğum gün sizinlə danışaram.
Səhnədən çıxır. Yusifşah, Qəhrəman və Xacə gəlir.
Qəhrəman. Padşahım, sizə ərzim var.
Yusifşah. Söylə!
Qəhrəman. Padşah, vəzirlər xalq içində üsyan törətmişlər.
Yusifşah. Üsyan?
Qəhrəman. Bəli, üsyan, həm də sizin üçün cinayət hazırlayırlar.
Xacə. Doğru deyir, padşah, bu işlərdən mənim də xəbərim var.
Yusifşah (şübhəli). Yaxşı, bu xüsusda sizin fikriniz nədir?
Qəhrəman. Padşah, bu sarayda üzümüz indicə gülməyə başlamışdır. Sizin salamat qalmanız üçün nə əmr etsəniz, itaət borcumdur.
Xacə. Padşah, nə qədər ki onlar sağdır, sizi hər an təhlükə gözləyir.
Yusifşah. Xacə, vəzirləri çağır! (Qəhrəmana) Sən xalq oğlusan, dilin ilə qəlbin bir olar.
Qəhrəman (onun sözünü kəsərək). Padşahım, bu qanlı saray mənim dilimi, zahirimi dəyişdirmişsə, qəlbimə yol tapa bilməmiş. Mən ölüncəyə qədər sizə sadiq olmağa söz vermişəm. Hətta... Səlma da!
Yusifşah. Qəhrəman, vəzirləri həbsə al!
Xacə. Padşah, sizin Xosrov da vəzirlər ilə əlbir olub. Sizi öldürüb taxta, taca, Səlmaya sahib olmaq istəyir. Qəhrəman, Səlma və mən tədbir töküb əhvalatı sizə xəbər verməyi qərara aldıq.
Yusifşah. Paho, sarayın içində qurdlar öz işini görür, bizim heç xəbərimiz yox. Təşəkkür edirəm, Xacə Mübarək, haqqa həmişə sadiq ol! (Xacə baş əyir) Xacə, Səlmanı çağır!
Xacə gedir.
Mən Xosrovdan şübhələnmişdim, şübhəm həqiqət oldu. Budaqdan, Rəhmandan da xəbər yoxdur. Yoxsa bu xain onlara da bir əngəl açıbdır?
Səlma (gəlir, baş əyərək). Əmriniz?
Yusifşah. Xosrovun sənə qarşı olan rəftarını öyrənmək istəyirəm.
Səlma. O, qara kölgə kimi arxamca sürünür, mənə rahatlıq vermir, həm də vəzirlərlə əlbirdir.
Yusifşah. Bunu nədən bilirsən?
Səlma. Gözümlə gördüm, qulağımla eşitdim. Hətta məni də Xosrova verməyə söz vermişlər.
Yusifşah. Səndən başqa bu sirri bilən varmı?
Səlma. Bunu məndən başqa Qəhrəman da bilir. Xacə Mübarək də.
Yusifşah. Sarayı xəyanət bürümüş, bizim xəbərimiz yox... Sağ ol, qızım (Çağırır) Xacə!
Xacə. Əmriniz, padşahım!
Yusifşah. Fərraş göndər Budaq və Rəhmanı çağırsınlar.
Xacə baş əyib Səlma ilə bərabər çıxır. Xosrov gəlir.
Xosrov. Salam, Yusif!
Yusifşah. Yenə nə xəbər var?
Xosrov. Sağlıq, salamatlıq, vəzirlər öz işlərində çox namus ilə çalışırlar. Əmin-amanlıqdır. Buna baxmayaraq onların yerinə adam tapmışam. Bu günlərdə vəzirləri vəzifələrindən xaric edəcəyəm.
Yusifşah. Çox yaxşı bir iş görmüş olarsan. Budaq ilə Rəhmandan nə xəbər?
Xosrov. Yusif, dediyim kimi, onlar çox dəyişmiş, gecə-gündüz çayxanalardan çıxmayır, dərviş nağıllarından ayrılmayırlar. Dünən iki dəfə fərraş göndərmişəm, bu vaxta qədər gəlib çıxmamışlar.
Yusifşah. Xosrov, həsəd ilə yüksəliş, bir-birinə qovuşa bilməyən nərdivanın iki başına bənzər!
Xosrov (kiçilərək). Nə demək istəyirsən, padşah?
Yusifşah. Nə demək istəyirəm?.. Onu sən gözəl bilirsən.
Fərraşbaşı daxil olur.
Fərraşbaşı. Padşahım, şəhərdə üsyan var. Qadınlar çörəkçi dükanlarını talan edirlər. Şatır Şəbanın əmrilə bütün çörəkçi dükanları bağlanır.
Yusifşah. Bu nə sözdür?
Xosrov. Görünür, çörəyi baha satıb xalqı həyəcana gətirmişlər.
Fərraş. Dükanlar bağlanır, şəhər həyəcan içindədir.
Xosrov (fərraşa). Gedək, mən bu saat bu işə bir əncam çəkərəm. (Fərraş ilə çıxmaq istərkən)
Yusifşah. Dayan!.. Bu məsuliyyət altından qaça bilməzsən. Necə olur ki, bu işlərdən sənin xəbərin olmayır?
Xosrov. Siz rahatsız olmayın. Mən bu saat bu işlərin necə olduğunu öyrənib sizə məlumat verərəm.
Çıxmaq istəyir.
Yusifşah. Hara qaçırsan? Sən burdan çıxmayacaqsan! Qəhrəman, Qəhrəman!.. Bu xaini həbs et!
Xosrov. Yusif... mənim kimi dostunu həbs etdirirsən?
Yusifşah. Xain insandan dost olmaz.
Qəhrəman Xosrovu aparır. Budaq ilə Rəhman daxil olur.
Budaq. Yatmısan, Yusif!..
Yusifşah. Yatan sizsiniz, bu vaxta qədər hardasınız?
Rəhman. Biz hər şeyi vaxtında xəbər verdik. Sən yatmısan! Gecəni gündüzə qatıb başın kefdən ayılmayır.
Yusifşah. Bunu sizə kim söylədi?
Budaq. Xosrov...
Yusifşah. Ah, vicdansız! Alçaq!.. Düşmən ocaq başında imiş. Sarayı ələ almaqda bu xainin məqsədi varmış.
Rəhman. Neyləmiş?
Yusifşah. Nə eləməmiş? Vəzirlərlə əlbir olub məmləkətin altını üstünə çevirmiş. Hələ mənə də sui-qəsd hazırlayırmış.
Budaq. Vicdansız!
Rəhman. Alçaq!.. Yusif, durma, tez bir çarə göstər!
Xalq silahlanıb saraya hücum etmək istəyir.
Yusifşah. Bundan sonra nə çarə? Artıq iş-işdən keçmişdir.
Budaq. Xalqın qarşısına çıxıb bu sözlərin düşmən tərəfindən yayıldığını onlara anlatmaq lazımdır...
Yusifşah. Kimə? Silaha dolmuş qiyamçılaramı? Bunu onlara əvvəldən anlatmaq lazım idi.
Budaq. Qorxma, bizim də tərəfdarlarımız az deyil.
Yusifşah. Həyat gah durğun gölə, gah coşqun çaya bənzəyir. İndi mən həyatı, fırtınalı dəniz kimi daima qayalarla çarpışan görmək istəyirəm. (Qılıncını çəkərək) Gedək!
Səhnədən çıxırlar. Səhnə qaranlıqlaşır, Bir an sonra yenə aydınlaşır.
Uzaqdan alqış səsləri eşidilir:
Yaşasın Şah Abbas! Yaşasın Yusif şah!..
Səlma ilə Xacə gəlir.
Səlma. Döyüş başlandı. Zülmətlə aydınlıq üz-üzə gəlmişdir. Şah Abbas qalib gələrsə, işimiz nə olacaq?
Xacə. Mən də onu düşünürəm.
Alqış səsləri getdikcə yaxınlaşır. Səlma əsəbi hallar keçirərək Xacəyə yaxınlaşır.
Səlma (onun qılıncını qınından çəkərək, havada oynadır). Düşünmək vaxtı deyil! (Əlində qılınc, səhnədən çıxır. Xacə Səlmanın arxasınca bağırır)
Xacə. Səlma, Səlma! (Səlma uzaqlaşır, Xacə boş qına baxaraq) İndi mən nəyəm? Bir heç! Heçlik də məndən şərəflidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-aldanmis-ulduzlar-besinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Böyük ədibimiz Mirzə Fətəli Axundovun yubileyi münasibətilə*Hörmət sənə, böyük şair,
GənclərəQızıl əsrin övladı, sən əsrlər aşaraq,Eniş-yoxuş yollarda sellər kimi coşaraq,
Üç lövhəISıtmalı təbiət inlərdi yorğun,
Gənc müəllimlərəPedaqoji texnikumun on illiyi münasibətilə*– Dünən artıq bir uşaqdın, qansız, cansız, çəlimsiz!
Poems by other poets
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
SalamMəhəmmədzadə Mirzəbala qardaşıma töhfəAmal quşu Şərqə doğru uçarkən,
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,