Altıncı fəsil
Page 6 of 6 · 83%
– Günün istisi azalır, – dedi, – havanın rütubəti isə artır.
O, sözlərini bitirməmişdi ki, qarşıdakı dağın təpəsində şiddətli bir ildırım çaxdı. Başlarının üstünə doğru gəlməkdə olan seyrək buludlar get-gedə sıxlaşır, yağış yavaş-yavaş səpələyirdi. Sahil gözəl bir mənzərə almışdı. Onun yarısından çox hissəsi günəş işığında parıl-parıl yanır, yarısı isə üzərindən keçən buludlardan kölgəli görünürdü. Təbiətin bu ecazkar gözəlliyindən məst olmuş Araz nəşəli bir səslə:
– Qayıqçı, gücünü artır, sahildə bizi al yanaqlı çiyələklər gözləyir, – deyə bağırdı.
Qayıq sahilə doğru irəliləyir, günəş də parça-parça dağılmaqda olan buludların arasından isti şüalarını gölün lacivərd səthinə yayırdı.
Artıq sahildə idilər. Seyrək dumanlar onlara yol vermək üçün qarşılarından çəkilirdi. Sevinc və məmnuniyyətin nəhayəti yox idi. Onlar şən qəhqəhələrlə islaq otların arasından çiyələk dərib yeyirdilər. Araz Günəşlə yan-yana dağa dırmanmağa başladı. Bir az sonra onlar yaxın bir qaya başında iki canlı heykəl kimi durub üfüqdə göylərə doğru uzanmış qövs-qüzehin bu mənzərəyə verdiyi gözəlliyi məmnun baxışlarla seyr edirdilər.
Uzaqdan onlara tamaşa edən doktor bir anlığa üçləri xatırladı, ikilərlə üçlər arasındakı dərin təzad onun ailə, həyat haqqındakı fikirlərini bir daha təsdiq etdi. O, yavaşca: “Həqiqətən bəxtiyarlıq sərvətdə deyil, həyatı qura bilmək və onu dərindən anlamaqdadır!” – deyə pıçıldadı.
Güclü yağışın yağmasından ehtiyat edərək onlar geri qayıtmalı oldular. Qayığa minən kimi Araz avarlara sarılıb:
– Bu dəfə mən avar çəkəcəyəm! – dedi.
Qayıq onun qüvvətli qolları arasında quş kimi qanadlanıb uçurdu. Günəş çox narahat idi. Tez-tez:
– Araz, özünü tərlətmə, – deyə söylənirdi. Araz üzünü Şamilə çevirib:
– Doktor, istini soyuğa, soyuğu istiyə qatıb dürmək kimi yeyən bir fəhləyəm. Bu özü mənim xasiyyətimi yaxşı bilir. Bu bir ayda ixtiyarımı onun əlinə vermişəm. O da məni uşaq kimi nazlayır. Yoxsa şəhərdə bu işlər yoxdur, – dedi.
Şamil o gecəni Araz və Günəşlə bir yerdə keçirtdi. O xoşbəxt ailə içərisində keçirdiyi iki-üç saat ona heç duyulmadan keçdi. Yatmaq zamanı gəldiyindən doktor istər-istəməz qalxdı. Hər ikisi onunla bərabər bayıra çıxdı. Hava durğun idi. Ağaclarda yarpaq belə qımıldanmırdı. Təmiz hava almaq üçün çeşmə başına qədər gəldilər. Günəş birdən-birə əllərini xaç kimi havada açaraq heyrətlə:
– Bura baxın, bu iki əlim arasındakı hava bir-birindən nə qədər fərqlidir! Sağ tərəfimdən keçən isti yel əlimi qarsalayır – dedi. Araz əlini o tərəfə uzadaraq:
– Hava axıntısı var. Qiblə tərəfdən yel əsir. Böyük bir fırtına qopacaq, – dedi. Sözlərini hələ bitirməmişdi ki, onların üz-gözünü qarsılayıb keçən küləkdən yarpaqlar sarsıldı. Doktor evə döndü. Varisin otağında çıraq yanmırdı. Yatmışlar zənn etdi, gözlərinə yuxu girmək üçün özünü bir kitab mütaliəsi ilə məşğul etmək istədi. Heç mümkünmü? Zehni, fikri o ailə ilə məşğuldu; o gülüşlər, o dadlı söhbətlər qulaqlarının ucunda saz telləri kimi səslənirdi. Bayırda şiddətli külək ağaclara çarpdıqca bağırır, vəhşi heyvan kimi ulayırdı. Bu mənzərəni yaxından seyr etmək üçün artırmaya çıxdı. Arazın lampası yanır, arabir şən, şaqraq səsləri eşidilirdi. Külək get-gedə şiddətlənir, bir-birindən aralı düşməkdə olan damlalar o qədər sıxlaşırdı ki, başlarına minlərcə taziyanə dəyirmiş kimi ağaclar kötüklərinə qədər əyilir, doğrulurdu. Birdən-birə başı üstündə şiddətlə çaxan sürətli ildırımdan bütün bina titrədi. Yer ayaqlarının altından qaçdı zənn etdi. Tez otağa girdi. Qonşu otaqda Qəmər deyirdi:
– Görəsən doktor lütlərin qonaqlığından gəldimi?
Aslan bəy:
– Yox, hələ gəlməmişdir. Özü də elə onların tayıdır.
– Yedikləri quru çörəkdir, amma di gəl ki, bəxtəvərlərin yanaqlarından qan damır, – deyə Qəmər gileyləndi.
– Elə ki, onlar gün keçirir... – deyə Varis köksünü ötürdü.
Aslan bəyin qaşları çatıldı:
– Onların yediyi-içdiyi nədir? Geydiyi nədir? Mən sənə xərclədiyimin mində birini onlar xərcləmir, o əzizliklə ki, mən səni saxlamışam, gərək indi öküzə dönəydin.
– Elə o cür saxlamaq məni bu günə qoydu, siz nəsiz ki, mən nə olum.
Qəmər dərindən içini çəkərək:
– Elə onu de, oğlum, kiçiklikdən qovruldun.
Aslan bəy daha da qızdı. Hiddətlə yerindən sıçrayaraq:
– Sən nə mırıldanırsan? – deyə qışqırdı. – Nə oldu qovruldu? Bunların hamısı Allahın işidir. Adamın alnına yazılan qəzavü-qədərdir; biri kök olur, biri arıq. Allah hamını bir şəkildə yaratmaz ki!
– Nə oldu, elə bizi belə yaratdı?..
Aslan bəy Qəmərin ağzını yamsıladı:
– Nə oldu, bizi belə yaratdı?.. Zalım qızı elə naşükürlükdən bu günə qalıbsan.
– Kişi bəsdir, mən dava demədim ki... Ölü canımdan nə istəyirsən?
Aslan bəy:
– Canına çor istəyirəm, – deyə ayağını yerə çırpdı. – Mən bilmirəm sən nə demək istəyirsən. Bir söz deyəndə keçmişi başıma çırpırsan.
Varis:
– Hə, qoçaqlar, boğuşsaydınız pis olmazdı.
– Keçmişi... Yalan demirəm ha, otuz ildə sənin xarabanda nə gün gördüm? Qapıdan girəli üzüm gülmədi, top kimi canım da şam kimi əridi.
Get-gedə söz uzanıb ciddi bir şəkil aldı. Hər ikisi otuz il keçirdikləri həyatın ulduzsuz gecələrini xatırladıqca başları dumanlandı, gözləri qaraldı, o sıxıntılı həyat dəftərinin qarma-qarışıq yarpaqlarını bir-bir çevirdikcə qarşılarında bir-birindən qaranlıq və qorxunc lövhələr açıldı.
Bu vaxt böyük bir ağacın kötüyündən qopub yıxılmasını andıran bir səs gurladı. Sonra bərk qadın çığırtısı eşidildi. Arazgildən yenicə qayıtmış və öz otağında çarpayısında uzanaraq bu ailə haqqında şirin düşüncələrə dalan doktor tez ayağa qalxdı. Bayırda fırtına bütün qüvvəti ilə davam edirdi. Başqalarının ailə işinə qarışmağı sevməməsinə baxmayaraq, biixtiyar Varisgilin qapısını açıb içəri girdi. Qarşısında nə görsə bəyənərsiniz? Varis atasının qarşısında durub acıqlı bir səslə: “Sənə yüz kərə deyirəm, anamı vurma!” – deyə kişinin üzərinə xoruzlanır, qadın yerdə oturub saçları əlində ağlayırdı. Aslan bəy isə özündən çıxmış halda otaqda var-gəl edirdi.
Şamil güc-bəla onları sakit edə bildi.
O gecə Şamil çox narahat yatdı. Səhər oyanan kimi həyətə çıxdı. Dünən həyətin bir tərəfinə tökülmüş peyinin içində toyuq-cücə eşələnirdi. Yaşlı, ala-bəzək bir xoruz qanadlarını ayaqları altında sürüyərək boğazının tüklərini qabardır, toyuqları qabağına qatıb qaçırır, uzun mahmızı ilə peyini eşələyib həyətə dağıdırdı. Dan yeri sökülmək üzrə idi. Göy ləkəsiz, hava saf, təbiət canlı idi. Gözləri hər şeydən çox sevdiyi o iki çinara ilişdi. Gecə qopan fırtına tökmə qayalar kimi başlarını dik tutan o iki ağaca bir zərər verməmişdi. Təbiətin bütün yaradıcılıq qüvvətini işlədərək yaratmış olduğu bu iki çinar bu gün gözünə daha gözəl, daha mətin göründü. Yarpaqlar, uclarından sallanan damcıların büllur kimi ətrafa saçdıqları nur içində parıl-parıl yanırdı. Yaşıl başlarını oxşayan nəsimin ətrafa yaydığı gözəl ətri udduqca gecədən bəri otağın ağır və pozuq havası ilə ağırlaşmış vücudunda bir başqalıq hiss edirdi. Bu zaman Araz Günəşlə bərabər çeşmə başına keçərkən onlarla salamlaşdı. Araz Şamilin salamını aldıqdan sonra:
– Doğrusu, dünənki fırtına çox dəhşətli idi, – dedi. – Ancaq...
Şamil onun sözünü yarımçıq kəsərək:
– Qonşularımızın başladığı fırtına isə ondan heç geri qalmırdı, – dedi.
Zatən gecədən bəri doktorun fikrini yoran da bu məsələ idi. Onların gəlişi hamının nəşəsini pozmuş, sərbəstliyini almış və həyatın təbii axınına bir əngəl olmuşdu. Bu düşüncələr içində üzülərkən qapı ağzında bir fayton durdu. Varis doktoru görüncə uzaqda gülə-gülə bağırdı:
– Doktor, biz köçürük.
– Haraya?
– Elə buraya, kəndin ortasında varlı bir adamın otağına. Ora bizim üçün daha əlverişlidir, içində hər şeyi var.
Ertəsi gün Şamil oyandığı vaxt yenə Arazla Günəşi hər səhər oturduqları yerdə, qocaman çinarların arasındakı çeşmə başında gördü. Günəş yenicə doğmuşdu. Yaşıl ağacların yarpaqları arasında yuxulu gözlərini təzəcə açmış quşlar şən-şən ötüşürdülər. Xəfif yel çinarların uca başlarını tərpədir, havaya xoş bir ətir yayırdı.
Bu zaman həvəskar bir rəssam da molbertdə yerləşdirmiş olduğu bir kətan üzərinə bu iki çinar ağacının şəfəq sökərkən almış olduğu rəngi və şəkli çəkməyə hazırlaşırdı. Boyaları sıra-sıra ayırmış, gözlərini yavaş-yavaş qızarmağa başlayan üfüqlərə dikib dururdu. Birdən-birə hər tərəfdən nur çağlayanları axmağa başladı; mənzərə tamamilə başqa bir şəkil aldı. İlk şəfəqlər hücuma başlayınca bu iki çinar ağacı titrək, çəhrayı sədəflər içində parıl-parıl yanmağa başladı. Rəssam böyük bir diqqət və maraqla fırçasına almış olduğu kəskin boyalarla o rəngləri təbii olaraq verməyə çalışırdı. O, gözlərini yaratmaq istədiyi tablodan ayırmayaraq, böyük bir diqqət və maraqla mənzərə ilə tablo arasındakı ahəng və tənasübün bir-birinə nə qədər uyğun olduğunu təyin etmək istəyirdi. Mənzərənin rəngləri get-gedə bir-birinə qarışaraq başqa bir şəkil aldığı zaman rəssam fırçasını yerə qoydu. Boyaları topladı, molbertini qatlayaraq, çiyninə alıb getdi.
Şamil başı üstündə göylərə qədər ucalan iki çinara bir də baxdı. Əvvəlki titrək, çəhrayı şəfəqlər bir-birinə qarışmış olduğundan çinarlar indi alov rəngli incə bir tül içində qəndil kimi yanırdı. Yavaş-yavaş ucalmaqda olan günəş də bütün qüvvəti ilə ətrafa işıq və hərarət yayırdı. Şamil başı üstündə ucalan o iki çinara, onun geniş və sərin kölgəsində oturan o iki canlı heykələ bir də diqqətlə baxdı. Hər ikisinin simasında həyatın acılarını əks etdirən və tez nəzərə çarpan qırışlarla yanaşı, qalın dodaqlarında aşıb-daşan sevinc və bəxtiyarlıq şəfəqləri titrəyir, iri, ala gözlərində mətanət qığılcımları uçurdu. O, biixtiyar əyildi, ovuclarını çeşmənin sərin və saf suyu ilə doldurub doyunca içdi, içdi...
Bir ay içində Araz tamam sağalmışdı. Bakıya hərəkət edərkən Şamil onun əlini öz əlləri içində sıxaraq:
– Mən sizə qəlbən bağlandım, – dedi. – Sizdən ayrılmaq, bilsəniz mənə nə qədər çətin olacaq. Uğurlar olsun, ancaq Bakıda məni unutmayın.
Arazla Günəş:
– Siz bizi unutmasanız, biz də unutmarıq, sağ olun, – deyə onunla çox səmimi görüşüb ayrıldılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-araz-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.
AğlaşmaISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:
Dəyərli bir xatirəİsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.
İblisin hüzurundaQaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.
Poems by other poets
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Bir az da, gəlin, gözləyək ol yar gəlincəBir az da, gəlin, gözləyək ol yar gəlincə,Min naz ilə ol sevgili dildar gəlincə!
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
MinayəsənmiMüddətdir düşmüşəm mən intizara,Bircə söylə görüm Minayəsənmi?