Contents
  1. II
  2. II
  3. III

Page 1 of 6

II

Aslan bəy böyük oğlu Varisi realnıməktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.

Varis hər gün müəllimlər tərəfindən məzəmmət və danlaq almağa başlamışdı. Nəhayət, nə müəllimlər və sinif rəhbəri, nə də müdiriyyət onun başıpozuqluğunun qarşısını ala bilmədiklərindən məktəbdən qovuldu. Aslan bəy evdə dərs oxuması üçün ona müəllim tutdu. Müəllim tamam bir il onunla məşğul oldu. Lakin Varis yenə imtahan verə bilmədi.

Bir başda iki sevda olmaz! Varis indi atasının yolu ilə getdiyindən verilən dərslər, deyilən sözlər zehnindən uçub gedirdi. Atası Aslan bəy böyük pullar sərf etdiyi halda oğlunun yenə imtahan verə bilmədiyindən çox narazı qalmışdı. “Haram olsun sənə çəkdiyim zəhmətlər. Kasıb balaları acqarına oxuyub bir yana çıxır, sən mənim ətək-ətək tökdüyüm pulu, çəkdiyim zəhməti kor qoydun!” – deyirdi.

Varis iki il avara-avara gəzib dolandı. Nəhayət, atası ona kontorda iş verdi. Atasının tapşırığına görə Varis hesabdarların əli altında işləyərək, kontor işlərini öyrənməyə başladı.

Həm köhnə, həm yeni mədəniyyətdən binəsib olan Aslan bəy, həyatı yalnız əyyaşlıqdan ibarət bilirdi. Belə bir tərbiyənin nəticəsi olaraq atasının sərvətinə güvənən Varis içki və qumar düşgünü olan bir gənc kimi yetişirdi. O bütün gecələrini qapalı klublarda qumar oynamaqla, yaxud şantan qızları ilə məşhur mehmanxanalarda əylənməklə keçirirdi. Son zamanlar kontorun bütün ixtiyarını öz əlinə almış, qüruru, qudurğanlığı bir qat daha artmışdı. O indi şantan qızlarını hovuzda şampan şərabı ilə çimizdirirdi.

Aslan bəy Varisin azğınlığına daha dözə bilmədi. Onu kontordan qovdu. Lakin bir il sonra anasının və dayısının xahişi ilə böyük bir bəzzaz mağazası açmaq üçün ona istədiyi qədər pul verdi. Varis şəhərin ən gurultulu bir küçəsində dörd-beş böyük dükan kirayə edərək, mal almaq üçün Həştərxan yolu ilə Bakıdan Nijni-Novqoroda – Məkərəyə yola düşdü. İlk dəfə gördüyü Həştərxanda üç-dörd gün qalmağa qərar verdi.

Bir çox araşdırmalar nəticəsində Varisi tanımış olan fırıldaqçılardan birisi bir gün ona yanaşaraq, ən səmimi bir dost kimi əlini sıxdıqdan sonra:

– Xoş gördük, Varis bəy, sən də bizim şəhərimizə gələrmişsən, – dedi. – Ən yaxın dostumun oğlunu görmək mənim üçün böyük səadətdir!

O, sonra Varisin atasının, anasının kefini soruşdu, onların xəstə olduqlarını eşitdikdə təəssüf etdi.

Üzərinə atılmış olduğu rolu böyük bir məharətlə oynamış olan bu adam özünü Aslan bəyin ən yaxın dostu kimi qələmə verdiyindən, Varisdə heç bir şübhə oyatmamış və o gündən Varisi öz təsiri altına almağa müvəffəq olmuşdu. Onun Həştərxanda üç-dörd gün qalacağını öyrəndikdən sonra:

– Varis bəy, mən Aslan bəyin çox yaxşılığını görmüşəm, – dedi. – Sizə qulluq etmək üçün belə bir günü çoxdan arzu edirdim. Şəhərimizdən çıxıncaya qədər mənim qonağımsan. Burada sənə göstərmədiyim bir guşə, tanıtmadığım bir adam qoymayacağam. İnsan həyatda hər şeyi görməli, hər şeyi bilməlidir.

Varis nə qədər çalışdısa, atasının ən yaxın dostu deyə özünü təqdim edən Qənbərdən yaxasını qurtara bilmədi. Teatr və kinodan başlayaraq şəhərdə görmədiyi bir yer qoymadı. Bir gün Qənbər Varisi qapalı kluba apardı. Qənbər əvvəlcədən görüşüb sözləşmiş olduğu fırıldaqçı dostları ilə xəlvət bir guşəyə çəkilib qumar oynamağa başladı. Bir az sonra Varisi də oyuna qarışdırdılar. Qənbər Varisə kömək edirmiş kimi onun başı üstündə durub, əvvəlcədən sözləşdikləri müxtəlif işarələrlə əlini öz dostlarına bildirdi. Get-gedə oyun ciddi şəkil aldı. Əvvəlcə Varis bir-iki oyun uddu, sonra isə hər dəfə uduzmağa və pulları əritməyə başladı. Ortaya yemək gəldiyi zaman Varisin artıq cibində bir qəpik pulu yox idi. Qumarbazlardan biri pulları iki əli ilə Varisə doğru uzadaraq:

– Varis bəy! Hər kəsdən çox mən qazandım. Uduzduğunuz pulu sizə qaytara bilərəm, – dedi.

Varis dili dolaşa-dolaşa:

– Yox, yox, o sizin haqqınızdır! – deyə cavab verdi.

– Hey, hey, elə pullar sizin gözünüzə çox görünür, – deyə Qənbər istehza ilə güldü, – Varis bəy üçün isə heç bir şeydir. Ancaq mənim qonağım olduğundan uduzmasını istəmirdim.

Ertəsi gün o, Varisə:

– Bu gün ən adi bir restoranda nahar edəcəyik, – dedi. Orada sənə qəribə bir qız göstərəcəyəm.

Onlar restorana getdilər. Bir stolun başında oturub, yemək sifariş etdilər. Qənbər xəlvət bir guşədə yeməklə məşğul bir qızı göstərib:

– Bax, diqqətlə bax! Sənə dediyim qız budur, – dedi. – General qızıdır. Atasından acıq edib evlərindən çıxıb, kiçik bir otaqda tək yaşayır. Bax gör nə gözəldir! Şəhərimizin bütün cavanları onun dəlisidir, ancaq zalım qızı vəhşi ceyran kimi heç kimə ram olmur.

Xörək paylayan onlara xörək və çörək gətirdi.

Varis qarşısındakı soyuq şorbanı yeyə-yeyə qızı gözucu süzdü. Qız kimsəyə baxmırdı. İlk görüşdə qız onu maraqlandırmadığından heç bir cavab vermədi. Qənbər iri gövdəsini stolun üstünə yıxaraq, tülkü gözlərini yandan Varisə dikib dedi:

– Deyirlər, bu qızın böyük bir arzusu var. Kim onu istəyinə qovuşdursa onun malı olacaqdır.

Varis maraqla soruşdu:

– Arzusu nədir?

– Onu bu vaxta qədər heç kəsə açmayıb. Deyilənə görə onu öz arzusuna çatdıran adam Həştərxanda yoxmuş. O bir bəladır, onun dərdindən bu günlərdə varlı bir cavan dəli oldu. O, kişilərdən qaçır. Nə qədər çalışırlar, onunla tanış olmaq mümkün olmur.

Qənbərin bu sözləri Varisdə böyük maraq oyatdı. Qızı gözaltı bir də süzdü. Bu dəfə qız da ona baxdı. Qızın cəlbedici gözləri Varisdə bir ümid doğurdu. Həştərxanda kimsənin ələ keçirə bilmədiyi bu ürkək ovu özünə ram etmək və bununla böyük bir şöhrət qazanmaq fikri onu yolundan çıxartdı. Varis məğrur bir halda:

– Mən onu ələ gətirərəm! – dedi.

Qənbər başını dikəldib, istehza ilə ona baxaraq:

– Yox, bacarmazsan! – dedi.

– Bacararam, deyirəm!

– Heç inana bilmirəm. Sənin kimi özünə güvənib aylarla onun dalınca kölgə kimi sürünənlər çox olmuşdur.

Varis gözlərini qızdan ayırmırdı. Qız isə ona mənalı-mənalı gülümsəyərək, sanki: “Qorxma, müvəffəq olacaqsan” – demək istəyirdi.

Varis əlindəki qaşığı yerə qoyduqdan sonra qəti bir səslə:

– Tanış olsam nə verərsən? – deyə soruşdu.

Qənbər əlini stola çırparaq:

– Sənə bu şəhərdə bir qonaqlıq verərəm ki, bütün Bakı, Həştərxan tamaşaya gələr, – deyə cavab verdi.

Hər ikisi sözündə möhkəm durmaq üçün bir-birinin əlini sıxdı. Hamı getdi. Restoranda onlardan başqa adam qalmadı. Qız əlinə bir kitab alıb oxuyur və hərdənbir gözlərini kitabdan çəkib, Varisə baxaraq gülümsəyirdi. Varisin səbir-qərarı kəsilmişdi, qalxıb qıza tərəf getmək istərkən Qənbər onun əlindən tutub:

– Aləmi bizə güldürmə! – deyə onu dayandırmaq istədi. Varis əlini çəkərək qızın oturduğu stola yanaşdı, kitab mütaliəsi ilə məşğul kimi görünən qıza:

– Madmazel, mən rəsmiyyəti qəlbimin əmrinə qurban edənlərdənəm. Müsaidənizlə tanış olaq.

Qız Varisə heç bir cavab vermədi, hətta başını qaldırıb onun üzünə belə baxmadı. Varis “müsaidənizlə tanış olaq”! sözlərini ikinci, üçüncü dəfə təkrar etdi. Heç bir cavab ala bilmədiyindən bütün ümidlərinin qırıldığını görüb:

– Hər arzu və istəyinizi yerinə yetirəcəyimə namusla söz verirəm, – dedi.

Bu sözlərdən sonra qız başını qaldırdı. Heyrətli baxışlarla Varisi süzərək:

– Siz kimsiniz? Məndən nə istəyirsiniz? – deyə soruşdu.

Varis:

– Mən Bakı varlılarından Varis bəy Aslanbəyoviçəm, – dedi, – istəyim ancaq sizinlə tanış olmaqdır.

Qız mütaliəsinə davam edərək, ona daha heç bir cavab vermədi. Varis ertəsi gün yenə həmin restoranda o qızdan bir kəlmə belə cavab ala bilmədi. Yalnız onun yaşadığı evi öyrənə bildi. Varis məğrur və inadcıl bir uşaq kimi acığından az qala partlayırdı. Qənbərin istehzalı gülüşləri ona iynə kimi batırdı. Üçüncü gün qız yenə yeməkdən sonra evinə dönərkən Varis:

– Madmazel, rica edirəm lütfən tanış olaq. Hər arzunuzu canlabaşla qəbul edirəm, – deyə qızın dalınca düşdü. Qız çevrilərək:

– Əl çək məndən, sən mənim arzularımı heç bir zaman yerinə yetirə bilməzsən! – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pirin kəraməti

İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.

19129 min
Ağlaşma

ISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:

19122 min
Dəyərli bir xatirə

İsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.

19146 min
İblisin hüzurunda

Qaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.

19156 min

Poems by other poets