İkinci fəsil
Page 5 of 7 · 57%
– Mən neyləyim, mənə bir tədbir tök, çarə elə.
– Məhkəməyə pul basıb Həsənin əlini torpaqdan tamam çıxarmalısan! Bunun üçün saxta sənədlər, vəsiqələr lazımdır. İndi hər şey pulla aşır, dava vəkili Yunus bəyin yanına get, o sənə hər yolu öyrədər.
Qulu dodağını çeynəyə-çeynəyə dedi:
– Dərd pul dərdidir, var ki, verəm?
Aslan bəy istehzalı bir əda ilə:
– Beş yüz məhkəməyə, üç yüz də vəkilə bassan, iş qurtarıb gedər, – dedi. Qulunun dinmədiyini görən Aslan bəy:
– Yəni bir səkkiz yüz manatın da yoxdur? – deyə soruşdu. – Daha nə kişisən? Pul basmasan Həsən işi aparar. Get min manata veksel ver, pulunu al, qardaşınla işini qurtarıb gəl mədən haqqında danışaq.
Qulu o gün veksellə min manat alıb, Yunus bəyin yanına getdi. Onun vasitəsilə məhkəmə işini də gördü. Saxta sənədlər, vəsiqələr hazırlandı. Üç gün sonra hər iki qardaş məhkəmə qarşısında durmuşdu.
Məhkəmə hər ikisini danışdırdıqdan sonra Həsənin şikayətini rədd etdi.
Həsən məhkəmə idarəsinin qapısından çıxarkən Quluya dedi:
– Sən bu ata-baba torpağımızı əlimdən çıxartdığın kimi öz əlindən də çıxartdın. Aslan bəy səni iti qovan kimi qovacaq.
Qulu istehza ilə:
– Mən o yolları bilirəm, sən get öz dərdini çək! – dedi.
İş məhkəmədə qurtardıqdan sonra Aslan bəy Qulunu tanımaq da istəmədi. Onunla heç bir əlaqəsi olmayan yad bir adam kimi görüşürdü. Bir gün Qulu yenə mədən məsələsi üçün onun yanına gəldikdə Aslan bəy dedi:
– Nobelin evi yıxılsın, aksiyaları ucuzlaşdırıb bir tərəfdən aksiyaları, bir tərəfdən də nefti ucuz qiymətə yığır. Bax, çənlərim dolub daşır, pullarım da aksiyalarda yatır. Öz fəhlələrimə verməyə pul tapmıram. Sən də bir ətək pulu bu quyuya tökdün, bir şey çıxmadı.
– Bəs quyunun işi nə olacaq? – deyə Qulu Aslan bəyin düz gözünün içinə baxdı. Aslan bəy əllərini havada oynadaraq:
– Onu heç mən də bilmirəm, – dedi. – O gün fəhlələr hücum çəkib evə gəlmişdi. Onları bir təhər sakit edib yola saldım. Çox həyasızlıq etsən aksiyalar qiymətə minənə qədər quyuda işi dayandırmalı olacağam.
– Nobel belə gəldi, aksiya belə getdi... Bu sözlərlə mənim qarnım doymaz, Aslan bəy, mən acam, de görüm mən neyləyim?
– Sənin qarnını da mən boynuma götürməmişəm ki. Acsan, get başqa bir iş tap, mən sənə pul verə bilməyəcəyəm!
– Mədəni qazdırmaq üçün borc buraxdığın veksellərin də vaxtı yaxınlaşır. Mən onları hardan verəcəyəm?
– Qulu, kəndlidən tacir olmaz! Sən get yerini ək, inəyivi sağ!
– Allah sizin evinizi yıxsın, bizdə yer, inək qoydunuz ki, yer əkib inək sağa bilək? Yox, görürəm sən mənimlə başqa cür başlamısan.
– Necə başlamışam? Sənə iki buruğun pulunu buraxdım, de görüm, neylədin? Oğurlanan şeylərin qiymətini sənin ayağına çıxacağam. Quyunun içindəki şlanqları, baltanı, mədəndəki dəzgahı və alətləri də oğurlatsan atamızın evi yıxılar. De görüm, üstündə qarovulçu varmı?
– Var, o da pul üçün gəlib getməkdən məni təngə gətirib, həyasızın biridir. “Acam, mənim pulumu ver!” deyə yaxamdan əl çəkmir.
Aslan bəy bir az düşündükdən sonra:
– Sən sabah mədəndə ol, mən də gələcəyəm, orda danışarıq – dedi.
Qulu səhər tezdən mədənin yanını kəsdirmişdi. Qarovulçu Vəli onun başı üstündə durub:
– Bu saat mənim pulumu ver, burax gedim! – deyirdi. – Uşaqlarımı acından öldürməyəcəksən ki? Belə də zülm olar?! Sən quyu qazdıracaqsan, mədən sahibi olacaqsan, mənə nə? Gücün yoxdur, qazdırma.
Qulu canını dişinə tutub ona cavab vermirdi.
Aslan bəy gəldi. Vəli onu görüncə fürsəti fövtə verməyib, Quludan şikayətə başladı. Aslan bəy üzünü Quluya tutub:
– Nə üçün bu kişinin pulunu vermirsən? – deyə soruşdu. – Acqarına bu sənə necə qarovul çəksin?
Vəli ürəklənərək diliuzunluğa başladı:
– Sağ ol, bəy, inan ki, üç gündür acıq. Gəlib Quludan pul istəyirəm, mənə yaman deyir. Deyirəm pul vermədiyin bəs deyil, hələ bir mənə yaman da deyirsən? O daha da acıqlanıb: “Sus, köpək oğlu, səni öldürrəm!” – deyir.
Aslan bəy simasını ciddiləşdirərək:
– Yox, belə olmaz! Bu kişinin pulunu ver! Yoxsa bu mədəndən sənə mədən olmaz, – deyib getdi.
Qulu Aslan bəyin “sabah mədəndə ol, orada danışarıq” sözünü tamamilə başqa mənada anlamışdı. O elə bilirdi ki, Aslan bəy mədənə baş çəkib, quyunun qazılmasına yenidən pul buraxmaq istəyir. Onun bu günkü hərəkəti Qulunu lap acıqlandırdı. Aslan bəy getdikdən sonra Qulu da qalxıb getmək istədi. Vəli onun başının üstünü alıb:
– Acam, tez ol, mənim pulumu ver! – deyə haqqını tələb etdi. Qulu nə qədər dil tökdüsə mümkün olmadı. Axırda acığa düşüb:
– Çəkil deyirəm, yoxsa bu saat meyitini sərərəm! – deyərək çıxıb getdi.
Vəli onun arxasınca:
– Getmə, gəl şeylərini təhvil al, mən qarovulçuluqdan çıxıram, – deyə bağırdı.
Qulu gedə-gedə:
– Ayağını oradan bir yana atsan od vuraram! Nə itsə səndən alacağam, – deyə qışqırdı.
Səhər qonşu mədənlərin fəhlələri bir-birinə dəymişdi. Şeyda o yan-bu yana qaça-qaça:
– Zalım oğlu, öldürrəm deyə-deyə, axırda yazıq qarovulçunu öldürdü, – deyə qışqırırdı. – Onun qanı halaldır.
Vəlinin öldürülməsi fəhlələr arasında böyük həyəcana səbəb olmuşdu.
Polis idarəsinə xəbər verildi. Akt yazıldıqdan sonra polis nəfərləri Vəlinin meyitini götürüb apardılar.
Qulu bu işdən xəbər tutunca, özünü başı alovlu mədənə saldı. Fəhlələr ona hücum edib:
– Zalım oğlu zalım, kişinin pulunu vermədiyin bəs deyil, hələ özünü də vurub öldürürsən? Bu sənə baha başa gələcək! – deyə qışqırdılar.
Qulu nə qədər “onu mən öldürməmişəm, xəbərim yoxdur” – deyə and içdi, aman etdisə inanmadılar. İş böyüdü. Qulunu həbs etdilər. Bir ay sonra məhkəmə işə baxıb, onu on il müddətinə sürgün etdi. Qulunun veksellərinin vaxtı çatdıqda mədən torqa qoyuldu. Aslan bəy mədəni torqdan götürüb, yenidən işə başladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-araz-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İki qaranquşKür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Poems by other poets
در کوی تو مستمند و زار آیم؟
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik