Contents
  1. II
  2. III
  3. IV

Page 6 of 7 · 71%

IV

Bir gün Araz Aslan bəyin mədəni yanında qazmaçı Rəşidlə danışırdı. Aslan bəy onların yanından keçərkən acıqlı-acıqlı Araza baxdı, birdən nəyi isə xatırlamış kimi ayağını saxlayıb, əmredici bir səslə:

– A gədə, bura bax, bir də sən mənim fəhlələrimlə danışma! – dedi.

– Bu əmri heç sənin dədən Rəhim bəy də verə bilməz! Mən istədiyim zaman, istədiyim adamla danışmışam, danışacağam da, – deyə Araz təmkinlə cavab verib, söhbətinə davam etdi.

– Mən əmr eləyirəm! Sən mənim fəhlələrimlə danışmayacaqsan! Yoxsa onları da yoldan, dindən çıxarmaq istəyirsən?

– Mən onları yoldan çıxarmıram, düz yola salıram. Sən iki qardaşı şeytan kimi bir-biri ilə vuruşdurdun, torpaqlarını əllərindən çıxartdın, axırda da qarovulçunu öldürüb Qulunun boynuna atdın. Kişini yurdundan didərgin saldın... Mən sənin bu işlərindən danışıram.

Aslan bəyin gözləri acığından az qala yerindən çıxacaqdı, o, ayaqlarını yerə çırpıb:

– Çəkil mənim gözümün qabağından! Çəkil deyirəm sənə! – deyə var gücü ilə qışqırdı. – Böhtan demək sənin köhnə adətindir.

– Sən çox ayaqlarını mənim üçün yerə döymə! Bil ki, mən də sənin üçün yerə döysəm, qabağımda dura bilməzsən, bunu bilirsənmi? Özü də mən yalan demirəm, sən adam öldürən deyilsən, adam öldürdənsən. Pul verib qarovulçunu öldürtdüyün adamı da tanıyıram.

Aslan bəy Arazın fəhlələr arasında böyük hörməti olduğunu bilirdi. Odur ki, məsələni dərinləşdirməmək üçün Araza cavab vermədən uzaqlaşdı. Araz onun arxasınca hədə ilə:

– Dayan bir, gör sənin başına nə gətirəcəyəm – dedi.

Aslan bəy Qulunun başına gətirdiyi işləri, qarovulçunu öldürtməsini Arazın haradan bildiyinə heyrət etdi, Arazı yaxşı tanıdığı üçün onun “dayan bir” – deyə hədələməsi Aslan bəyi yaman qorxutdu. Ona görə də Arazı yox etmək üçün tədbirlər düşündü.

Ertəsi günü Araz əlli-altmış nəfər fəhlənin arasında Aslan bəyin iki qardaş arasında düzəltdiyi düşmənçiliyi, Qulunun əlini mədəndən çıxarmaq üçün qarovulçunu öldürtməsini açıq-açığına danışdı. Onun sözləri fəhlələri bərk həyəcana gətirdi.

Bu əhvalatı Aslan bəyə xəbər verdiklərindən o, başlamaq istədiyi işdən qorxub çəkindi. Fəhlələrin həyəcanını yatırmaq, özünü təmizə çıxarmaq məqsədi ilə yerli polis müdirinə pul basdı: “Hökumət və mədənçilər əleyhinə təbliğat aparıb, fəhlələri yoldan çıxarır” – deyə şeytanlayıb Arazı tutdurdu. Bu hadisə fəhlələr arasında böyük həyəcana səbəb oldu. Onlar öz aralarından üç nümayəndə seçib, Arazı buraxdırmaq, onun haqsız tutulduğunu sübut etmək üçün polis müdirinin yanına göndərdilər. Bu xüsusda Aslan bəy ilə də ciddi və kəskin bir dillə danışdılar. Lakin bunların heç bir nəticəsi olmadı. Nümayəndələr Arazın işlədiyi mədənin sahibi Qasım bəyin yanına getdilər. Aslan bəyin fitnəsinə qarşı etiraz edib, Arazın azad edilməsini tələb etdilər. Qasım bəy Arazı azad etdirməyə söz verdi. Aslan bəyin ona xəbər vermədən Arazı tutdurması Qasım bəyə bərk toxunmuşdu, amma o hələlik səsini çıxartmırdı. Fəhlə nümayəndələrinin Aslan bəy haqqındakı fikirlərini bildikdən sonra, Arazı azad etməyə qərar verdi. O bununla həm fəhlələr arasında hörmət qazanmaq, həm də onun fəhləsi olan Arazı ona xəbər vermədən tutduran Aslan bəyə öz qüvvət və nüfuzunu göstərmək istəyirdi. Qasım bəy həmin gün polis rəisinin yanına gedib, Arazı nə üçün tutduğunun səbəbini soruşdu. Rəis nə qədər səbəb göstərdisə, Qasım bəy qəbul etməyib, o səbəblərin tamamilə puç olduğunu sübut etdi. Sonra əlini stola çırparaq:

– Bu saat mənim fəhləmi azad elə! – deyə qışqırdı. – Yoxsa buradan birbaş şəhər hakiminin yanına gedib, səndən şikayət edəcəyəm!

Qasım bəydə tacirlik damarı daha qüvvətli idi. Var-dövlətini artırmaq üçün gecə-gündüz müxtəlif yollar düşünüb, yeni qazanc mənbəyi tapırdı. O, banklarda çox az pul saxlayırdı. Puluna ya neft aksiyası alır, ya buruq qazdırıb işi başa çatdıra bilməyən mədənçilərə ağır faizlə borc pul buraxırdı ki, bu vaxt mədən də onun yanında girov qoyulurdu. Mədənçilər veksellə aldıqları pulu vaxtında vermədikləri zaman qanun üzrə o, mədənləri öz adına keçirib, onlara sahib olurdu. Onun Sabunçu və Ramanada beş-altı mədəni vardı.

Qasım bəyin var-dövlətinin çoxluğu ona hökumət məmurları yanında böyük hörmət qazandırmışdı. Odur ki, Qasım bəy əlini stola çırpdığı zaman polis idarəsinin rəisi işin böyüməsindən qorxuya düşüb, Arazı azad edəcəyini ona söz vermişdi.

Arazın tutulması Günəşi sarsıtmışdı. Dağ gövdəli, aslan ürəkli bu qadın on beş gün içərisində çox dəyişilmişdi. “Arazı uzaqlara, Sibir çöllərinə sürgün edərlərsə onsuz necə yaşayaram?” deyə ağlayır, Aslan bəyə qarğıyırdı. Şiddətlə əsən külək incə, kövrək bir ağacı burub bükdüyü kimi, bu acı düşüncələrdən o ikicanlı qadının qəlbində doğan fırtına da bütün vücudunu sarsıdır, qəlbini yarpaq kimi titrədirdi.

O gün Arazın ailəsində yeni bir üzv də artacaqdı. Hər dəqiqə, hər saniyə yeni uşağın dünyaya gələcəyini gözləyən mama Günəşi kürsüyə oturdub, ona ürək-dirək verirdi. Günəş ağrı çəkərkən belə Arazı unutmurdu. Bütün qohum-qardaş başına toplanmış olduğu halda onun qəlbi açılmır, üzü gülmürdü, sinəsində daş kimi bərkimiş bir ağrı qabırğalarını məngənə kimi sıxırdı.

Arazın azad olması belə bir günə və saata təsadüf etmişdi. O, qapıdan içəri girincə ilk əvvəl gözlərini dünyaya yeni açan uşağının səsini eşitdi. Mama uşağı əlində tutub ətrafındakılara:

– Gözünüz aydın olsun, oğlandır! – dedi. Maşallah buz baltasıdır, poladdır, polad!

Arazın gəlməyindən kimsənin xəbəri yox idi. Araz dayana bilməyib qapının ağzından:

– Gözün aydın olsun, Günəş, oğlumun adını Polad qoydum, – dedi.

İllər keçdikcə Bakıda neft sənayesi sürətlə inkişaf edirdi. Bakı Rusiyanın mühüm sənaye və inqilab mərkəzlərindən birinə çevrilirdi. Zəngin və tükənməz neft yataqlarını öz geniş sinəsində bəsləyən Abşeron yarımadası Azərbaycan kəndlərindən, Rusiyanın yaxın və uzaq guşələrindən, Qarabağdan, Zəngəzurdan, qonşu Dağıstan və Cənubi Azərbaycandan axın-axın fəhləliyə gələn ac və yoxsul adamlara öz qoynunda yer verir, onları gələcək mübarizələrə hazırlayırdı.

1897-ci ilin sakit gecələrindən biri idi. On dörd gecəlik ay, ətrafında şən və oynaq uşaqlar kimi dişlərini ağardan ulduzlar gah parçaparça uçuşan seyrək buludlar arxasında gizlənir, gah da öz parlaq simalarını yenidən göstərir, sanki yerdəki insanlarla gizlənpaç oynayırdı.

Araz işdən yenicə qayıtmışdı. Bərk yorğun idi. Bununla belə bu gün mədəndə fəhlələrlə mədən sahibi Qasım bəy arasında baş verən toqquşma bir an belə onun xatirindən çıxmırdı. Arazı sevindirən bu idi ki, fəhlələr artıq öz ehtiyaclarını cəsarətlə deməyə, hüquqlarını anlamağa başlamışdılar. Onlar artıq başa düşürdülər ki, əl-ələ vermədən, qasımbəylərə qarşı birgə vuruşmadan qalib gələ bilməyəcək, həyatlarını yaxşılaşdıra bilməyəcəklər. Araz bu məsələlər ətrafında çox düşünür, lakin heç bir nəticəyə gələ bilmir, aydın bir çıxış yolu tapmırdı.

O bu düşüncələr içərisində ikən küçə qapısı döyülməyə başladı. Araz qapının döyülməsindən, gələn adamın tanış adam olduğunu yəqin etdi, böyüyüb ərsəyə gəlmiş oğlu Poladı qapını açmağa göndərdi. Çox çəkmədən Polad geri qayıtdı və gələn adamın Vanya əmi olduğunu bildirdi. Araz yerindən sıçrayıb həyətə çıxdı. Nə qədər etdisə Vanya içəri girmədi. Onlar əncir ağacının altında oturdular.

Vanya çox şad görünürdü. Onun üz-gözü gülürdü. Yeni bir xəbərlə gəldiyi aydın hiss olunurdu. Lakin Araz öz təmkinini pozmur, dərin maraq içində Vanyanın gözlərinə baxır, ondan heç bir şey soruşmamağa çalışırdı. Əncir ağacının qalın yarpaqları arasından süzülən ayın parlaq şüaları onların üz-gözünü işıqlandırırdı.

Vanya Arazın sağ əlini iki əli ilə bərk-bərk sıxaraq:

– Dostum, sənə xoş bir xəbər gətirmişəm, – dedi, indi səni təbrik etmək olar. Bu gün Sabunçu “sosial-demokrat” dərnəyinə qəbul olunmaq üçün verdiyin ərizəyə baxdıq. Bütün dərnək üzvləri sənin haqqında çox yaxşı danışdılar. Sənin mərdliyin. düzlüyün və fəhlələr arasında qazandığın hörmət haqqında danışanlara dərnəyin rəhbəri Azad yoldaş böyük maraqla qulaq asırdı. Axırda o da sənin haqqında danışdı. Bir səslə səni bu gün öz sıralarımıza qəbul etdik.

Araz birdən-birə nə deyəcəyini bilmədi. Sevincindən gözləri parlayır, öz təşəkkürünü bildirməyə söz tapmırdı. Nəhayət, Araz həyəcan içərisində ayağa qalxdı, əlini Vanyanın ovucları içərisindən çıxartdı, onu qucaqlayıb, polad kimi möhkəm qolları arasında sıxaraq:

– Sağ olun, çalışaram ki, sizin başınızı həmişə uca edim, – sözlərini deyə bildi.

Vanya Arazın yanında çox qala bilmədi. Araz nə qədər dil-ağız edib, ondan evə keçməyi, heç olmasa bir stəkan çay içməyi xahiş etdisə də, Vanya razılıq vermədi. Dərnəkdən aldığı tapşırıqları yerinə yetirmək üçün getməli olduğunu bildirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets