Səkkizinci fəsil
Page 4 of 4 · 75%
– Zaman, Zaman! – deyə qışqırmağa başladı. Zaman adını eşitcək Zeynalın canına qorxu düşdü, tez mauzerini çıxarıb, hazır durdu. Varis onun mauzerini çıxardığını görməyib, qapıdan çıxarkən:
– Eşşək oğlu eşşək, dayan, sənin başına gör nə gətirəcəm, – deyə söydü. Zeynalın gözləri kəlləsinə çıxdı, bütün bədəni titrədi, biixtiyar Varisi nişan aldı. Güllənin atılması ilə Varisin yerə yıxılması bir oldu.
Klub ağzında duran qapıçı qorxub divar dibinə çəkildi. Zeynal bir anda aradan çıxaraq, özünü yuxarıya gedən dar bir küçəyə vurdu. Bu zaman əvvəlcə qapıçı, sonra Zaman yetişdi. Varis yerdə uzanıb yavaş-yavaş:
– Məni evimizə aparın! – deyə ufuldayırdı. Zaman kim tərəfindən vurulduğunu soruşduqda, Varis yavaşca:
– Zeynal adlı biri vurdu, – deyə cavab verdi. Zaman çox çalışdısa da Varisdən ətraflı bir məlumat ala bilmədi, çünki danışmağa artıq halı qalmamışdı. Onu faytona qoyub apardıqları zaman Varis yolda öldü.
Faytonun yaxınlaşdığını görənlər bəyi qarşılamaq üçün sevinclə tələsik bayıra çıxdılar. Birinci olaraq anası Qəmər faytona yaxınlaşdı. Bir az sonra onun:
– Vay, yazıq balam, vay! – bağırtısından hamı özünü itirdi. İçəridə qalanlar da özlərini bayıra atdılar. Varisin meyitini faytondan düşürüb gətirənlər:
– Meyiti hara qoyacağıq? – deyirkən, Qəmər hıçqıra-hıçqıra:
– Aparın öz bəy otağına! – deyə qışqırdı. Meyiti birbaş bəy otağına gətirdilər. Saçlarını yola-yola oğlunu oxşayıb ağlayan Qəmər Alması görüncə:
– Bu gəlinin ayağı qurusun, mənim ocağımı söndürdü. Onu mənim evimdən tez çıxarın, gözüm görməsin! – deyə dəli kimi bağırdı.
Rəxşəndə səhər tezdən Alması götürüb, kəndə qayıtdı.
Son zamanlar düşmənlərdən qorumaq üçün Varisi gözdən qoymayan Zaman Zeynalı yaxşı tanıyırdı. Onun Teymur bəyin yaxın dostu olduğunu bildiyindən qorxaraq səs çıxarmayıb, Varisin Zeynal tərəfindən öldürüldüyünü gizlətdi. O, Aslan bəyə deyirdi:
– Nə qədər çalışıramsa, Varisin qatilini tapa bilmirəm. Bu mənə böyük dərd olubdur. Onu kim öldürə bilər?
Aslan bəy qaşlarını çataraq:
– Mən öz düşmənimi tanıyıram, – dedi. – Nişanlısını oğluma aldığım üçün Varisi Arazın oğlu Polad öldürmüşdür.
Zaman Aslan bəyin sözlərini təsdiq etdi:
– Elədir ki, var. Poladdan başqa onu kim öldürə bilər?!
Arazdan intiqam almaq üçün bu hadisə Aslan bəyin əlində ən münasib bir vasitə oldu. O, Poladı bir qatil kimi məsuliyyətə cəlb etməklə həm oğlunun qanını alacaq, həm də ona dağ çəkən Arazdan əvəz çıxacaqdı. O: “Yox, mən bu dərdə tab gətirmərəm” – deyə Poladı aradan qaldırmaq üçün tədbirlər görməyə başladı və sabahısı gün Varisin Polad tərəfindən öldürülməsi haqqında məhkəməyə ərizə verdi. Almas atasına evinə qayıtdıqdan sonra günü tamam qara olmuşdu. Onun üzü gülmür, ürəyi açılmır, utandığından heç bir yerə gedib-gəlmirdi. Polad isə bir tərəfdən sevinir, öz sevgisinə, pak və təmiz Almasına qovuşmaq ümidi ilə yaşayır, o biri tərəfdən qarşıda Aslan bəy kimi böyük bir maneə olduğunu düşünürdü.
Hava qaralmaq üzrə idi. Günəş həyətdə eşələnən toyuqları “kiş-kiş” edərək hinlərinə salmağa çalışırdı. Bu zaman Polad yorğun-arğın həyət qapısını açıb içəri girdi. Sağlam və qüvvətli olmasına baxmayaraq, 12 saatdan artıq davam edən ağır və məşəqqətli iş onu bərk yormuşdu. Bir müddət anasının toyuqları qovalamasına tamaşa etmək üçün qapı ağzında dayandı. Günəş toyuqları hinə salıb geri dönərkən qapı ağzında dayanan Poladı gördü. Nə isə demək istəyirdi ki, Poladın gur səsi ona sözlərini bildirməyə imkan vermədi.
– Anacan, biz fəhlələr də sənin elə bu toyuqların kimi bir şeyik, – dedi. – Səhər tezdən işə, qaş qaralanda təzədən hinə.
Yarı ciddi, yarı zarafatla, lakin ürək yanğısı ilə deyilmiş bu sözlər Günəşin ana qəlbini yarpaq kimi əsdirdi. Bir anda oğlunun təmiz, saf mənəviyyatı, mərdliyi, işə, əməyə olan məhəbbəti, qayğıkeşliyi, talesiz sevgisi gözünün önündən keçdi, hindən çox da seçilməyən daxmaya girməkdə olan oğluna yazıq-yazıq baxaraq:
– Neyləyək, bala çarəmiz nədir! – dedi. – Sizi bu günə qoyanları görüm yerin təkinə batsınlar.
Günəş tələsik Poladın yemək süfrəsini hazırladı. Bişirdiyi xörəkdən bir boşqab töküb, səliqə ilə süfrəyə qoydu. Polad əl-üzünü, boynunu yuduqdan sonra süfrə başına oturdu. Əlini yenicə yeməyə uzatmışdı ki, həyət qapısı şiddətlə döyülməyə başladı. Yad adamın vurmağına bənzədiyi üçün qapıya Polad özü getdi. Poladı üç polis nəfəri qarşıladı. Onlardan biri:
– Polad Araz oğlu burada olurmu? – deyə soruşdu.
Polad:
– Burda olur, mənəm, – deyə cavab verdi.
– Elə isə tez ol, sən bizimlə getməlisən!
Özünü yetirmiş Günəş Polada macal vermədən məğrurcasına və nifrət dolu bir səslə:
– O heç bir yerə getməyəcək, – deyə çığırdı, – günahı nədir?
– Mane olma, qoy geyinib, tez gəlsin, günahını isə sonra bilərsən, – deyə yenə həmin polis cavab verdi.
Günəş bu oxun haradan atıldığını çox gözəl bilirdi, oğlunun heç nədən şərə salınması onu yandırırdı. O indi bütün qüvvəti ilə qışqıraraq:
– Onu nə deyib aparırsınız, mən oğlumu sizə vermərəm, onun taqsırı nədir?! – deyə əllərini dizlərinə çırpır, ilan kimi qıvrılırdı. Lakin nə Günəşin çığır-bağırı, nə də hasarın o tərəfindəki bir deşikdən bu hadisəni seyr edən Almasın hıçqırıqları Poladı xilas edə bilmədi. Polad geyinib, polislərlə birlikdə getdi, Almasın o biri həyətdən eşidilən hıçqırıqları öz balasının talesiz həyatı uçun Günəşin ucalan fəryadlarına qarışdı. Günəşə ancaq Poladın gedərkən söylədiyi sözlər təsəlli verirdi.
– Ağlama, ana, səbr elə, gec-tez haqq öz yerini tapar. Aslan bəylərin pul gücünə düzəltdikləri cinayətlər isə əvəzsiz qalmaz. Bizim bu insan qatillərindən intiqam alacağımız gün uzaq deyil!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-araz-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
FatmanınBaşına döndüyüm ay duran canlar,Gör necə siyahdı teli, Fatmanın.
Rubaiyat, 18افسوس که اطراف گلت خار گرفتزاغ آمد و لاله را به منقار گرفت
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.