Doqquzuncu fəsil
Page 1 of 5
I
Təbiət, yorğan kimi üstünə çəkmiş olduğu qaranlıq, tutqun buludlar altında həzin-həzin mürgüləyir, hər tərəf, hər şey səssiz, dilsiz bir sükut içində dincəlirdi. Uzaqda yanan mayakın projektor kimi dənizə doğru uzanan sarımtraq titrək işığı dalğaların geniş qolları arasında əriyib gedirdi. Yalnız Xəzər dənizinin yorğun qafilə kimi tənbəl addımlarla irəliləyib, qayalara sakitcə çarparaq, geri dönən dalğacıqları, qaya üstündə oturub, gözlərini dənizin uzaq ənginliklərinə dikən üç nəfərin danışığı bu mürgüləyən sükutu parçalayırdı. Onlardan bir qədər aralı yarıya qədər qumlu sahilə çəkilmiş kiçik bir qayıq, bir az uzaqda isə iki atlı araba dururdu. Yan-yana oturmuş kölgələrdən biri deyirdi:
– Nə üçün bu vaxta qədər gəlib çıxmadı? Gəminin qaranlıqda başqa sahilə çıxmasından qorxuram.
– Qorxma, mən o losmanı tanıyıram. O, dənizin köhnə qurdudur. Hər yerini qarış-qarış tanıyır.
– Hər necə olsa gəlib çıxacaq. Məni ancaq başqa şey düşündürür.
– Nə?
– Onu arabada buradan aparmaq. Qarovulçular içində xəfiyyələr vardır. Onlar işi duysalar...
– Qorxma, mən ona çoxdan tədbir düşünmüşəm. Onu, xəstədir, deyə arabanın içinə uzadarıq, üstünə bir yorğan da salarıq, soruşan olsa, Şüvəlandan gəlirik, azarlıdır, xəstəxanaya aparırıq, deyib bir tövr inandırarıq. Bir də ki, yolda öz qarovulçularımız da bizə çox kömək edəcəklər.
Onlardan biri ayağa qalxıb, uzaqda onlara doğru gələn bir gəmini əli ilə göstərərək, sevinə-sevinə dedi:
– Odur, özüdür, gəlir, gəlir!
O biri iki nəfər də qalxdı. Onlar uzaqda görünən və get-gedə yaxınlaşmaqda olan gəmidən gözlərini ayırmırdılar.
– Sağ olsun Qara losman. Elə bil gəmiyə qanad veribdir, gəmi dəniz üzərində quş kimi uçur.
– Sən qayığı hazırla!
– Mən hazıram, sən arabanı sazla – deyə o birisi qayığın ipini qayadan açdı, onu suya tərəf itələyib, cəld içinə atıldı, gülə-gülə:
– Mən getdim, yoldaşlar, hələlik sağ olun! – deyə kürəkləri işə saldı.
Sahildə qalan iki nəfər gözlərini yaxınlaşan gəmidən, uzaqlaşan qayıqdan ayırmayıb, ikisinin bir-birinə çatmasını səbirsizliklə gözləyirdilər. Onlardan biri:
– Sən bu pəhləvan Arazın bir qayıq sürməsinə bax, elə bil uçur, uçur!
– Yaxınlaşırlar, yaxınlaşırlar... Gəmi dayandı. Heyif ki, çox qaranlıqdır, aydın görünmürlər.
– Mən də aydın görürəm. Ancaq deyəsən hələ yan almamışdır.
– Necə yan almamışdır. Bəs onda nə üçün gəmi tərpənmir?
Hər ikisi əllərini qaşları üstünə qoyub, diqqət və maraqla baxırdı. Qayıq gəmidən ayrıldı.
– Gəlirlər, gəlirlər... sən arabanı sazla!
Bir az sonra qayıq sahilə yan aldı. Sahildəkilər:
– Xoş gəldin, Azad, – deyə qayıqdan sahilə sıçrayan adamla görüşdülər.
– Danış görək nə var, nə yox? İşləriniz nə haldadır?
– Yavaş, yavaş ayaq səsi gəlir.
Hamısının nəzəri səs gələn tərəfə dikildi. Bir az uzaqda bir kölgə sahil boyu ilə onlara doğru irəliləyirdi.
– Hər halda bu dost adama oxşamır.
– Ehtiyatlı olmaq lazımdır, bu yəqin mayak qarovulçusudur. Görünür, qayığın sahilə çıxdığını görmüşdür.... Azad sən qayanın arxasına keç!
– Bəs siz?
Biz öz işimizi bilirik.
Bu zaman kölgə uzaqdan çığırdı:
– Ey, kimsiniz?
Araz tanış bir adam kimi uca bir səslə:
– Qorxma, balıqçıyıq.
Kölgə, əlində tüfəng yaxınlaşa-yaxınlaşa:
– O qayıq kimindir?
– A kişi tüfəngini bir aşağı sal, gəl görüm sən kimsən?
– Siz gözümüzə ala-bula görünürsünüz. Bu qayıq bizim mayağındır. Düzünü deyin görüm gəmidən qayığa aldığınız adam kimdir?
– Kim olacaq, bizim kimi bir adam.
– Aldada bilməzsiniz. Əllərinizi yuxarı qaldırın!
– A kişi, biz yol kəsən, quldur deyilik. Yaxın gəl, nədən qorxursan?
– Məni anam qorxaq doğmamışdır, igidin igiddən bir ehtiyatı artıqdır, deyərlər. Siz yaxşı yuvanın quşuna oxşamırsınız, deyin görüm, kimsiniz? Hardan gəlib, hara gedirsiniz?
– Biz yaxın bağlardanıq. Axşamdan buraya balıq ovuna gəlmişik. Gecəni də burada qalmaq istəyirik.
– Yalan deyirsən. Lap yalan deyirsən. Silahınızı atın yerə, əllərinizi qaldırın. Yoxsa vurdum.
Araz gur səslə:
– Silahımız yoxdur, əllərimizi qaldırırıq, gəl görüm bizdə nə tapacaqsan?
Arazın işarəsi ilə hamı əlini yuxarı qaldırdı. Kölgə şübhəli addımlarla yaxınlaşdı, onları qaranlıqda bir-bir gözdən keçirtdi:
– Kimin yarağı var, desin, yoxsa...
Araz iki əlini havaya qaldırıb, kölgəyə tərəf gedərək:
– A kişi, bu mən, bu sən, istəyirsən axtar, bizdə silah nə qayırır...
Kölgə bir addım çəkildi. Qaranlıqda Arazın dağ gövdəsinə diqqətlə baxdıqdan sonra:
– Yaxın gəlmə, vuraram, – dedi. Sonra başını geri döndərib ucadan:
Müslüm, Müslüm! – deyə bağırdı.
Araz fürsətdən istifadə edib, alıcı quş kimi onun üstünə atıldı. Tüfəngin lüləsindən tutub bütün qüvvəti ilə özünə tərəf dartdı. Kölgə üzüquylu yerə yıxılıb:
Müslüm, Müslüm! – deyə bağırmağa başladı.
Araz tüfəngi bir tərəfə tullayıb, iki əli ilə onun boğazından yapışaraq:
– Çığırma, səsini çıxartsan, əlimdə öləcəksən. İndi de görüm sən kimsən? – Deyə soruşdu. O birdən-birə bütün qüvvəsi ilə dartınıb, Arazın əlindən çıxdı, acıqlı səslə:
– Ədə, donuz oğlu, məni boğursan? Zöhrabı boğan hələ anasından olmamışdır, – deyərək arxa cibindən mauzerini çıxartdı. O, tapança ilə nişan almaq istərkən Arazın nişan aldığı tapançadan açılan güllənin zərbindən səndələyib iki-üç addım geri çəkilərək, ayaq üstə dura bilməyib yerə yıxıldı. Güllə onun lap ürəyinin başından dəymişdi. Araz üzünü yoldaşlarına çevirib:
– Bilirsinizmi bu hansı Zöhrabdır? – dedi. – Şüvəlanda bizim özək katibini öldürən və bolşevik yoldaşlarımızı hədələyən Zöhrab!
Onlar qayıqdakı içi kitabla dolu yeşikləri daşıyıb, səliqə ilə arabaya yığdılar. Sonra Araz yoldaşlarının köməyi ilə meyiti götürüb qayığa atdı. Qayığı dənizə doğru itələyib:
– Al, bu sən, bu da sənin qayığın! İndi hara istəyirsən get, – dedi.
Arabanı dəyişib Azadı xəstə kimi oraya uzatdılar. Arazın işarəsindən sonra araba hərəkət etdi.
Araba gecənin qaranlığında Bakı kəndlərinin dizə qədər çıxan qumlarını yara-yara irəliləyir, hərlənən çarxların ahəngdar səsi dərin sükut içində yatan təbiətə layla çalırdı.
Azad Həştərxan səfərindən xeyli danışdı. Azadın Həştərxan fəhlələri arasında, dərnəklərdə apardığı söhbətlərin, Bakı fəhlələrinin inqilabi mübarizəsindən danışdığı səhnələrin böyük ruh yüksəkliyi ilə qarşılanması Araza xüsusilə xoş təsir etdi. Sonra Azad orada Peterburqla əlaqə saxlayan inqilabçılarla görüşdüyünü, təbliğat işini gücləndirmək üçün inqilabi ədəbiyyat gətirdiyini söylədi. Araz da ona son hadisələrdən, təşkilatın işlərindən danışdı. Aralarında gedən söhbət, sual-cavab o qədər maraqlı idi ki, yolun uzaqlığını duymadan Binə kəndinə yetişmişdilər. Arabaçı atları dayandırıb:
– Araz, aşağı yoldan sürüm, yoxsa yuxarı yoldan? – deyə soruşdu. Arabadakılar:
– Yuxarı yoldan, yuxarı yoldan. Vanya bizi orada gözləyir, – deyə yerlərindən səsləndilər.
Araba yenidən hərəkət etdi. Bir qədər getdikdən sonra şərtləşmiş olduqları yerdə Vanya onları qarşıladı. Azadla görüşdükdən sonra o, Araza araba ilə getməsini tapşırdı. Azadı isə evlərinə qədər özü ötürəcəyini bildirdi. Arabadan düşürkən Azad tapşırdı ki, yeşikləri möhkəm yerdə gizlətsinlər.
Araz gülə-gülə:
– Xatircəm ol, o xüsusda tədbir görülmüş, ehtiyatlı yerlər hazırlanmışdır, – deyə cavab verdi. Xudahafizləşib ayrıldılar.
Araba mədənlərin içindən keçirdi. Arabir buruqların arasından ikiüç silahlı adam çıxıb onları qarşılayır, yolların qorxusuz olduğunu söyləyib, arabanı o biri qarovul məntəqəsinə qədər ötürürdü.
Bir az sonra araba birmərtəbəli kiçik bir evin qarşısında dayandı. Bu fəhlə İvanovun evi idi. İlk xoruz banı başlamış, hava yavaş-yavaş ağarırdı...
Azad Həştərxan səfərindən qayıtdıqdan sonra təşkilatın fəaliyyəti daha da canlandı. Təbliğatı genişləndirmək, təşkilat üzvlərini qabaqcıl fəhlələr hesabına artırmaq üçün bir sıra tədbirlər görüldü. Bu məqsədlə Azad uzaq, yaxın qəzalara gedir, kəndlərdə özəklər təşkil edirdi.
Gizli təşkilat işlərində fəal çalışmaq, nümayiş və tətillərdə iştirak etmək, inqilab rəhbərlərinin odlu nitqlərini eşitmək nəticəsində Araz mətin bir bolşevik olmuşdu. O indi partiya təşkilatının göstərişi ilə təhkim olunduğu fəhlə dərnəklərində çalışır, yeri gəldikdə natiqlərin çıxışlarında eşitdiklərindən şirin-şirin danışırdı.
Bu illər Bakı Komitəsi partiyanın möhkəm və etibarlı bir qalasına çevrilmişdi. Bolşeviklərin getdikcə artan nüfuzu, fəhlə təşkilatlarının möhkəmlənməsi və genişlənməsi Bakıda hökumət məmurlarını, yerli neft sahibkarlarını qorxu və həyəcan içində buraxmışdı. Odur ki, onlar irtica qüvvələrinə arxalanaraq, inqilabçılara divan tutur, nümayiş və tətilləri amansızcasına yatırır, fəhlə hərəkatının əzəməti qarşısında sarsılan çarizmi bir az da yaşatmaq üçün hər bir cinayətə əl atırdılar. Cəza tədbirləri, təqib və həbslər fəhlələrin qəzəbini daha da artırırdı. Bakı fəhlələrinin məhəbbətini qazanmış Xanlar Səfərəliyevin öldürülməsi xəbəri isə əsarət və zülm altında əzilən kütlələrin mütləqiyyətə nifrətini daha da artırdı. Bakının bütün rayonlarında bu qanlı cinayətə cavab olaraq, tətillər keçirilməyə başladı. Xanların dəfni isə qüdrətli xalq nümayişinə çevrildi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-araz-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Şəfəqlər sökərkən öpüşlərindənYaranmış al, incə yanağın sənin!
Üsyan et!Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!
Gənclik marşıAli Pedaqoji İnstitutun tələbələrinə*Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.
SavaşKöçəri həyatından*Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,
Poems by other poets
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,