Doqquzuncu fəsil
Page 5 of 5 · 80%
Xidmətçi gizli qapını açıb əhvalatı xəbər verməyə getdi. Bir adam keçə biləcək qədər dar, fəqət uzun, qaranlıq dalanda otuz addım getdikdən sonra alçaq bir qapını açıb otağa girdi. İclasdakılar iki stolu birləşdirib oturmuş, nə isə mühüm bir məsələ həll edirdilər. Stol üzərində çörək, göyərti, balıq və boş qablar qoyulmuşdu. Xidmətçi içəri girincə:
– Sizi təqib edən var, tez dağılın! – deyib əhvalatı qısaca onlara anlatdı.
Təşkilat üzvləri bir-bir qapıdan çıxarkən Vanya yavaşca:
– Yoldaşlar, Araz gələcəkdi, bu işdən xəbəri olmayıb yaxalanmasından qorxuram, – dedi.
Azad bir az düşündükdən sonra:
– O bu gecə Hövsan kəndindədir, – dedi. – Görünür iclası uzun çəkib, şəhərə gec gələcək. Bu birinci tində onu tanıyan bir yoldaş qoymalıyıq ki, Araz gəlsə, xəbər versin.
Elə də etdilər, tində, Arazın gələcəyi yerdə onu tanıyan bir yoldaş qoyub iclası qurtarmaq üçün başqa yerə getdilər.
Mişa çox içmişdisə də, huşunu itirməmişdi. Tanyanın pivəxanadan tələsik çıxması isə onu bir qədər də özünə gətirdi. Ürəyi açıqlıq edib kəşf etdiklərini danışdığına bərk peşman oldu. İndi onun ürəyindən min bir fikir keçirdi. Bəlkə Tanya onu qabaqlamaq üçün getmişdi? Bəlkə bu gizli qapı ilə çox böyük hadisələr bağlıdır, belə bir fürsəti əldən çıxarsa, onda ona nə deyərlər? Bütün bunları fikrinə gətirincə dəli kimi yerindən qalxdı. Onun bu hərəkətinin səbəbini çox yaxşı başa düşən Səlman:
– Sənə nə oldu, Mişa, deyəsən araq sənə bərk təsir edib? – deyə istehza ilə soruşdu.
Mişa öz təlaşının səbəbini büruzə verməməyə çalışırdı:
– Yox, başım ağrıyır, həm də işim var, mən getməliyəm, – deyə cavab verdi, Səlmanla sağollaşıb getməyə tələsirdi ki, qapıda Tanya göründü. Gözləri ona sataşan kimi ürəyi buz kimi soyudu, təlaşı azaldı. Tanya onlara yaxınlaşan kimi Mişa:
– Xeyir ola, hara belə getmişdin? – deyə ondan soruşdu. Tanya çox sakit və təmkinlə:
– Ürəyim bulanırdı, içdiklərimdən xilas olmaq üçün getmişdim, – deyə cavab verdi və öz yerində oturdu.
Bu cavab Mişanı qane etmədisə də, bir qədər sakit oldu. İşi olduğunu Tanyaya da bildirdi və hər ikisi ilə görüşüb tələsik qapıdan çıxdı. Tanya onun hara və nə üçün getdiyini çox gözəl bilirdi. Dalınca baxaraq gülə-gülə:
– Yəqin, yerini kəşf etdiyi ovları ələ keçirmək üçün tələsir, – dedi.
Mişa qapıdan çıxan kimi küçədə vəzifə başında duran bir polisə yanaşdı. Vəsiqəsini göstərib ondan 5 polis nəfəri tələb etdi. Polis, fışqırığı ilə bir neçə polis daha çağırdı. Mişanın göstərişi ilə onlar meyxanaya getdilər. Mişa qapıdan dəhlizə girincə gizli qapını əli ilə çəkib açdı. Dar dalanla səssiz, otuz addım getdikdən sonra artıq gediləcək yer olmadığından hamı dayandı. Mişa əli ilə ikinci qarını açdı. Ətraf qaranlıq idi. Kibrit yandırıb içəri girdilər. Hər tərəfə diqqətlə baxdılar, hər yeri axtardılar, heç kəs və heç bir şey görmədilər. Bu koridor kimi uzun boş yerdə heç bir adam əsəri görünmürdü.
Mişanın üzü heyrət içində qar kimi ağardı, qəlbi buz kimi dondu, heyrət içində başını yerə dikib qaldı.
O gecə həmin meyxanada Bakı kəndlərindəki yerli təşkilatların birgə iclası çağırılmışdı. İclas Bakı Komitəsinin rəhbərliyi ilə keçirilirdi. Azad gördüyü işlər haqqında məruzə edirdi. İclasa Araz da çağırılmışdı. Lakin həmin gecə o Hövsan kəndində partiya özəyinin iclasını çağırmış, iclas uzun sürdüyündən şəhərə çox gec gəlib çıxmışdı.
Araz həmişə tanıdığı bu meyxanaya onun sağ tərəfindəki küçədən gəlirdi. Bu gecə isə gecikmiş olduğundan yolu qısaltmaq məqsədi ilə meyxananın sol tərəfindəki küçədən gəlmiş, xəbərdarlıq üçün o biri tində onu gözləyən adamı görə bilməmişdi. Odur ki, Araz heç nədən şübhələnməyərək birbaş gizli meyxanaya daxil oldu, meyxananın birinci qapısından keçib ikinci qapısından girmək istədi. Bu zaman Mişa:
– Şübhəsiz, bura inqilabçılar yuvasıdır, hayıf ki, biz onlar iclas etdiyi zaman gəlməmişik, – deyə qaranlıq koridora çıxırdı ki, qarşısında böyük bir kölgə gördü. Araz onu görüncə tez dönüb getmək istədi, lakin gec idi. Mişa onu görən kimi tanıdı.
– Oho, köhnə dostum, xoş gördük səni – deyə polislərə onu tutmağa işarə etdi, sonra məğrur bir tövrlə dedi:
– Bu yerdə toplananlar haqqında bundan məlumat alacayıq!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-araz-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Şəfəqlər sökərkən öpüşlərindənYaranmış al, incə yanağın sənin!
Üsyan et!Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!
Gənclik marşıAli Pedaqoji İnstitutun tələbələrinə*Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.
SavaşKöçəri həyatından*Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,
Poems by other poets
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,