Səkkizinci fəsil
Page 1 of 4
I
Elçi və nişan məsələsi bir-birini o qədər sürətlə təqib etmişdi ki, Almas qaranlıqda yol azmış yolçu kimi nə edəcəyini bilmirdi. Daxilindəki müdhiş fırtınanın dalğaları onun lətif simasına, iri, qara gözlərinin saf parıltısına donuq bir rəng vermişdi, ləkəsiz qəlbi iztirablar içində çırpınırdı. Dərdlərini açacaq, kədərlərinə şərik olacaq bir nəfər tapmırdı. Hətta bütün dərdlərindən xəbərdar olan, hər zaman ona güvənərək arxalandığı anası belə bu gün ona qarşı tamamilə laqeyd görünərək, büsbütün dəyişilmişdi. Almas bu gün öz ailəsi içərisində yalqız və kimsəsizdi. Qəlbi kimi sevdiyi Poladdan ayrılmaq ona hər şeydən ağır görünürdü. Poladın onu sevdiyini, uşaqlıqda keçirdikləri o şən və qayğısız günləri, atasının Poladı təhqir edib həyətdən qovduğunu, Varisə getməklə sevgilisi Poladın qəlbində dərin və sağalmaz bir yara açacağını düşündükcə ürəyi yerindən oynayırdı. Bunları xatırlayınca ürəyində acı bir ağrı hiss etdi. Həmin ağrının üzücü yorğunluğu ilə yerindən qalxdı. Son bir ümid, son bir çarə düşünmüşdü. Bibisi Rəxşəndənin yanına gedəcək, qızı Dilguşa vasitəsi ilə əhvalatı ona başa salacaq, yalvarıb-yaxaracaqdı. Bibisi Rəxşəndə qardaşı Əlisəfanı qandıracaq, yanında ağlayıb-sıtqayaraq qardaşının daş ürəyini yumşaldacaq, beləliklə Almas istəyinə çatacaqdı. Bu şirin düşüncələr sadədil Alması cığırından çıxardı. O, qapının ağzından anasına:
– Ana, mən Dilguşagilə gedirəm, – deyə pilləkənləri başaşağı düşürkən Pakizə pilləkən başına yüyürüb:
– Ay qız, bu gün gəzmək vaxtı deyil, tez gəl, yoxsa dalınca gələcəyəm! – deyə arxasınca çığırdı.
Almas cavab vermədi, arxasına baxmadan qapıdan çıxdı. Sürətlə gedərkən küçədə iri püstə ağacı altında bir qaraltı gördü. Addımlarını yavaşıdaraq, diqqətlə baxdı. Bir nəfər ağac altında oturub əli ilə torpağı qarışdırırdı. Qız onu tanıdı. O, Polad idi, “Ah, o da mənim kimi dəli-divanədir. Bu günkü nişan məsələsini yəqin ki bilir, ona görə də fikirlidir. Görəsən o nə düşünür? Nə tədbir, nə çarə axtarır?” – deyə irəlilədi.
Polad Alması incə təbəssümlərlə qarşılayaraq, salam verdi. Həsrətli nəzərlə qızı süzdükcə: “Bu qız getdikcə başqa bir bəla olur” – deyə düşündü, onun gözəlliyini bu gün hər zamankından daha çox təqdir etdi. Çarşabı altından təzə, güllü ipək paltarını görüncə:
– Bu gün özünə yaman yar-yaraşıq vermisən, xeyir ola? – deyə soruşdu.
Qız məyus halda:
– Bu gün evimizdə yasxana qurulacaq, – deyə cavab verdi. Polad heyrətlə:
– Nə? Yasxana? Ölən kimdir? – deyə soruşdu.
Bu sadə və düz sual Almasın varlığını büsbütün sarsıtdı; çünki o, tamamilə başqa söz gözləyirdi. Artıq dayana bilmədi. Birdən-birə yaz buludu kimi göz yaşı töküb, hıçqıra-hıçqıra ağlamağa başladı. İşdən tamamilə bixəbər olan Polad Almasın axıtdığı göz yaşından mütəəssir oldu. Onu sakit etmək üçün:
– Ağlama, ağlama, – dedi, – səni heç bir zaman gözü yaşlı görməyim.
Təsəlli üçün deyilən sözlər Alması sakit edə bilmədi; çünki o, Poladdan: “Ağlama, o yasxananı mən toy büsatına çevirəcəyəm, şən və xöşbəxt yaşayacağıq” kimi bambaşqa sözlər gözləyirdi. Qızın yenə də ağladığını görən Polad:
– Bəsdir, bəsdir, – deyə acıqlandı, – özünü üzmə, onsuz da bu gün ağlayacaqsan! Ancaq mənə bir de görüm ölən kimdir?
Almas Poladın bu sözlərinə dözə bilməyib acıqlı, lakin qırıq bir səslə:
– Ölən mən...Mən bədbəxt! – deyə cavab verdi, yoluna davam etdi.
Polad yenə bir şey anlamadı. Gözləri yaşlı uzaqlaşmaqda olan Almasın dalınca həsrətlə baxa-baxa qaldı. O getdikdən sonra Poladın marağı daha da artdı: “Kim ölmüşdür? Yaxın qonşu olduğu halda nə üçün xəbər tutmamışam?” Bu acı düşüncələr onu getdikcə rahatsız edirdi. Almasa göz yaşı tökdürən kədərin səbəbini öyrənmək üçün evə qaçdı. Poladı ilk əvvəl Günəş qarşıladı. O, əlini anasının çiyninə qoyub:
– Bu gün Almasgildə nə var? – deyə soruşdu.
Günəş şübhəli baxışlarla onu süzərək, çatılmış qaşlarından, dalğın simasından nişan məsələsini eşitmiş olduğunu yəqin etdi. İşi birdəfəlik açıb söyləmək istədi, lakin cəsarəti çatmadı, dərhal sözü dəyişərək:
– Heç bir şey, oğlum, – deyə cavab verdi.
Polad Almasla görüşdüyünü, onun: “Bu gün evimizdə yasxana var...” dediyini anasına xəbər verdi. Günəş əlindəki iri bıçağı yerə qoyub, mənalı bir nəzərlə Polada baxdı. Gözlərini onun cavab gözləyən gözlərinə dikərək:
– Daha nə dedi? – deyə soruşdu.
– Başqa heç bir şey. Sən de görüm ölən kimdir?
Günəş özünü tamam itirdi. Sonra acı-acı gülümsəyərək:
– Ölən heç kim, oğlum, o gün olsun, sənin üçün olsun!
Bu gün Almasın nişan məclisidir, – deyə cavab verdi.
Bu qara xəbər Poladın beynində ildırım kimi partladı. Onun bütün vücudu yarpaq kimi titrədi. Lakin daxilində qopan fırtınanı gizlətməyə çalışaraq soruşdu:
– Nə? Nişan məclisi? Kimə verdilər?
Günəş Poladın üzünə baxmağa cəsarət etməyərək:
– Aslan bəyin oğlu Varisə, – dedi, – yazıq qız bədbəxt oldu!
Polad daxilində sanki bir şeyin qırılıb düşdüyünü hiss etdi. Bu ağrını o vücudunun hər guşəsində duydu.
İndi bütün məsələ ona aydın idi. Almasın onunla görüşməsinin, ağlamasının səbəbini və matəm məclisinin mənasını indi başa düşmüşdü. Onunla görüşərkən söylədiyi sözlər arasındakı uyğunsuzluğu düşünür və düşündükcə vücudunu soyuq tər basırdı. Xüsusən Almasa: “Onsuz da bu gün ağlayacaqsan, ölən kimdir?” – deyə verdiyi yersiz sualı əsla unuda bilmirdi.
Polad evdən çıxıb, yenə həmin püstə ağacının yanına gəldi. Almas qayıdarkən bir də onunla görüşmək, onun son fikrini öyrəndikdən sonra bir çarə və tədbir görmək fikri ilə ağacın altında oturub, onun yolunu gözlədi. Bu zaman Pakizə onu görmədən keçib getdi. Onun qızının dalınca getdiyini düşünən Polad: “Görəsən görüşə biləcəyikmi?” – deyə fikrə getdi. Hər halda ümidi tamamilə qırılmamışdı. O, pusquda duran ovçu kimi, dərin bir həyəcan içində Almasın yolunu gözləyirdi. Onunla görüşdüyü zaman bilməyib qəlbini qırdığı, ağlamasına səbəb olduğu üçün Almasdan üzr istəyəcək, sonra zehnində hazırladığı bir çox mühüm fikirləri ona söyləyəcəkdi. Bu zaman alıcı gözləri uzaqdan Almasın neçə qadınla birlikdə gəldiyini görüncə bütün ümidi qırıldı. Görünməmək üçün ağacın dal tərəfinə keçdi.
Onlar yaxınlaşırdılar. Polad gözlərini Almasdan götürmürdü. Qız da gözlərini ağacdan ayırmırdı. Bibisi Rəxşəndə deyirdi:
– Pakizə, mən saçlarımı qardaşımın ayağı altında süpürgə edib, Almasın göz yaşlarına razı olmayacağam.
Pakizə onun sözünü kəsərək:
– Boş yerə özünü hörmətdən salma, sən ki, qardaşını tanıyırsan. O, Alması dünya dağıla kasıb adama verməz! – deyə cavab verdi.
Bu sözlər Poladın qəlbinə neştər kimi saplanıb qaldı. Bu zaman Almasın ağlamaqdan qızarmış gözləri ağac altındakı Polada sataşınca addımlarını yavaşıtdı. Qızın hər bir hərəkətini gözdən qaçırmayan Pakizə şübhə ilə ətrafı nəzərdən keçirirkən, Poladı ağac altında gördü, tez qızın biləyindən tutub yaxınlaşmaqda olduqları qapıdan içəri saldı.
Polad bir müddət heç bir şey düşünməyərək, dalğın gözlərini qapıya dikib qaldı. Dərin düşüncələr içərisində zehnindən bir çox şeylər keçirtdi, lakin heç birinə qəti cavab tapa bilmədi. Birdən-birə gözləri bir saat əvvəl Almasla görüşdükləri zaman qumun üstündə barmağı ilə çəkdiyi mənasız şəkillərin pozuq və qismən silinmiş, qarışıq cizgilərinə ilişdi. O gözəl dəqiqələrdən son xatirə olaraq qalmış qarışıq cizgilərin ona bağışladığı təsiri qəlbinin içində gizləyərək: “Ah, yoxsulluq” – deyə pıçıldadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-araz-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
FatmanınBaşına döndüyüm ay duran canlar,Gör necə siyahdı teli, Fatmanın.
Rubaiyat, 18افسوس که اطراف گلت خار گرفتزاغ آمد و لاله را به منقار گرفت
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.