Page 2 of 2 · 50%

İkinci səhnə

Bağça, Muğan xanın salonu. Muğan xanın qızı Günəş xanım, dayəsi Tərlan bağçaya
çıxırlar, bir iskəmlə üzərində oturub qonuşurlar.

Tərlan. Qızım, səni hər zamankındən pozğun görürəm. Çox düşünürsən. Şükür... elçilər gəlmiş, bu gün-sabah toyun olacaq, artıq düşünmənin nə yeri?

Günəşxanım. Eh, ay nənə, insanın başında o qədər qəzavü qədər vardır ki, kim bilir nə olacaqdır?! Getmək bir dərd, qalmaq bir dərd, bunlar düşüncə deyilmi?

Tərlan. Qız, sən də keçmişləri, gələcəkləri nə qarışdırırsan? Qaraxan kimi nişanlın, Türkmən xanı kimi qayınatan, Gültəkin kimi baldızın var, səndəmi düşünürsən?

Günəşxanım. Ah... bəlkə atam heç verməyəcək?

Tərlan. Ona verməyib də kimə verəcək? Çoxdan toy görmədik. Mənim ürəyim söyləyir ki, bu iş baş tutacaq. (Qızı öpür) Sən heç düşünmə! (Tərlan gedir, Günəş yalqız)

Günəşxanım (bağçada gəzinir və öz-özünə oxuyur).

Əziziyəm yüz yerdən,

Əlli yerdən, yüz yerdən,

Əllərin sal boynuma,

Ayaqların üz yerdən.

Qaşların balxı-balxı,

Gözlərin bostan arxı,

Toyumuzu tez başla,

İntizar qoyma xalxı.

(durub düşünür və diz üstə çökərək)

Ey yaradan! Bu intizardan məni qurtar. Dağ pərilərinə, müqəddəs ağaclarına, qurbanlarına qurbanlar gətirim. (Əlləri göydə olduğu halda əjdaha arxadan gəlib boğazından yapışır. Qız yerindən tərpənməyir. Muğan xan, Batı xan, Gültəkin xanım salona daxil olurlar)

Batıxan. Bizim burada bu qədər qalmağımız doğru deyil. Çünki qardaşım müntəzirdir.

Gültəkin. Qardaşım Qaraxanın bir günü bir il keçir.

Batıxan. Xeyir işi tez başlamaq lazımdır.

Muğanxan. Bizim deyəcəyimiz yox. Ancaq...

Ülkərxanım. Yeznəmiz Qaraxan özü gəlsəydi, daha yaxşı olmazdımı? Həm özünü görərdik, həm də toyunu edib qızı götürüb gedərdi.

Gültəkin. Bizim də fikrimiz odur. Məktub yazaq, Qaraxan özü gəlsin.

Ülkərxanım. Bu çox gözəl olardı... Amma mən Günəş xanımsız necə yaşayacağam?

Batıxan. Sağlıq olsun, tez-tez gələr, görüşərsiniz.

Muğanxan. Çox gözəl, siz məktub yazın, biz toy tədarükünə hazırlaşaq.

Gültəkin. Mən gedib Günəş xanımı müjdələyim.

Bu vaxt Günəş xanımın dayəsi Tərlan bağçaya çıxarkən qızı elə
görüb bağırır və dili tutula-tutula qaçıb salona daxil olur.

Tərlan. Hə, hə, hə, Günəş... xanım

Hamısı heyrətlə baxar.

Muğanxan. Tərlan, nə olub?

Tərlan. Bağçada... Günəş... xanımı...

Ülkərxanım. Ay qız, tez ol söylə, nə olmuş?

Tərlan. Əjdaha... əjdaha... bağçada.

Hamısı ayağa qalxıb, qorxu içində

Ülkərxanım. Günəş xanım... bağçada... əjdaha deyir... (Sürətlə bağçaya enir və hamısı onun arxasınca gəlir, qızı o halda görüncə Ülkər bağırır) Vay, vay...

Muğanxan. Tərpənməyin! (Xidmətçilərə) Bizim əfsunçulara xəbər verin gəlsinlər və şəhərdə car çəkdirin, hər kəs qızımı bu əjdahadan qurtarsa, dünya malından onu sirab edəcəyəm.

Xidmətçilər gedir.

Ülkərxanım. Uf, yazıq balam, bədbəxt balam, biz sənə toy üçün hazırlanırdıq. Bu nə işdir başımıza gəldi?

Batıxan. Xan, izn verin, ox ilə əjdahanı vurub öldürüm. (Kamanı çıxardıb nişan almaq istəyir)

Muğanxan. Amandır, yapma, əjdaha acıqlanıb qızı tələf edər.

Əfsunçular daxil olur.

Haydı, oğullarım, qızımı sizdən istəyirəm.

Əfsunçular mis qabları cingildədib dua oxuyurlar. Bir əfsunçu əlində bir daş tutub
oxuyur: çocuğum qarım olsun, suç tanımayacağam, yalnız səni tanıyacağam, ey yat
daşı, bu qızı pis ruhların əlindən qurtar!

Muğanxan. Görünür bir şey bacarmırsınız!

Əfsunçubaşı. Görək, xan, qurtaran tanrıdır.

Ülkərxanım. Qızım öldü ki... Tez olun qurtarın... (Ağlayır)

Gültəkin. Göy tanrı, sən qurtar! (Dua edir. Əfsunçular daxil olur)

Muğanxan (birinci əfsunçulara). Artıq siz çəkilin! (İkinci əfsunçulara) Gəlin, oğullarım! İşiniz avand olsun!

Əfsunçular şam yandırıb dua oxuyurlar və təştə su içinə bir para şeylər tökürlər, at
quyruğu ilə kiş-kiş edib pis ruhları qovlayırlar.

Ülkərxanım. Xaqanlığı da istəmirəm, xanlığı da istəmirəm, kaş ki, qızım sağalsın.

Muğanxan (əfsunçulara baxıb). Sizin də əlinizdən bir iş gəlməyəcək görürəm. Bax, deyirəm, sözüm sözdür, hər kəs bu qızı sağaltsa, ona verəcəyəm.

Xidmətçi. Uğurlar olsun, xan. Bir adam gəlmiş, əjdahanı mən qaçırıram, bacarmazsam, başımla cavab verirəm deyir.

Muğanxan. Durma, söylə gəlsin! Bu da bacara bilməzsə, yazıq qız.

Ülkərxanım. Nə bilim... kaş ki, o sağalsın, yeddi addım yer yalaram.

Aydoğdu daxil olur.

Aydoğdu. Uğurlar olsun, xanım!

Muğanxan. Uğurlar... Gəl, oğlum, gəl! (Əfsunçulara) Siz çəkilin!

Aydoğdu. Hər kəs çəkilsin, yol açılsın, bu bağçada qızdan və məndən başqa kimsə qalmasın.

Hamısı salona çıxarlar, məyus bir halda bəklərlər.

Aydoğdu (əlini havada oynadıb). Çəkil get!

Əjdaha dərhal açılıb gedir. Oğlan qızın əlindən tutub qaldırır və salona gətirir.
Ay göy üzündə görünür.

Ülkərxanım. Ay doğdu!.. (Hamısı səcdəyə düşər)

Muğanxan (Aya). Ey ata Ay! Səni ana Günəşə and verirəm, qızımı bu pis ruhun pəncəsindən qurtar!

Batıxan. Gündüz günəş varkən ay pək az olur ki, doğsun.

Muğanxan. Həm də nə qədər gözəl doğmuş! Dostu günəşə qovuşmağa can atır.

Aydoğdu (Günəş xanımın əli əlində salona girər). Buyur, xan, bu sizin qızınız.

Salonda hər kəs sevinc içində onlara doğru qoşar.

Muğanxan. Mənim qonağımda da Günəş ilə Ay doğdu. Həm də nə qədər gözəl. (Qızı və oğlanı öpüb) Oğlum, nə istəyirsən? Söylə!

Ay doğdu. Vədə verdiyinizdən başqa bir şey istəməm.

Muğanxan. Haqlısan, oğlum, mən sözümdən qaçmaram, adın nədir?

Aydoğdu. Adım Aydoğdudur.

Muğanxan. Aydoğdu? Ox, nə gözəl təsadüf. Göydə Ay doğarkən, sən də qızım Günəşlə bərabər. Bu uğurlu bir faldır. Qızım, Günəş, Aydoğdu xan səni ölümdən qurtardı, o olmasaydı, sən ölmüşdün. Əhdimə görə, səni ona verməliyəm. (Aydoğduya) Haydı, oğlum, Aydoğdu! Qızım Günəşlə get, o biri odada bəyəndiyiniz geyimlərdən geyib, bəzənib gəliniz. Haydı, şən quzularım. Üstünüzə uğurlar, aydınlıqlar yağsın (Hər ikisi Muğan xana baş əyir və gedir. Sükut).

Batıxan. Bəs Qaraxan?

Muğanxan. O da öz taleyindən küssün. Başımıza gələni görmədinizmi? (Sükut) Bu gün mən çox qorxdum, yaradan qızım Günəşi bizə ikinci dəfə verdi. Bu gün onun ikinci dəfə anadan olduğu gündür. Bu günü hər il bayram və şənlik edəcəyimə əhd edirəm. Bu qədər qorxu və kədərdən sonra könlüm bir toy, bir kef məclisi görmək istəyir, qızımın toyunu bu gün başlayacağam. Çalğıçılar gəlsin!..

Batıxan. Xan, bu işin sonunu çox qorxunc görürəm. Gedib qardaşım Türkmən xana, oğlu Qaraxana nə söyləyim?

Muğanxan. Mən sizin yanınızda çox məhcub oldum. Bağışlayasınız. Gedib gördüyünüzü söyləyin, yaradan böylə töcü tökmüş, nə edəlim?!

Ülkərxanım. Böyük tanrının işinə qarışmaq olmaz. Biz onun suçlu, qaraüzlü, bacarıqsız qulları nə yapa biləriz? (Sükut).

Gültəkin (çıxar, bağçaya gedib iskəmlədə başını əlləri içinə alıb düşünür. Həzin musiqi çalınır). Ox, Qaraxan! Bacın kaş yerlərə keçəydi, qaranlıq ölkədə qorxunc ruhlarla birlikdə yaşaya idi, sənin yanına üzüqara dönməyəydi. Artıq üzünə nasıl baxacağam, qardaşım? (Ağlayıb iskəmləyə yıxılır, əjdaha gəlib onu tutur)

Çalğıçılar daxil olur.

Batıxan (Muğan xana). Bundan sonra bizim burada qalmağımız artıqdır. (Xidmətçiyə) Gültəkin nerədə? Çağır gəlsin. (Əsəbi dolaşır, xidmətçi gedər qızı əjdahanın ağzında görüncə dönər)

Muğanxan. Mən qızımı qardaşın oğlu Qaraxana verməkdən boyun qaçırmadım. Sizin böylə əfkələnməyiniz artıqdır...

Günəş xanımla Aydoğdu salona daxil olunca musiqi başlar və haman xidmətçi qor-
xunc bir halda daxil olur.

Xidmətçi. Xan! Gültəkin xanımı bağçada haman əjdaha tutmuş.

Hamı qorxu və heyrət içində ayağa qalxır, musiqi susar.

Muğanxan (hamıya). Siz heç yerinizdən tərpənməyin!

Batıxan (əsəbi). Ox! Bu nə bəla idi düşdük? (Dolaşır. Xana) Xan, Gültəkini sizdən istəyirəm.

Muğanxan (Aydoğduya). Oğlum, Aydoğdu! Bu artıq sənin vəzifəndir.

Aydoğdu (mütəəssir). Mən... artıq... bacarmaram.

Muğanxan (sözünü kəsərək). Oğlum, elçilər əliboş gedir, Gültəkin xanım da böylə olsa, işin sonu yaxşı olmaz. Haydı, oğlum!

Aydoğdu (düşündükdən sonra). Mən sizin buyruğunuzdan çıxmaram. Gedirəm, tanrı ya ona verəcək, ya sənə!.. (Gedir)

Günəşxanım (mütəəssir). Oh! Bu nə işlərdir, ey yaradan?!

Muğanxan Tanrı yar olsun sənə!

Ülkərxanım Tanrı yar olsun sənə! (Sükut)

Aydoğdu bağçaya girir, əjdaha başını qaldırıb

Əjdaha. Oğlan, şərtimizi unutdunmu? Demədimmi sənə ikinci dəfə gəlmə?!

Aydoğdu. Gözüm, quzum, mən sənə təvəqqe üçün gəlmədim. Bir qara xəbər verəcəyəm, qorxma!

Əjdaha (qorxub). Nə xəbər?

Aydoğdu. Evimiz yıxıldı, quyunun ağzını açmışlar. O xatun quyudan çıxıb budur ağzı köpüklü gəlir, çarə nədir?

Əjdaha (qorxulu). Qaçmaqdan başqa çarə yox! (Qızın boğazından açılıb tələsik gedər. Aydoğdu qızın əlindən tutub qaldırır və onu salona gətirir. Hamı ucadan bağırır) Yaşasın Aydoğdu xan!

Balet, musiqi

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets