Məclis Pəri xanımın bağçasında vaqe olur. Dursun əlində bir
səbət armud, yorulmuş bir halda bağçaya gəlir.

Dursun. Ah, bu bəylərin də zəhirmar bəxşəyişi qurtarmaz ki!.. Bu uzun yolu şey daşımaqdan yoruldum. Sonra da iki saat ac, susuz otur, xanımları gözlə!.. (səbətə baxır). İndi də armud göndərib, özü də yenə bu zəhirmar kağız iylə!.. Tuf, tuf! Zəhrimara dursun, acından can da versəm, bir dənə yemək olmaz. (Kağızı göstərib). Çünki bu zəhrimar xəbər verəcək! Susuzluqdan ciyərim yanır, yəni bundan bir dənə yesəm nə olar? İndiyə kimi yadıma düşməyir?! (gülür). Ha, ha, ha... Ay şeytan kağız! Yəni eylə oldu ki, ayı boğan oğlu Dursan sənin qədər də bilmədi. (Kağızı götürüb bir çuxurda basdırır). Yaxşı, gözəl kağız, sən də yoldan gəlib yorulmusan, bir az yat, burada dincəl! Yat, yat, bir az rahat ol, gözlərini də bərk-bərk yum! (Ətrafa baxır). Bax, belə fənd gələrəm!.. Bu, heç şeytanın da fikrinə gəlməzdi! Qara üz kağız! De görüm, indi mən nə qayırıram (Armuddan yeyir). Xanıma indi nə xəbər verəcəksən? (Birini yeyir) Sənin başına elə oyun gətirməmişəm ki, bir şey görə biləsən. Deyirlər, “Dursun axmaqdır, heç zad bilməyir”. Nə üçün axmaq oluram, mən ki, şeytana papış tikirəm. Cadu və sehrin gözlərini bağlayıram, əgər qoçaqsan de görüm mən nə qayırıram? (Yenə armuddan yeyir). Yox, daha bilməzsən! Yat, yat, bir az rahat ol, mən də armuddan bir qədər yeyib, qarnımı doydurum. Gözlərini yum ha, xəbərçi! Sonra yalan-palan hər nə ağzına gəldi xəbər vermə ha!.. Bax, dünən xəbərçilik etməsəydin, bu gün səni yerə basdırmazdım. Daha bəsdir. Amma nə ləzzətlidir!.. (Kağızı çıxarıb ona xitabən) Bəsdir yatdın. Mən də heç yata bilmədim. Heylə buradaca oturub, armudlara baxırdım. Sən deyən yaxşı armuda da oxşamayırlar. Gəl dost olaq, bir az oturub danışaq. (Kağızı əlilə sığallayır). Quzum kağız, gözüm kağız! De görüm xanım sənə nə tapşırmışdır? Nə üçün dinməyirsən? Danışıb söyləsən a?..ha, ha, ha... Qorxma, mən sənin kimi xəbərçi deyiləm, xanıma xəbər vermərəm. De görüm, de. Xanıma nə danışacaqsan? Niyə dinməyirsən? Səninlə deyiləm? Bax, əzizim, bu Dursunun boz üzünü görməmisən? Bu yumru boş çomağı görürsənmi? Vallah, təpəndən elə endirərəm ki darmadağın dağılarsan! Heç olmasa bir kəlmə danış! Danışmayacaqsan? İndi belə? Di dayan!.. (Çomağı qaldırıb kağızı vurur) Murdar, gördünmü?! Xanımları görəndə dilotu yeyirsən, məni görəndə dilin qarnına düşür, lal olursan! İndicə səni bülbülə döndərərəm.

Kağızı çomaq ilə vurur. Aslan uzaqdan Dursunu görüb gəlir.

Aslan. Adə Dursun, Dursun!.. Nə qayırırsan?

Dursun (kağızı). Yenə danışmayacaqsan? Vallah dərini boğazından çıxardacağam!

Aslan (Dursunu tutub). Ay ayı oğlu ayı. Kağızı nə üçün vurursan?

Dursun. Əl çək, əl çək!.. Bunun heyfini də səndən alaram. (Kağıza vurur) ha, indi danışma!

Pərixanım ilə Dilşadxanım gəlirlər.

Pərixanım. Ah, nə səs-küydür, nə olub?

Aslan. Adə, a Dursun, xanımlar gəlir, dayan, bəsdir!

Pərixanım. A gədə, kağızı nə üçün döyürsən? Ay Aslan, qoymasana!

Aslan. A xanım, a başına dönüm! Məyər bu heyvan oğlu heyvan bir söz qanır?!

Pərixanım (Dursunun qolundan tutur) A gədə, dəli olmamısan ki, nə qayırırsan?

Dursun. Dayan, xanım, bu şeytan oğlu şeytan ilə hələ işim çoxdur.

Pərixanım (yavaş-yavaş). Kağızı döyməkdən nə çıxar? Səninləyəm, dayan armudları dağıtdın!

Dursun. De, get qurban ol xanıma! Yoxsa dərini boğazından çıxardacaqdım!

Dilşadxanım (kağızı yerdən götürüb). Ay, Dursun, bu kağızı nə üçün döyürsən?

Dursun. Heç xanım, bunun günahı çoxdur! (Armudu götürüb səbətilə verir)

Aslan. Görünür ki, armudlardan yenə yeyib, kağızı döyür ki, xəbər verməsin.

Dursun. Yox, yox yeməmişəm! Nə xəbər verəcək?

Pərixanım. Yaxşı, neçə armuddur?

Dursun (tez). On dənədir, on dənə!

Dilşadxanım (gülə-gülə). On dənədir, onunu da yeməmisən ki?

Dursun. Yox, yox... mən necə yeyə bilərəm?!

Pərixanım. Çox yaxşı, görək indi kağız nə cavab verəcək?

Dursun. Görək!..

Pərixanım. (kağızı oxuya-oxuya). Demək ki sən heç yeməmisən?

Dursun. Yox, xanım, yox!..

Pərixanım (uca səs ilə). Amma kağız yenə xəbər verir ki, iyirmi dənə armud göndəriblər!

Dursun. İnanma, xanım, inanma, yalan deyir.

Pərixanım. Yox, doğru deyir, de görüm o biri on armudu nə etdin?

Dursun. İnanma, xanım, vallah yalan deyir.

Pərixanım. Armudları yemisən?

Dursun (qarnına vurur). Yox, vallah xanım, onu döymüşəm, acığından xəbər verir.

Pərixanım. Bəs o biri on armud necə oldu?

Dursun. Yalan deyir axır... vay allah...

Pərixanım. Necə yalan deyir? Kağız yalan danışmaz. Yaxşısı budur ki, boynuna götür.

Dilşadxanım. Qorxma, doğrusunu de, mən qoymaram səni döysünlər.

Dursun. Xanım, vallah yalan deyir! O haradan gördü? Onu bir arşın yerin altında basdırmışdım.

Hamı (təəccüblü) Yerə basdırmışdın?

Dursun (qışqırır). Yalan deyir, yalan!.. İnanmayınız!

Pərixanım. Sən dedin kağızı yerə basdırmışdın?

Dursun. Bəli, xanım, bəli! O yalan deyir, heç zad görmədi, vallah görmədi, billah görmədi!.. O necə görə bilərdi...

Aslan çuxuru görür.

Aslan. Xanım, xanım, bax! Kağızı buraya basdırıbmış!

Hamısı (çuxura yanaşıb). Ay, buraya basdırıbmış!

Aslan (gülə-gülə). Ha, ha, ha!.. Xanım, kağızı Dursun buraya basdırıbmış! Sonra da armudları yeyibmiş ki, kağız görüb xəbər verməsin, elədirmi?

Pərixanım. İndi daha bilmişik, boynuna al ki, yemisən!

Dursun. Yalan deyir. Of, of... (ağlayır).

Pərixanım. Tez ol, tez ol. Boynuna götür, yoxsa...

Dursun (ağlayır). Ax, allah!.. Bağışla məni, xanım, qələt eləmişəm!

Pərixanım. Yemisən?

Dursun. Bəli xanım, yemişəm! Zəhrimar olaydı!.. (ayaqlarına yıxılıb ağlayır).

Pərixanım (gülə-gülə). Sən qorxmadınmı yedin?

Dursun. Xanım, mən lap dərin-dərin basdırmışdım. O ki, bir şey görmədi, amma yenə xəbərçilik elədi. Bağışla, məni, xanım, sən allah bağışla! Daha bundan sonra heç yemərəm. Bu kağız işin hamısını sizə xəbər verir. Bu sehr və cadudur.

Pərixanım. Qalx ayağa, axmaq, sən necə sadə və axmaq adamsan! Sən bu kağızı sehr və cadu bilirsənmi?..

Dursun (qaşına-qaşına). Bəli xanım, cadu olmasa o haradan bildi ki, mən armudları yedim?

Pərixanım. Yox, Dursun, kağızda cadu ola bilməz. Yaxın gəl, bircə bax, bu hərfləri görürsənmi? Bax, mən hərfləri biri-birinin yanına düzürəm, sonra orada hər nə yazılıbsa oxuyub bilirəm. Əgər bu hərfləri bilsən, sən də bizim kimi oxuyub yazmağı bilərsən. Biz oxumuşuq, bilirik, amma sən oxumamışsan! Anladınmı?

Dursun. Bu cızma-qara əyri hərfləri əvvəl şeytan düzəldib?

Pərixanım. Günahdır, Dursun, elə sözləri danışma! Bunları əvvəl yaxşı alim adamlar düzəltmişdir.

Dursun. Xanım, bu hərfləri mən də öyrənə bilərdimmi,

Pərixanım. Əlbəttə öyrənə bilərsən. Yazı-pozu bilmək çox gözəl şeydir. İnsanın əqlini kamalını, biliyini artırır, insanı xoşbəxt edir. İnsana yalqızlıqda yoldaş kimi olar. Anladınmı? Sən də oxu öyrən, indi mən sənin günahını bağışlayıram!

Dursun. Çox sağ ol, xanım, yaxşı sözə canım qurban!..

Pərdəsalınır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets