Səhnə Pəri xanımın ağaclı, güllü həyətini təsvir edir. Dursun əlində bir səbət
alma qapıya yanaşıb, itələyir, qapı açılır. Ətrafa baxıb heç kimi görmür.
Yorulmuş olduğundan yerə oturur.

Dursun. – Lap yoruldum. Havada o qədər istidir ki, adamın dildodağı quruyur. Az yol deyil, kim bilir bu istidə piyada neçə ağac yol gəlmişəm?! Bizim kənddən buraya qədər az olsa gərək yüz ağac yol olsun, bəlkə daha da çoxdur. Eh, allah kəssin bu bəylərin xasiyyətini. İki gündə bir görürsən ki, yenə bir səbət alma, armud, nə bilim nə zirzibil hazırlayıb deyir: “A gədə, Dursun, bunu Dilşad xanıma apar!..” Nə bilim salam yetir, belə de, elə et. Axır heç demir ki, bu istidə bu qədər yolu getmək olurmu? Di gəl bunlara bunu qandır. Heç bilmir ki, harada bişib, elə deyir, bir qaşıq da bura tök... Ah, necə edim!.. Bircə əlimə fürsət düşəydi... Elə ola idi ki, heç kəs mənim sözümdən çıxa bilməyəydi. Bu bəyləri qara çomağın qabağına qata idim. Dərə təpə baş aşağa, baş yuxarı o qədər dolandıra idim ki, lap mala dönə idilər. Onda bilərdilər ki, bu Dursun nələr çəkir. (Almaları əlinə götürür) Oxay, nə gözəl almalardır! Görəsən özləri də rəngləri kimi dadlıdırmı? (Kağıza baxır) Hələ bu cızma-qara nədir ki, mənə verdi? Yaxşı, bu almaları yeyirlər. Bu çox gözəl! (Kağıza baxır). Görəsən bunun içində nə var? Qərəz ki, bu bəylərin işindən heç cin, şəyatin də baş çıxartmayır.

Dilşad xanımın nökəri Aslan gəlir

Dursun. Salaməleyküm, Ay Aslan!

Aslan. Əleyküməsəlam, ay Dursun! Yenə Diləfruz xanım nə göndərmişdir?

Dursan. Heç bir az almadır! Sən allah, tez ol, yorulmuşam, məni xanımın yanına tez apar ki, bunları verib bir az rahat olum, çox yorulmuşam, susuzluqdan lap ölürəm.

Aslan. Tələsmə, mən xanımı rahatsız edə bilmərəm, bir az otur, dayan, xanım özü bağçaya çıxacaqdır, onda sözünü deyərsən. Sonra gəl mənim otağıma, səni o qədər yedirdib, içirdim ki, lap öküz kimi şişəsən! Hələ otur. (Gedir)

Dursun. Axmağın biri axmaq, özünü mənə tanıdır. Doğrusu ki, özgənin evində adam heç rahat olmayır, yediyi, içdiyi də canına yapışmayır. Ah, bircə qab su ola idi, içə idim. Ah, Noçalı bulağı burada ola idi. Ağzımı dirəyib bir doyunca içə idim! (Yenə almalara baxır) Oxay, sizin qadanızı alım, a qırmızı almalar! Bax nə qədər gözəldirlər! Ax, susuzluqdan öldüm. Gəlsənə bu almaların birini yeyim, xanım hardan biləcəkdir? (Yeyir). Ax nə dedin, nə ləzzətlidir!.. A kişi, bu bəylər vallah ağızlarının dadını yaxşı bilir (birini də yeyir). Bax, indi ağzım ləzzət anlayır. Yoxsa, səhərdən axşama kimi yavan əppək köşəməkdən dişimin əti də qaçıbdır. Əgər soruşsalar, deyərəm ki, xanım səkkiz alma göndərmişdir. Amma dadı damağımda qaldı. Heç doymadım. Gəlsənə birini də yeyim. (Götürüb birini də yemək istəyir. Uzaqdan xanımları və Aslanı görüb tez yerinə qoyur).

Pərixanım, Dilşadxanım və Aslan gəlirlər.
Dursun ayağa qalxır!

Aslan (xanımlara). Xanım, Dursun yenə təzə alma gətirmişdir. (Dursun baş endirir).

Pərixanım. Çox gözəl!

Dilşadxanım. Sağ olsun xalam, heç bizi yaddan çıxartmayır.

Pərixanım. Ah, Dursun, nə var, nə yox?

Dursun (almanı Dilşad xanıma verir). Sağlığınız! Xanım sizə səkkiz alma göndərdi və sizi də soruşurdu. Bu kağız sizə yetişəcəkdir.

Pərixanım. Ağanın, xanımların kefi necədir?

Dursun. Çox yaxşıdır, sağ ol, xanım, bir də bilməyirəm xanım nə tapşırmışdı. Vallah, yadımdan çıxdı.

Pərixanım. Nə tapşırmışdı? Bəlkə lazımlı şeydir, neçün yadından çıxartdın?

Dursun (fikrə gedib). Heç, heç, elə şey deyil idi, eybi yoxdur.

Dilşadxanım (almaları əlinə alıb). Amma xalamın da bu sovqatlarından keçmə! Seçir, harada yaxşısı varsa yenə göndərir ki, qoy Dilşad yesin. Amma nə almalardır!..

Dursun. Xanım dedi ki, bir parça kağız da yazsın.

Pərixanım. Yaxşı, yaxşı... yazaram! Yoldan gəlmisən, get bir az rahat ol. Adə, Aslan apar Dursuna bir az yemək ver.

Dursun (gedə-gedə). Sağ ol, xanım! (Aslan ilə Dursun gedirlər. Pəri xanım kağızı oxuyur).

Dilşadxanım. Ana, xalam nə yazır?

Pərixanım. Dilşad xanıma çox-çox salam! (birdən-birə). Bax, görürsənmi, bu çoban oğlu çobanı, məni aldadır. Xalan on alma göndərmişdir, görünür ki, yolda ikisini zəhərmarlamış. Onun nə cürəti var mənə göndərilən şeyi yesin! İndi ona göstərərəm.

Dilşadxanım. Nə edək, yeyib, anlamayıb, ay ana, sən allah, heç üzünə gəlmə!

Pərixanım. Necə anlamayıb? Mən ona yaxşı anladaram ki, bir də belə qələtləri etməsin.

Dilşadxanım. Sən allah, ay ana, bağışla, acıqlanma!

Pərixanım. Yox, yox, olmaz! Sən nökərlərin işini bilməyirsən. Mənim işimə qarışma. A gədə, Aslan, Aslan...

Aslan (yüyürə-yüyürə). Bəli, xanım, nə buyurursan?

Pərixanım. Tez ol, Dursunu bura çağır, gəlsin, yüyür.

Aslan. Baş üstə xanım, quş kimi çağıraram.

Dilşadxanım. Ax, ay ana, sən nə qədər hirslisən! Bunu bu dəfəlik bağışla!

Pərixanım. Qızım, bağışlamamış nə edəcəyəm? Amma bir az tənbeh etməyin zərəri yoxdur.

Aslan ilə Dursun gəlir. Aslan Dursunun başını əyir.

Aslan. Dursun, Dursun gəl xanıma baş vur, bir az da... bir az da!..

Pərixanım (acıqlı) Əl çək! (Dursuna) Qoçaq, de görüm, Diləfruz xanım neçə alma göndərmişdi?

Dursun (gülə-gülə). Səkkiz alma.

Pərixanım (gülə-gülə). Səkkiz alma?

Dursun. Bəli xanım, səkkiz alma.

Pərixanım. Doğrusunu de!

Dursun. Xanım, doğru deyirəm, səkkiz alma göndərmişdi.

Pərixanım. Yox, yalan deyirsən! Doğrusunu de, yoxsa sənə ağır tənbeh edərəm!

Dursun (qorxa-qorxa). Xanım, səkkiz alma göndərmişdi!..

Pərixanım. Yox, on alma göndərmişdir! De görüm ikisini nə etdin?

Dursun (Pəri xanımın ayağına yıxılır). Bağışla xanım, sən allah bağışla! (Birdən ağlayır).

Pərixanım. De görüm sən almanın ikisini nə etdin?

Dursun Yedim!.. Bilmədim, xanım!..

Aslan (yerdən bir az torpaq götürüb Dursunun ağzına verir). Qoçaq, indi ki, bilməyib yemisən, al bu torpağı da ye! (Dursun onu itələyir).

Pərixanım. Bilmirsən bu cür işin üstündə adamı necə tənbeh edərlər?!

Dursun. Bilirəm, xanım, bağışla, qələt eləmişəm, daha yemərəm, vallah yemərəm!.. Mən elə bildim ki, sən başa düşməzsən, susuzluqdan ölürdüm, yedim. Yoxsa yeməzdim, sən allah, bağışla, xanım!

Pərixanım. Yaxşı, yaxşı... qalx ayağa, bu dəfəlik bağışlayıram, amma bir də belə qələt eləməyəsən!..

Dursun ayağa durub, hamıya qorxa-qorxa baxır və
büzülüb boynunu qaşıyır.

Aslan. Almanı yediyi bəs deyil, indi də mal kimi qaşınır.

Dursun (yerə yıxılıb). Sən allah, xanım, bağışla, istəyirsən di məni öldürsünlər, əzsinlər... Bircə söz səndən soruşacağam!

Pərixanım. De görüm, nə deyirsən?

Dursun (dayana-dayana). Xanım... başına dönüm, bircə de görüm, sən hardan bildin ki, almaları mən yemişəm? Sənə bunu kim dedi? Mən almaları elə gizlin yemişəm ki, quş da görməmişdir, heç şeytanın da xəbəri olmamışdır!.. Sən allah, xanım, de görüm, bunu sənə kim xəbər verdi?

Pərixanım (gülə-gülə). Sənə çox təəccüb gəlir?

Dursun. Çox təəccüblü işdir, bəs nədir?!

Pərixanım. İstəyirsən biləsən mənə kim xəbər verdi?

Dursun. Başına dönüm xanım, de görüm kim xəbər verdi?

Pərixanım. Bax, görürsən, bu bir parça kağız mənə xəbər verdi. Sən almaları yeyəndə, bu kağız görmüşdür (gülə-gülə gedirlər).

Dursun. Hay, zəhrimara qalmış kağız! Tüfu!.. Yaramaz!.. Mazaratın birisi!..

Aslan (gülə-gülə). Bildin?! Daha bəsdir, gəl gedək! Belə iş edəndə kağızın ağzını elə yum ki, heç xəbər verə bilməsin!

Dursun. Bu kağızın da dili varmış!.. Görünür ki, bizim xanımlar, ağalar da azca aşın duzu deyildir. Sehr və cadudan da başları çıxarmış. Bir parça kağız ilə də danışırlar...

Aslan. Bəs, sən bunu bilməyirdin?

Dursun. Yox, vallah bilməyirdim, amma indi bildim, daha bundan sonra ayıq olaram.

Aslan. Bildin ki... (əlini başına vurur) Kül başına!.. (gedir).

Dursun. Əcəb işdir, bir parça kağız danışır, hər şeydən xəbər verir. İndi bildim. Bundan sonra mən aldanmaram. Mənə də ayı boğan oğlu Dursun deyərlər (fikrə gedir). Aha, ona görə bu bəylər belə dövlətli olurlar... Hər şeyi şeytan kimi danışdırıb bilirlər.

Bu halda Pəri xanım əlində kağız və qızıl bilərzik gəlir.

Pərixanım. Al, bu kağızı və bilərziyi xanıma verərsən, itirmə ha!..

Dursun (təəccüblü). Bax, elə xanımın tapşırdığı bu idi. Bunu hardan bildin, xanım?

Pərixanım (gülə-gülə). Bunu da kağız xəbər verdi.

Dursun (təəccüblə əlindəki kağıza baxır). Bay, başına dönüm Pəri xanım, bu nə yaramaz şeydir!

Pərixanım. Bəs!.. Daha vaxt keçir, yubanma, get!..

Dursun. Sağ ol xanım!.. (kağıza təəccüblə baxa-baxa gedir)

Pərixanım. Sağ ol!..

Pərdəsalınır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pirin kəraməti

İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.

19129 min
Ağlaşma

ISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:

19122 min
Dəyərli bir xatirə

İsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.

19146 min
İblisin hüzurunda

Qaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.

19156 min

Poems by other poets