Birinci şəkil

Səhnə, Poladın kiçik həyətini və yoxsul daxmasını təsvir edir.
Anaxanım xalçanı (süpürə-süpürə oxuyur)

Anaxanım

Allı, bəzəkli xalçam,

Güllü, çiçəkli xalçam!

Nənəm məni toxumuş,

Bayatıdan oxumuş.

Gözəldir hər naxışın,

Can verir hər baxışın.

Keçmişləri anarsan,

Nənəmdən yadigarsan.

Allı, bəzəkli xalçam,

Güllü, çiçəkli xalçam!

Eloğlu kuzədə su gətirib qapı ağzına qoyur.

Anaxanım (soruşur). Oğlum, niyə gec gəldin? (Eloğlu cavab vermir. Bir kasaya su töküb anasına uzadır. Anası suyu alıb içir) Sağ ol, oğlum, susuz idim, ürəyimin odunu götürdü.

Eloğlu. Nuş olsun, ana can!

Anaxanım (bir xalçaya, bir də Eloğluya baxaraq). Xalçaya vurulan naxışlara bir bax, çiçək kimi insanın üzünə gülür. Bunu toxuyan əllərə qurban!

Eloğlu. Bunu kim toxuyub, ana?

Anaxanım. Oğlum, rəhmətlik nənəmdən yadigardır, öz əli ilə toxuyub. Bu xalça nə qədər adam qocaldıb, neçəsini yola salıb. Ancaq, özü elə bil bu gün xanadan çıxıb, rəngi də dəyişməyibdir.

Eloğlu. İndi bildim, sən bu xalçanı nə üçün bu qədər sevirsən. Nənəndən, anandan yadigar olduğu üçün.

Anaxanım. Doğrudur, oğlum ata, ana yadigarı şirin olur. Qalx, mənə kömək elə, ipdən asaq, bir az hava dəysin.

Eloğlu (xalçanı anasının əlindən alıb bükə-bükə). Ana, bu xalçanı gizlət. Xan onu səndən almaq istəyir.

Anaxanım (əsəbi). Nə deyib almaq istəyir? Atasına borcluyam?

Eloğlu. Mən suya gedəndə gördüm, xan, nökəri Səməndərlə çeşmə başına gedir. Məni görməsinlər deyə, özümü tez ağacların altına vurdum. Səslərini eşidirdim. Səməndər xana sənin xalçanı tərif eyləyib: “Xan evinə layiq xalçadır”, deyirdi. Səməndər indi gələcək, bilirəm. Xalçanı gizlət, vermə!

Anaxanım. Vay, görüm onu yox olsun. Bu acgöz gördüyündən, göz, eşitdiyindən qulaq kirəsi istəyir.

Eloğlu. Evimizin bəzəyi, yaraşığı elə bu xalçadır. Onsuz daxmamız çirkin görünər.

Anaxanım. Atan da bu xalçanı çox xoşlayır.

Eloğlu. Doğrudur. Hər gün ona tamaşa etməkdən doymayır. Bir gün ondan soruşdum: ata, sən xalçaya çox müştəri gözü ilə baxırsan, yoxsa, satmaq istəyirsən? O: “Yox, oğlum, bu xalça satılmaz!” dedi.

Anaxanım. O bilir ki, bu yadigarı mən öz canımdan da artıq sevirəm. Atan acından ölər, bu xalçanı satmaz!

Eloğlu. Uf, acından ölər, dedin aclığım yadıma düşdü. Yeməyə nəyin var?

Anaxanım. Can, bala, o xanı görüm qan qussun. Kişiyə verdiyi gündə tağalaq kimi üç dəfə arpa çörəyidir, onu da rahat yeməyə qoymur.

Eloğlu. Ana bu gün atamın yanına getmişdim. Yazıq kişi qantər içində işləyir... Mən daha böyümüşəm, on altı yaşım var, atama yük olmağım ar gəlir. Mən də gedib işləmək istəyirəm.

Anaxanım. Yox, başına dönüm, o namərdin qapısında səni işləməyə qoymaram. Atan gülünü dərdi, sən də gülabını çəkərsən.

Eloğlu. Çarəmiz nədir. Gec-tez işləyəcəyəm ki...

Anaxanım. Yox, bala, yox. (Qapı tərəfə baxaraq) Bu kişi harda qaldı?

Eloğlu. Atamın yolunu yaman gözləyirsən.

Anaxanım. Əlbəttə gözlərəm, onsuz bir günümüz olmasın, bu yoxsul daxmada ürəyimiz, dirəyimizdir.

Polad əlində üç çörək gəlir.

Eloğlu. Ürəyin, dirəyin gəldi. (Gülə-gülə atasını qarşılayır)

Polad. Bu nə sözdür?

Anaxanım. Heç, oğlun bizə sataşır, Otur, otur, bilirəm yorulmusan, bir az dincəl.

Polad. Oxay, evin birinci dəfə binasını qoyanın atasına rəhmət! Bu kasıb daxmamız cənnətdir, cənnət! Qapıdan içəri girincə bütün dərdimi, yorğunluğumu unuduram. Anaxanım, başına dönüm, qalx, süfrə sal, uşaq acdır, çörəyimizi yeyək.

Anaxanım sürfə salır, üç dənə tağalaq çörəyi ortaya qoyur. Ata-oğul
oturub nahara başlarkən, Poladı çağırırlar.

Atakişi. Polad!.. Polad!..

Polad durub gedir.

Eloğlu (əsəbi). Ana, tez ol xalçanı gizlət! Deyəsən...

Atakişi. Günortan xeyir olsun!

Polad. Xeyir içində olasan! Buyur içəri!

Atakişi. Yox, oturmayacağam. Gəldim ki, sənə xəbərdarlıq edim. Dilini bir az saxla, xandan az danış, Səməndər hamısını xəbər verir. Bunun axırı yaxşı olmaz!

Polad. Nə deyir axı?

Atakişi. Deyir ki, bəy dediyin nədir, bəyənmədiyin nədir? Kişinin çörəyin yeyir, hələ xalq içində dalınca min söz danışır. Mən o sözləri xana çatdıracağam.

Polad. Bəs belə... Görəsən hansı sözləri deyir?

Atakişi. Deyir ki, rəiyyəti yoldan çıxarırsan, kəndlilərə deyirsən ki, ay yazıqlar, nə qədər çalışırsız, çapalayırsız, yenə də acsınız, ac, qazancınızı it yeyir, yaxanızı bit.

Polad. Ay namərd, mən xanın çörəyini yemirəm, öz əlimin qazandığını yeyirəm.

Atakişi. Bir az dilini saxla, özünü o zalımdan qoru! Hələlik, sağ ol!

Polad. Çox sağ ol. Atakişi! Xoş gəldin!

Atakişi (getmək istərkən qayıdır). Bura bax, Polad, bir də onu deyəcəkdim, xalçanda xanın gözü var, onu səndən almaq istəyir.

Polad. Buda bir xəbər. Vallah, bilmirəm başımı alıb hara gedim. Gündə bir bəd söz eşitməsən qulaqların kar olar. Sağ ol, dostum, sağ ol!

Atakişi. Uğurlar olsun! Mən getdim.

Polad. Uğurlar olsun!

Anaxanım (yaxınlaşır). Söhbətiniz nə uzun çəkdi?

Polad. Heç, öz işimizdən danışırdıq.

Anaxanım. Bilirəm, çöldə qiyamət qopsa da, sən evdə ağzına söz alıb danışmazsan.

Polad. Qan qaraldan, könül bulandıran sözü danışmağın nə faydası var.

Anaxanım. O acgöz xan xalçanı əlimizdən almaq istəyir.

Eloğlu xəbər gətirdi.

Polad. Xəbərim var, arvad, onu vaxt ikən gizlətsən yaxşıdır.

Eloğlu. Düz deyirsən, ata, xalçamızı xana verməyək. Xanın nə qədər torpağı, sürüsü, ilxısı var. Bizim var-yox bircə xalçamız var, onu da əlimizdən almaq istəyirlər. Bir də axı o, anama yadigardır.

Polad. Mən də, oğlum, onun üçün deyirəm. Xalçanı vaxt ikən gizləyin, yoxsa, xan istəsə, biz də verməsək, arada düşmənçilik başlar.

Anaxanım. Yaxşı, acsınız, gəlin çörəyinizi yeyin.

Hər üçü oturub əllərini çörəyə apararkən xannökərləri
Səməndər və Əkbərlə daxil olur.

Səməndər. Polad!.. Polad!..

Polad (qarşılarına çıxır). Salaməleyküm, xan!

Xan. A kişi, sən hələ evdəsən?

Polad. Xan, işdən indicə gəlmişəm, çörəyimi yeyib gedirəm.

Xan. Yaxşı, deyirlər sənin yaxşı bir xalçan var, ona baxmağa gəlmişəm.

Anaxanım. Allah, sən kömək ol!

Polad. Xan, xalça mənim deyil, uşaqların anasınındır, atası evindən gətirib.

Xan. Hər kimindir, baxmaq da olmaz?

Polad. Niyə olmaz?

Anaxanım (xalçanı büküb götürmək istəyir). Köhnə xalçadır.

Səməndər. Bükmə, bükmə, xan baxmaq istəyir, aç! (Xalçanı açıb xana göstərir) Naxışlarına bax, elə bil üstündə heç əl işləməyib, adamın üzünə gülür.

Xan. Yaxşı xalçadır. Əkbər, xalçanı al, evə apar.

Anaxanım. Xan, bağışla, bu xalça yadigardır. Onu canımdan artıq istəyirəm, heç kəsə verə bilmərəm.

Xan (acıqlı). A gədə Polad, sən nə deyirsən?

Polad. Xan, sənə nə deyə bilərəm, mal sahibi özü bilər. Xalçanı mən arvadın əlindən ala bilmərəm!

Xan. Ala bilməzsən?!

Polad. Yox. Çünki bu xalça onun canıdır, onu bu xalçadan ayırmaq olmaz!

Əkbər. Sən tərsindən başladın, bir xalça nədir ki, onu xandan əsirgəyirsən?!

Səməndər. Mənim yüz xalçam olsa, xana qurban eylərəm.

Polad. Bilirəm, sən qurban eylərsən, neyləyim, mən sənin kimi comərd ola bilmərəm ki.

Səməndər. Sahibi bağı qıydı, bağban bir salxım qıymadı, bu yerdə deyiblər.

Polad. Sən quyruq bulama, xan xalçanı kasıb bir arvadın əlindən almaz!

Xan. Sus, nanəcib!.. Haram olsun sənə mənim çörəyim. Bu gündən sənin kimi rəncbər mənə lazım deyil. Torpağımda gəzməzsən, suyumdan içməzsən, ot, ələfimə əl vurmazsan, yaşa görüm, necə yaşayacaqsan.

Əkbər. Di get, özün etdin özünə, külü səpdin gözünə.

Səməndər. Xan, siz bilmirsiniz bu necə duz-çörək ayaqlayan adamdır, çörəyinizi yeyir, dalınızca min söz danışır.

Xan. Nə deyir?

Səməndər. Kəndlilərə deyir ki, nə qədər çalışsanız, ilan kimi qabıq qoysanız, yenə acsınız ac, qazandığınızı it yeyir, yaxanızı bit.

Xan. Vay, heyvan oğlu heyvan, mənim elə düşmənim bu imiş, heç xəbərim yox! Rəiyyətin içinə ixtişaş salmaq istəyir (Səməndərə) Bu həyasız oğlunu gətir qulluğuma!

Səməndər (Poladın qolundan tutub çəkərək). Düş qabağıma! Dikbaşlığın axırı budur.

Eloğlu (Səməndəri əli itələyir, atasını qucaqlayır). Atamı aparmağa qoymaram!

Səməndər (onu bərk itələyir). A gədə, çəkil, əl-ayağa dolaşma!

Eloğlu (Səməndəri itələyir). Sən çəkil! Qoymaram!

Xan. Yaxşı deyiblər, ilanın balası da ilan olar. A gədə, Səməndər, biz getdik. Bu xaini bu saat hüzuruma gətir!

Səməndər. Baş üstə, xan!

Xan (Əkbər ilə gedərkən). Xalçanı da gətirərsən!

Səməndər. O da baş üstə! (Polada) Düş qabağıma gədə!

Eloğlu və Anaxanım ona yalvarır.

Eloğlu. Atamı aparma!

Anaxanım. Ay oğul, kişini qana salma, bizə yazığın gəlsin.

Səməndər. Xanın əmridir, çəkilin! (Poladın qolundan tutub çəkir)

Eloğlu. Qoymaram!

Anaxanım. Aparma!

Səməndər. Çəkilin, xanın əmrindən çıxa bilmərəm (Polada) Gedək!

Eloğlu. Dayan, ana, xalçanı ver, atamı buraxsın.

Anaxanım (xalçanı Səməndərə tərəf ataraq). Al, Poladın başına sadağa, kişini burax!

Səməndər. Xalçanı da xan istəyir, onu da aparacağam. (Yerdən götürür) Tez ol, gədə!

Polad. Sağ olun!

Eloğlu. Mən də gedirəm.

Anaxanım. Bəs mən? Məni kimə tapşırırsan?

Eloğlu və Anaxanım Poladı araya alıb ağlayırlar.

Eloğlu. Ata!.. Ata!..

Polad. Kişi qızı, kişi oğlu namərd qabağında ağlamaz! (Hər əli ilə birini qucaqlayır) Səbirli olun, dözümlü olun! (Eloğlunu öpür,

Səməndər amiranə) Gedək!

Səməndər Poladı aparır. Anaxanım və Eloğlu Poladın arxasınca baxırlar.
Arxada vətəni təmsil edən nurani qadın köhnə paltarda peyda
olur, üzərinə hər yandan işıq yağır.

Nuraniqadın. Polad! Dözümlü ol! Xalqın sənə həmişə köməyi olacaq!

Hamı heyrətlə ona baxır. Aydınlıq və musiqi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets