Dördüncü pərdə
Beşinci şəkil
Xanın bağıdır. Gövhər xanımın toyuna hazırlıq gedir Eloğlu, Atakişi, Telli,
Anaxanım palazları, xalçaları süpürür, təmizləyirlər.
Cavahirxanım (Anaxanıma). Ey, qarabaş, palazları yaxşı təmizlə! Adımıza layiq sahman düzəldin!
Xan (amiranə). Bu xalçanı mənim taxtımın üstünə sal! (Cavahir xanıma) Gedək, bir otaqlara da baş çəkək! (Gedirlər)
Telli. Qan qusmuşlar, bax, nə hökm kəsir!
Atakişi. Vaxt var idi sən onlardan da pis hökm kəsirdin. Səməndər gedəli dilin qarnına girmiş.
Eloğlu. Telli indi çox dəyişib, bizə yaxınlaşır.
Telli. Hələ çox dəyişəcək. Səməndər məni bir gün görməsəydi dəli olardı. Kişi canının qorxusundan baş götürüb elə qaçdı ki, heç dalına da baxmadı. Belə zülm olar?!
Eloğlu. Neyləsin, canını qurtardı, qalsaydı, onun da canı matraq altında çıxacaqdı.
Telli. Gördüm, bala, gördüm.
Anaxanım çiynində xalı gedir.
Anaxanım. Mənim bu qapıya gəldiyim günə min lənət! Kaş o gün bu xalçanı verəydim. Bəlkə quduz xan kişidən əl çəkəydi. (Ağlayır)
Eloğlu (gülə-gülə). Ana, bu gün el bayramıdır. El qızı öz bayramında ağlamaz. (Süpürgəni götürüb süpürə-süpürə) Çəkilin, çəkilin, xalçaların üstünü özüm süpürəcəyəm.
Anaxanım (ona acıqlı baxaraq). Yaxşı, yaxşı sən də get-gedə yaltaqlanırsan.
Atakişi. Anaxanım, bu gün Eloğlunun kefinə heç kim dəyməsin gərək.
Telli. A yetim, nə var? Xeyir olsun, bu gün yaman əl-ayaq açmısan. Üzün, özün gülür.
Atakişi. Gövhər xanımın toyudur.
Eloğlu. Səməndər yaxşı qaçdı qurtardı, bu günü görmədi.
Telli. Elə qurtardı. Məni yanar təndir içində qoyub getdi. Hələ bilmirəm bu Əkbərə nə oldu?
Atakişi. Mən də buna çaşıb qalmışam. Bu zalım oğlu nə üçün yoxa çıxdı?
Telli (Eloğlunun işləməsinə baxaraq). Yetim yaman güclənib, ayaqlarını yerə basanda yer titrəyir.
Eloğlu (süpürə-süpürə). Çəkil, çəkil, bayram aşıma duz qatma!
Zümrüd. Ata, ata!
Atakişi. Can ata, qızım, sən də gəldin? Başını qucaqlayıb. Nazlı qızım, duzlu qızım!
Zümrüd. Bu xalçaları nə üçün yerə döşəyirlər?
Atakişi. Gövhər xanımın toyudur, qızım! Bu gün çalıboynayacaqlar. Telli, sən də oynayacaqsanmı?
Zümrüd. Yox, mən bilmirəm
Eloğlu. Mən tütəyi çalanda yaxşı oynarsan. Mən də anam ilə qarşı-qarşıya oynayacağam.
Anaxanım. Sus, atanı nə tez unutdun?
Eloğlu. Çəkilin, çəkilin, xalçaları yaxşı süpürün, oynayanda toz olmasın.
Anaxanım. Sən demişkən, ay Telli, bu gedə bu gün qudurub.
Telli. Mən deyirəm, bunlarda bu gün bir iş var. Bircə o qocaya bax! Kefi gör necə sazdır! Sən elə bilirsən bunlar toya sevinir? Yox, başqa iş var, nədir, bilmirəm.
Atakişi. Başqa nə iş ola bilər? Bu gün Eloğlunu toy bəyi tikəcəyik, hamını bir-bir oynadacaq. Hətta xanı da, xanımları da. Eloğlu ilə Anaxanımı mən oynadacağam.
Anaxanım. De, de, nə bilirsən de. belə oğlu olan anaya bu da azdır.
Atakişi. O necə oğuldur? Hər oğul belə olsaydı nə dərdim vardı! Mənim elə oğlum olsa, şadlığımdan papağımı göyə ataram.
Anaxanım. Yox, daha gözümdən düşdü. Al, verdim sənə.
Atakişi. Sonra peşiman olarsan.
Anaxanım. Yox, olmaram.
Atakişi. Nə deyirsən, Eloğlu?
Eloğlu. Mən xalqımın oğluyam.
Anaxanım. Yaramaz, bəs mən kiməm?
Eloğlu. Sən də elimin qızı. Ana can, gəl barışaq, sənə bu gün bir kef verəcəyəm ki, üzündəki qırışıqlar bu xalçadakı güllər kimi açılacaq. Sən oğlunu o qədər ağılsız bilmə!
Anaxanım. Nə bilim. Mən ki, səni ağıllı oğlan bilirəm.
Atakişi. Bildiyində artıqdır. Oğul deyil, noğuldur, noğul!
Telli. O, başqa yetimdir, xala. Canunçün, bax, bu gözlərimlə gördüm. Balaoğlanı əvvəlcə xalçanın içində gizlətdi. Sonra sandıqda gizlətdi. Sonra, bax bu hovuzun içinə soxdu. Başına da qabağı qoydu. Bunlar şeytanın da fikrinə gəlməzdi.
Atakişi. Sonra harda gizlətdi?
Telli. Bax, mən də ona quruyub qalmışam. Gədəni bilmirəm sonra hansı deşiyə soxdu ki, yoxa çıxdı.
Atakişi. Yuxarıdan şappıltı ilə Səməndərin başına düşən kim idi?
Telli. Yoxsa, sonra da zənbilin içində gizlətmişdi? Vay, səni Eloğlu!..
Atakişi. Bunda belə işlər çoxdur.
Xan, qonaqları və çalğıçılar ilə birlikdə gəlir.
Xan. Oturun, oturun! (Hamı öz yerində oturur)Ruhlara fərəh verən musiqidən başlayaq. (Çalğıçılara) Bir segah çalın!
Çalğıçılar çalır, xanəndə oxuyur.
Şor torpaqda bar olmaz,
Heyva olmaz, nar olmaz.
El qədrini bilməyən
Öz elinə yar olmaz!
Ölkəmi vurmuş dolu,
Xalqın olub xan qulu.
Çıx dumandan ey günəş,
Sevindir ac yoxsulu!
Xan. Heyvan oğlu heyvan, bu nə sözdü oxuyursan? (Hücum edir.
Eloğlu əlindəki ağacla ona toxunur)
Eloğlu. Yapış!
Xan. Sənin ağzını yırtaram. Ağzından çıxan sözə bax. (Xanın ayaqları yerə yapışıb tərpənə bilmir)
Xan. Vay, ayaqlarım yerə yapışdı. Vay, məni qurtarın!
Səsə Mərcanxanım və arvadlar çıxırlar eyvana.
Mərcanxanım. A kişi, sənə nə oldu?
Xan. Ayaqlarım yerə yapışıb, qaldıra bilmirəm.
Mərcanxanım (gedir ki, xanı, qurtarsın, o da xana yapışır). Vay, mən də yapışdım.
Xan. Ayaqlarımı basma!
Mərcanxanım. Mən basmıram, uf, sən mənim ayağımı basırsan.
Mərcanxanım. Xan, bu xeyir işimizdə kim isə paxıllığından bizə seyr, cadu eləyib. A gədə, Eloğlu, get falçı Tükəzi çağır, bu çayın o tayında olur. Gələndə koxaya da de, altıbarmaq mollanın dalınca Qozlu kəndinə göndərəcəyəm.
Eloğlu tez gedir
Xan. Uf, yer zəli kimi mən yapışıb, bütün damarlarımı çəkir.
Mərcanxanım. Mənim də, mənim də...
Atakişi. Mənim bu qədər yaşım var, ömrümdə belə qəribə iş görməmişəm. Adam da yerə, adam da adama yapışarmı?..
Anaxanım. Məndə görməmişəm.
Qonaqlardan. Darıxmayın. Bu saat falçı Tükəz gələr, çarə edər.
Mərcanxanım. Bu yetim bəs harada qaldı?
Telli. Odur gəldi.
Eloğlu gəlir.
Mərcanxanım. Bəs falçı hanı?
Eloğlu. Mən ona çayın o tayında rast gəldim. Çayı keçəndə paltarını soyunub başına qoydu sonra paltarını götürüb geyinmək istədi, onun da paltarı başına yapışmışdı. Sizin yanınıza çılpaq gəlməyə utanır.
Xan (Atakişiyə). Çılpaq olsa da get onu tez gətir!
Atakişi gedir.
Eloğlu. Qonaq çağırdığın bəylər də gəlibdir, on beş-nəfərdir, altlarında elə atlar var ki, göy ilə əlləşir, hamısı çərkəsi geyib, qızıl vəznə, qızıl kəmər, xəncər bağlayıb.
Mərcanxanım. Bu qız nə bədbəxt imiş! Onların qabağına kim çıxacaq.
Eloğlu. Onlar da at üstünə yəhər yapışıb qalıbdır.
Xan. Böyük biabırçılıqdır. A kişi, belə iş olar?!
Falçı başına paltarı yapışmış halda ağlaya-ağlaya gəlir.
Falçı Tükəz. Xan, qurban olum sənə, mənim dərdimə bir çarə elə!
Mərcanxanım (onun başını qarmalayır). Ala, kül başına, biz bundan çara gözləyirik, bu bizdən istəyir.
Xan. Bəs koxaya nə oldu, o niyə gəlib çıxmır?
Eloğlu. Xan, o da qonaqların gününə düşüb. Atdan düşəndə yəhərə yapışıb. Ha çalışdıq, onu yəhərdən ayıra bilmədik.
Xan. Onu yəhərlə çağır gəlsin! Vay, yer adamı nə çəkir!
Koxa yəhərə yapışmış şəkildə gəlir.
Koxa. Qurban olum, xan, ölmüşəm, məni yerdən götür, yazığın gəlsin, qurtar məni bu bəladan!
Mərcanxanım. Başın batsın, hər kimi köməyə çağırırıq, bizdən kömək istəyir. Tez olun, xan əldən getdi, mən lap çatlayıram, tez olun çarə eləyin!
Telli (çalğıçılara kinayə ilə). Çalın, ucadan çalın bəlkə əcinnələr qorxub qaçsınlar.
Atakişi. Xan, Eloğlunun bir sehrli tütəyi var. Dağ-daşa səs salır, insan kimi oxuyur, deyin çalsın, bəlkə köməyi ola!
Xan. A gədə, yetim, tütəyi çal! Bərkdən çal!
Eloğlu. Baş üstə, xan, elə çalım ki, yatanları yuxudan diksindirsin, el-oba sel kimi axıb gəlsin.
(Tütəyi çalır)
Sən ey məni çalan oğlan,
Ey igid, qəhrəman oğlan,
Bu səs elin gur səsidir,
Dağlar yıxan qüvvəsidir.
Durma, xalqın gücünü al!
Get, düşməndən öcünü al!
Qoru bu əziz ölkəni,
Qoru xalqı, həm Vətənini!
Xan. Bu nə sözlərdir? Bu nə tütəkdir?
Səhnə arxasında kəndlilərin səsi eşidilir. Qəhrəman, Polad,
Balaoğlan, Səməndər və başqaları gəlirlər.
Eloğlu. Xoş gəldiniz xalqın azadlıq bayramına!
Atakişi. Gəlin, gəlin! (Anaxanımın əlindən tutub gətirir) Get, Poladla görüş!
Anaxanım. Polad! Polad!
Polad. Anaxanım!
Eloğlu. Ata! (Qaçıb Polada sarılır)
Səməndər. Ay telli! Ay telli!
Telli. Vay Səməndər! (Görüşürlər)
Xan. Bu çağırılmamış qonaqlar kimdir?
Qəhrəman. Bunlar boyunduruq altında gecə-gündüz öküz kimi sənə işləyən məzlumlardır.
Eloğlu. Ağac, kökündən su içər. Sən bu sağlam ağacı kökündən, bu coşqun dənizi dibindən qurutmaq istəyirdin. İndi cavab ver!
Xan. Məni heç bir şey qorxuda bilməz. Onlara bu qılınc cavab verər.
Eloğlu əlini tərpədir. Xan yerində dayana bilməyib yıxılır.
Eloğlu. Sən mənim bir əlimin yelindən yıxılırsan, bəs bu daşqın selə necə cavab verəcəksən?
Balaoğlan (çalğıçılara). Çalın, bir oyun havası çalın!
Qəhrəman, Polad, Anaxanım oynayır.
Qəhrəman (Səməndər və Telliyə). El, dəlisini çölə atmaz. Xalq sizi bağışlayır, oynayın!
Eloğlu. Xan, azadlıq bayramıdır, sən nə üçün oynamırsan?
Xan. A gedə, çəkil!
Eloğlu ağacla xanı, Mərcan xanımı, falçı Tükəzi və koxanı bir-birinə yapışdırır.
Onları ağacın işarəsi ilə havanın ahənginə uyğun oynadır.
Eloğlu. Eldən geri qalmayın, siz də oynayın!
Zümrüd (qəhqəhə ilə gülür). Ata, ata, ora bax, oynayırlar.
Atakişi. Ah, qızım, bu gülən sənsən? Nə böyük bəxtiyarıq!
Zümrüd. Mənəm, ata, mənəm. Daha naxoşluğum sağaldı. Bir ora bax, gör necə oynayırlar!
Eloğlu (Zümrüdə yaxınlaşaraq). Elimin gözəl qızı, gül, gül, gülmək sənin haqqındır.
Anaxanım. Gül, güllər açılsın, sünbüllər açılsın.
Atakişi (qızı qucaqlayaraq). Səni mənə yenidən bağışlayan bu azadlıq bayramına canım qurban!
Zümrüd. Ata, heç bilirsən ürəyim nə qədər şəndir!
Atakişi. Doğ ey günəş, çəkil ey duman!
Polad. Doğ, deyə-deyə, bu günəşi doğuzdurdun. Hər iki tərəfdən gözlərin aydın!
Atakişi. Sağ ol, Polad! Sənin də gözlərin aydın! Sən nə qədər bəxtiyarsan ki, Eloğlu kimi oğlun var.
Anaxanım. O bütün elin oğludur.
Zümrüd. Eloğlu, sən onları necə yapışdırdın?
Eloğlu. Mən yapışdırmadım, onları xalqın biliyi yapışdırdı. (Əlindəki tütəklə xanın dəstəsinə işarə edir) Sizin dövranınız keçdi. İndi dövran bizimdir. Çəkilin yerin altına!
Yer yarılır, onlar yerin altına girir. Hamı əl çalır.
Polad. Bu gündən yeni həyat, yeni dövran başlanır.
Zümrüd (qəhqəhə ilə gülür). Ata, Eloğlu nə qədər güclüdür! Yer yarıldı, xan dəstəsi ilə bir anda yox oldu.
Polad. O, elin qüvvətidir, qızım! El qüvvəti dağları kökündən atar, dənizləri qurudar.
Anaxanım. Doğru demişlər, insanı ağ gün ağardar, bax, qızın rəngi necə açıldı! Bir dəstə gül kimi hər yanağı min rəng çalır.
Yer altından yavaş-yavaş işıq ucalıb, səhnəni bürüyür. Vətəni təmsil
edən qoca qadın əvvəlki qiyafəsində işıqlar arasından çıxır, şad
baxışlarla ətrafa baxır.
Eloğlu (onu görüncə). Xoş gəldin böyük, sevimli anamız, əziz və mehriban Vətənimiz!
Qarı. Gözünüz aydın! Sizi təbrikə gəldim.
Hamı. Xoş gəldin, səfalar gətirdin!
Qarı. Pəh, pəh, nə gözəl məclisdir! Hamı şən, hamı bəxtiyardır, baxın mənim də üzüm, gözüm gülür. Ey köhnə həyatın paslı qalıqları, uzaq olun məndən! Bu gün yer gülür, göy gülür, xalq gülür, bax, hər yan gülür.
Səhnə qaranlıqlaşır, qarı üst paltarlarını çıxarıb atır, cavan və gözəl bir qadın şəklini
alır. Səhnə işıqlanır, xalq onu görüncə əl çalır.
Atakişi. Doğ ey günəş, çəkil ey duman!
Qarı. Gurla, ildırım, gurumhagurum!
Mən bu torpaqda şən həyat qurum!
Səhnənin arxa tərəfindən pərdə açılır Gözəl mənzərəli, başı qarlı dağlar, ətəkləri
yaşıl meşələr, bağlar, çəmənlər və tarlalar görünür. Onların arasında Kür çayı, Araz çayı
axır. Bağlarda qızıl güllər və çiçəklər açılıb, bülbüllər oxuyur. Xalq bu gözəl mənzərəni
görüncə şən nəzərlə baxır və hamısı bir ağızdan oxuyur.
Çöllərindir şən,
Hər yerin gülşən,
Sən nə gözəlsən
Ey ana vətən!
Qarı.
Daha durmayın!
Coşun, qaynayın!
El bayramıdır,
Çalın, oynayın!
Bu sözləri dağlardan gələn əks-səda təkrar edir musiqi çalınır, hamı oynarkən qarı
qollarını geniş-geniş açır. Hər yandan onların üstünə işıq yağır.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-eloglu-dorduncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
IBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:
Beşinci fəsilITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:
Altıncı fəsilIIAslan bəy böyük oğlu Varisi realnıməktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.
Yeddinci fəsilIAraz oğlu Poladı çox sevirdi. Polad ağıllı-kamallı bir oğlan olmuşdu. Araz hərdənbir Günəşə:
Poems by other poets
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
YükümUstadımdan dərs almışam,Mim, əlif, daldı yüküm.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi