Dördüncü fəsil
Page 1 of 4
I
Bazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:
– Ay Araz, hara belə tələsirsən? – deyə onu səslədi.
Araz dönüb baxdıqda kəndlisi Əsədi tanıdı. Görüşdükdən sonra onu evinə dəvət etdi. Əsəd:
– Yox, evlik işim yoxdur, otur buradaca danışaq, – deyə Arazın təklifini rədd etdi. Hər ikisi oturdu. Araz soruşdu:
– Kənddə nə var, nə yox? Çoxdan xəbər tuta bilmirəm.
– Bilirəm başın çox qarışıqdır. Doğrusu, əvvəllər bütün kənd sənin dalınca danışırdı, biri də mən: “Buna bax, Balakişinin oğlu gedib nə olub, nə olub, bolşevik olubdur” – deyirdik. Ancaq sizin bu axırıncı çıxışınızdan sonra kəndlilərin fikri yaman dəyişilib. Onlar deyirlər ki, bu Nikolaya fəhlələrdən başqa heç kəs bata bilməz. Bir de görüm, işləriniz necədir?
– Pis deyil, yaxşıdır, – deyə Araz cavab verdi.
Əsəd mənalı-mənalı gülümsəyərək:
– Təzə xəbəri eşitmisənmi? – deyə soruşdu.
– Hansı xəbəri?
– Deyirlər ki, ermənilər bizi qırmaq üçün bərk hazırlaşırlar. Bundan xəbərin varmı? Bu necə işdir?
Araz suala sualla cavab verdi:
– Bunu sənə kim dedi?
– Bütün kənd danışır.
– Axı bu xəbəri kəndə yayan kimdir?
Əsəd bir az duruxdu. Sonra yavaşca:
– Əgər aramızda qalsa, deyərəm, çünki o adama mən söz vermişəm, – dedi.
– Qorxma, de!
– Sizinlə işləyən Semyon yayır.
Araz bir az düşündükdən sonra dedi:
– Əsəd, hər kəsin sözünə inanma, sən bilirsən o Semyon dediyin adam kimdir?
– Yox, yaxşı tanımıram. Ancaq bir həftədir mənimlə yaman dostluq edir.
– Dediyin adam xəfiyyədir, adı isə Semyon yox, Mişadır. Semyon adını ona sonradan veriblər. Görürsən, Nikolay cəbhədə basılır, fəhlələr, kəndlilər hər yerdə baş qaldırır, hökumət bunun qabağını almaq üçün ortaya fitnə salmaq istəyir. Sənə dediyi bu sözü ermənilərə də deyir: “Ay ermənilər, müsəlmanlar sizi qırmağa hazırlaşır, siz isə yatırsınız!” Ermənilərin də sənin kimi qoçuları bu fitnəkar sözlərə inanıb, bunu xalqın içinə yayır. Başa düşdün? Get, dediyim sözləri kəndlilərə başa sal. Onları arxayın elə. Semyon məsələsi isə öz aramızda qalacaq. Bunu heç kim bilməməlidir.
Əsəd:
– Qəribə söz danışırsan, mən gedib xalqın başı altına yastıq qoyum, yatsın? Bəlkə doğru oldu. Ermənilər bizim üstümüzə gələndə biz arvad kimi qaçıb deşiklərə təpilək?
– Erməni sənin üstünə gələndə deşiyə təpil deyən yoxdur; ancaq sən tüfəng götürüb erməni üstünə getmə.
Əsəd ayağa qalxdı. Arazın məsləhətindən razı qalmadığı onun üzündən, gözündən sezilirdi. Qaşlarını çataraq acıqlı bir səslə:
– Yox, sözlərin beynimə batmadı. Bu it oğlu Nikolay yəni o qədər ölü oldu ki, beş, on ac-lüt fəhləyə də gücü çatmadı. Zalımın qoşunu dünyanı basıb gedir. Burda bir iş var, belə deyil. Kişi bizə silah da boyun olur. Bu fürsəti qaçırmaq olmaz. Silahımızı alarıq. Erməni üstümüzə gələr cavab verərik, gəlməz nə itiririk. Hələ sağ ol!
– Bura bax, heç bilmirəm o Mişa sənə silahı hardan verir?
– Nəyimə gərək. Mən elə bilirdim sizin təşkilat tərəfindəndir; demək hökumət tərəfindən verilirmiş. Bizim üçün nə fərqi.
Əsəddən ayrıldıqdan sonra Araz bu hadisəni təşkilata tezliklə xəbər vermək üçün fəhlə qışlasına tərəf yönəldi. Mişanın ara qarışdırması onu yaman acıqlandırmışdı. Kim bilir əlinə düşsə ondan necə intiqam alardı. O bu acı düşüncələr altında əzilə-əzilə gedərkən arxadan çiyninə bir əl toxundu. Dönüb baxarkən Mişa gülə-gülə: “Hara gedirsən?” – deyə soruşdu. O, Mişanı görüncə başı dumanlandı, qəlbi şiddətlə vurmağa başladı. Nə edəcəyini bilməyən adamlar kimi, kinli gözlərini bir saniyə onun gözlərinə dikib qaldı. Onun bu halı Mişanı da şübhələndirdi. “Bu sadədil adam mənim kim olduğumu yəqin öyrənmiş” – deyə düşünməyə başladı. Çünki hər zaman ona qardaş kimi yanaşan, bütün dərdini, sevincini onunla bölüşən dostu, indi, ona bir düşmən kimi baxır, gözlərində kin və heyrət qığılcımları uçuşurdu. O birdən-birə:
– Nə var, Araz, sənə nə olub? – deyə soruşdu. Bu bir saniyə içində onun zehnindən çox şey keçdi. Yalnız bir xəyal onun bütün düşüncələrini alt-üst etdi. Bütün iradəsini toplayaraq gözlərini yerə dikdikdən sonra:
– Bu gün eşitdiyim qara xəbər məni çox narahat edir, – deyə cavab verdi.
Mişa heyrətlə:
– Nə xəbər?
– Mən eşitmişdim, inanmırdım. Bu gün dayım oğlu yanıma gəlmişdi. Deyir, ermənilər müsəlmanları qırmaq üçün hazırlaşır. Bu sözü şəhərdə hamı danışır. Təşkilat isə bizim başımızın altına yastıq qoyur. Yox, mən bu məsələdə təşkilatın fikrinə şərik ola bilmərəm. Ancaq söz öz aramızda qalsın, bu iş məni çox qorxudur, – deyə çox mütəəssir bir halda Araz cavab verdi.
Mişa, Arazı saf və sadədil bir adam kimi tanıyırdı. Bu söz onu bir neçə cəhətdən sevindirdi: əvvəla, kənddə əkdiyi zəhərli toxumlar göyərmişdi; ikinci, onun xəfiyyə olduğunu demək Araz bilmirdi; üçüncüsü, o erməni-müsəlman ədavətinə sadədil Arazı da çəkə biləcəkdi. Bu surətdə o, həm qırğını şiddətləndirəcək, həm də Arazı təşkilat yanında ləkələyəcəkdi. Bu dadlı xülyalarla məst olan Mişa, Arazın qolundan çəkib yerə oturtdu və dedi:
– Əziz dostum, bu əhvalatı mən çoxdan bilirəm. Buna bir məna verərlər deyə, sənə və başqa müsəlmanlara danışmağa qorxurdum. İndi sənə açıq deyirəm: ermənilər siz müsəlmanları qırmaq üçün böyük hazırlıq aparır. Səndən nə gizlədim, mənim qardaşım adi çəkməçi deyil, o həm də monarxist oktyabristlər partiyasında mühüm vəzifə daşıyır. Məsləkcə o tamam başqa adamdır, biz başqa adamlarıq. Onu bu yanlış yoldan uzaqlaşdırmaq üçün nə qədər çalışıram, mümkün olmur. Əgər öz məsləkində qalmağa inad etsə, mən ondan uzaqlaşmağa məcburam. Hələlik yanına gedib gəlirəm. O, mənim kimi aciz deyil, dilli, bacarıqlı, cəsur bir adamdır. Onun yanına çəkmə, botin tikdirmək üçün çox daşnaq gəlir. Onlar qardaşıma bərk hazırlandıqlarını söyləyirlər. Bu qırğın şübhəsiz olacaq. Ancaq mənim müsəlmanlara yazığım gəlir. Onların əlsiz-ayaqsız, yoxsul təbəqəsi arada qırılıb məhv olacaq. Bu xüsusda təşkilat bizə heç bir kömək edə bilməz. Bunun qarşısını özünüz indidən almalısınız.
Araz onun bu riyakar sözlərini böyük bir səbir və mətanətlə dinlədi. Qəlbini tamamilə ovlamaq və son fikrini bilmək məqsədi ilə dedi:
– Ax, Mişa! Onu mən də başa düşürəm, ancaq lüt bir fəhləyəm. Silah olsa bizim rayondakı bu beş para kəndi əjdahaya döndərərdim, – dedi.
Mişa gülümsəyərək:
– Mən sənə silah tapsam nə verərsən?
– Get, lotunun biri, mənə silah tapana bax. Sən silahı hardan taparsan?
– Heç bilirsən monarxistlərin nə qədər silahı var? Qardaşım bu işi düzəldə bilər.
– O bu köməkliyi etsə, bizə böyük minnət qoymuş olar. Bir az arxayın olaram.
Mişa əlini onun əlinə vurub gülə-gülə:
– İki günə sənə iki yüz tüfəng, on min patron verərəm, – dedi.
– Sən bu yaxşılığı etsən, mən də sənin xəcalətindən çıxaram – deyə Araz öz razılığını bildirdi. Sonra ətrafa boylanıb yavaşca:
– Ancaq, Mişa mən ölüm bu işi bizdən başqa kimsə bilməsin. Çox ehtiyatlı olmaq lazımdır. Səsə düşsə, təşkilat yanında sən də, mən də biabır olarıq.
Mişa onun qolundan tutub qaldırdı, gedə-gedə:
– Sən dostunu o qədər də avam bilmə. Bu şeyləri az-maz mən də bilirəm, – dedi.
Hər ikisi danışa-danışa gedərkən, Vanyaya təsadüf etdilər. Vanya gülə-gülə:
– Dostlar hara gedirsiniz? – deyə soruşdu.
Araz məmnun bir tövrlə:
– Mən fəhlə qışlasına gedirkən Mişaya rast gəldim. Sən hara gedirsən?
Vanya Arazın sualını cavabsız buraxdı, qolunu hər ikisinin qoluna keçirdikdən sonra Mişadan soruşdu:
– Mişa, sən indi harda işləyirsən?
Mişa işdən çıxarıldığı, çəkməçi qardaşının köməyi ilə yaşadığı və heç yerdə iş tapa bilmədiyi haqqında Vanyaya məlumat verdi.
Vanya bir qədər düşündükdən sonra başını qaldırıb:
– Yaxşı, sabah tənəffüs zamanı gəl, mən sənə iş taparam, – dedi.
Vanyanın bu vədəsi Mişanı çiçək kimi açdı. O bir az da yaxınlaşıb:
– Yaxşı, sabah gələrəm – dedi, sonra təkrar sözə başladı:
– Vanya, vəziyyətin nə qədər ağır olduğunu bilirsən. Bizim təşkilat nə üçün susmuşdur, heç bir fəaliyyət göstərmir? O kimi, nəyi gözləyir?
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-araz-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem