Contents
  1. I
  2. II
  3. III

Page 3 of 4 · 50%

Cavab olaraq Araz, həyətə girdi. İçəridən qucağında on tüfənglə çıxdı.

– Götürün gedək, tüfəngsiz yoldaşlara paylayarıq, – dedi.

Sonra patron qutusunu gətirdi. Yoldaşlar ciblərini doldurub yola düşdülər. Günəş durduğu yerdə donub qalmışdı. Onların işlərinə, sözlərinə diqqət edirdi. Ağzını açıb Araza bir kəlmə söz də demədi. Onlar getdikdən sonra qapı yanında atılmış patron qutusunu götürüb həyətə apardı. Bir çuxur qazıb onu orada basdırdıqdan sonra həyətdən çıxıb yaxındakı qum təpəsi üstündə oturdu.

Əhvalat belə idi: Mişa içi tüfənglə dolu araba ilə Keşlə kəndinə qədər gəlmiş, orada arabanı daşnaqların təyin etdiyi iki nəfərə təhvil verib onlardan ayrılmışdı. Daşnaqlar arabanı Sabunçu döngəsinə qədər gətirib mədənlərə dönmək istərkən pusquda duran qarovulçu fəhlələr səngərlərə girib arabanı dayandırmış, arabadakı iki nəfərlə aralarında atışma başlanmışdı. Vəziyyətin ağır olduğunu görən iki nəfər arabanı buraxaraq, daşnaqlara xəbər vermək üçün qaçıb getmişdilər. Fəhlələr arabaçını Bülbülə yolu ilə sürməyə məcbur etmək istədikdə on nəfərə qədər əli silahlı daşnaq özlərini onlara çatdırmışdı. Fəhlələr tez yerə yatıb onları qorxutmaq üçün havaya güllə atmış, aralarında atışma başlamışdı.

Məsafə uzaq olduğundan hər iki tərəf bir-birini aydın görməyib, yalnız qarasına güllə atırdı. Atışma belə davam edirkən Araz arxa tərəfdən bir dəstə silahlı fəhlə ilə ora yetişmişdi. Bu zaman qarşı tərəfdən ermənicə:

– Paqos, sən qaç, köməyə adam çağır! – deyə bir səs eşidildi.

Qriqor onların daşnaq olduğunu Araza bildirdi. Fəhlələr bir-birindən aralı, kiçik, təbii səngərlərə girib hamısı birdən, onların başı üstündən atəş açdılar. Daşnaqlar arxa tərəfdən də atışma başlandığını görüb başlarını itirdilər. Araz səngər arxasından onlara xəbərdarlıq etdi:

– Qaçmasanız vuracağıq. Bax, bu üçüncü xəbərdarlıqdır, qaçmasanız, vuracağıq! Daşnaklar qaçmağa başladılar.

– Yoldaşlar, arabanı sürün gəlsin, düşmənlər qaçdı, – deyə Araz əlində tüfəng arabaya tərəf irəlilədi. Qarovulçu fəhlələr onu səsindən tanıdılar. Araz tez geri dönüb, dəstəsi ilə bərabər daşnaqları təqib edərək, Sabunçu qayalarından dərəyə qədər qovdu. Arabanı Bülbülə kəndinin yanında saxladılar. Orada tüfəngləri boşaldıb, arabanı buraxdılar. Arabaçı arxasına baxmadan yel kimi getdi. Kənddən araba gətirdilər. Sonra oturub kiçik bir iclas edərək, tüfəngləri Sabunçu qayalarına yaxın, etibarlı bir yerdə basdırmağa qərar verdilər.

Araz geri döndüyü zaman dan yeri ağarmaq üzrə idi. Günəş onu qapı yanında qum təpəsi üstündə qarşıladı. Araz onu burada görüb:

– Ay dəli, sən hələ yatmamısan? – deyə soruşdu.

Günəş deyinə-deyinə:

– Gəl, gəl tez ol, yat, bu gün səni işə getməyə qoymayacağam, dedi. – Gündüz on iki saat işlə, gecə də səhərə qədər atışma qabağında, ölüm ayağında ol, buna can davam eləməz.

Araz dinməz-söyləməz soyunub yatağa girdi. Gözünə yuxu getmirdi. Bir az sonra yataqdan qalxıb geyinməyə başladı. Günəş nə qədər təkid edib onu evdən bayıra buraxmaq istəmədisə, Araz:

– Günəşcan, mən mədənə getməsəm, məndən şübhələnərlər, – deyə cəld çıxıb getdi.

Saat onda fəhlələr buruğun yanında oturub qəlyanaltı edirdilər. Araz da onların arasında idi. Bu vaxt Azad hövlank onlara yanaşıb:

– Deyirlər şəhərdə vəziyyət yaxşı deyildir, – dedi. – Qatillər öz məqsədlərinə nail olmaq istəyirlər. Deyin görüm, siz nə iş görürsünüz? Manqalar hazırdırmı? Tüfəngləri gətirdinizmi?

– Yoldaş Azad, sizin tapşırığınıza görə yeddi manqa təşkil etmişik, – deyə Araz cavab verdi. – Hər manqada 50 atıcımız var. Tüfəngləri gətirməyə də adam göndərmişəm, bu saat gətirəcəklər.

Bu vaxt yoldan keçən bir kəndli:

– Şəhərdə yaman qarışıqlıqdır, atışmadan qulaq tutulur – deyə fəhlələrə baxdı.

Onun bu sözlərindən fəhlələr bir-birinə dəydi.

– Ay qardaş, bu sözü sən kimdən eşitdin? – deyə fəhlələrdən biri soruşdu.

Kəndli başını oynadaraq:

– Necə kimdən eşitdin? Şəhərə getmişdim. Atışmanı görüb vağzaldan qayıtdım. Vağzalda adam qarışqa kimi qaynaşır.

Kəndli sözünü bitirməmişdi ki, bir beşaçılan gülləsi havada vıyıldayıb keçdi. Kəndli özünü tez buruqların arasına verdi.

Fəhlələr ayağa qalxdılar. Azad qəzəblə:

– Bu, hökumət adamları tərəfindən atılan ara qarışdırma gülləsidir, – dedi, – diqqət edin, görün hardan atılır?

Bu zaman müxtəlif tərəflərdən daha dörd-beş güllə atıldı. Hamı həyəcan içində bir-birinin üzünə baxdı. Birdən Azadın lap ayaqları ucunda bir güllə partladı. Azad diksinib geri çəkildi. Sonra acı-acı gülümsəyərək, Arazla Vanyanın üzünə baxıb:

– Bu sizin dostunuz Mişanın atdığı güllələrdir, – dedi.

Güllələr yenidən vıyıldayıb keçdi. Bu dəfə milyonçu Montaşevin mədənini nişan almışdılar. Hamı işdən əl çəkmişdi. Bu zaman bir fəhlə gəlib, tüfəngləri gətirdiyini xəbər verdi.

Azad Araza müraciət edərək dedi:

– Mən gedirəm, sən silahlı dəstə başçılarını təyin elə və onlarla sıx əlaqə saxla. 20 tüfəng də mən göndərəcəyəm.

Azad getdi. Araz silahlı dəstə başçılarını təyin etdikdən sonra onlara müəyyən göstərişlər verib, tüfəngləri payladı. Mühafizə dəstələri neft rayonlarına dağılışıb mədənləri və əlsiz-ayaqsız adamları qorumağa başladılar.

Atışma get-gedə şiddətlənirdi. Çar fitnəsinə aldananları birdən-birə sakit etmək mümkün olmurdu. Fəhlələrdən təşkil edilmiş atıcı dəstələri birinci gün lazımi kömək göstərə bilmədilər, onlar ancaq arada qalmış əlsiz-ayaqsızları salamat yerlərə gətirir, onları vaxtsız ölümdən xilas edirdilər. Gecəyarısı dəstələr mühüm səngərləri ələ keçirib, aranı bir qədər sakitləşdirə bildilər.

Erməni burjuaziyası ilə müsəlman burjuaziyası fürsətdən istifadə edib, rəqabətlərini daha da artırır, bu qanlı hadisələrin təşkilatçısı olan hökumət isə törədilən faciələrə kənardan tamaşa etməklə kifayətlənirdi. Ancaq yeddi-səkkiz gündən sonra hökumət işə qarışmağa, səngərlərə girmiş erməni, müsəlman dəstələrini atlı kazakların köməyi ilə dağıtmağa başladı. Sülh və asayişi bərpa etmək bəhanəsi ilə işə girişən kazaklar da bir tərəfdən əlsiz-ayaqsızları qırırdılar... Şəhərdə bir çox gözəl evlər yanmış, yüzlərlə adam cəllad hökumətin vəhşi siyasətinin qurbanı olmuşdu. Nə üçün? Kimin üçün? Azğın çarın yaşaması üçün, vəhşi daşnaq və müsəlman burjuylarının ciblərinin dolması üçün!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets