Doqquzuncu fəsil
Page 2 of 3 · 33%
Sərin bir payız axşamı idi. Sara anası ilə bərabər şəhər bağçasına seyrə çıxmışdı. Hər iki tərəfindən söyüd və zeytun ağacları əkilmiş bir xiyabanla gedirdilər. Birdən-birə qulaqlarında şən və sürəkli bir qəh-qəhə ucaldı. Bu səsdən Saranın vücudu titrədi. Dayanaraq:
– Ana, yorulduq, oturmayaqmı? – deyə əlindəki günlüyə söykəndi. Qoca qadın şübhəli nəzərlərlə qızını süzərək, bir söz demədən yaxındakı skamyaya oturdu. Sara şübhəli nəzərlərini qəhqəhə qopan guşədən ayırmırdı. Bir az sonra o, aydın olaraq bu sözləri eşitdi.
– Ox gözəl mələyim... Sən mənim ruhum, gözəl pərim və şəfəqli ulduzum olduğun üçün səni bu qədər sevirəm.
Tanış olan bu cümlələrdən, bu səsdən Saranın bütün əsəbləri gərildi. İçindəki iztirab onu boğan kimi oldu. Yavaşca: “Odur, mütləq odur!” – dedi. Bu anda bir öpüş şappıltısı, daha sonra şən bir qəhqəhə pərdə-pərdə yüksələrək, o yaşıllıqlar arasında əriyib yayıldı. Sara acı bir nəzərlə anasını süzərək, dimdik qalxdı, “getməyəkmi?” – dedi. Anası qızındakı iztirabı hiss edərək qalxdı və qolunu onun qoluna keçirərək, ağır-ağır yeriməyə başladı. Sara zehnində qərar verdiyi fikrindən bir üzüntü, vücudunda bir zəiflik və yorğunluq hiss etməkdə idi. Öz-özünə “Artıq qurtardım” – dedi.
Onlar öpüşlər və qəhqəhələr yuvasına yaxınlaşmışdılar. Sara iri, mavi gözlərini sıx əkilmiş zeytun ağacları altında bir-birinə sarılaraq, hərəkətsiz kimi duran iki kölgəyə dikib, diqqətlə baxdıqdan sonra: “Uf, artıq qurtardım. Bundan sonra sərbəst quşlar kimi istədiyim nəğməni oxuya bilərəm!” – deyə sıx ağacların kölgələri arasından uzaqlaşıb getdi.
Saranı sevənlərin sayı gündən-günə artırdı. O, fürsəti qaçırmayaraq, bundan istifadə etməyə qərar verdi. Sonuncu dəfə Əşrəfdən ayrıldıqdan sonra evə gəldi. Ondan əbədi olaraq ayrılmaq istədiyini, bu xüsusda qurmuş olduğu planı və tədbiri ailə üzvlərinə bütün təfsilatı ilə anlatdı, bu məqsədlə bir müddət xalası evində yaşamağı qərara aldı. Əşrəf iki gün intizar və həyəcan içində gözlədi. Saradan xəbər çıxmadı. Onu görmək və barışmaq fikri ilə evinə getdi. Anası əllərini çarpazlayaraq:
– Sara getdi, – dedi.
– Hara getdi? – deyə Əşrəf həyəcanla soruşdu.
– Bizə demədi... O gün səndən ayrılandan sonra Sara evə dalğın bir halda gəldi. Oturub xeyli ağladı. Səhər çayını içər-içməz gecədən hazırlamış olduğu çamadanını götürüb: “Ana, mən getdim. Hara getdiyimi indi heç özüm də bilmirəm. Çatan kimi oradan sizə məktub yazaram”, – dedi. Yalvardım, yaxardım... onu nə qədər bu işdən çəkindirmək istədimsə, bir şey çıxmadı, inadkarlıq etdi. Onun hara getdiyini biz də bilmədik.
Əşrəf oradan kor-peşiman qayıtdı.
Sara Əşrəflə bərabər opera teatrına getdiyi zaman Aleksandr İvanoviç adlı gənc bir aktyora vurulmuşdu. Böyük şöhrət qazanmış bu aktyor qızın qəlbini çoxdan ovlamışdı. Sara onunla yaxından tanış olmaq fikri ilə opera teatrı müdirinin yanına getdi. Müdir şıq geyimli bu gözəl qızı hörmətlə qəbul etdi. Sara balet dəstəsində iştirak etmək istədiyini müdirə söylədikdə müdir qulaqlarına inanmadı. Heyrətlə: “Siz? Balet dəstəsində?..” – deyə soruşdu. Sara baletə böyük marağı və istedadı olduğunu və bu işi ürəkdən sevdiyini müdirə bildirdi. Qızın çox münasib xarici görkəmini və teatrda cavan artistlərə olan ehtiyacı nəzərə alaraq müdir razılıq verdi və Saranı öz kabinəsindən birbaş səhnəyə, yeni əsərə hazırlıq aparmağa başlayan aktyorların içinə gətirdi: “Sizə yeni aktrisamızı təqdim edirəm, tanış olun” – dedi. Aktyorlar bir-bir Sara ilə əl verib tanış oldular. Aleksandr İvanoviç qıza əl verirkən hər ikisi aşiqanə bir nəzərlə bir-birini süzdü.
Əşrəf Saranın opera teatrında balet dəstəsində iştirak etdiyini çox gec öyrəndi. O gün Saranı görmək, onunla barışmaq fikri ilə teatra getdi. Onu ancaq son pərdədə balet oynarkən gördü. Qaçırmış ovunu ələ keçirmiş ovçu kimi ümidlə parlayan gözlərini qızdan ayırmırdı. Qız da onu görmüş, ancaq görməməyə çalışmışdı.
Oyun bitdi, pərdə salındı. Tamaşaçılar şən gurultularla dağılışdılar. Əşrəf teatr qapısında qızı gözləyir, daha doğrusu, bir xəfiyyə kimi onu güdərək kimlə çıxdığını, haraya gedəcəyini öyrənmək istəyirdi. Bir saat gözlədi, iki saat gözlədi, qız çıxmadı. İntizar və həyəcandan qəlbi titrəyirdi. Ayaq üstdə durmaqdan taqəti tükənmişdi. Əşrəf qızı əbəs yerə gözləyirdi, çünki Sara başqa aktyorla bərabər o biri, kiçik qapıdan çıxıb getmişdi.
Əşrəf yatağa uzanmış, gözlərini bir nöqtəyə dikərək qalmışdı. Axşamın yavaş-yavaş ətrafa yaydığı ala-qaranlıq və get-gedə təbiətə hakim olmağa başlayan səssizlik onun dərdini bir qədər də artırmışdı... O, qəlbini sıxan, beynini dumanlandıran, ruhunu dırmalayan düşüncələrin əzici pəncəsindən qurtulmaq üçün yatağından sıçrayaraq, masa yanına gəldi, titrək əlləri ilə elektrik lampasını yandırdı. Qutudan bir rəsm götürdü. Mahir fotoqraf tərəfindən alınmış olan gözəl bir qız şəklini lampanın işığına tutdu. Uzun-uzadı gözlərini ondan götürmədi. Baxdı, baxdı, ruhunun damcı-damcı əriyib içinə axdığını hiss etdi. İxtiyarsız olaraq rəsmi dodaqlarına yaxınlaşdıraraq: “Uf, nə qədər gözəlsən, mələyim” – deyə bildi. Rəsm həqiqətdə gözəl idi. Kiçik, yuvarlaq başına gözəl yaraşan qıvırcaq tel-tel saçlar, səmanın saf və mavi gözləri, sübhün al şəfəqlərindən bir nişan olan lətif yanaqlar, kiçik və mütənasib ağız, burun, əndam, hələ ətrafındakı yaşıllıqlar, qayalıqlar, uzaqdan sahilə doğru gəlməkdə olan köpüklü dalğalar bu rəsmin gözəlliyini bir qat daha artırmışdı. Şairanə bir ruha malik olan fotoqrafçı həqiqətən çox əmək sərf etmiş, mahir bir rəssam qədər canlı və qiymətli bir lövhə yaratmışdı.
Əşrəf hələ gözlərini o rəsmdən ayırmayaraq ona baxır, düşünürdü. Bu zaman iri rəngsiz dodaqlarından ixtiyarsız bir ah qopdu, bütün kədərlərinin ifadəsi olan bu cümlələr dodaqlarından qırıq-qırıq tökülməyə başladı: “Ah, mavi gözlü dilbərim, sən mənim vicdanımdın. O köpüklü dalğalardan daha ağ olan o mərmər köksünə başımı qoyduğum, gözlərini gözümlə, dodaqlarını dodaqlarımla öpdüyüm o bəxtiyar günlərim nə oldu? Halbuki mən bütün həyatımı ancaq sənin dizlərin üstündə keçirmək istərdim”.
Bu aralıq bir ayaq səsi eşidildi. Əşrəf onu hiss edəcək halda deyildi. O öz qəlbi ilə danışmaqda davam edirdi: “Söylə, mələyim, söylə, o kiçik pambıq əllərini əllərim içinə alaraq köksümə sıxarkən, coşqun hissiyyatımı sənə anlatmağa, qəlbində mənə qarşı bir riqqət, bir mərhəmət oyatmağa çalışarkən, eşqinlə çarpan qəlbimi o qədər dadlı-dadlı oxşadığın nə idi? Sonra arzu və ümidlərlə dolu olan qəlbi ayaqlar altına atdığın nə idi? Ah gözəl Sara, gənc bir aşiq üçün bunlar heç çəkilən bəladırmı?”
Hələ sözlərini bitirməmişdi ki, birdən-birə acı bir qəhqəhədən dimdik qalxdı. Gülən Sona idi.
– Əşrəf, üç illik gəlin üçün bu heç çəkilməz dərddir. Bir zamanlar: “Nazlı Sona, səndən başqa sevdiyim yox... Səni gördüyüm zaman elə güman edirəm ki, bütün kainat mənimdir, kiçiklikdən səni sevdim, sənin üçün yaşadım” – deyirdin. İndi bildim ki, bu bədbəxt arvadlar kişilərin müvəqqəti arzu və ehtiraslarını təmin etmək üçün yaradılmış bir oyuncaqmışlar!
Bu sözləri güclə, lakin dərin bir qəzəblə deyən Sona hıçqıra-hıçqıra ağlamağa başladı. Əşrəfin qaşları çatıldı. O özünü itirmiş halda:
– Sus, ismətsiz qadın! İndi xəfiyyələr kimi gizli-gizli pusquya durursan? – dedi.
Sona ayaqlarını yerə çırparaq:
– İsmətsiz olduğumu isbat edəcəksən! – deyə bağırdı.
Əşrəf qəzəblənmişdi. O, yumruğunu Sonanın başı üzərində oynadaraq həyəcanla çığırdı:
– Çıx buradan! Yoxsa!..
Sona Əşrəfin bu halını acı-acı süzdükdən sonra:
– Bədbəxt adam, deyəsən səni də atavın taleyi gözləyir, – dedi və göz yaşları içində hıçqıra-hıçqıra otağına çəkildi.
Əşrəf isə qarışıq, biçimsiz bığlarını ağzına alaraq, gəmirə-gəmirə otağın içində gəzinir, öz-özünə söylənirdi.
Divardakı böyük saat səkkizi çaldı. Bu, məsud bir hadisəni xəbər verən müjdə səsi kimi onun bütün kədərlərini silərək unutdurdu. Bu səs onun zehnində bir çox düşüncələr canlandırdı. O: “Bu axşam “Demon” operası gedir, şübhəsiz, o da iştirak edəcəkdir” – dedi və yeni moda ilə tikdirdiyi libasını geyindi, bığlarına yağ sürtərək, ayna önünə keçdi, onu istədiyi kimi dikəltdi. Hansı vəziyyətin ona yaraşdığını bilmək üçün əvvəlcə özünü çəkdi, məğrur bir görkəm aldı, sonra özünü sadəcə buraxaraq, gəlişi gözəl bir vəziyyət aldı, bir dəfə süni gülümsədi, bir də qəhqəhəni andıran bir tövrlə ağzını iri-iri açdı. Bu dəfə çox çirkin göründüyünü özü də hiss etdi. Şapkasını əlinə alaraq, bir neçə dəfə yenə ayna qabağında özünə sığal verdikdən sonra bayıra çıxdı.
Bir az sonra Əşrəf teatrın foyesində dolaşırdı. İndi o büsbütün dəyişmişdi. Nəşəsi yerində idi. Ən gözəl qızları başına toplamış, dadlı-dadlı danışır, hər birinə bir çiçək dəməti alıb təqdim edir, gah da birinin əlini: “Ay, nə qədər gözəl, nə qədər də kiçikdir” – deyə əlləri içində sıxıb, sonra qızın dodaqlarından uçan “uf” kəlməsindən aldığı nəşə ilə o əlləri öpə-öpə oxşayırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-esrimizin-qehremanlari-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Yeddinci şəkilPiri babanın eyvanı. Püstə ilə Saymaz gəlirlər. Püstə ona*
Nə gözəldir o camalın, a gülüm!Nə gözəldir o camalın, a gülüm!Canıma dərdü məlalın, a gülüm!
Yandırdı məni yar bu hicran arasındaYandırdı məni yar bu hicran arasında.Kül etdi məni buteyi-əfğan arasında.
Gördüm o ruyi-ənvərini mən əbəs-əbəsGördüm o ruyi-ənvərini mən əbəs-əbəs,Çapdım könül səməndərini mən əbəs-əbəs.
Poems by other poets
Yanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Qadasın aldığımKənar gəzmə, yar, otağa qədəm bas,Asta-asta gəl, qadasın aldığım!
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri