Yeddinci şəkil

Piri babanın eyvanı. Püstə ilə Saymaz gəlirlər. Püstə ona
yavaşca pıçıldayıb əhvalatı söyləyir.

Saymaz. Vay, insafsız uşaqları. Mən burda olsaydım qoymazdım.

Püstə. Ha, qoymazdın. Bəy də, xanım da zəhəri sorub yerə tökməyə əmr edirdi. Heç kəs razı olmadı. Axır xanım bəyə dedi: sən sor!

Bəy də xanıma: – Yox, sən sor, – dedi. Taxsır Qaraca qızın özündə oldu.

Saymaz. Ağcanı çox sevirdi. Ürəyi tab gətirməyib.

Püstə. Dayan, bir qıza yataq hazırlayım. Odur gəlirlər. (Otaqdan tez döşək, mütəkkə, yorğan gətirir. Eyvana salır)

Saymaz. Mənim Qaraca qıza da, Piri babaya da yazığım gəlir. Hər ikisi bədbəxt oldu.

PiribabaQaracaqız ilə gəlir.

Püstə. Gəl, qızım, gəl soyun, yataqda uzan, dincəl.

Qaracaqız. Baba can, gözlərim qaralır, başım dolanır, ürəyim çırpınır.

Meymun, qara köpək Qaracanı görüb ona yalmanır. Atılır, düşür.
Min bir oyun çıxarır.

Piribaba. Püstə, sən qızı soyundur, yerində rahat elə. (Özü otağa girir, bir kasa ayran gətirir) Al, qızım bunu iç!..

Saymaz. Qaraca haran ağrıyır?

Qaracaqız (əlilə ürəyini tutur) Ürəyim.

Piribaba. Qızın ağzında kiçik bir yara var. Üç gündür o yaradan şikayət edir. Yara olmasaydı, ilanın zəhəri qana keçməzdi.

Püstə. Bədbəxtliyə bax, Ağcanı ilan vurmaqda, bunun da ağzı yara olmaqda.

Qaracaqız. Baba, içərim yanır... mənə su...

Piribaba. Can bala, özünü də bəlayə saldın, bu qoca babanı da.

Saymaz. Elə onu de... Yazıq qocanın üz-gözü yenicə gülməyə başlamışdı.

Qaracaqız. Baba, sən dərd çəkmə. Otur yanımda... Söz deyəcəyəm.

Piribaba (gözlərinin yaşını silərək). Can balam, nə deyirsən?

Qaracaqız. Baba, mən ölsəm, məni bağımızın yanındakı göy təpədə basdırın. Oranı mən çox sevirəm. Oradan hər yer görünür. Ətrafda hər cür çiçək var.

Piribaba. Qorxma qızım, sən ölməyəcəksən. Həkim gəlib sənə dərman verəcək. Sən sağalıb qoca babanla yaşayacaqsan Böyüyüb böyük qız olacaqsan... Piri baban öləndə o göy təpədə məni basdırarsan.

Saymaz. Dəli qız, o nə sözdür. Sən ölməyəcəksən. Qorxma.

Qaracaqız. Ağca lap sağaldımı?

Püstə. Öz dərdini çək. O bəy qızıdır, ölməz.

Meymun, it Qaraca qıza yalmanır.

Qaracaqız. Baba can, bir onlara bax. (Gülür)

Piribaba. Allah qoysa sağalanda oynarsınız. (Saymaza) Saymaz, dur, oğlum, bunları tövləyə sal.

Saymaz durur, iti, meymunu tövləyə salır. Bəy həkim ilə gəlir.

Bəy. Piri, qız necədir?

Piribaba. Yaxşı deyil.

Bəy. Həkim gətirmişəm baxsın. (Həkimə) Bu qızdır. Onu gərək sağaldasan!

Həkim. Xəstənin halı ağırdır. Zəhəri soranda udmuşdur. Zəhər qanına qarışıb bədəninə yayılmışdır. (Nəbzinə baxır)

Piribaba. Həkim, sağalar, sağalmaz?

Həkim. Çətin sağalar. Qızdırması var. (Bir resept yazıb Piriyə verir) Al, bu dərmanı hər saatda bir qaşıq ona içir.

Piribaba. Bu dərman da sağaltmaz, deyirsən?

Həkim. Nə deyim... Hər halda dərmanı ver. Ancaq çətin sağalsın... Görmürsən, gözləri bulaşıb.

Qaracaqız. Baba, su.

Həkim. Su vermə, bu dərmandan içirt.

Piribaba. Həkim, sizdən bir məsələ soruşacağam.

Həkim. Soruş.

Piribaba. Həkim, öz balasını ölümdən xilas etmək üçün başqasının balasını ölümə verənə nə deyərlər?

Bəy. Sus, qoca köpək, mənim qızımı bir qaraçı qızına tay edirsən?

Piribaba. Bunun nəyi ondan əskikdir? Hər kəsin balası özünə şirindi.

Bəy. Axmaq qoca, danışığına bax!

Piribaba. Bəy, bu böyük bir cinayətdir.

Həkim. Qəzəblənməyin, bəy, babadır, ürəyi yanır.

Bəy. Mənim çörəyimi yeyir, yadlara kömək çıxır.

Piribaba. O yad deyil, mənə doğma baladan artıqdır.

Bəy. Həkim, gedək! (Gedirlər)

Piribaba. Vicdansızlar. Əziz balam, necəsən? (Qaraca ağlayır) Qızım, niyə ağlayırsan?

Qaracaqız. Anamı istəyirəm. Yazıq anam seldən öldü. (Ağlayır)

Piribaba. Ağlama qızım.

Qaracaqız. Yazıq ayımı vurub öldürdülər.

Püstə. Can bala, qızdırmadan sayıqlayır. (Tez dəsmalı isladır, alnına qoyur)

Qaracaqız. Baba!..

Piribaba. Can, qızım...

Qaracaqız. Mən ölsəm, qara köpəyimi, meymunumu özün saxlarsan. Heç kimə vermə!

Piribaba. Vermərəm, qızım! (Nəbzinə baxır)

Qaracaqız. Ürəyim od tutub yanır... Su...

Piribaba. Ürəyinin odu mənim ürəyimə gəlsin.

Saymaz. Qızın gözlərinə qan dolmuş.

Qaracaqız. Ağca, Ağca, gəl bura... çalıb oynayaq.

Saymaz. Qızdırmanın gücündən sayıqlayır.

Piribaba. Tutu... Tutu...

Qaracaqız. Baba, o dəfi mənə ver!..

Piribaba. Neyləyirsən, qızım?

Qaracaqız. Ağca yanıma gəlib. Hanı mənim meymunum? Mən çalım, oynasın. (Dəli kimi gülür) Bax, meymunum nə yaxşı oynayır... Ağca, əl çal, əl çal!

Piribaba. Qızım, Tutu!..

Qaracaqız (dəli kimi gülür. Birdən başını qaldırmaq istəyir, bacarmır). Baba!..

Piribaba. Can!..

Qaracaqız. Məni... o göy... təpəyə... apar...

Piribaba. Yaxşı, qızım... Yaxşı... sən sağal... Aparacağam.

Püstə. Bədəni od tutub yanır.

Qaracaqız (halsız). Vay... vay... Sel gəlir. (Birdən bağırır)

Piribaba (Ağzına dərman tökür). Qızım, Tutu, Tutu, gözlərini aç, mənəm... Piri babanam...

Qaracaqız (qolunu ona tərəf uzadır, qolu yanına düşür). Vay!..

Saymaz. Heyf bu qıza.

Piribaba. Of, şirin dilli Tutum, sən mənim həyat bağçamın şirin dilli bülbülüydün... Susma, sən sussan mənim həyatım susar.

Qaraca əllərini, ayaqlarını uzadıb canını təslim edir.

Püstə. Qız keçindi. (Saymaza işarə edir ki, Piri babanı götürüb aparsın)

Saymaz. Bu yetim qızın da taleyi belə imiş. Neyləmək. Əlimizdən nə gəlir. Dur, baba, biz gedək. Püstə qızı rahatlasın.

Piribaba. Ah, mən bu dərdimi kimə söyləyim? Kimdən kömək istəyim? Ay, Tutu, Tutu. (Özünü Qaracanın üzərinə atır. Onu qucaqlayıb hönkür-hönkür ağlayır)

Saymaz. Yaxşı, bəsdir... Kişi ağlamaz! Qalx gedək!

Piribaba. Of, qəlbim partlayır. (Həsrətlə baxdıqdan sonra) Ah, Tutu, sənin o qönçə gül dodaqlarını kim soldurdu. O şirin tutu dilini kim susdurdu. (Qaracanı qucaqlayır, sonra başını qaldırıb həsrətli gözüylə ətrafı seyr etdikdən sonra) Ah, onun şən səsilə şənlənən bu yerlər indi mənə zindan kimi görünür. Of!.. (Axşam alaqaranlığı çökür, günəş yavaş-yavaş sönür) Günəş yenə səhər çağı yenidən doğacaq, al şəfəqlərini hər tərəfə yayacaq. Mənim həyatımın bu şən günəşi isə həmişəlik söndü. Of, onu söndürdülər...

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağlaşma

ISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:

19122 min
Dəyərli bir xatirə

İsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.

19146 min
İblisin hüzurunda

Qaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.

19156 min
Anabacı

Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarında gölməçələr yaratmış ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, ətsiz vücudunu yamaqlı bir çarşaba bürümüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə bir kağız parçasını uzadaraq:– Oğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi.

19237 min

Poems by other poets