Yeddinci fəsil
Page 4 of 4 · 75%
Hər iki gənc də başqa tamaşaçılar kimi, gözlərini səhnəyə dikərək dayanmışdılar.
Bu zaman qısa boylu, şişman, üzü ətli və üfürülmüş kimi bir adam lojaya girdi. Bitişik, enli qaşları altında parlayan gözlərini onlara dikərək:
– Ağalar, yemək üçün nə əmr edirsiniz? – dedi. Bu sual hər ikisində eyni bir fikir oyatdı. Əhməd laqeyd bir təbəssümlə:
– Nəyiniz var? – deyə soruşdu.
Xidmətçi əllərini döşlüyünə silərək:
– Hər şey, – deyə stol üzərində qoyulmuş yemək siyahısını ona doğru uzatdı. Əhməd kağıza gözucu baxdıqdan sonra:
– Mənə bifşteks gətir! – deyə Əşrəfə baxdı. Əşrəf də eyni səslə:
– O halda mənə də...
– Neçə adamlıq?
Əhməd onun qolundan tutaraq dedi:
– Dostum, yemək dörd adamlıq olacaq. Gecəni əyləncəli keçirmək üçün bizi məşğul edəcək qonaqların dəvətini də sənə həvalə edirik, anladınmı?
Xidmətçi tərəddüdlə əllərini ovmaqda davam edərkən Əşrəf onun ovcuna bir onluq basdı:
– Mənə bax, Arçel, təzə, lətif olmasına diqqət et! Zövqünü göstər!
– Baş üstə. Demək yeməklər qonaqlar gələndən sonra veriləcək?
– Şübhəsiz, iki ədəd gözəl çiçək hazırlamağı da unutma!
Əhməd əlavə etdi:
– İncə bir ruh və zövq sahibi olduğunu bu gecə isbat et!..
Xidmətçi gülərək getdi. Əhməd Əşrəfi şadlıqla süzərək:
– Bu gecəni gərək fövqəladə keçirək, – dedi.
Əşrəf dostunun fikri ilə razı olduğunu bildirdikdən sonra səhnəni göstərdi:
– Əhməd, səhnəyə bax, gör nə qiyamətdir. Bu “qan-qan” baleti mənim ən çox xoşuma gələn bir rəqsdir. Hələ sağdan birinci qıza bax. Nə qədər incə və dilbərdir. Hər necə olsa bununla tanış olacağam.
Hər ikisi onu diqqətlə seyr edərkən xidmətçi lətif və dilbər bir qızla içəri girib hər ikisinə müraciətlə:
– Ağalar, tanış olun! – dedi. Hər ikisi dərhal dik qalxdı. Onun əlindən tutaraq, nəzakətlə orta skamyada oturtdular. Arçel sözünə davam edərək:
– Çox namuslu bir qızdır. Sizinlə ancaq bir dost kimi oturmağa razılıq verdi. Gecəni birlikdə xoş keçirəcəyinizə əminəm.
Əhməd qıza müştəri gözü ilə baxdıqdan sonra:
– Zövqünə mərhəba! Bunun birini də tapmalısan! – dedi.
Xidmətçi gülərək getdi.
Əşrəf nəzakətlə qızın adını soruşdu. Qız nəzakətlə gülümsəyərək:
– Adım Svetlanadır, – dedi.
Əhməd dərhal onun əlindən tutaraq:
– Ox, nə qədər gözəl adınız vardır. Adınızla gözəlliyiniz arasında səmimi bir ahəng var. Siz bizim ruhumuzun qaranlıqlarını işıqlandıran səadət və gözəllik çırağısınız! – dedi.
Əşrəf Əhmədin sözlərini təsdiq edəcək bir ahənglə:
– Yoxsa şübhə edirsən? Svetlana bu gecənin nəzər-diqqətini cəlb edən gözəlliyin canlı bir çiçəyidir. Sözümü uzaqdan-yaxından lojamıza dikilən nəzərlər və durbinlər təsdiq edir, – dedi.
Hər üçünün gözü dərhal lojalara dikildi. Həqiqətən bir çox durbin və nəzərlər Svetlanaya doğru çevrilmişdi. Hər üçü o gecəki müvəffəqiyyət və qalibiyyətdən şənlənərək məğrur baxışlarla lojaları bir-bir gözdən keçirirdi.
Get-gedə qızışmaqda olan “qan-qan” rəqsi qan edirdi. Hamı damarlara hərəkət verən o rəqsi səssiz-səssiz seyr edirdi. Tamaşa zamanı isə Svetlananın hiyləgər gözləri baş lojada onu işarələrlə, busələrlə dəvət edən bir gəncə dikilmişdi. Ancaq o elə bir məharətlə baxırdı ki, yanındakılar heç bir şey hiss etmirdi, çünki aralarında davam edən rəqabət onları o qədər məşğul etmişdi ki, bunu seçəcək halları qalmamışdı. Əhməd qapıya baxaraq:
– Mən ovumu vurdum, allah səninkini də yetirsin, – dedi.
– Qalx, sən öz tayını tap! – deyə Əşrəf qızın əllərini ovcu içərisində sıxmağa başladı.
– Sən tap, mən tapmışam, elə zarafatlar etmə, canın üçün inciyərəm.
– İncisən də bu ovdan əl çəkən deyiləm!
– Qalx, qalx, sənə tayını tap deyirəm!
– Mən tapmışam, sən tap!
Onlar aralarında gedən gizli rəqabətdən pozulmuşdular. Lakin nəşələri qaçdığı halda özlərini şən göstərməyə çalışır, qızın əllərini əlləri içində sıxır, onu güldürəcək sözlər söyləyirdilər. Bu aralıq səyyar poçtaçı bir qadın qapını açaraq, qıza bir məktub uzatdı. Qız etinasız bir halda məktubun ipək qabını əli ilə yırtaraq, içindəki məktubu oxumağa başladı. Əhməd əlini məktubun üzərinə qoyaraq:
– Boş yerə əmək sərf etməyin, istəsəniz oxumadan məzmununu sizə söyləyim, – dedi.
Qız gülümsəyərək oxumaqda davam etdi. Hər iki rəqib mənalı baxışlarla bir-birini süzdü. Bu zaman Arçel içəri girərək əlindəki çiçək dəstəsini onlara uzatdı. Əşrəf çiçəyi alıb, incə bir nəzakətlə qıza təqdim etdi. Əhməd onu sorucu bir nəzərlə süzərək, sözə başlamaq istərkən Arçel onun sözünü kəsərək:
– Birini tapmışam, – dedi, – ancaq bilmirəm bəyənəcəksiniz?
– Gətir, baxaq!
– Bəlkə bəyənmədiniz, sonra...
– Bəyənməsək, gedər.
– Yox, o yaxşı düşməz.
Əşrəf onun sözünü təsdiq etdi:
– Doğrudur, Əhməd get bax, bəyən.
– Sən qalx!
– Sənə deyirəm qalx, bəyən gəl, hansı kimin olacaq o xüsusda sonra danışarıq.
Arçel dəniz köpüyünə bənzər domba gözlərini onların ağzına dikərək, əllərini önlüyün ətəyi ilə ovuşdura-ovuşdura cavab gözləyənlərə məxsus bir vəziyyət almışdı. Əhməd istər-istəməz bu şərtə razı olub, Arçellə bərabər getdi. Əşrəf qızla dadlı-dadlı söhbət edir, qızın qəlbini çalmaq üçün uzun illər ərzində etdiyi təcrübələrdən istifadə etməyə çalışırdı. Söhbətin qızğın yerində qız birdən-birə qalxdı və nəzakətli bir səslə: “müsaidənizlə, indi gəlirəm” dedi. Qız getdi, Əşrəf qızın qəlbini çalmış olduğuna qəti inanmış olduğundan şirin xülyalardan oyandı. Dönüb baxarkən Əhmədi gördü:
– Qız hanı?
– İndi gələr, səninki nə oldu?
Əhmədin qaşları çatıldı, əsəbi və titrək bir səslə:
– Mənimki indi gələr, səninkinə gəldikdə mən bəyənmədim. istəsən get sən də bax, bəlkə bəyənəcəksən, – dedi.
Əşrəf ona cavab verməyərək, lojanın dirsəkliyinə söykəndi. Əhməd də öz yerində oturdu. Hər ikisi səssizcə rəqsi seyr edir, səbirsizliklə qızın yolunu gözləyir, aralarında oynanan bu dramın necə nəticə verəcəyini düşünür, heç biri bu yeni ovu əldən çıxarmaq istəmirdi. Zaman onlara çox uzun göründü. Saniyələr, dəqiqələr belə sanki ağır-ağır irəliləyərək onlarla əylənirdi. Çox gözlədilər, ruhlarını titrədən o gözəllik çırağı dönmədi. Nəhayət, Əşrəf əsəbiləşərək zəngi basdı və içəri girən xidmətçiyə:
– Arçel, qız gedib qayıtmadı, tez bir xəbər gətir! – dedi.
Arçel beş dəqiqə sonra qızın məşhur sərvətdarlardan Halay bəylə çıxıb getdiyi xəbərini gətirdi. Bu xəbər hər ikisinin başında bir ildırım kimi partladı. Biixtiyar hər ikisi bir-birinə baxdı. Əhməd acı-acı gülərək:
– Bax, yetimin allahı var. Sən onu mənim əlimdən almaq istədin, ona görə də nə sənə qismət oldu, nə də mənə. Burax getsin, iki dostun arasını vuran bir fahişə bizə lazım deyil, – dedi.
Əşrəf qaşlarını çataraq dərin fikrə getdi. Əhvalatı duymuş olan yaxın lojalardan ona dikilmiş istehzalı nəzərlər Əşrəfi xəncər kimi doğrayırdı. O artıq dayana bilmədi, tez qalxıb lojadan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-esrimizin-qehremanlari-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nə gözəldir o camalın, a gülüm!Canıma dərdü məlalın, a gülüm!
Yandırdı məni yar bu hicran arasındaYandırdı məni yar bu hicran arasında.Kül etdi məni buteyi-əfğan arasında.
Gördüm o ruyi-ənvərini mən əbəs-əbəsGördüm o ruyi-ənvərini mən əbəs-əbəs,Çapdım könül səməndərini mən əbəs-əbəs.
Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdırSaqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır,Mürği-könül, nəvayə gəl, suzü güdaz vaxtıdır.