Özü bilsin, mənə nə!
Page 1 of 3
İlk dəfə gördüyüm zaman vücudu kimi quru və soyuq təbiətini də bəyənməmişdim. Onu mənə kənd dükançıları tanıtmışdılar:
– Yetmiş yaşı var, adı “Cırtdandır”. Cırtdan deməsən tanımazlar – demişdilər.
Bağın yarıörtülü qapısından girdiyim zaman heç kimi görməyərək “Cırtdan!” – deyə bağırdım.
Uzaqdan birisi kəskin bir səslə:
– Oradan çığırma, yaxın gəl! – dedi.
Səsimə ayaqları qısa, kiçik, sarı bir köpək yerdən qopardığı tozlar içərisində yuvarlana-yuvarlana üstümə gəldi. Özümü müdafiə etməyi düşünərkən o adam: “Sarı, Sarı” – deyə köpəyi çağırdı. Köpək mırıldana-mırıldana dərhal geri döndü. Yaxınlaşdım. O, bostanda yaxası açıq bir köynəkdə çalışırdı. Orta boylu, quru, arıq, sarı qaşlarına bitişik kimi görünən qısa, sıx kirpikləri arasında gözləri atəş böcəyi kimi parıldayırdı. İki yandan batıq, qəribə uzun başı vardı. Yeni təraş edilmiş arıq, ətsiz üzünün çıxıq yanaq sümüklərini qırmızı meşin kimi qalın bir dəri örtmüşdü. İki dizi üstündə dikələrək, donuq və şübhəli baxışlarla məni süzdü. Onun siması, hərəkəti, xüsusən uzun, iri burnu altında yanları təraş edilmiş kiçik bığları məni şübhələndirdi: “Cırtdan bu olmayacaq” – dedim.
O. donuq gözlərini qırpmadan üzümə dik-dik baxaraq:
– Nə deyirsən? – dedi.
– Cırtdanı görəcəyəm – dedim.
Əlində alaq etdiyi əyri toxasını yerə qoydu. Hikkəsindən gözləri böyüyəcək bir vəziyyət aldı, amma böyümədi. Yalnız onu dörd yandan sıxan qalın qapaqları arasında hiddət qığılcımları dalğalandı. sərt-sərt üzümə baxaraq:
– Cırtdan nədir? Mənim adım var – dedi.
– Bağışlayın – dedim – dükançılar mənə belə dedilər.
O, əlindəki toxası ilə çalışmaqda davam edirdi. Başını qaldırmadan acıqlı bir səslə:
– Onlar elədir, sən bilmirsən ki, cırtdan ad olmaz? Mənim adım Əzimdir. Nə istəyirsən? – deyə soruşdu.
– Bağa, otaqlara baxmaq istəyirəm.
– Özün bilərsən, o bağ, o otaqlar, bu da sən.
O yenə işinə davam etdi. Otaqlara baxdım, bağı gəzdim, qapıdan çıxıb gedərkən:
– Əzim dayı. sağ ol! – dedim.
Bağa köçdüyümüz gün o yenə haman donuq baxışları, quru təbiəti ilə bizi qarşılayaraq:
– Xoş gəldiniz! – dedi və ağır şeyləri götürüb otağa daşıdı.
Bu adamın zahiri kimi batini həyatının da çox maraqlı olduğunu onun hər sözündən, hər hərəkətindən anlamaq olurdu. Keçmişlərini qurdalamaq, onu yaxından tanımaq arzusu məndə gündən-günə artırdı. Lakin məqsədimə heç cür müvəffəq ola bilmirdim. Çünki hamıdan qaçır, heç kimə isnişmək istəmirdi. Onun daima qapalı dodaqları ancaq ən mühüm fikirlərini söyləmək üçün açılmağa alışmışdı. Cümlələri belə qısa və yarımçıq olurdu. Kəlmələrin quyruğunu yemək, mırıldanaraq söyləmək adəti idi.
Bir gün kələmlikdə çalışırdı. Yaxınlaşdım. Kölgəlikdə uzanmış olan sarı köpəyin yanında oturdum. Əlimlə başını bir-iki dəfə oxşadım. O da əlimi yalamağa başladı. Əzim dayı bizi gözucu süzərək, yenə işinə davam etdi. İtə göstərdiyim qayğıdan razı qaldığını baxışlarındakı işıqdan duydum. Fürsəti qaçırmayaraq:
– Əzim dayı, bu kələmlər sizindir? – deyə soruşdum.
Başını qaldırmadan cavab verdi:
– Yox, şəriklidir.
– Şərikiniz kimdir?
– Bağ sahibi.
Sonra başını qaldırdı:
– Bunun şitillərini qışda bir-bir əlimlə əkmişəm – dedi. – Soyuqdan donmuşdum, bir həftə tərpənmədim.
– Qışda bağdamı qalırsınız?
– Bəs harda qalıram? Ayrı yerim yoxdur.
Bir anlıq sükutdan sonra sıra-sıra düzülmüş ağacları göstərərək:
– Bunları qışda görəsən, – dedi, – qupquru, qapqara, çırçılpaq. Baxırsan yazığın gəlir. Elə bil səssizlikdən ağaclar mələyir. İns yox, cins yox.
– Qonşu bağlarda adam olmurmu?
– Olur, çox az. Kim kimədir... bu ağaclara baxıram, baxıram, ürəyim yanır. Bax, indi necə gözəldir. Qışda da belə olsaydı!..
– Qışda da belə olsaydı bu gün ondakı gözəlliyi duymaz, ona qiymət verməzdik.
– Doğrudur!.. – deyə o, sözümü həm dili, həm də başı ilə təsdiq etdi. Əzim dayı yenə uzun müddət dinmədi. Elə bil danışmağa həvəsi yox idi. Ancaq mən nədənsə onu qurdalamaq, daxilini, həyatını daha yaxşı bilmək, öyrənmək istəyirdim. Odur ki, söhbətə səbəb ola biləcək hər vasitəyə əl atırdım. Bu aralıq gözlərim yanımdakı köpəyə sataşdı. Əlimlə onu göstərərək:
– Əzim dayı, qışda bu sənə yoldaşdır – dedim.
Əzim dayı dikəldi. Əlindəki toxanı torpağa sancdı. Köpəyi süzərək dedi:
– Yoldaş nədir, bu mənə qardaşdan artıqdır. O olmasa mən dəli olaram. O hürdükcə ürəyimə qüvvət gəlir.
Əzim dayı “Sarı, Sarı!” deyə köpəyi səslədi. Köpək qulaqlarını sallayaraq, ona doğru qaçmağa başladı.
Bu dilsiz adamı söylədə bilməyimə çox sevindim. Fürsətdən istifadə edərək:
– Əzim dayı, ayda nə alırsan? – deyə soruşdum.
– Heç bir şey!..
– Pulsuzmu qulluq edirsən?
O, əlindəki toxanı yenə yerə qoydu. Sağ əlinin dörd barmağını açaraq:
– Qırx manat! – dedi.
– Aydamı?
Acıqlı, kiçik gözlərini üzümə dikərək:
– Hə, ayda; ayda nədir, ildə...
– İldə qırx manat?! Bu çox azdır.
O yenə susdu, cavab vermədi və əsəbi bir fəaliyyətlə işinə davam etdi. Aramızda uzanan əzici və ağır sükutu qısaltmaq fikri ilə:
– Əzim dayı, izin ver sənə bir az kömək edim – dedim.
Dalğın və küskün bir halda:
– Özün bilərsən, mənə nə – deyə cavab verdi.
Hər ikimiz yan-yana işləyirdik. Üzünü mənə göstərməmək üçün o daima arxası mənə olaraq işləyirdi. Tam bir saat bərabər çalışdıq. Uzun zaman içərisində nə bir dəfə üzümə baxdı, nə də bir kəlmə söz dedi. İşləməyə eşqim vardı; ona ruhi bir ehtiyac hiss edirdim. Ancaq bu quru, qılıqsız adamla yan-yana çalışmaq məni sıxırdı. Çoxdan qalxıb getmək istəyirdim. Ancaq anlaşılmaz bir qüvvət ayaqlarımı yerə mıxlamış, onunla bərabər işləməyə məni məcbur etmişdi. başımız üzərində bütün qüvvəti ilə hərarət saçmaqda olan günəş qumsallığı qor halına gətirmişdi. Yerdən şölə kimi qalxan buxarın içində qum danələri par-par parıldayırdı. Nəhayət, Əzim dayının dili açıldı. Arxası mənə tərəf olduğu halda:
– Sən harda qulluq edirsən? – deyə soruşdu.
– Mən müəlliməm.
– İldə nə alırsan?
Bu sual məni çox düşündürdü. Nəhayət, yalan söyləməyə məcbur oldum:
– İldə altı yüz manat – dedim.
Əzim dayı acı-acı gülümsədi:
– Altı yüz manat!.. Nə az... mədənlərdə işləyən bizim kəndlilərin içində səndən çox alanlar var.
– Bəs sən nə üçün mədənlərdə işləmirsən?
– Keçmişdə fabrikdə işləmişəm, orda xəstələndim, sonra getdim, götürmədilər.
– Mədənlərdə çalışsan çox alarsan!..
– Orda çalışmağa adam çoxdur.
– Başqa bir iş tap!
Əzim dayının ağzı yenə kilidləndi. O yenə əsəbi bir fəaliyyətlə çalışmağa başladı. Üzündə, gözündə iztirab və kədər dalğacıqları oynaşırdı. O yenə mühüm bir şey düşünürdü. Yəqin öz qaranlıq həyatını gözdən keçirirdi.
Kim bilir, o anda iztirab və kədər heykəli kəsilmiş olan bu adamın gözləri qarşısında kino lenti kimi bir-birini qovlayaraq, sürətlə keçməkdə olan nə qədər qorxunc hadisələr, köhnəlmiş. solğun lövhələr bir-bir ötürdü. O çox dalğın idi. Söz söyləyəcək halı qalmamışdı. qalxdım. Gedərkən:
– Əzim dayı. sağ ol! – dedim.
Arxamdan istehzalı bir səslə:
– Hə, yoruldun? Sizlər işləyə bilməzsiniz – dedi.
Əzim dayı get-gedə bizə isnişirdi. Eyvanda oturub nərd oynarkən, ya dostlarla gülüb-danışarkən Əzim dayı da gəlişi ilə məclisimizi bir az şənləndirirdi. Bir guşədə oturub, diqqətli gözləri ilə ya oyunun gedişini izlər, ya gözlərini uzaqlara, ənginlərə dikərək, bir şey düşünərdi. Kim bilir, zehnində nə zamandan bəri həll edə bilmədiyi bir çox mühüm məsələlərlə məşğul olurdu. O, saatlarla fikrə gedər, gözlərini dumanlı üfüqlərdən ayırmazdı. Artıq bu zaman nə oyunun gedişi, nə danışılan sözlər, nə də başqa heç bir şey onu maraqlandırmazdı. Həll etməkdə aciz qaldığı çətin məsələlərin ağırlığı altında əzilmiş olduğu yorğun baxışlarından sezilirdi. Birdən-birə yerindən qalxaraq:
– İstidən boğuldum, bunun dərmanı dənizdir – deyə qalxıb gedərdi. Martı quşu kimi səhər, axşam dənizə baş vurmaq adəti idi.
Nə deyirsiniz!.. Bu dilsiz adamı get-gedə sevməyə, ona qarşı qəlbimdə dərin bir hörmət bəsləməyə başladım. Yalnız mənmi? Bağda olan üç-dörd ailə ona səmimi olaraq bağlanmışdı. O olduqca sadə, səmimi, saf və çalışqan bir adamdı. Yalan, riyakarlıq nə olduğunu bilməz və belə adamlarla heç arası olmazdı. Evinə ayaq basdığı, çörəyini yediyi adama sadiq bir dost kimi yanaşar, hörmət və məhəbbətini dillə deyil, hərəkətləri ilə göstərərdi. İşdən qorxmaz, çalışmaqdan yorulmazdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-ozu-bilsin-mene-ne
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Olsaydı əlimdə mənim ixtiyar,Qəlbimi qoymazdım çəksin intizar,
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Ay PəriKönlüm gülzannda, qış mövsimində,Açılıb təzə gül, di dər, ay Pəri!