Özü bilsin, mənə nə!
Page 2 of 3 · 33%
Hələ hər səhər tut çırparkən üç-dörd ağacı quş kimi budaqdan-budağa dolaşması, uca bir budaqdan digər bir budağa sürətlə elə atılması var idi ki. bu cürət və çevikliyi ancaq ta kiçiklikdən idman görmüş on dörd-on beş yaşlarında olan cəld uşaqlarda görmək olur. Bağda təkbaşına əlləşir, ara-sıra başqalarının bağ, bostanlarında çalışır, onun üçün altı-yeddi ay sürən uzun ömürlü qışa hazırlıq görürdü.
Zahirdə aciz və bacarıqsız görünən bu adamın əlindən heç bir şey qurtara bilməzdi. Dükançıların dediklərinə görə, onu “Cırtdan” adlandırmalarının səbəbi hər işə burun soxması və heç bir işin onun əlindən qaça bilməməsi idi.
Bu yaşlı adamdakı yorulmaz çalışqanlıq və qüvvət hər şeydən artıq mexaniki bir hala çevrilmişdi. Həyatda o heç bir zaman fəal olmamışdı. O daima başqalarının əmr və arzusunu icra etməyi bacarırdı. Bir iş haqqında ondan fikir soruşacaq olsanız yalnız bir cavab ala bilərdiniz:
– Özün bilərsən, mənə nə!
Otağımda kitab mütaliəsi ilə məşğul idim. Qadınlar da böyük artırmada fərş üstündə toplaşıb, söhbət edirdilər. Onlardan biri: “Anamla həsbihal” sərlövhəli bir mənzuməni pəsdən həzin səslə oxuyurdu. Hələ bitirməmişdi ki, bir qəhqəhə qopdu. Bu qəhqəhənin nədən doğduğunu bilmək üçün pəncərədən baxarkən, qarşımda maraqlı bir lövhə açıldı: Əzim dayı aşağıda durub özünə məxsus bir səslə:
– O xımır-xımır pəsdən oxuyan kim idi? – deyə soruşurdu.
Qadınlar gülə-gülə bir-birini göstərirdilər:
– Əzim dayı, bax, bu idi!
– Yalan deyir, bu idi!
– Yox, yox, bu idi!
Əzim dayı barmağı ilə birisini göstərərək:
– Bilirəm, bilirəm, sən idin – deyirdi.
Qadınlar gülməkdə davam edirdilər. Bu aralıq onun ən səmimi dostu olan yenicə gəzməyə başlayan qızım Gülbəniz söhbətin mövzusunu dəyişdirdi. Ayaqları bir-birinə dolaşa-dolaşa gəlib, Əzim dayıya sarıldı. Əzim dayı onu qucağına aldı. Uşağı danışdırmaq məqsədi ilə:
– Sənə bostandan kiçik qarpız gətirəcəyəm – dedi.
Uşaq gülümsəyərək. əli ilə Əzim dayının üzünü, gözünü oxşaya-oxşaya:
– Bə...s, bə...s balaca kukla almayacaqsan?
– Alacam, bəs, alacam.
Qadınlardan birisi:
– Əzim dayı, bu vaxta qədər nə üçün evlənməmisən? Bax, indi sənin də belə uşaqların olardı. Onlarla oynar, qışda burada tək qalmazdın – dedi.
O büsbütün dəyişdi, üz-gözü dumanlandı. Mənalı baxışlarla qadınları süzdükdən sonra iki barmağını bir-birinə sürtərək:
– Bu zəhrimar yox idi – dedi.
Sonra gözlərini qalın və kiçik göz qapaqları içində gizlədərək:
– Qorxdum – dedi, – qorxdum ki, acından ölək!
– Sənə atandan bağ, torpaq qalmayıb?
– Kiçik bir bağ qalmışdı.
– Nə oldu?
– Satdım...
– Nə üçün satdın?
Əzim dayı susdu, bir az sonra sözünə davam etdi:
– Siz bizim bağları bilirsiniz – dedi. – Bağ becərmək üçün su, quyu, at, araba lazımdır. Bu acgöz qumu hər gün suvarırsan, yenə doymaq bilmir. O birisi gün qupqurudur. Səhərdən axşama qədər atınla bəra-bər çalışıb-çapalayırsan, yenə acsan, ac: Ancaq başqa yerin kəndliləri bizim kimi deyil. Su var, torpaq var. İstədiyin qədər ək. Biz işləməkdən ilan kimi qabıq qoyuruq. Bu torpaqdan məhsul almaq çox çətindir.
– Başqa kəndlilər necə keçinir?
– Bağ onlara da bir şey vermir. Torpaq xəsisdir, xəsis!..
Əzim dayının heç bir zaman işlətmədiyi bu uzun cümlələr, məntiqli mühakimələr hamını heyran etdi. O yenə başını qəribə bir halda köksünə dikərək, sükut edir, mən də bu səssiz, bu dilsiz adamdakı əhvalı heyrətlə düşünürdüm. Bu aralıq sükutu parçalayan bir səs:
– Əzim dayı, bağı satdıqdan sonra nə iş gördün? – deyə soruşdu.
Əzim dayı başını ağır-ağır qaldıraraq cavab verdi:
– Bağı iki yüzə satdım. Buradan meyvə alıb Rusiyaya apardım. Çoxu çürüdü. Zərər elədim. Üç-dörd ay alış-veriş elədim. Pullarım batdı. Bakıya özümü gücnən çatdırdım.
Əzim dayı sözünü bitirmişdi. Onun keçmişi ilə maraqlanan qadınlardan birisi:
– Bəs sonra nə oldu? – deyə sual verdi.
Əzim dayı onu şübhəli nəzərlə süzdü:
– Siz bunları nə üçün soruşursunuz?
– Sən bizim bir dənə Əzim dayımızsan, sənin keçmişini bilməmək olarmı?
Bu sözləri qadın o qədər canlı və mənalı söylədi ki, Əzim dayı biixtiyar gülümsədi. Əli ilə yanlarının iplikləri çıxmış təsəyini başında bir-iki dəfə çevirdikdən sonra:
– Ey... mənim qəzavü-qədərim çoxdur – dedi, – çox işdə olmuşam. Nəyə əl atdımsa, boşa çıxdı. Axırda bir varlıya bağban oldum. Yola getmədik. Oradan çıxıb Tağıyevin bez fabrikinə girdim. İki il işlədim. Sonra xəstələndim, on gün yatdım. Yaxşı oldum, yenə fabrikə getdim, “səni çıxarmışıq, bir həftə sonra gəl, indi yer yoxdur” dedilər.
– Sonra, sonra, Əzim dayı?
Əzim dayı düşüncəli və bulaşıq gözlərini qaldırdı, birdən-birə yerindən sıçrayaraq:
– Dalımca gəlin! – dedi.
İrəlidə Əzim dayı, arxasınca qadınlar bir-birinə sıxılaraq, gülüşə-gülüşə otağa girdilər. Məni də işə qarışdırdılar. Eyvana çıxdıq. Qonşu bağın bir guşəsində iri daşlarla örtülmüş böyük bir məzarı göstərərək dedi:
– Bax, sonra bu daşların altında yatan adamın bağında işlədim. Gördüyünüz yerlərin hamısı burada yatan adamındır, kasıb bir kəndli idi. Bunların hamısını faytonçuluqla qazanmışdı.
O, gözlərini bir müddət məzara dikib qaldı.
– Əzim dayı, bu adamı nə üçün bağda basdırmışlar? – deyə soruşdum.
Əzim dayının gözləri böyüdü, heyrətli bir səslə:
– Qorxudan – dedi, – bilirsən bu necə adam idi? Başının tükü qədər düşməni vardı, onun ucundan. Amma nə apardı? Heç bir şey... İşçilərinə göz verər, işıq verməzdi. Əlində iri bir qırmancı vardı. İşləyəndə yorulub bir az duran kimi ölüncəyə qədər vuracaqdı, hünərin var ona bir kəlmə cavab qaytar.
Sonra başını oynadaraq:
– Özünün də bir günü yox idi. Bağın içində tapança əlindən düşməzdi. Gecələr evində işıq yanmazdı. Hər gecə yatarkən qorxusundan yerini dəyişdirərdi.
– Sən onun bağında nə qədər qaldın?
– Çox!.. Heç bilirəm ki... Ömrümü onun bağında çürütdüm.
– Elə adamla işləmək çətindir.
– Çarəm nə idi? Çıxsam, öldürəcəkdi, zalım oğlu qan çanağı idi, qan... mən ölmüşdüm, o öləndən sonra dirildim.
– Onu öldürdülərmi?
– Kim bilir, bəlkə də öldürmüşdülər. O gün kənddə toy-bayram idi.
O yenə gözlərini bir müddət bağlara dikib qaldı. Birdən-birə başını qaldıraraq:
– O zaman belə bağım olsaydı, indi sən boyda oğlum var idi – dedi.
Dükançıların onun haqqında söylədikləri sözləri xatırlayaraq:
– Əzim dayı, neçə yaşın var? – deyə soruşdum.
– Çox... Mən nə bilim, saymamışam ki, ildir gəlir, keçir.
– Bu yaşda cavan qalmısan.
Əli ilə o məzarı göstərərək:
– Buna rast gəlməsəydim, heç qocalmazdım – dedi.
Əzim dayı yenə fikirdə idi. Gözlərini gah böyük məzara, gah bir az uzaqda ağacların başını daima ruzgar oxşayan bağa dikərək baxır, baxır və bu baxışla bir çox şeylər düşündüyünü bildirirdi. Bu zamanlarda artıq ona yanaşmaq, onunla söhbət etmək mümkün deyildi. Onsuz da bu gün adəti xilafına olaraq çox söyləmiş, bütün tərcümeyi-halını, bəlkə də bu vaxta qədər kimsəyə açıb söyləmədiyi dəhşətli sirlə dolu olan müqəddəratını danışmışdı. O artıq susmuş, ağzı kilidlənmişdi.
Bir gün bütün bağ camaatını məşğul edən mühüm bir hadisə oldu. Əzim dayının Sarısı xəstələnmişdi. Daima kölgə kimi onun arxasından ayrılmayan Sarının qımıldanmağa belə taqəti qalmamışdı. Kölgəli bir ağac altında Əzim dayının hazırlamış olduğu yataqda əllərini, ayaqlarını uzadaraq, xəstəliyinin şiddətindən insan kimi inləyirdi. Əzim dayı özünü itirmiş halda onun ətrafında dolaşır, bir an ondan ayrılmırdı. Əli ilə onu oxşayır, ağzına süd tökür, başını, əllərini, ayaqlarını ovuşdururdu.
Görüşünə gələnlər: – Əzim dayı, Sarıya nə olub? – deyə soruşarkən, o, yaşlı bir adam qüruru ilə əllərini bir-birinə çırparaq, heyrətli və titrək səslə:
– Dünən axşam sapsağlam idi. Bilmirəm buna nə oldu? Bədbəxtlikdir, bədbəxtlik, böyük bədbəxtlik – deyə əllərini köksü üzərində çarpazlayaraq, gözlərini ona dikib dururdu. Sarı inlədikcə əlləri ilə onu oxşayaraq: “Can! Qorxma, sən sağalacaqsan, sən yaşayacaqsan!” deyirdi.
Köpəyin halı gündən-günə pisləşirdi. O artıq nə yeyir, nə içir, bulaşıq gözlərini Əzim dayının üzünə dikib, səssiz dururdu. Bütün bağ əzici bir sıxıntı içində idi. Bağda uşaqlar bir az gurultu qoparanda Əzim dayı dərhal qaşlarını çataraq:
– Ey, səs salmayın, görürsünüz ki, azarlı var! – deyə bağırırdı. Sarını hamı, hər gün beş-on dəfə yoluxurdu. “Başın sağ olsun” demək lazım olduğu halda “Əzim dayı, qorxma, sağalar, köpək hər xəstəlikdən ölməz!” – deyə ona təsəlli verirdilər. O isə dinməzcə düşünürdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-ozu-bilsin-mene-ne
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Olsaydı əlimdə mənim ixtiyar,Qəlbimi qoymazdım çəksin intizar,
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Ay PəriKönlüm gülzannda, qış mövsimində,Açılıb təzə gül, di dər, ay Pəri!