Özü bilsin, mənə nə!
Page 3 of 3 · 67%
Sarının ən çox yanına gələn uşaqlarla qadınlar idilər. Hər dəfə geri qayıdanda gizli-gizli gülüşərək: “Bəxtəvər Sarı, başının altında yastıq, altında döşək, başı üstündə Əzim dayı, qayğısız insan kimi can verir. Hələ qiyamət Sarı öləndədir, kişi özünü öldürməsə, yaxşıdır” deyirdilər.
Əzim dayı köpəyi balış üstündə həkimə apardı. Baytar köpəyə baxdıqdan sonra:
– Buna yumurta ağı ver! – dedi.
Sarı yumurta ağını içmir, Əzim dayı əlləri ilə onun ağzını ayırıb tökür, köpək inildəyə-inildəyə başını havada oynadaraq, hamısını geri qaytarırdı. Sarı gündən-günə zəifləyir, gücdən, taqətdən düşürdü.
Qum soyumuş, axşam düşmüşdü. Uşaqlar böyük bir təlaş içində yüyürüb:
– Əzim dayı ağlayır, Sarı ölübdür – deyə xəbər gətirdilər.
Qadınlar arasında bir vəlvələ qopdu. Bunun Əzim dayı üçün ağır bir faciə olduğunu hamı duyurdu. Bir dost kimi onun dərdinə şərik olmaq lazım idi. Qalxıb getdim. Sarı başı yastıqda, üzü qibləyə uzanmış, gözlərini örtmüşdü.
– Əzim dayı, başın sağ olsun – dedim.
O, cavab vermədi.
Ertəsi gün bağın səssiz bir guşəsində Sarının qəbrini ziyarətə getdim. Əzim dayı qəbrin baş tərəfinə böyük bir yasəmən ağacı əkirdi. Diqqətlə üzünə baxdım. Bu az müddətdə o nə qədər dəyişmişdi! Bənizi saralmış, gözlərinin nuru azalmış, üzünə yetimlik tozu çökmüşdü. O gün axşama qədər yatdı. Axşam qalxıb haraya isə getdi. İki gün qayıtmadı. Bağ camaatı böyük həyəcan içində idi.
Üçüncü gün saat on idi. Hamı dincəlməyə çəkilmişdi. Sükutu arasıra yalnız cırcıramaların ahəngsiz cırıltısı, kölgəliklərə çəkilmiş uşaqların qarışıq səsləri pozurdu. Birdən-birə bağ içində bir vəlvələ qopdu. Uşaqlar: “Əzim dayı gəldi! Əzim dayı gəldi! – deyə bağıraraq, sevinclərindən atılıb-düşməyə başladılar. Hamı tamaşaya çıxdı. Əzim dayı tək gəlməmişdi. Özü ilə kiçik sarı bir küçük də gətirmişdi. Uşaqların sevincinin həddi yox idi. Biri küçüyün başını, biri boynunu, biri quyruğunu oxşayırdı. O da bunları çoxdan tanıyırmış kimi qara ağzını açaraq, quyruğunu oynada-oynada uşaqların üzərinə atılırdı.
Qadınlar Əzim dayının ətrafını bürüyərək, şən bir səslə:
– Xoş gəldin, Əzim dayı! Hara getmişdin? – deyə soruşarkən, Əzim dayı ayaqlarına dırmanmaqda olan küçüyün başını əlləri ilə oxşayaraq, başı ilə uzaqları göstərdi:
– Heç, o yana getmişdim – dedi.
Onun qabaqlar tez-tez təraş etdiyi üzünün tükləri uzanmış, cizgiləri dərinləşmişdi. Matəmli gözlərində ümid müjdəsi verən bir işıq parıldayırdı.
Əlimlə küçüyün başını oxşayaraq:
– Əzim dayı, bu Sarıdan da mehribandır – dedim.
– Hə, bu da ona oxşayır, onu gətirəndə bu boyda idi – dedi. Sonra onu başdan-ayağa süzərək:
– Sarı, Sarı! – deyə səslədi və hürə-hürə ayaqlarına dırmanmaqda olan küçüyün başını qucaqladı.
Əzim dayı yenə sakit bir həyat keçirirdi. Gündüzləri bağda, bostanda işləyir, boş vaxtlarında kiçik Sarısı ilə məşğul olurdu.
Son zamanlar o tez-tez eyvana çıxır, saatlarla gözlərini iri məzara və bağlara dikib dururdu.
Adəti üzrə, bir gün yenə eyvanda iri məzarın və bağların seyrinə dalmışdı. Otaqda yalqız idim. Qapı ağzından mənə:
– Bura gəl! – dedi.
Getdim. Əli ilə bağları göstərərək:
– Ora bax. Elə bil meşədir, gömgöy... Bu arada bundan yaxşı bağ yoxdur. Onu dişimlə, dırnağımla becərmişəm – dedi.
Sonra iri məzarı acı-acı süzərək:
– Bu adam sağ olsaydı, mənim axırımı bir yana çıxarardı. Adam deyil, cəllad idi, cəllad!
– Əzim dayı, bu kişinin adı nə idi?
– Adı, Canavar. Canavar ondan yaxşı idi.
O danışarkən qarşısındakının üzünə baxmaq adəti deyil idi. O birdən-birə mənə tərəf çevrilib dedi:
– Bunun etdiklərini deməklə qurtarmaq olmaz.
Sonra mühüm bir hadisəni söyləmək istəyənlərə məxsus bir vəziyyət alaraq sözə başladı:
– Bir gecə çox yorğun idim, ağac altında yatmışdım. Bir adam məni ağacla oyadırdı. Qaranlıq idi... Səsindən bildim ki, odur. Gecə vaxtı nə üçün oyadırdı? Acıqlı səslə: “Qalx, dalımca gəl” – dedi. Qalxdım, dalına düşüb getdim. Ürəyimdən qara qanlar axırdı. Bu məni hara aparır? Nə üçün aparır? Bağla ev arasındakı qapıdan içəri girdik.
– Tez arabanı qoş, gəl! – dedi.
Getdim, arabanı qoşub qayıtdım. O, həyətdə məni gözləyirdi. Ağzı bağlı bir çuvalı göstərib dedi:
– Al, bunu apar dənizə at!
Əyilərək çuvalı qaldırıb, dalıma qoydu, gedərkən daldan çığırdı: “Yolla sür, araba izlərindən çıxma”.
Ayaqlarım əsə-əsə çuvalı götürüb arabaya atdım. Qaranlıq bir gecə idi. Ömrümdə elə qorxulu gecə görməmişdim. Arabanı bağların arası ilə dar bir küçə ilə sürdüm. Xəzri qumları göyə sovurur, qaranlıq üz-gözümü dişləyir, divardan sallanmış ağacların budaqları məni qamçılayırdı. Arabanı dəniz qırağına sürdüm. Dəniz də qorxulu idi. Bir-birini qova-qova sahilə doğru gəlməkdə olan dalğalar ağzını iri-iri açaraq, qurban istəyirdi. Arabanı birbaş dənizin içərisinə sürmək istədim. Bacarmadım. Mən heç söyüş bilmərəm, yox, heç bilmərəm. Bu kişini ancaq orda söydüm. Söydüm, çünki bu zalım oğlunun mənim canımı aldığını bilirdim.
Əzim dayı sözünü bitirib susdu və eyvana dirsəklənərək, acı-acı düşünməyə başladı. Halbuki mən hadisənin sonunu gözləyirdim. Ondan soruşdum:
– Əzim dayı, çuvalı neylədin?
– Atdım bir çuxura.
– Öldürülən kim idi, məlum olmadımı?
– Oldu. Sonradan bildim ki, bu yazıq xırdavat mal satan bir adam imiş. Malına sahib olmaq üçün onu öldürmüşdü.
Bu sözləri o qədər əzgin şəkildə dedi ki, artıq onun izahat verməyə iqtidarı qalmadığını anladım. O yenə acıqlı idi. Qaranlıq keçmiş onun bütün varlığın çeynəyib əzməkdə idi. Kədər və iztirab dalğaları üz-gözünü bulud kimi almışdı. O, gözlərini iri məzara dikib qalmışdı. Onu başdan-ayağa heyrətlə süzdüm. O, köhnə bir məzara bənzəyirdi. Artıq mən də xəyala dalmış, bu adamdakı əhval-ruhiyyədən təsirlənmişdim. Bu vaxt Sarının hürə-hürə Əzim dayının üstünə atılması hər ikimizi düşüncədən ayırdı. Bir az əvvəl onun ayaqları altında uzanıb, böyük bir maraqla Əzim dayını dinləyən Sarı iki ayağı üstünə qalxaraq, Əzim dayını qucaqlamış və qara ağzını açaraq ona hürür, sanki onu etməkdə olduğu bir işdən çəkindirmək istəyirdi. Əzim dayı ona acıqlandı, Sarı daha hiddətlə hürməyə başladı. Əzim dayı acı-acı gülümsəyərək, əlini onun başına qoydu. Hər ikisi susdu və mənalı bir sükut içində gözlərini bir-birinə dikib qaldılar...
Üç-dörd ailə içərisində onun dilini açan, qəlbinə bir az sevinc, ruhuna bir az şüa səpən iki adam idi. Biri xidmətçi Polya, ikincisi, yenicə dil açmış olan qızım Gülbəniz idi. Əzim dayı hər gün onu oynadır, söylədir, qolları arasında atıb-tutarkən büsbütün dəyişirdi. Üzünə, gözünə xoşbəxt adamlara məxsus bir rəng, gülümsəmələrinə bir səmimiyyət qonurdu.
Polya isə onun səmimi bir dostu idi. Hər gün quyu başında paltar yuyub su çəkərkən, Əzim dayı ona yardım edir, yalan-yanlış rusca bir çox şeylər danışmağa çalışırdı. Yəqin o, Polyaya Rusiyada olduğu zaman gəzdiyi şəhərlərdən, tanıdığı adamlardan danışırdı. Polya anlamadığı bu sözlərə sürəkli qəhqəhələrlə gülür, gülürdü. Sonra:
– Əzim dayı, mənə sizin dili öyrət – deyirdi.
Əzim dayı daha səmimi yaxınlaşaraq, ona ən lazım olan kəlmələri öyrədər, Polya tutuquşu kimi öyrəndiyi kəlmələri özünə məxsus bir səs və şivə ilə təkrar edərdi. Əzim dayı gülümsəyər, Polya isə ardıarası kəsilməz qəhqəhələrlə uğunub gedərdi. Arabir ona:
– Əzim dayı, mən səni sevirəm – deyərkən onun üzü gülür, gözü gülür, dodaqları gülürdü.
O, Polyaya gündən-günə daha səmimi bağlanırdı. Bu bağlanışın pis bir niyyətlə olmadığı onun hər bir hərəkət və rəftarından sezilirdi. Polyanı o, şən və oynaq bir uşaq kimi sevirdi.
Qadınlar ona: “Əzim dayı, Polya səni yaman sevirmiş...” deyərkən o, laqeyd gülümsəyərək:
– Özü bilsin, mənə nə! – başını yerə dikərdi.
– Amma ölməmiş, yaxşı qızdır.
– Hə, güləşdir, yaxşıdır...
– Ancaq bazar günləri çox gəzir.
– Özü bilsin, mənə nə!
– Sən rusca bilsə idin, başqaları ilə gəzməzdi.
– Rusca bilirəm.
– Nə bilirsən?
– Çto, xaraşo, neto. Çox söz bilirəm.
Qadınlar birdən-birə gülüşdülər. Əzim dayı pozularaq:
– Hə, hə, niyə gülürsünüz? – deyə qalxıb getdi.
İki gün əvvəl aldığı məktub Polyanı şəhərə çağırırdı. O, sevincindən hoppanır, əl-ayağı yerə dəymirdi. O gün Əzim dayı yenə çox kədərli idi. Üstünə aramsız atılmaqda olan Sarının başını oxşayırdı. Bu aralıq Gülbəniz yüyürə-yüyürə gəlib, Əzim dayıya sarıldı. Əzim dayı onu qucağına aldı. Sarı bundan hiddətlənərək hürür və bütün qüvvəti ilə qızın üstünə atılırdı. Əzim dayı dumanlı gözlərini üzünə dikərək:
– Gülbəniz, sən gedəndən sonra mən uşaq kimi ağlayacağam, gecə-gündüz ağlayacağam! – dedi.
– Əzim dayı, köç başlanıbdır. Polya bu gün gedir – dedim.
Yazıq qoca ilan kimi qıvrıldı, iztirablarını nə qədər çalışdısa gizlədə bilmədi. Saraldı, bozardı, əzici bir sükut içində düşündü, düşündü. Sonra ayaqlarına dırmanmaqda olan Sarının başını əli ilə oxşayaraq, həzin bir səslə:
– Özü bilsin, mənə nə! – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-ozu-bilsin-mene-ne
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Olsaydı əlimdə mənim ixtiyar,Qəlbimi qoymazdım çəksin intizar,
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Ay PəriKönlüm gülzannda, qış mövsimində,Açılıb təzə gül, di dər, ay Pəri!