Pioner düşərgəsində
Page 2 of 2 · 50%
– Dörd sığırçın.
Salman kişi məmnun nəzərlərlə Azərə baxdı. Azər gülərək:
– Yox, bilmədin, – dedi, – ağacda bir dənə də olsun sığırçın qalmadı. Barıtın səsindən hamısı uçub getdi. Buna yanıltma deyirlər. Səndən hər şey soruşanda əvvəlcə düşün, sonra cavab ver.
Salman dayı öz hesabını apardı, ürəyində: “Ağıllı balasan” sözlərini pıçıldadı. Sonra nəvəsi Muxtarın əlindən tutub:
– Oğlum, tez-tez Azərin yanına gəl-get, çalış, Azər kimi ol! – dedi.
O gün dənizdən qayıtdıqdan sonra onlar qonşu düşərgənin pionerləri ilə görüşə getdilər. İki düşərgə pionerləri arasında futbol yarışı da oldu.
Oyun Azərin başçılıq etdiyi dəstənin xeyrinə olaraq 4:3 hesabı ilə qurtarmışdı. Qonşu dəstəsinin toplarını, çox yaxşı oynayan Rəşid adlı bir pioner vurmuşdu. Rəşidin qoçaqlığı Azərin xoşuna gəlmişdi. Odur ki, ona yanaşıb:
– Sağ ol, sən yaxşı oynayırsan, mən ha çalışdım, iki topdan artıq vura bilmədim. Sizin qapıçı da yaxşı oynayır. Bizim üç topumuzu o, heçə çıxartdı. Ancaq, sən hamıdan yaxşı oynadın, – deyib Rəşidin əlini sıxdı.
Kərim fizikadan kəsildiyindən, imtahanı avqustun 25-nə təyin edilmişdi. Kərimin fizikadan zəif qiymət alması dostu Azərə çox pis təsir etmişdi. Odur ki, onlar hər gün tezdən oyanıb dərsləri birlikdə təkrar edirdilər. Bu gün də adətləri üzrə hər ikisi səhərdən oyanıb, qarağac altında fizika dərsini hazırlayırdı. Gecənin sərinliyini qoynunda saxlamış olan Abşeron yarımadasına məxsus yay səhəri şəfəqlərdən hörülmüş geniş, al qanadlarını yer üzünə sərməyə başlamışdı. Anaş və körpə bülbüllər səs-səsə verib səhər nəğməsini oxuyur, budaqdan-budağa atılan sərçələr də şan-şan cikkildəşirdilər. Azər ilə Kərimin səsi də quşların səsinə qarışmışdı.
Azər o günkü dərsi sual-cavab tərzi ilə Kərimdən soruşur, Kərim də cavab verirdi. Sonra Azər həmin dərsi Kərimə başdan ayağa bir dəfə nağıl etdirdi. Onlar artıq o günkü dərslərini hazırlayıb qurtarmışdılar.
Salman dayı böyük hovuzun ayağını açıb əlində bel bərə gəzdirir, bağı, bostanı sulayırdı. Motor sürətlə işləyir, hovuzun ayağından axan suyu təzə və sərin su ilə əvəz edirdi. Pionerlər hovuzun səkisində yan-yana oturub, şırıltı ilə hovuza axan suya tamaşa edir, həm də sərinlənirdilər.
Günəş artıq ucalıb göy üzərində parıl-parıl yanırdı. Quşlar hələ də səhər nəğməsini qurtarmayıb, arabir zümzümə etməkdə davam edirdi. Bu zaman Azərin gözləri şən civiltilərlə bir-birinin arxasınca budaqdan-budağa uçan və bir-birini sanki qovub tutmaq istəyən anaş və bala sığırçınlara sataşdı. Onlar gah dəstə ilə yerə qonur, bir-birini qovub dimdikləyir, sonra yenə də pırıltı ilə uçub ağada qonurdular. Sərçələr də onlardan geri qalmır, bu şənlikdə yaxından iştirak edirdilər. Azər böyük zövq və maraq içində gözlərini onlardan ayırmayıb, tamaşa etməkdən doymurdu.
İkinci manqa pionerlərindən Qulam daş ilə vurub bir sığırçının qanadını qırdı. Yaralı sığırçın yerə düşdü. Qulam tez qaçıb onu götürdü. Azər bunu görüncə ona tərəf qaçaraq:
– Mənim sığırçınımı niyə vurdun? – deyə ona acıqlandı və sığırçını əlindən aldı.
Qulam onun yaxasından tutub sığırçını tələb edirdi. Azər vermirdi. Onların arasında deyişmə uzandı. Qulam deyirdi:
– Hələ bu sığırçınlar sənin nə üçün olur, öz düşərgəmizindir.
Bir neçə pioner Qulamı müdafiə edirdi. Azər qarağac başındakı taxta yuvanı əli ilə göstərib:
– O yuvanı keçən il mən qayırıb asmışam. Bu sığırçınlar da yazda gəlib orada balalayıblar, – dedi və əlindəki yaralı sığırçına baxanda gözləri doldu.
Bu səs-küyə düşərgə rəisi, dəstə rəhbərləri də gəldi. Əhvalatdan xəbər tutunca onlar Qulamı müqəssir hesab etdilər. Onun hərəkətini pislədilər. Azərin quşlarla, xüsusən sığırçınlarla bu qədər maraqlanması, onlara qayğı bəsləməsi düşərgədə hamını, o cümlədən Tofiq yoldaşı da çox maraqlandırırdı. Bu sirri açmaq üçün indi çox münasib fürsət yaranmışdı. Bu məqsədlə yoldaş Tofiq Azərdən soruşdu:
– Azər, deyirlər ağacdakı taxta yuvanı sən qayırmısan, elədirmi?
– Bəli, mən qayırmışam.
– Afərin, Azər, görünür quşları çox sevirsən. Bəs bu qarağacın kəlləsinə necə çıxa bildin?
Azər gülümsəyib cavab verdi:
– O nədir ki, mən ondan da yuxarı qalxa bilirəm. Bundan sonra hər il bir yuva qayırıb asacağam... Qoy sığırçınlar yuva eləsin...
– Sən qayırarsan, gələn il də yuvada sərçələr bala çıxarar, – deyə pionerlərdən biri yerindən səsləndi.
– Yox, sığırçınlar bala çıxaracaq! – deyə Azər etiraz etdi.
Kərim gülə-gülə:
– Quş quşdur, heç bilmirəm, sən sığırçınlarda nə görmüsən?
Bu sual hamının ürəyindən oldu; çünki Azər sığırçınlardan həmişə böyük həvəs və hərarətlə danışırdı. Hamı aydın hiss edirdi ki, Azərin sığırçınları bu qədər sevməsi öz-özündən yaranmamışdır. Doğrudur, həmişə quşlardan söhbət düşəndə Azər müəllimlərinin, Salman dayının sözlərini xatırladır, quşların, xüsusən sığırçınların təsərrüfatdakı xeyrindən, onların ziyanlı həşərat və kəpənəkləri tələf etməsindən danışırdı. Ancaq məsələnin əsli bu deyildi. Odur ki, Tofiq yoldaş bu sirri açmaq məqsədilə Kərimin sualına haqq qazandıraraq dedi:
– Kərim doğru deyir, sən sığırçınları nədənsə başqa bir məhəbbətlə sevirsən, bəlkə bunun səbəbini bizə deyəsən?
Bir-birinin ardınca gələn suallar Azəri bir an düşündürdü. O, mühüm bir hadisə nağıl edən adam kimi özünü doğrultduqdan sonra sözə belə başladı:
– Yoldaş Tofiq, sığırçın çox məzəli quşdur. Mənim sığırçınımı söz görsəydiniz, buna inanardınız.
Azər nəyi isə xatırlayırmış kimi, bir an duruxdu. Tofiq yoldaş və pionerlər onu diqqətlə dinləməyə başladı. Azər söhbətinə davam etdi:
– Keçən il dekabr ayının qarlı-tufanlı bir günündə Sabir bağçasından keçərkən ağac başından bir sığırçın düz qarşıma düşdü. Tez götürüb, gördüm yazıq soyuqdan donubdur. Onu qoynumda evə gətirdim. Bir neçə gün isti şal içində saxladım. Ayaqlarını da, qanadlarını da don vurmuşdu. Evimizdə köhnə bir qəfəs var idi. Sığırçını qəfəsə qoyub pəncərədən asdım. O, əvvəlləri məndən qorxurdu, sonra mənə elə öyrənmişdi ki, məktəbdən gələndə qapıdan girincə qəfəs içində sevinə-sevinə atılıb-düşür və cik-cik səslənirdi. Mən onu şirin dil ilə oxşayıb, sevə-sevə yedirib-içirirdim. Bir gün mən şüşəbənddə əl-üzümü yuyurdum. Birdən-birə sığırçın qorxulu səslə elə çığırbağır saldı ki, mən qorxdum, tez otağa qaçdım. O məni görüncə sakit oldu. Bir mənə baxdı, bir də pəncərəyə. Gördüm ki, qonşu pişiyi pəncərə arxasında durub quşu marıtlayır. Mən pişiyi qovdum. Bundan sonra sığırçın məndə üç-dörd ay qaldı. O tamamilə sağalmışdı. Hətta otaq içində arabir uçurdu da. Bilsəniz, bu necə məzəli quş idi! Hər gün içmək üçün qəfəsə su qoyurdum. Doyunca içdikdən sonra qanadlarını qabın içinə salıb isladır və əməlli-başlı çimirdi. Mart ayı gəlib çatmışdı. Qonşu ağaclarında quşlar budaq-budağa atılıb şən-şən cikkildəşirdi. Bu sığırçın da qəfəsdən çıxıb pəncərə şüşəsini dimdiyi ilə vurur, o da yaşıl budaqlar arasına şən və azad uçmaq istəyirdi. Mən onun fikrini bilib quşu əlimə götürdüm, pəncərəni açıb onu əlimdə azad tutdum. O, birdən, uçub yaxındakı ağaca qondu. Mən dedim: Get, quşum, get, sən də bizim kimi azad yaşa!
Azərin söhbətinə çox diqqətlə qulaq asan Tofiq yoldaş gülümsəyərək dedi:
– Aha, indi bildik ki, sən bu sığırçınları nə üçün bu qədər sevirsən. Faydalı məhəbbətdir, təsərrüfatın dostu olan quşları sevmək və onların artmasına çalışmaq lazımdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-pioner-dusergesinde
Use ← → keys to move, R for a random poem
More by this author
Rəhm eylə, tərəhhüm çağıdır, xan, sənə qurban.Qoyma bizi gəl bisərü saman, sənə qurban.
Biri sənsən mələkciyim, biri mənQonşuda qarşı-qarşıya görünənİri camlı, genişcə pəncərədən
Bəradərim FiridunbəyəTƏQDİM ETDİYİM RƏSMİMİN ALTINA*Qəlbinə yəs, iğbirar açan
Nəcəfbəy Vəzirov həzrətlərinəSən ey bu yomi-ali qəhrəmanı, ey işıq ulduz!Təşəkkür etməyə səndən mənim qəlbim, dilim aciz.
Poems by other poets
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: