Contents
  1. Müsəlman tələbələrinin fəaliyyəti
  2. Nəğmeyi-ordbehişt
  3. Zəhmətkeş ayı

Page 3 of 3 · 67%

Zemski puldan, ya qeyri mənbədən onların məvacibini artırmaq üçün məxəz yox. Bu barədə dəfəatla qubernatora və Tiflis Komissariatına yazılmışsa da, sədrə şəfa verəsi sərəncam olmamış. Zəbtiyyə məmurları da kifayət dərəcə olmadığından soyğunçuluq, quldurluq get-gedə artır.

Bir neçə gün bundan müqəddəm Bakı ilə Şamaxı arasında bir furqon arabası soyulmuşdu. Sərnişinlər cümləsindən olan ismətli müsəlman xanımlarının hətta əlbisəsini və yemək üçün götürdükləri çörəyi belə yəğma etmişdilər. Şamaxı uyezd komissarı Qocamanbəyov cənabları öz müavini Xankişi bəy Qafarov cənablarını quldurları tutmaq və yəğmaya getmiş əşyanı istirdad üçün təyin etmişdi. Qafarov cənabları bəzi məlumat cəm etdikdən sonra həmin soyulmuş şəxsi özü ilə bərabər aparıb Kürdəmir mahalında Muradlı kəndində sui-zənn olunan əşxası səfə qoymuş, soyulmuş şəxs qarətgirləri bircə-bircə tanımış, fövrən onlar həbs olunmaqla bərabər, yəğmaya getmiş əşyalar da istirdad olunmuşdur. Hərçənd ki, Qafarov cənablarının bu kiyasət və ləyaqəti şayani-təhsindir, lakin mərəzin əsl əlacı bununla olmaz. Əmnü asayişi təmin etməkdən ötəri ərzaq məsələsinin asanlıqla həll olunması qeydində olmaq gərəkdir.

6

Şamaxıda biz çəkilməz bir dərdə məruz qalmışıq ki, o da aclıq bəlasıdır. Qəhətlik Şamaxı şəhərinə və ətrafına o dərəcəyə yetişmiş ki, buğdanın putu altmış manata, arpanın putu qırx manata satılmaqdadır. Fəqət mülahizə buyurulsun, yovmiyyə beş-on manat qazanc ilə güzəran edən bir fəqir ailəsini nə növ ilə iaşə edə bilər?

Halbuki bu qiymətə olan məkulat asanlıqla dürüst olmur. Fəqirlər deyil, hətta zənginlər də istədiyi halda lazımi miqdarda un, buğda tapıb almaqdan aciz qalmışlar. Məlbusatın qiymətinin nə dərəcəyə çıxmasını göstərmək üçün yalnız bu kifayət edər ki, acından ölmüş bir fəqirin kəfəni yetmiş-həştad rübləyə tamam olur, – desəm qətiyyən mübaliğəsiz və iğraqsızdır.

Hər kəs öz-özlüyündə o qədər dərd-qəmə, o qədər bəla və möhnətə giriftar olmuşdur ki, qonşunun qonşudan əsla xəbəri yoxdur. Acından ölmüş bir qonşunun ölümündən ən yaxın bir qonşusu ancaq üç gündən sonra xəbərdar ola bilir. Odur ki, əsəbilikdən çıldırmaq dərəcəsinə yetişmiş əhali gah ərzaq komitəsinə, gah koopretaiv dükanlarına hücumavər olub öz intixabkərdələri olan məmurları söymək və urmaq ilə min növ rüsvayçılıqlar törədirlər. Lakin bu da yenə səhldir, buna da təhəmmül etmək olar. Fəqət bunların hamısından bədtəri provokatorluq bəlasıdır ki, onunla mübarizə etmək hər şeydən müşküldür. Onun əlindən təxlisi-giriban etmək bir əmri-məhal kimi görünür.

Qafqasiyanın qeyri-şəhərlərində, bərəkət versin, müqtədir camaat xadimləri, fəal demokratiya firqələri mövcud olduğundan provokatorluğun qabağını ala bilirlər. Lakin bizim bədbəxt Şamaxımızda nə karaşina millət başçıları, nə həvəskar fəhlə firqələri var ki, o mənhus provokatorluğun önünü ala bilsinlər. Zavallı müsəlmanlar bir neçə sərsəri qasiblərin əlində baziçə qalmışlar.

Provokatorlar müfsideyi-şeytənətkaranələrindən bir an olsun qəflət etmirlər. Biçarə müsəlmanların özlərinə növbənöv iftira və böhtanlar yağdırmaqdan çəkinmirlər, “müsəlmanlar silahlanır” – deyə saldatları iqna etmişlər, inandırmışlar. Binaənileyh bu günlərdə saldatlar öz aralarında bir nəfər nümayəndə intixab edib Tiflisə göndərmişdilər ki, qüvveyi-imdadiyyə alıb Şamaxıya gətirsin və bununla bəra-bər yenə də öz şuralarında qərar qoymuşlar ki, şəhəri əlli altı hissəyə bölüb bir gündə müəyyən saatda qəflətən haman təqsim edilmiş məlum hissələrdə ümumi axtarış icra etsinlər. Hankı evdə silah və ərzaq, məmulat və məlbusat buldularsa, fövrən həcza etsinlər. Bunun da nəticəsi nə olduğu məlumdur. İştə qara ürəkli provokatorların da istədiyi budur.

Dövri-mənhusi-istibdadda məsuniyyəti-şəxsiyyətdən məhrum edilmiş biçarə müsəlmanlar cümhuriyyət bayrağı daşıyan indiki Rusiyada yenə də o bəlayə mübtəladırlar. Adlarını hamısı xalq, inqilab tərəfdarı qoyan yoldaşlar nədənsə acından ölən xalqın dərdinə qalmayıb, bu gün onlara qəyyum olmaq istəyirlər.

1917

Jan Ramo

Nəğmeyi-ordbehişt

Çün gördüm olub alma ağacları çiçəkli,
Sordum, niyə olduz, əcəba, böylə bəzəkli?
Ey alma ağacları, nədir sizdə bu halət?
Eylər bu gümüş əlləriniz vəcdə dəlalət.
Siz ki, daha dün peykəri üryan idiz axır,
Pəjmürdəvü məcruhü pərişan idiz axır,
İndi bəzənib şux çiçəklərlə təmamız,
Aya, bu bəzəkdən nə olub qəsdi-məramız?
Nagah o ağaclar necə qısqancü həyalı –
Hal ilə mənə eylədilər hali o halı,
Avüx, dedilər: sevgili dildarını gördük,
Ağ, nazik olan əllər ilən yarını gördük.
Biz də ararıq olmaq elə əllərə malik,
Olduq o səbəbdən o gedən məsləkə salik.
Nili-fələkə söylədim: ey saf səmalar,
Firuzeyi-xoşrəng ilə şəffaf səmalar,
Dün giryəli əbr ilə var idiz hamı məstur,
İndi nədi bais ki, olubsuz belə məsrur?
Avüx, dedilər: eşqdə, ey yari-müvafiq,
Biz sevgilinin gözlərinə olmuşuq aşiq.
Ol çeşmi-səmaini görüb eylədik ahəng,
Ta kim, olaq ol rəngi-dilara ilə həmrəng.
Xakə dedim: ey gülşəni-nüzhətgəhi-üşşaq,
Ey guşeyi-meyxanəsi xəlvətgəhi-üşşaq,
Səndən ki, gəlir zahirə min-min gülü gülşən,
Gördükdə neçün ağladıyorsan məni bəs sən?
Torpaq dedi: ey aşiqi-biçarə, fəğan et!
Qan ağla, gözündən ciyərin qanı rəvan et!
Zira, o gözəl gözləri, ol çeşmi-xumarı,
Ol nazik, o ağ əlləri, ol qəmzəli yarı –
Sən kim, bu gün istərsən onu ruhi-rəvan tək,
Bir gün çəkərəm mən onu ağuşuma can tək:
Bu halı salıb yadına, ey bixəbər, ağla,
Səhhət kimi gəl naləyə, şamü səhər ağla.

1905

İ.A.Krılov

Zəhmətkeş ayı

Gördü ayı kəndli çəkir zəhməti,
Var əcəb asudə, asan sənəti.
Əymə əyər, mənfəət ilə satar,
Pul qazanar, yaxşı qazanca çatar.
Düşdü onun da həvəsi bu işə,
Fikr elədi: “Yaxşıca tapdım peşə”.
Getdi meşə içrə odun qırmağa,
Şah-budağı başladı sındırmağa.
Hansı birin basdı, əyə bir təhər,
Sındı ağac, zəhməti oldu hədər.
Gəzdi, dolandı meşəni hər tərəf,
Xeyli ağac sındırıb etdi tələf.
Gördü ki, heç əymə əyə bilməyir,
Sonra gedib kəndliyə böylə deyir:
– Bir işim, ay qonşu, düşübdür sənə,
Sən tarı, qandır səbəbin bir mənə.
Mən meşədə xeyli ağac qırmışam,
İstəmişəm əyməyə, sındırmışam.
Söylə, bunun bircə nədir illəti,
Mən nə üçün bilmədim ol sənəti?
Kəndli dedi: – Vəchi budur, müxtəsər,
Səndə o şeydən əbədən yox əsər.
Səbrü bilikdir bu işin hikməti,
Sən bacara bilməsən ol sənəti.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets