Zabili görəndə ürəyim yerinə gəldi. İnşallah, anam da gəlib çıxardı. Hələ kənd tərəfdə qaraltılar görünürdü. Düzdür, bunların çoxu döyüşçülər idi, amma arada kənd adamları da gözə dəyirdi.

Zabil suya-palçığa batıb tanınmaz hala düşmüşdü. Üstəlik ağlayırdı. O, dəhşətli hadisə görüb qorxmuş lal adama bənzəyirdi. Nəsə demək istəyirdi, bacarmırdı. Ağzını bir neçə dəfə açıb-yummaqla kifayətləndi və islanıb alnına yapışmış saçlarını qarışdırdı. Qohumlarsa təkidlə ondan anamı soruşurdular. Dedim, dəyməyin, bir az toxtasın, danışacaq.

Mən deyən oldu, Zabil danışdı, ancaq elə sözlər dedi, hamımız çaşıb qaldıq:

“Siz niyə ağzınızı yalandan açıb-yumursunuz? Səsiniz batıb?”

Mən onun bədəninə baxdım, yara-filan yox idi. Kontuziya alana da oxşamırdı. Güllə səsindən qulaqları batmışdı. Bir azdan hər şeyi təfərrüatı ilə danışdı. Onu qucaqlayıb nəm saçlarını qoxladım.

Yaxın-uzaqdakı hospitallara, xəstəxanalara xəbər saldıq, döyüşçülərdən soruşduq, anamdan xəbər çıxmadı. Necə ola bilərdi, bu qədər adamın içində onu heç kim görməsin? Axı kənddən çıxmışdı. Orda qalsaydı, ya əsir düşdüyünü, ya da öldüyünü düşünərdik.

Gecədən keçməsinə baxmayaraq, hələ də kənd tərəfdən gələnlər vardı. Düşmənin qəfil hücumu insanları bir-birindən ayrı salmışdı. Anamın da ya kiməsə qoşulub, ya da təkbaşına gəlib Çulluya çıxacağına ümid edirdik. Çullu ilə Qənbərlinin arası çox deyildi. Qənbərli bizdə olsa da, döyüşçülər heç kimin irəli getməsinə imkan vermirdilər. Təhlükəli idi. Mən gəlincə qardaşımla döyüşçülər arasında mübahisə düşmüşdü. Qardaşımda pulemyot vardı və o, anamın Cinli ilə Qənbərli arasında qaldığını düşünərək, irəli getmək, ona kömək etmək istəyirdi.

Döyüşçülər:

“Niyə anlamaq istəmirsən, oralarda heç kim yoxdur. Sən gözgörəsi ölümə gedirsən!”

Qardaşım:

“Mən necə başıpapaqlıyam ki, anamı düşmən gülləsinin altında qoyub burda rahat oturmuşam?!”

Döyüşçülər:

“Ananı göstər, gedib birlikdə xilas edək. Heç kim yoxdur orda.”

Qardaşım:

“Mən gedirəm!”

Pulemyotu sinəsinə qaldırıb irəli atılır, bu vaxt batalyonun komandiri gəlir:

“Pulemyotu təhvil ver, hara gedirsən, get.”

Qardaşım:

“Bu nə deməkdir? Məni düşmənin üstünə silahsız göndərirsiniz?”

Batalyon komandiri:

“Biz göndərmirik, özün gedirsən! Bilirsən pulemyot bizim üçün nə deməkdir? Biz o silahla Qənbərlini qoruya bilərik. Özünə hayıfın gəlmir, pulemyota gəlsin!” Qardaşım silahı ayağa verir:

“Allaha and olsun, mənə yaxınlaşan olsa, qarnını gülləylə dolduracam!”

Və yenə irəli atılır. Bu vaxt mənim gəldiyimi xəbər verirlər, sakitləşir. Mən evin böyüyüyəm. Bizdə böyüyün yanında hamı kiriyir. Böyük haqsız olsa belə.

Qardaşım mənim qərarımı gözləsə də, pulemyotu yerə qoymamışdı. Yəqin, döyüşçülərin silahı ondan alacağından ehtiyat edirdi. Bunu özünə sığışdırmazdı.

Könüllülər əsgərlərlə çiyin-çiyinə vuruşurdular deyə, heç kim-heç kimin xətrinə dəymirdi. Həm də Cinli tərəfdəki batalyonun uşaqları hamını yaxşı tanıyır, qardaşımın anamıza görə çılğınlıq etməsinə səbrlə dözürdülər.

Qardaşımdan fərqli olaraq, mən soyuqqanlı idim və nə edəcəyimi bilirdim. Çünki anamın yerini kəndə ayaq basan kimi öyrənmişdim.

Qardaşım anamı ötürüb qayıdanda Cinliyə hücum olduğunu görüb və örüşdə zənn etdiyi Zabilin dalınca qaçıb. Zabili orda görməyincə Xaçın çayının sahilinə enib, sahil boyu düşməndən gizlənə-gizlənə Qənbərliyə gəlib. Əslində, o, anamdan yox, Zabildən narahat imiş. Anamı kimdənsə soruşmaq ağlına da gəlmirmiş. Handan-hana yadına düşüb ki, bəs Qənbərli camaatı da təhlükədədir, hamı arvad-uşağı Çulluya göndərir. Onda əmimgilə qaçıb, anamın gəlib çıxmadığını öyrənib və yubanmadan hər yana xəbər salıb.

Təxminimə görə, Zabil Xaçına ondan tez çatıb. Qənbərli yolunun təhlükəli olduğunu düşündüyü üçün çayı keçib, üzüaşağı xeyli gedib, Xaçınçay anbarının altından Çulluya qalxıb.

Zabil onun həyətdə olduğunu bilə-bilə geri gəlməyən qardaşımıza baxıb titrək səslə soruşdu: “Məni niyə qoyub qaçdın?” Qardaşım vəziyyəti izah etmək istədi, yadına düşəndə ki, Zabilin qulaqları hələ açılmayıb, dizlərini yerə atdı, onu bağrına basıb inildədi.

Zabili Çullu kəndində qoyub Qənbərliyə getdik. Düşmən çox güclü həmlələr edirdi, bizimsə müqavimət göstərməyə silahımız, texnikamız çatmırdı.

Biz Qənbərlinin Cinliyə tərəf çıxacağına toplaşıb alovlanan evlərə baxırdıq. Yana-yana uçuşub gecənin bağrını dələn güllələr, partlayanda ətrafa işıq saçan mərmilər hər dəfə bir doğma mənzərəni göstərib tez də qaranlığa təslim edirdi. Həyatımın bir parçası bombardman altında qalmışdı. Uşaqlığım, anamın qışa bağladığı bankalar, atamın hökmlü səsi, dayçamızın Fərruxda əks-səda verən kişnərtisi, boynu xınalı inəklərimiz... Saymaqla bitərdimi? Uşaqlığımın ötüb-keçdiyi yerlər düşmən mərmiləri altında inildəyə-inildəyə can verir, mənsə əlacsız-əlacsız tamaşa edirdim.

Anam da orda qalmışdı, sonuncu atəşin işıqlandırdığı o düzənlikdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 29. Qırğı

Komandir doğru qərar vermişdi. Nə qədər bədənimizdə hey-hərəkət vardı, qayıtmalıydıq. Onun söylədiyinə görə, qarşıda uzun bir dərə, dik bir yoxuş vardı. Ən çətin və təhlükəli yer sayılan Canavar yalını aşsaq, bizim postlara çatardıq.Tuneldən çıxıb dərə boyu asta-asta addımladıq. Etirazımıza baxmayaraq, öndə komandir gedirdi. Əslində, içimin dərinliklərində buna razıydım. Komandirin öndə olması daha ürəkli hərəkət etməyimizə imkan yaradırdı.

20183 min
İkinci hissə, 30. Komandir

Yoldaşa sevgini başa düşürəm, lakin əmr də əmrdir! Hərə öz başıyla hərəkət eləsə, aləm qarışar. Gizir Səfərovda da, Çavuş Əsədovda da, arada sevimli Ağsaqqalımız Əsgər Mazanovda da belə saymazlıq olurdu. Murova gələn gündən məndən yaşca böyük əsgərlərlə problem yaşayırdım. Nə qədər qoçaq olsalar da, qayda-qanunu başa düşmürdülər. “Döyüşçü “ustav” hərləmir” deyə yanlış bir qənaətləri vardı. İndən belə xasiyyətlərini dəyişəsi deyildilər. Amma yenə də, yenə də məni eşitməliydilər. Mən bu adamların hər biri üçün cavabdeh idim. Başlarına bir iş gəlsə, özümü bağışlamazdım.Qırğı gedəndə yüküm bir az azaldı. İndi qalırdı Gizir Səfərovla köməkləşib Rəfiyevi təhlükəli zonadan çıxarmaq. Səfərovsa özünü taqətdən salmışdı, yeriyə bilmirdi. Tərs kimi hava ağaranda düşmən postunun qarşısında olduğumuzu gördüm. Düzdür, onlar bir az aşağıda idilər, bizi görə, görsələr də, rahat nişan ala bilməzdilər. Lakin qalxıb növbəti yamacı aşmaq istəsək, hardasa otuz-qırx metr açıq nişangaha çıxacaqdıq.

20183 min
İkinci hissə, 31. Gizir Səfərov

Nə qədər harayladımsa, komandirdən cavab gəlmədi. Olmaya onu vurmuşdular? Dayandığı yerə boylandım, yox idi. Gizli bir yerdən çıxdığını təxmin edib düşmən postunu atəşə tutdum. Az keçməmiş arxadan səsini eşitdim:“Gedirik!”

20181 min
İkinci hissə, 32. Komandir

Köməyə gələn əsgərlər Rəfiyevi iki ağacın üstündə apardılar. Mən Gizir Səfərovun yanında gözlədim, o, bir az toxtayan kimi qoluna girib posta doğru addımladım. Yoldaşlarımız kəsif tər qoxusuna bürünmüş balaca, alçaq blindajda yan-yana uzanmışdılar. Biz də onların yanına sərildik. Bədənimizdən yorğunluğun buxarı qalxırdı. Yemək yeməyə də taqətimiz qalmamışdı. Hələ mən bu vur-çatlasında qalxıb qərargaha zəng etməliydim.Dizlərimin giziltisi kəsilən kimi postdan azca aralanıb Kapitan Rəşidovla ratsiya əlaqəsi yaratdım. Əvvəldən danışdığımız kimi, məni 5-ci dalğada gözləyəcəkdi. Asanlıqla əlaqə saxladıq, vəziyyəti qısaca izah etdim və girov gətirməyin mümkün olmadığını söylədim. Zəngimə sevinsə də, əliboş qayıtmağımız kefini pozdu. “Gözlə” dedi. Bir azdan yenə əlaqəyə girdik. Danışan briqada komandiri Polkovnik Nəbiyev idi. O, qətiyyətli səslə bu sözləri söyləyib ratsiyanı söndürdü:

20181 min

Poems by other poets