Birinci hissə, 4. Sevinc
Onunla heç vaxt anası haqqında danışmağa ürək eləmirdim. Ana kəlməsi işlənəndə dəyişib başqa adam olurdu. Susurdu. Qüssələnirdi. Tək qalmaq istəyirdi. Anası yalnız ona aid olan sehrli bir nəğməydi. Bölüşmürdü bu nəğməni. Sehrini itirəcəyindən qorxurdu.
Briqada komandirliyindən çıxarıldığı gün dedim, ərizəni yaz, orduyla vidalaş, sənin dəyərini bilən yoxdur. Həm də yaşlanırıq artıq, uşaqlarımız böyüyür. Sən bu vətənin borcunu artıqlaması ilə vermisən.
İyirmi beş il heç kimə zarafat gəlməsin. İyirmi beş il! İnsan bezməzmi, yorulmazmı, usanmazmı?! Bu necə sevgi idi? Başqasının anası yox idimi? Başqasının anası şəhid olmamışdımı? Başqasının qəbri düşmən tapdağında qalmamışdımı?
İyirmi beş ilin on yeddi ilini bir yerdə yaşadıq və bu on yeddi ildə bir dəfə də olsun onun istəyinin əleyhinə getmədim. Amma bu xına o xınadan deyildi. Dirəşmişdim. Mənim hardasa haqlı olduğumu bilirdi, ona görə dinmirdi. Almaz kimi sərt baxışlarının bir balaca yumşaldığını görüb, ürəkləndim, əllərindən tutdum, düz gözlərinin içinə baxdım, başını aşağı saldı, üzünü görmək üçün mən də əyildim və ona yalvardım:
“Xahiş edirəm, bizi də nəzərə al. Məni, balalarını... On yeddi ildir səni gözləyirəm. Gözüm yolda, qulağım səsdə qalıb. Balaların efirdən oxunan şəhid siyahılarını ürəkləri əsə-əsə dinləyirlər. Hər dəfə adını eşitməyəndə Allaha necə dua edirlər - bir görəsən. Vətənə iyirmi beş il qulluq elədin, bizə də bir az vaxt ayır. Heç nəyini istəmirik, quru nəfəsin olsun evimizdə, bizim də ocağımız isinsin, divarlar üstümüzə gəlməsin.”
Gözlərimdən yaş süzüldü, özümü ələ alıb kiriyə bilmirdim, cümlələrimin qalanını hıçqıra-hıçqıra dedim:
“Xahiş edirəm səndən...”
Necə ah çəkdisə, dedim, ürəyi ağzından uçub gedəcək. Qalxıb pəncərəyə yanaşdı. Əllərini arxasında tutub uzaqlara baxdı. Bu on yeddi ildə ilk dəfə onun səsində bu qədər ağrı hiss edirdim:
“Bəs anam?!”
Əllərim boşaldı, dilim tutuldu, gözlərim qurudu. Ona dediyim sözlərdən utandım. Arxadan yanaşıb qollarımı boynuna saldım, saçlarını qoxladım. Bu dəfə səssiz, içimdə ağlayırdım və onun kürəyini peşmançılıq göz yaşlarım isladırdı. Əlimi sinəsinin üstündə tutub sıxdı, “Sən güclü qadınsan, belə eləmə. Sən güclü olmasan, mən səngərdə ürəklə dayana bilmərəm!” - söylədi. Və bu sözləri elə ürəkdən, elə səmimiyyətlə söylədi ki, astadan bircə kəlmə “Bağışla” deyib otaqdan qaçdım.
Axı mən niyə belə etdim? Qohum-qonşunun haylıküylü ailə həyatımı, əri ilə qol-qola bulvara, kinoya, toylara, restoranlara gedən qadınların səadətimi, uşaqlarımın ata ehtiyacımı aldatdı məni? Vətəninəmi qısqanırdım onu, anasınamı vermək istəmirdim? Bəlkə, bizi biryolluq tərk edib anasının yanına gedəcəyindən qorxurdum? Elə bil bir az əvvəl Xındırıstanda ona söz verən qadın mən deyildim.
Komandir olduğu hərbi hissə kəndin yaxınlığındaydı. Zabit ailələri bir istiqamətdə ev kirayələyib yaşayırdı. Hamımız qonşu idik. Anasının şəhidliyinin onuncu ilində yaxın bildiyim qadınlardan çağırdım, köməkləşib halva çaldıq, qonşulara payladıq. Həmin gün həm də Cinli kəndinin işğal günüydü. İyunun 12-si...
Maşınının səsi gəldi. İçəri keçdi. Yorğun idi. Divanda uzanar-uzanmaz gözü stolun üstündəki halva boşqablarına sataşdı:
“Bu nədir?” - maraqla soruşdu.
“Ananın ölüm günüdür...” - dedim çəkinə-çəkinə.
Divanda qalxıb oturdu, alnını əllərinin arasına alıb hönkürə-hönkürə ağladı. Onda da qaçıb otaqdan çıxdım. Onun nəinki ağlamağına, kədərlənməyinə də dözə bilmirdim. Az keçməmiş məni səslədi, saçlarımı sığallayıb göy üzü kimi aydın gözlərini sevgiylə üzümə dikdi:
“Yaxşı ki, anamı unutmursan. Bu, məni xoşbəxt edir. Həmişə belə ol. Yaxşı?”
“Yaxşı” deyib gülümsədim, yanağından öpdüm və onu ən böyük səadətim kimi qucaqladım.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-birinci-hisse-4-sevinc
Use ← → keys to move, R for a random poem
More by this author
Ömər və Güzgü zirvələrinin sağındakı yüksəklik düşmənin əlindəydi. Ondan arxaya bizim nəzarətimizdə olmayan daha bir zirvə vardı. “Cabir postu” ilə üz-üzə olan bu yüksəkliyə şərti olaraq Qamış yüksəkliyi deyirdik. Biz səhərə yaxın təmas xəttini “Cabir postu” ilə Qamış yüksəkliyinin arasından keçəcəkdik. Düşmənin ən zəif postu bura idi. Uzun-uzadı müşahidə aparıb vəziyyəti öyrənmişdik. Gecələr rahatca yatır, bəzən qarovul da qoymurdular.Əməliyyat zamanı hər hansı hadisə baş versə Kapitan Rəşidovun rəhbərlik etdiyi qrup Qamış yüksəkliyini götürəcək, düşmən əsgərlərini əsir alacaqdı. O, bizə yalnız bu cür kömək edə bilərdi.
Dördüncü hissə, 5. QırğıTəmas xəttini bu nöqtədən ilk dəfə keçirdim. Canımda üşütmə vardı. Buz üstünə çıxan buzov kimi titrəyirdim. Əvvəla, nəinki düşmən, heç biz tərəfdə basdırılan minaların da yerini bilmirdik. 701-in vaxtından nə basdırılmışdı, hara basdırılmışdı, məlumat yox idi. İkincisi, düşmən öz tərəfində istehkamı möhkəmləndirmişdi. Aldığımız məlumata görə, onlar müasir və həssas piyada minaları əldə etmişdilər. Üçüncüsü və ən vacibi, bizim sapyorlara inanmırdım. Ayağımı hər atanda on dəfə dua, hər çəkəndə on dəfə şükür edirdim. Canlı hədəf idim. “Mişen”.Sapyorların açdığı cığır tərtəmiz idi. Ön xətti sağsalamat keçib dərə boyu Qonurdağa üz tutduq. Ağ çınqılı yenib dağa dikləşəndə yağış başladı, zirvəyə çatanda daha da gücləndi. Ağ yağış deyirdilər buna. Damcısı iri yağışlar adətən uzun-uzadı yağmır. Ağ yağış iri damcılarla gün ərzində fasilələrlə yağır, bəzən saatlarla şıdırğı tökür. Adamı vahimə basır. Elə bilirsən, dağları sel yuyub aparacaq. Hələ ildırım! Qulağının dibində çaxır. Biz çıxan zirvələrin başı buludu dəlib keçir. Demək, ildırım başımızın üstündə yox, qulağımızın dibindədir. İldırımı çəkməsin deyə rabitə qurğusunun daşını çıxartdıq.
Dördüncü hissə, 6. KomandirKamera məndə, snayper Qırğıda, durbin Ləzgidə... Biz Kəlbəcər tərəfki dağın yaxasından düşmən postları yerləşən Ömər aşırımına baxırdıq. Aramızdan axan Lev çayının səsi Xaçını xatırladırdı. Görəsən, Xaçınla hardasa qovuşurdular? Suları bir-birinə qarışırdı?Dağlara qəribə mənzərə açılmışdı. Kəlbəcər üzdən Murov fərqli görünürdü. Zirvələr daha hamar, yamaclar daha tumarlı. Hər yerə təzə yollar çəkmişdilər. Bu yolları tələsmədən kameraya aldım. İrəli çıxanda artıq Cəmilli qərargahı görünürdü. Hərbi hissə köhnə ferma yerində salınmışdı. Aramız üç yüz-dörd yüz metr olardı. Bir az qabağa gedib kameranı işə saldım. Əsgərlər səhər düzülüşünə çıxmışdılar. Kamera uzaqdan yaxşı götürmürdü deyə bir az da yaxınlaşmaq lazım gəlirdi. Uşaqlara dayanıb maskalanmaq işarəsi verib özüm, təxminən, 80-90 addım irəli çıxdım, çəkiliş üçün yaxşı mövqe seçib kameranı işə saldım. Üstündə işıq yanırdı. Diqqət çəkə bilərdi. Ancaq daha bundan keçmişdi.
Dördüncü hissə, 7. QırğıÇayın qırağında nə vardı? Ömər aşırımına tərəf nə görmüşdü? Ora getməyin təhlükəli olduğunu bilmirdimi? Komandir gedir, mən ondan gözümü çəkmirdim. Arada snayperin durbinindən də baxırdım. O, gözlərim baxa-baxa qeybə çəkildi. Elə bil, çəmənlikdə sağa-sola uçan kəpənək qəfil öz rəngində olan çiçəklərin üstünə qondu, qanadlarını açdı və görünməz oldu. Kəpənək gülün ləçəyindən qopmuşdu. Çəmənliyi o qədər sevirdi ki, Tanrı ona can vermişdi. Sağa-sola uçur, istədiyi yerə qonub gülün-çiçəyin bir parçasına dönürdü. Komandir də indi canından artıq sevdiyi vətən torpağının bir daşı, bir ağacı, bir otuydu. Bir azdan yenidən canlanacaq, yanımıza qayıdacaqdı.Hərbi hissədə vur-çatlasın vardı. Qaçırdılar, idman edirdilər, qışqırırdılar. Səs-küyləri aləmi götürmüşdü. Elə bil, bir saatdan sonra qanlı döyüşə girəcəkdilər. Bunlar Dəmirçidamda gördüyümüz əsgərlərə bənzəmirdi. Həm çox idilər, həm də canlı. Lakin diqqətlə baxanda bu hay-küyün keçici, yalançı bir şey olduğunu aydınca hiss edirdin.