Dördüncü hissə, 5. Qırğı
Təmas xəttini bu nöqtədən ilk dəfə keçirdim. Canımda üşütmə vardı. Buz üstünə çıxan buzov kimi titrəyirdim. Əvvəla, nəinki düşmən, heç biz tərəfdə basdırılan minaların da yerini bilmirdik. 701-in vaxtından nə basdırılmışdı, hara basdırılmışdı, məlumat yox idi. İkincisi, düşmən öz tərəfində istehkamı möhkəmləndirmişdi. Aldığımız məlumata görə, onlar müasir və həssas piyada minaları əldə etmişdilər. Üçüncüsü və ən vacibi, bizim sapyorlara inanmırdım. Ayağımı hər atanda on dəfə dua, hər çəkəndə on dəfə şükür edirdim. Canlı hədəf idim. “Mişen”.
Sapyorların açdığı cığır tərtəmiz idi. Ön xətti sağsalamat keçib dərə boyu Qonurdağa üz tutduq. Ağ çınqılı yenib dağa dikləşəndə yağış başladı, zirvəyə çatanda daha da gücləndi. Ağ yağış deyirdilər buna. Damcısı iri yağışlar adətən uzun-uzadı yağmır. Ağ yağış iri damcılarla gün ərzində fasilələrlə yağır, bəzən saatlarla şıdırğı tökür. Adamı vahimə basır. Elə bilirsən, dağları sel yuyub aparacaq. Hələ ildırım! Qulağının dibində çaxır. Biz çıxan zirvələrin başı buludu dəlib keçir. Demək, ildırım başımızın üstündə yox, qulağımızın dibindədir. İldırımı çəkməsin deyə rabitə qurğusunun daşını çıxartdıq.
Komandir videokameranın hayındaydı. Gah qoynuna salır, gah plaş-palatkanın altında gizləyir, gah da əlindəki sellofana bükürdü. Görünür, o da nəsə sübut eləməkdən ötrü çəkib-gətirmək həvəsindəydi. Yoxsa kameradır, islandı, tulla getsin. Əslinə qalsa, kəşfiyyatda çəkiliş aparmaq doğru deyil. Diqqətin dağılar, səhv buraxarsan. Şəxsən mən düşmən arxasında çəkiliş aparmağa ürək eləmərəm.
Səfərovun yeri görünürdü. O gedəndən Rəfiyevin dili açılmışdı. Özünü əməlli-başlı “dembl” kimi aparırdı. Bir az da Səfərovu yamsılayırdı. Yağışın bizi döyəcləyib toyuğa döndərdiyi vaxt bunun dişlərini şaqqıldada-şaqqıldada mənə verdiyi suala baxın:
“Cabir postu”nda “turba” tutan əsgəri gördün?”
“Gördüm.”
“Dedim, bu nədi belə? Bilmədi.”
“Özü deməyib. “Pezerka”dı. Tankı vurmaq üçündü.”
“Cabir postu”na tank gəlir?”
“Tank olmasın, vertolyot olsun!”
“İçi boşdu ee... a kişi. Atmağa heç nəyi yoxdu. Dedim, yaxşı samovar trubası çıxar bundan.”
“Ermənilərdə də vertolyot yoxdu, narahat olma.”
Rəfiyev cavabımdan məmnun qalıb rahat-rahat titrədi.
Arada komandirlə də söhbət eləməyi özünə borc bilirdi:
“Komandir, həmişə deyirsiz, ayıq-sayıq olun, amma heç demirsiz ayıq nədi, sayıq nədi.”
“Ayıq oyaq olmaqdı, sayıq gözüaçıq və diqqətli olmaq! Hər oyaq adam gözüaçıq və diqqətli olmur, Rəfiyev! Bəzən ayaq üstə də yatır adam.”
“Anladım” - əllərini hindli rahiblər kimi sinəsində iç-içə qoyub qəddini azca əydi
Ləzgini yanlayıb oxuduğu mühazirə isə bambaşqa aləm idi:
“Biz olan zirvələr dəniz səviyyəsindən üç min metr yüksəklikdə qərar tutub. Qayalıqda, çınqılda, sərt uçurumlarda təkəmseyrək xırda otlar gözə dəysə də, çəmənlik xeyli aşağıdadır. Buna Alp çəmənliyi deyirlər.” - dişlərini şaqqıldadıb əlavə edirdi - “Bütün hündür dağlar kimi, Murov da dörd qatdan ibarətdir: meşəlik, çəmənlik, çılpaq qayalıqlar, qar və buz layları. Biz qaya təbəqəsindəyik. Ordan Qonurdağa - Alp çəmənliyinə yenmişik. Bir az aşağıdan meşələr başlayacaq. Rahat gizlənəcəyik” - qəribə şəkildə hırıldadı. Burnunun ucundan süzülən su əyilib ağzına doldu. Bir anlıq onun dəli olduğunu düşündüm. Ləzgi ona qulaq asmırdı.
Nə qədər islansaq da, hər damcı bədənimizə güllə kimi dəyirdi. Soyuqlayıb qızdırmasaq yaxşıydı.
Qonurdağın başına günorta çatmışdıq. Çatan kimi komandir Kapitan Rəşidovla əlaqə saxlayıb dedi:
“Qarpız yeyirik!”
Bu, yəqin, dağın zirvəsinə çatmaq anlamına gəlirdi. Qarpızı dilimləməmiş ağ yağış daha da gücləndi. Axşamacan büzüşüb qaldıq, axşam hərəkətə başladıq. Yağış ara vermişdi. Amma bunun bizə heç bir xeyri olmadı. Üst-başımızdan su süzülürdü. Paltarlı-palazlı hovuza atılıb çıxmışa bənzəyirdik. Sinəmizəcən qalxan otlar başdan-başa suyun içindəydi. Yeridikcə yaşıl nəmişliyə qərq olurduq. Bədənimizin heç bir əzasını hiss eləmirdik. Bircə ayağımızda və dilimizdə istilik vardı. Düşmən hücum etsə, silahın tətiyini çəkə bilməzdik.
Bu dəfə hərəkət cədvəlini qarışdırmışdıq. Hava yağmurlu olduğu üçün gündüzlər də yol gedirdik. Buludun kölgəsiylə getmək olurdu. Bulud çəkilən kimi otların arasında gizlənirdik. Günəş düşən tərəfdən durub baxanda buludun kölgəsi durbinlə də aydın görünmür, buludlu yerdən gün düşən ver aydın görünür. Komandir dağ təbiətinin bu incə sirlərini yaxşı bilirdi.
İki sutka hərəkət edəndən sonra Lev çayını keçib Cəmilli meşəsinə yetişdik. Uşaqları rahat bir talada qoyub üçümüz ətrafı müşahidəyə çıxdıq: komandir, mən və Ləzgi.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-5-qirgi
Use ← → keys to move, R for a random poem
More by this author
Gecələr onun harasa getdiyini bilirdim. Deyəsən, təmas xəttini keçirdi. Bəzən tez qayıdır, bəzən səhərəcən gəlib çıxmırdı. Uzaq və çətin yol keçdiyini paltarlarını təmizləyəndə hiss edirdim. Palçıqlı, yaş və tozlu olurdu. Hardasa süründüyü, çaydan keçdiyi, torpağa uzandığı bilinirdi. Başqa vaxt hara gedirdisə, mənə deyirdi. O səfərləri haqda nə gedəndə, nə gələndə bir kəlmə danışmırdı. Amma mən onu sabahacan gözləyirdim.“Sən yatmamısan hələ?” - hər dəfə eyni sual.
Dördüncü hissə, 34. KomandirÇaylar dənizə, dənizlər okeana tökülür. Bütün cığırlar yollara, yollar ana yollara, ana yollar böyük şəhərlərə aparır. İnsanın ömrü də belədir. O, yaşının ən məhsuldar çağlarına hər tərəfdən yol gəlir; bilikdən, həyatdan, təcrübədən... Mən Ağdamdakı hərbi hissəyə komandir təyin olunanda öz okeanıma qovuşdum. Bir vaxtlar Özbəkistandan qaçmış sıravi əsgər indi öz doğma elobasına briqada komandiri, polkovnik-leytenant kimi qayıdırdı. Bu, həyatımın zəfər yürüşüydü! Özümü gümüşü işıq selinin hüdudsuz sevinci içərisində hiss edirdim.Nəhəng dağı biri çiçəyindən, biri bulağından, biri təmiz havasından tanıyır. Vətəni də hərə bir tərəfindən sevir.
Dördüncü hissə, 35. XanıDüz iyirmi il əvvəl yanında meyit, biz olan maşına əl eləyən sarıyanız, göygöz oğlanı Ağdamda “kambriq” kimi qarşılayırdım. Bir-birimizi qiyabi tanıyırdıq. Mən də buraların adlı-sanlı kəşfiyyatçısı idim.“Demək, məşhur Xanı sənsən!” - ilk sözü bu oldu, əlimi sıxdı.
Dördüncü hissə, 36. KomandirQərargahımız Xındırıstanda yerləşirdi. Kənddə ev tutmuşdum, ailəmlə qalırdım. Evimizin bir sakini də artmışdı: Nihad! Aqşindən fərqli olaraq, o, mənim kimi sarıyanız idi.Dərslər başlananda Sevinc uşaqları götürüb şəhərə gedirdi. Tətillərdə, istirahət günlərində Zabilin maşınıyla gəlirdilər. Zabil arada mənə sataşmaq istəyirdi: