Anamın yerini gənc bir əsgərdən öyrəndim. Biz Qənbərlinin çıxacağında durub Cinli tərəfdən gələnləri bir-bir sorğu-suala tuturduq. BMP-nin üstündə oturan gənc əsgər gözlərini məndən yayındırdı. O, nəsə gizləyir, qəlbindəkini baxışlarından oxuyacağımdan qorxurdu. Əsgərə çox baxıb ürkütmək istəmədim.

Düşmən artıq Qənbərlini atəşə tutmuşdu və hərbçilərdən başqa hər kəs kəndi tərk edirdi.

Baxışlarını məndən yayındıran əsgəri danışdırmalıydım. Amma necə?

Hamının atəşdən gizlənib Cinlidə baş verənləri təlaş içində izlədiyi vaxt BMP-nin aşağısında mövqe tutmuş əsgərə yanaşdım, ağzını bərk-bərk tutub özümlə birlikdə üzüaşağı yomaladım. Yoldaşlarından xeyli aralayandan sonra ağzımı qulağına yaxınlaşdırıb dedim:

“Anam hardadır?”

Əsgərin isti nəfəsi ovcumda vurnuxdu, əlimi çəkdim, tövşüyərək dilləndi:

“Cinlidən gələn yolda qalıb. Yanına mərmi düşüb.” - bir az da tövşüyüb əlavə etdi - “Ermənilər görməsin deyə üzümlüyə sürüdüm.”

“Niyə gətirmədin?!” - qışqırdım.

“Mümkün deyildi” - udqunub susdu.

“Niyə demirdin?!”

“Utandım” - göz qapaqları aşağı endi. Bığ yeri yenicə tərləyən bu əsgərin vur-tut on doqquz-iyirmi yaşı vardı. Allah bilir hardan gəlmişdi və buraları heç əməlli-başlı tanımırdı. Mənsə onunla yüz ilin döyüşçüsü kimi davranırdım.

Əsgərin boynunun arxasından tutub alnını alnıma sıxdım. Bu, əsgər dilində səni incitməyə məcbur olduğum üçün məni bağışla demək idi.

İkimiz də qənşərə çıxdıq, əsgər barmağını anam olan yerə uzadıb yorğun-yorğun BMP-nin yanına qalxdı, mənsə Xaçın çayına tərəf yüyürdüm.

Xaçını qırçınlı ləpələrindən, pıçıltını xatırladan incə səsindən tanıyırdım. Xaçın da məni tanıyırdı. Görəndə düşmən eşitməsin deyə səsini içinə qısdı. O həm də hıçqırırdı. Çay yoxuşa mənə doğma olan ağacların arası ilə irəliləyirdim. Hər yerə gecənin vahiməsi çökmüşdü. İndicə zülmətin bağrından bir çığırtı, bir gurultu qopacaq, aləm qarışacaqdı. Ətrafdakı sakitliyin bətnində təşviş gizlənmişdi.

Qəfil söyüd ağacından kiminsə asıldığını gördüm və bir anlıq çaşdım. Meyit gördüyümə yox, meyiti görüb tük qədər ürpənmədiyimə görə. Bu vaxtacan qanlı döyüşlərdə olmuşdum, yaxın dostlarım, cəbhə yoldaşlarım qollarımın arasında can vermişdi, dəfələrlə ölümün üstünə yerimişdim, lakin həmişə içimin dərinliyində balaca da olsa ölüm xofu hiss etmişdim. Kitabların yazdığına görə, bu hiss ən cəsur adamlarda da axıracan itmir. Cəsurluq qorxu hissinin olmaması yox, insan iradəsinə tabe edilməsidir. İndi mən o zəif işartını da itirmişdim. Ona görə gecənin bir aləmi qəfil qarşıma çıxan əsgər meyitinə inanılmaz soyuqqanlılıqla baxırdım.

Əsgərin gözləri açıq idi. O, asıldığı ipdə astaca yellənirdi. Demək, düşmən uzaqda deyildi. Bəlkə də ətrafda pusqu qurub məni tutmaq istəyirdi. Ancaq Xaçının ahəstə hıçqırtısı buralarda kimsənin olmadığını xəbər verirdi.

Əsgəri ipdən endirib, gözlərini sığadım. Bədəni isti idi. Bəlkə bir az tez gəlsəm, xilas edə bilərdim. Onu kolların arasında gizləyib, üstünü şax-şəvəllə örtdüm.

Ayrılanda hərbi salam verdim və dedim: “Əsgər, söz verirəm, sənin üçün bura bir də qayıdacam!”

Söyüdlükdən çıxıb üzümlüyə girəndə məni görə bilərdilər. Ümidim yalnız qaranlığaydı. Hava ağarmamış anamı götürməliydim.

Anam əsgərin göstərdiyi yerdə əllərini sinəsinə qoyub uzanmışdı. Elə bil yatmışdı. Çağırsam, başını qaldıracaq, həmişəki doğma səslə cavab verəcəkdi. Sürünə-sürünə ona yaxınlaşdım, əvvəlcə soyumuş alnından, sonra qabarlı-tilişkəli əllərindən öpdüm. Dodağımı barmaqlarının ucunda gəzdirəndə tikan yerlərini aydınca hiss elədim. Onu bağrıma basıb burnumu qoltuğuna sıxdım, doğma qoxusunu ciyərlərimə çəkdim. Bədəni hərarətini itirsə də, uşaqlıqdan yaddaşıma yazılan qoxunu son qənimət kimi qoruyub saxlamışdı və indi mənə əmanət edirdi.

Başımı qaldıranda anamın üzü gümüşü işığa qərq olmuşdu. İşıq onun üzünə Yeddixırman dağından düşürdü. Dağ başdan-başa nura boyanıb dalğalanırdı. Əvvəl elə bildim, oraları yandırırlar, ancaq bu, alov rəngi deyildi. İşığın bir ucu dağın zirvəsindən yuxarı millənir, göyün ənginliklərində əriyib qaranlığa qarışırdı.

Göyün dərinliyindən Yeddixırmana, Yeddixırmandan anamın üzünə düşən işığa baxdıqca baxırdım. Gözlərimi nə anamdan ayıra bilirdim, nə Yeddixırmandan, nə də göyün dərinliyindən. Baxışlarımı anamdan ayıranda Yeddixırmana dikilirdi, Yeddixırmandan ayıranda göyün işıq gələn dərinliyinə. Dünyada anamdan, Yeddixırmandan və göy üzünün işıq gələn sirli dərinliyindən başqa heç nə yox idi. Anam o işığa qoşulub getmişdi və indi məni də qanadlarına alıb öz dünyasına aparırdı. Ayrılmaq istəmirdim o dünyadan!

Uzaqdan uğultu gəldi. Yanımıza mərmi düşdü. Partlayış səsi gecənin qaranlığını silkələdi. Anama qısıldım. Partlayışın dalğası bizi aşağı atdısa da, heç birimizə xətər dəymədi.

Bizi mərminin qəlpələrindən gümüşü işıq qorumuşdu.

Xaçının üstündən üfüqə baxdım - hava ağarırdı.

Anamı qollarımın üstünə alıb üfüqdəki ağartıya doğru getdim. Mən gedib-gedib anamla birlikdə havalanacaq, üfüqə çatıb gümüşü işığa çevriləcəkdim. Mən gedirdim, hava ağarırdı. Hava ağarırdı, mən gedirdim. Qaranlıq əridikcə anamın üzündəki işıq da əriyirdi. Gün çıxanda tamam qeybə çəkildi. Məni ağlamaq tutdu. Ağlaya-ağlaya bu sözləri dedim:

“Ana, üzünün işığına and olsun, bizə bu zülmü yaşadanlara diz çökdürməyincə silahı yerə qoymayacam!”

Qənbərliyə çatanda gün çıxmışdı. Düşmən susurdu. Evlərdən korun-korun tüstü qalxmasa, buralarda müharibə getdiyinə inanmaq olmazdı. Havadakı səssiz uğultu növbəti və daha güclü həmlədən xəbər verirdi.

Anamı hərbi maşına qoyub Çulluda yolumuzu gözləyən qohumların yanına tələsdik. Arada imkan tapıb Cinliyə bir də baxdım. Hər tərəf yanırdı. Düşmən örüşdəki mal-qaranı kəndin ayağına tökmüşdü ki, tamahlanıb gələn olsun; ya öldürsünlər, ya da əsir alıb pula-paraya dəyişsinlər.

Anamı götürdüyüm kolluqda gümüşü işığı axtardım. Yox idi. Yeddixırman laqeyd-laqeyd göyə millənirdi. Elə bil gecə nura bələnib dalğalanan dağ deyildi. Günəş tənbəl-tənbəl yüksəlirdi. Təbiət soyuqqanlılığını itirməmişdi. Bircə Xaçının səsində həyəcan vardı. O, başımıza gələnləri danışa-danışa özünü sağa-sola çırpır, Kolanı dərəsi boyu gileylənə-gileylənə axıb gedirdi.

Doğma kəndimizi son dəfə görsəm də, özümü buna inandırmaq istəmədim. Yanan evlərə çox baxmadım ki, xəyalımda belə qalmasın. Mən kəndimizin həyətlərdə al-əlvan paltarlar sərilən vaxtını yadda saxlamaq istəyirdim; Yeddixırmanın ətəyindəki laləlik dəniz kimi dalğalanır, qoyun-quzu Fərruxun yaxasına dağılır, diribaş kişilərin hay-harayı küçələri bürüyür, hardasa uzaqda it hürür, xoruz banlayır, az sonra uşaqların xoşbəxt çığırtısı eşidilir...

Düşmən mərmiləri Çullunu tutmurdu. Kənd dağın bu biri üzünə sığınmışdı. Sanki nə vaxtsa müharibə olacağını duyub daldaya çəkilmişdi. Qənbərli boşalırdı, döyüşçülər növbəti hücumu dəf etmək üçün planlar qururdu, bizsə anamla vidalaşırdıq.

Onu Çullu qəbiristanlığında dəfn elədik. Üstünə torpaq atılan vaxt məzarın küncündəki məchul qaranlıqda əl boyda gümüşü işıq peyda oldu. Mən o işığın anamla birlikdə əbədi olaraq torpaq altında qalacağından qorxub qışqırdım:

“Dayanın!”

Hamı çevrilib mənə baxdı. Heç kimi vecimə almadan məzara əyildim və pıçıldadım:

“Məni qoyub getmə.”

Bu sözdən sonra işıq əriyib havaya qarışdı, başımı qaldırıb baxanda onu Yeddixırman dağının gədiyində gördüm.

Anamın yeddisini verməmiş Çullu da işğal olundu. Qəbrinə başdaşı qoya bilmədik. Buna çox təəssüflənsəm də, sonralar düşündüm ki, belə yaxşıdır. Bəlkə başdaşı olsa, məzarını dağıdardılar.

Anamın məzarını heç vaxt dağıtmadılar. Nədən bilirəm? Bu barədə sonra danışacam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, 3. Komandir

Zabili görəndə ürəyim yerinə gəldi. İnşallah, anam da gəlib çıxardı. Hələ kənd tərəfdə qaraltılar görünürdü. Düzdür, bunların çoxu döyüşçülər idi, amma arada kənd adamları da gözə dəyirdi.Zabil suya-palçığa batıb tanınmaz hala düşmüşdü. Üstəlik ağlayırdı. O, dəhşətli hadisə görüb qorxmuş lal adama bənzəyirdi. Nəsə demək istəyirdi, bacarmırdı. Ağzını bir neçə dəfə açıb-yummaqla kifayətləndi və islanıb alnına yapışmış saçlarını qarışdırdı. Qohumlarsa təkidlə ondan anamı soruşurdular. Dedim, dəyməyin, bir az toxtasın, danışacaq.

20183 min
Birinci hissə, 4. Sevinc

Onunla heç vaxt anası haqqında danışmağa ürək eləmirdim. Ana kəlməsi işlənəndə dəyişib başqa adam olurdu. Susurdu. Qüssələnirdi. Tək qalmaq istəyirdi. Anası yalnız ona aid olan sehrli bir nəğməydi. Bölüşmürdü bu nəğməni. Sehrini itirəcəyindən qorxurdu.Briqada komandirliyindən çıxarıldığı gün dedim, ərizəni yaz, orduyla vidalaş, sənin dəyərini bilən yoxdur. Həm də yaşlanırıq artıq, uşaqlarımız böyüyür. Sən bu vətənin borcunu artıqlaması ilə vermisən.

20183 min
Birinci hissə, 5. Komandir

Kənddəki həyətimizdə güllələdiyim qara pişik yenə yuxuma girmişdi. Qulağından və ağzından qan axa-axa çığırırdı. Ömrümün lənəti idi bu pişik! Hər dəfə yuxuda görəndə başıma ağır bir hadisə gəlirdi. Bir dəfə ayağımdan yaralandım, bir dəfə qılçalarıma qəlpə doldu. Onda Özbəkistandan təzə gəlmişdim. Sovet hərbi hissəsini icazəsiz tərk etdiyimə görə başımı sığallamayacaqdılar. Amma mən heç kimdən yox, atamdan çəkinirdim. Ona nə deyəcəkdim? Vətən, torpaq nağılları qulağına girməzdi. İcazəsiz gəldiyimə görə hərbi tribunaldan əvvəl özü cəzalandırardı məni. Aranzəmin döyüşlərində yaralananda da bunu atamın qorxusundan hamıdan gizlətmişdim. Atam bilsə, yaxamdan tutub soruşacaqdı: “Aranzəmində nə gəzirdin?” Axı o, məni öz ayağıyla batalyona gətirib, piser qoydurmuşdu. İşim-gücüm yazı yazmaq olacaqdı.Kişinin məntiqinə baxın!

20186 min
Birinci hissə, 6. Əsgər Qasımov

Hərbi anddan sonra xidmətə yenicə başlamışdım, dedilər, batalyon komandiri mayor Orucov səni çağırır. Getdim. O, hərbi hissənin həyətindəki çardaqda oturmuşdu. Yanına qalxdım, hərbi salam verdim. Gözlərinə baxanda içimdən üşütmə keçdi. O gözlərin dərinliyində həm adamın canına üşütmə salan zabitə vardı, həm də arxayınlıq verən canıyananlıq. Bəzənsə bu gözlərdə nisgil kölgələnirdi. Baxışlarının belə rəngarəng mənalar verməsinin sirrini anındaca açdım; istəyəndə humanist, istəyəndə zəhmli baxa bilir. Baxışları kiriyəni ağlatmaq, ağlayanı kiritmək gücündəydi. Sonralar bu möcüzənin canlı şahidi oldum! İki əsgər dalaşmış, biri o birini möhkəm döymüşdü. Döyülən əsgər zülüm-zülüm ağlayırdı. Yanına çağırdı onu. Üzünə necə şəfqətlə baxdısa, əsgər göz yaşlarını silib gülümsündü. Dalınca onu döyən əsgər gəldi otağına. Baxışlar tərs üzünə çevrildi. Əsgər nə edəcəyini bilmədi. Gah otağın küncünə baxdı, gah öz əllərinə, gah mənim sifətimə və arada da Orucovun ox kimi ona sancılan masmavi gözlərinə! O, susurdu, ancaq baxışlarındakı sərtlik azalmırdı. Bir kəlmə danışmaması əsgəri daha da həyəcanlandırırdı. Və əsgərin əlləri əsdi, dodaqları səyridi, nəfəsi tıncıxdı, hönkürüb ağlamaqdan özünü saxlaya bilmədi.Bəli, Orucov istəyəndə qəddar, istəyəndə xeyirxah baxışlarla baxa bilirdi, lakin gözlərindəki nisgili gizləməyi bacarmırdı. O nisgil ondan icazəsiz hopmuşdu baxışlarına.

20183 min

Poems by other poets