Gümüşü işıq hardaydı, görəsən? Qarabağdan uzaqlarda da gözümə görünərdimi? Bəlkə, imkan tapıb başından şəlalə kimi ağ işıq tökülən o dağın yanın, o dağın altındakı məzarın ağuşuna qaçaydım? Bəlkə, Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişini axtaraydım? Axı niyə bu işıq hər şeydən qabaq anamın tikanlı əllərini yadıma salırdı? Bunun nə mənası vardı? Niyə o tikanların ağrısını indi öz ürəyimdə hiss edirdim?

İnsanın yaddaşı qəribədir. Hansısa şeirdə xatirələrin qəfil yada düşməsini radio dalğasına bənzətmişdilər. Doğrudan da, bəzən elə şeyləri xatırlayırsan ki, bunu yalnız istəmədən eşitdiyin hansısa səsə, musiqiyə bənzədərsən. Mən indi məchul nöqtəyə ünvanladığım bu sualların cavabını da belə qəfil, gözlənilmədən, tamam ayrı şeylər düşünərkən tapdım. 8 Mart ərəfəsi idi. Sinifdəki oğlanlar qızlara hədiyyə almaq üçün 10 manatdan pul yığırdılar. Mən heç vaxt atamdan pul istəməyə ürək eləməzdim, anamda isə pul olmurdu. Fikirli dolanır, nə edəcəyimi bilmirdim. Anam məni çağırdı, mehribanlıqla qucaqlayıb alnımdan öpdü, dedi, niyə bikefsən? Danışmaq istəmədim. Çox təkid etdi. Axırda hər şeyi açıb dedim. Güldü. Dedi, heç pula görə də adam kefini pozar? Qalxdı, düyünçələrini eşələyib bir qırmızı onluq gətirdi. Götürməyə çəkindim, dedim, atam bilər, səninlə dalaşar. Dedi, narahat olma, bu, mənim öz pulumdur, həyətdəki böyürtkənləri yığıb satmışam. Pulu sevincək aldım və qaçdım. Ömrüm boyu heç vaxt o qədər xoşbəxt olmamışdım. Həyat nədir? Ömrün içinə səpələnən xoşbəxt anlar. Deyirlər, yüz yaşlı bir kişi tənbəllik eləmədən xoşbəxt olduğu anların hesabını aparır və bu qədər ömrün içindən bir-iki saat çıxara bilir.

Mən o an dünyanın ən xoşbəxt adamı olsam da, ömür boyu anamın qabarlı əllərindən utandım. Sanki bunun günahkarı mən idim. Mənim qayğılarım, ehtiyaclarım olmasa, anam bu qədər əziyyət çəkməzdi. Ən böyük arzularımdan biri böyüyüb anam üçün gözəl, rahat bir həyat qurmaq idi. Ancaq gücüm atəş altından çıxarıb torpağa tapşırmağa çatdı və ən dəhşətlisi, o torpağı da qoruya bilmədim.

Bədbəxtliyim o qırmızı onluğu alıb qaçan gündəki xoşbəxtliyimdən qat-qat böyük və əbədi idi. İçimdə elə bir sızıltı vardı ki, bəzən ətrafdakıların eşidəcəyindən qorxurdum.

Niyə biz istəyən olmurdu? Niyə mən iyirmi il sonra da uzaqdan gah ağaran, gah saralan, gah da bənövşəyi rəngə çalan dağlara belə həsrətlə baxırdım?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 53. Sevinc

Onunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:

20181 min
Dördüncü hissə, 54. Komandir

Bir göz qırpımında on-on beş atəş açılır, zülmətin bağrıyla uçuşan odlu mərmilər, az qala, havada toqquşurdu. Əvvəlcə üstümüzə gələn zirehli texnikanı, ardınca piyadaları atəşə tuturduq. Səngər düşmən tərəfdən yaxşı möhkəmləndirilməmişdi, mövqe tutmaq asan deyildi. Yenə də kürəyimizi yamaclara söykəyib müqavimət göstərirdik. Özümü Murovun başındakı səngərini axıracan tərk etməyən Cabir kimi hiss edirdim. Sinəm fəxrlə qabarırdı.“Geri çəkilmirik!”

20181 min
Dördüncü hissə, 55. Xanı

Uşaqlara dedim, gözdə-qulaqda olun, belə geniş miqyaslı döyüşlər başlaya, komandir orda olmaya? Hökmən xəbər çıxacaq. Adam bilsə köməyə ehtiyacı var, bir dəstə düzəldib gedər.

20181 min
Dördüncü hissə, 56. Komandir

Əvvəl yandım, sonra göynədim, axırda ağrıdım. Nəfəsim sinəmə tıxanıb qaldı. Aləm yavaş-yavaş qaraldı. Müharibənin alovları söndü, səsləri kəsildi, yalnız Murova tərəf dikələn, bir az da Yeddixırmana bənzəyən, bəlkə də, Yeddixırmanın özü olan qarşı dağın başında bir ovuc işıq qaldı. O işığı görən kimi tanıdım; mənim gümüşü işığım...

20181 min

Poems by other poets