Mircəfərə xitab (Cəfər, ey qönçeyi-gülüstanım)
Çəfər, ey qönçeyi-gülüstanım!
Ey mənim bülbüli-xoşəlhanım!
İki yüz yetmiş üçdə, bəd həzar,
Mötədil fəsl idi, zəmani-bahar.
Səni həq mən fəqirə qıldı əta,
Kəbeyi-qəlbimə yetişdi səfa.
On beş ildir ki, ey ətayi-əzim,
Sənə adab eylərəm təlim.
Yetibən əqlə sərfəraz oldun,
Dəxi məndən ki, biniyaz oldun,
Əql peyğəmbərin qılıb rəhbər,
Öyrən adabi-məzhəbi Cəfər!
Demirəm mən gedən təriq ilə get,
Əqli tut, ol gözəl rəfiq ilə get.
Sənə bürhan deyil təriqi-pədər,
Gör nə yol getdi zadeyi-Azər.
Demirəm rus, ya müsəlman ol,
Hər nə olsan get, əhli-ürfan ol.
Demirəm sünnü ol və ya şiə,
Tək hədəf olma tiri-təşniə.
Demirəm şeyxi ol və ya babi,
Hər nə olsan tək olma qüllabi.
Mən özüm şiəyəm, budur sifətim,
Leyk əshabə yox müxalifətim.
Gər Əbubəkrlə Ömər, Osman
Zülm ediblərsə, həqq edər divan.
Oların barəsində etmə güman,
Edər imanə suyi-zənn ziyan.
Zülm ediblərsə filməsəl şahə,
Oları vagüzar et Allahə.
Dilüvü saxla lənət etməkdən,
Qeyri şəxsə şəmatət etməkdən.
Neçə illər Əliyyi-İmranə
Əhli-İran deyirdi əfsanə.
Sonra nöqsanların bilib naçar,
Etdilər cümlə tövbə-istiğfar.
Olmaya ruzi-həşr, ey müztər,
Ola xəsmin cənab peyğəmbər!
İstəyirsən əgər təriqi-nicat,
Ali-ətharə söylə sən sələvat!
Ey gözüm nuru, ey ətayi-xuda,
Sənə Şirvanda oldu nəşvü nüma.
Lilləhül-həmd, xitteyi-Şirvan
Saniyi-İsfəhandır əlan.
Gərçi viranə oldu zəlzələdən,
Çıxmayıb mərifət bu mərhələdən.
Vardır hər guşədə yüz əhli-kəmal,
Hər biri əhli-elmü sahibi-hal.
Xassə kim, abü xakinin əsəri
Qabili-tərbiyət qılır həcəri.
Xassə kim, padşahi-kişvəri-Rus
Edəli təxti-ədlü dadə cülus,
Eləyib tərbiyət kəmal əhlin,
Gətirib halə hər məhal əhlin.
Hər vilayətdə açdı məktəblər,
Çatdılar feyzə əhli-mənsəblər.
Oxunur onda müxtəlif dillər,
Həll olur onda cümlə müşküllər.
Ey oğul, bu dəlili-bişəkdir,
Adəmi-bisəvad eşşəkdir.
**
Rəmzi –”həl yəstəvi” müdəlləl imiş,
Bilməyəndən bilən kəs əfzəl imiş.
Həq buyurmuş ki, ixtilafi-lisan
Nemətimdəndir, ey güruhi-cahan!
Kim ki, bəs bir dil eyləsə hasil,
Oldu bir nemətə o kəs vasil.
Cəhd qıl neməti-təmamə yetiş,
Elm təhsil qıl, məqamə yetiş.
Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.
Çatmayıb şərdən bizə bu xəbər –
Ki, ərəbdən siva dil oldu hədər.
Nə ərəbdir xuda, nə rum, nə zəng,
Nə həbəşdir, nə zəngbarü firəng,
Xah boq, xah tanrı, xah xuda
Birdi mənada, ey düri-yekta.
Ləfz edirsə ifadə mənanı,
Sərf edər əhli-mərifət anı.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-mircefere-xitab-cefer-ey-qonceyi-gulustanim
Use ← → keys to move, R for a random poem
More by this author
Cəfadı karı deyib ol nigarı qoyma gedə,Əlindən ol sənəmi-gülüzarı qoyma gedə.
Kim ki, meyxanəni bu dəhrdə bünyad etdiKim ki, meyxanəni bu dəhrdə bünyad etdi,Həqq onu şad edə kim, aləmi dilşad etdi.
Yüzdən çəkəndə naz ilə, mahım, niqabınıYüzdən çəkəndə naz ilə, mahım, niqabını,Torpaqlara fələk salır öz afitabını.
Ta düşdü dillərə qəmi-eşqin hekayətiTa düşdü dillərə qəmi-eşqin hekayəti,Divanəlikdə tutdu sözüm hər vilayəti.
Poems by other poets
Sənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.
Didəbanam rəhguzari-şahı gozlər gozlərimDidəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
TürklərTürküyədir ruhumuzu dindirən,Dilimizdə bir yabançı şərqi yox!
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı