Ey oğul, bil ki, ol əta kani
Xəlq edib səndən ötrü dünyani.
Sənə etmiş müsəxxər əflaki,
Başına qoydu taci-lovlaki,
Məhü xurşidü çərxü əbr ilə bad
Səndən ötrü olubdular icad.
Səndən ötrü bular nümayandır,
Əmrüvə cümlə bəndəfərmandır.
Ey oğul, ərzü asimandü sənin,
Əsldə kövn ilə məkandü sənin.
Aşinadır bular sənə yeksər,
Çeşmi-biganə ilə etmə nəzər.
O çoban kimi olma, ey xoşxu,
Nagahan tapdı yolda bir güzgu.
Əlinə şadiman aldı çoban,
Baxıb öz əksin onda gördü əyan.
Dedi: – Əfv eylə, ey məlaik xu,
Elə bildim ki, səngü gildir bu.
Əksini özgə kəs xəyal etdi,
Qoyub ayinəni yerə, getdi.

Kəndli əhvalatı

Şəhrə varid olur bir əhli-dehat,
Qalır övzai-xəlqi görcək mat.
Görür ol binəva ki, bir baqqal
Buzdan eylüb təbaqi malamal.
Səslənir hər zaman ki, ay yəxəsər,
Saf, dürdanə, ay haray, yəxəsər.
Buz qoyubdur kişi qabağında,
Yəxəsər yox bunun tabağında.
Müttəle olmağa bu əhvalə,
Bir manat pul verir o baqqalə –
Ki, hanı bəs, gətir mənə “yəxəsər”,
Adı var, leyk yox özündən əsər.
Bir-iki parça sındırıb baqqal,
Dedi: – Qardaş, çağır gələ həmmal.
Dedi: – Səndən mən istərəm yəxəsər,
Buza pul verməyimdə yoxdur əsər.
Dedi baqqal o mərdə: – Key sadə,
“Yəxəsər” buz deməkdü mənadə.
Bildi məna, oyandı qəflətdən,
Qoydu qaçdı pulunu xiclətdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets