Görüş söylənci
Ağüz getdi Nuhçatana, Duzdağa,
Görüş, səni bitgin edir görüşlər.
Dəmirqızla görüş-öpüş könlündə,
Görüş, səni bitgin edir görüşlər.
Gün batırdı o, Duzdağa çatanda,
Dağətəyi sazağ, şaxta artanda,
Gecə yerə zil örtüyün atanda,
Bu yerlərdə qır atını yortanda,
Dağ evində sevgi gülü çırtanda,
Görüş, səni bitgin edir görüşlər.
Dəmirqızın küsü, sözü bol idi,
Yerinc olmaq çox-çox ağır yol idi,
Elə bil ki, o ərli yox, dul idi,
Şah budaqda sınıx-sallaq xol idi,
Görüş, səni bitgin edir görüşlər.
Qaymaq öpüş, soyuq öpüş, qız öpüş,
Birdən birə ordan-burdan yüz öpüş,
Marçıldayır hər bal dadan duz öpüş,
Dodaqlarda donub qalan buz öpüş,
Görüş, səni bitgin edir görüşlər.
Yerinc nədir, qancılları bəyirtmək,
Qancıl üstə tez-tez atı səyirtmək,
Uşaq doğub özgə əldə böyütmək,
Öz içində öc-acığı əritmək,
Özünü yox, ölkəsini diriltmək,
Başrağını uca tutmaq, böyütmək,
Görüş, səni bitgin edir görüşlər.
Uşaqlaşır sevişəndə yerinclər,
Gülünc gəlir ona kiçik gilinclər,
Yan ötüşür ondan çox-çox sevinclər,
Görüş, səni bitgin edir görüşlər.
Görüşdülər iki başçı, bax, belə,
Yanqı sevgi könüllərdə çox hələ,
Sevgi üstə dağ-dağ evlər tikilər,
Görüş, səni bitgin edir görüşlər.
Elçiçəkdən söz açdılar, ər-arvad,
Sevinərsən oğlun ata olanda,
Öyünərsən qızın ana olanda.
Ağüz dedi: – Oğlu olub Tunqərin,
Sevinərsən oğlun ata olanda,
Öyünərsən qızın ana olanda.
Dedi: – Yaxşı ad qazanıb gəlinin,
Öyrənibdir el, elatın dilini,
Bacarığı işindən də bilinir,
Sevinərsən oğlun ata olanda,
Öyünərsən qızın ana olanda.
Sevinirəm, indi o da qızımdır,
Yaxşı, pisi, nəyi varsa bizimdir,
Ilk sevgisi batdı, getdi, gizlindir,
Bu sevgisi daha doğru, düzgündür,
Sevinərsən oğlun ata olanda,
Öyünərsən qızın ana olanda.
Yerinc ana baxıb qulaq asırdı,
Düşünürdü, daşınırdı, susurdu,
Ürəyini hərdən qorxu basırdı,
Sevinərsən oğlun ata olanda,
Öyünərsən qızın ana olanda.
Düşünürdü, ilk sevginin öcü var,
Ölənəcən onun tanrı gücü var,
Hər sevənin ilk sevgiyə borcu var,
Küllü, közlü soyumamış içi var,
Sevinərsən oğlun ata olanda,
Öyünərsən qızın ana olanda.
Dəmirqızı o ilk sevgi eşirdi,
Gizli-gizli alışırdı, daşırdı,
Bu sevgiyə bir çox adlar qoşurdu,
Ölçü-biçi cızığını aşırdı,
Sonra yenə öc-acıqdan düşürdü,
Sevinərsən oğlun ata olanda,
Öyünərsən qızın ana olanda.
Qırx il idi düşünürdü bu sayaq,
Qırx il idi o gəzirdi utancaq,
Daha solub sozarmışdı al yanaq,
Özü yerinc, özü yerli, ər qonaq,
Bunun sonu görən necə olacaq,
Sevinərsən oğlun ata olanda,
Öyünərsən qızın ana olanda.
Ancaq yürük dəyişirdi dayanış,
Öz içində susqun qalıb boğulma.
Hər gilincdən neçə çıxış yolu var,
Öz içində susqun qalıb boğulma.
Ağüz Turqu hər bir yerdə gəzirdi,
Hərdən qalıb yolda,yalda busurdu,
Meşəliyə, çaya qulaq asırdı,
Ancaq meşə, dağ, düzənlik susurdu,
Öz içində susqun qalıb boğulma,
Düşgünlükdən çürüyərək dağılma.
Ucalırdı yavaş-yavaş Əkbitən,
Düşünürdü özlüyündə o hərdən,
“Başev gərək Başev ola yenidən,
Bir başbilən gəlsin bura hər eldən,
Soraq tutsun hər iş, hər kim, hər nədən,
Öz içində susqun qalıb boğulma,
Düşgünlükdən çürüyərək dağılma”.
Düşünürdü, “yığcam olaq biz gərək,
Gəlsin bura Dəmirqızla Elçiçək,
Çətinlikdə əl-əl, dil-dil birləşək,
Dən saxlamaz yoxsa iri, gen ələk,
Elat-elat biz Başevdə birləşək,
Öz içində susqun qalıb boğulma,
Düşgünlükdən çürüyərək dağılma.”
Turqla birgə uzaq düşən nələr var,
Gilinc olub Duzdağ, Muğel, Parsdiyar,
Yığışsalar öz yerini söz tapar,
Öz içində susqun qalıb boğulma,
Düşgünlükdən çürüyərək dağılma.
Düşünürdü,”Gərək yığış keçirək,
Qurultayda səslə seçək, seçilək,
Yasa yazaq, onun ilə ölçülək,
Yasa ilə biz yenidən biçilək”,
Öz içində susqun qalıb boğulma,
Düşgünlükdən çürüyərək dağılma.
Turq ucalıb yarımtanrı olmuşdu,
Mindiyarda tanrı adı almışdı,
Işıq olub ürəklərə dolmuşdu,
Öz içində susqun qalıb boğulma,
Düşgünlükdən çürüyərək dağılma.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-gorus-soylenci-2
Use ← → keys to move, R for a random poem
More by this author
Turq Qartalla gəldi çıxdı Hindelə,Nə gördünsə gördüyündən yararlan.
Turqla Alpisin vuruş söylənciAlpis gəlir Şimşəkquyruq atıyla,Pisdiklinin bacarığı pis olur.
Quruş söylənciTunq Ər Alpan dedi dünən baş evdə,“Quruş al ver saxlancıdır satalda.
Parsdiyar söylənciDaryaş baş-baş geyimində oturub,El deyib ki, daldan gələn bərk gələr,
Poems by other poets
Bunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Şad olamazmı bilür bir qəmi-aləm nə imişŞad olamazmı bilür bir qəmi-aləm nə imiş,Mən ki, qəm həmdəmiyəm, mən bilürəm qəm nə imiş.
QubadırKəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.