Alpis gəlir Şimşəkquyruq atıyla,
Pisdiklinin bacarığı pis olur.
Deyir: – “Dayan, yarı Tanrı Turq ata,
Pisdiklinin bacarığı pis olur.

Mən ki, gözə görünmürəm əzəldən,
Bir Odərpay görür məni, bir də sən,
Mən gəlmişəm yer üzünə yenidən,
Pisdiklinin bacarığı pis olur.

Mən vuruldum sənin Hindel qayğına,
Qulaq asdım göyə qarşı sorğuna,
Girdim sənin böyük ata duyğuna,
Girdim hərdən sənin Minel yuxuna,
Güldüm ata qayğı, ürkü, qorxuna,
Pisdiklinin bacarığı pis olur.

Gəl, bir olaq, dolanışı dəyişək,
Gəl, bir olaq Tanrılarla deyişək,
Düzlük üstə onlar ilə söyüşək,
Gedək göydə onlar ilə döyüşək,
Pisdiklinin bacarığı pis olur.

Mən yaxşıyam pis olsa da adlarım,
Mən sökürəm çox ərpimiş qatları,
Vecsizləri, çürükləri, qartları,
Yerəsməni, suəsməni, çatları,
Yandırıram ev, çöl, ağac, otları,
Dilsizləri, dilliləri, atları,
Həm yiyəsiz, həm baxımsız yurdları,
Pisdiklinin bacarığı pis olur.
Gəl bir olaq, dəniz kimi köpürək,
Gəl bir olaq yeri silək, süpürək,
Pisi alaq, yaxşılara tüpürək,
Çovğun olaq, yanğın, qıtlıq, yel-külək,
Pisdiklinin işi-gücü pis olur.

Turq söylədi: – Dəyişibsən yamanca,
Səni gərək tutum oxa, qılınca,
Süpürləyim, əzişdirim doyunca,
Qovum səni gözəl Üstyer buyunca,
Pisdiklinin işi-gücü pis olur.

Dolanışı Tanrı yaxşı qurubdur,
Pisdiklini öz içindən qırıbdır,
Bir-birilə vuruşmada yorubdur,
Pisdiklini yaxşılıqla vurubdur,
Yaranışın arxasında durubdur,
Pisdiklinin işi-gücü pislikdir.

Sən Daryaşı döndəribsən qan-qana,
Oxşadıbsan acıqana, xortdana,
Bələkləyib bürüyübsən yorğana,
Partlamamış zoqquldayan çibana,
Mindiyara qarşı cılız yamana,
O baş-başı olub yağlı yalana,
Pisdiklinin işi-gücü pislikdir.

Alpis dedi: – Ay qocalmış vuruşqan,
Boş-boşuna qılınc çalan dalaşqan,
Sənə qarşı durub ayıq yanbayan,
Yaman, xortdan, yalan, öclə acıqan,
Pisdiklinin işi-gücü pislikdir.

Dörd yüz ildir, gəlib yaşa dolubsan,
Döyüşlərdə topuz, qılınc çalıbsan,
Bunca gəlib yarı Tanrı olubsan,
Pisdiklinin işi-gücü pislikdir.


Kələzdəndi bir-birinə Tanrılar,
Tanrılar da yerdə tez-tez toqquşur.
Turqla Alpis dayandılar üz üzə,
Tanrılara yerdə tez-tez toqquşur.

Yaxınlaşıb dirəndilər üz- üzə,
Dayandılar acıq dolu göz- gözə,
Söyüşdülər, qarmalandı söz sözə,
Tanrılara yerdə tez-tez toqquşur.

Qılınclaşma, toppuzlaşma, oxlaşma,
Yaraqlarda cingildəşmə, çaxnaşma,
Yerə aşıb dığırlanma, ağnaşma,
Gendən baxan kəndlilərdə ağlaşma,
Tanrılara yerdə tez-tez toqquşur.

Şimşək qılınc od püskürdü dörd yana,
Şimşəkquyruq od tökürdü ormana,
Girir atlar ağ buluda, dumana,
Səs yayılır sıx meşəyə, arana,
Tanrılar da yerdə tez- tez toqquşur.

Biri gəlir bər-bəzəkdə, sahmanda,
Əzilərək Turqa deyir yalandan,
Qoca Turq Ər, nə gəzirsən bu yanda,
Qanlı vuruş gedir böyük Aranda,
Qızın ölüm ayağında, son anda,
Tanrılara yerdə tez-tez toqquşur.

Qızın dedi; “Atamı tap, ölürəm,
O küsübdür məndən, bunu bilirəm,
Göz yaşımı öz qanımla silirəm,
Tanrılara yerdə tez-tez toqquşur.

Mənə dedi, “Çöküb yanır Mindiyar,
Oğurlanıb, dağlıbdır nəki var,
Satallarda çap ha çapdır, yar ha yar,
Başevdəki dam-daş bir- bir yatırlar,
Tanrılara yerdə tez-tez toqquşur.
Qadan alım, tez məni al tərkinə,
Qalx atınla, bax, bu dağı dikinə,
Şaxta düşür, bürün mənim kürkümə,
Tanrılara yerdə tez-tez toqquşur.

Turq soruşdu:- kimsən, nəçi, haradan,
O əzilib bükülərək neçə an,
Dedi: – Məni göndəribdir Yaradan,
Mən yırtıcı qurdam Qaplan Çalağan,
Yalan, qorxu, qorxu yalan Yaradan,
Mən qorxmuşam, sarsılmışam, orada,
Az qalırdı mən də çıxım sıradan,
Tanrılara yerdə tez-tez toqquşur.

Qılınc çəkdi Turq yalana lapbadan,
Qaçdı getdi uzaqlara acıqan,
Dedi: – Minel dağılacaq, düz-yalan,
Çıxacaqsan, qoca, sən də sıradan,
Tanrılarda yerdə tez-tez toqquşur.

Yaman, gəldi dedi, “Mən də Tanrıyam,
Ad götürmək, ad saxlamaq çətindir.
Mən Alpisin yamanıyam, tutuğu,
Ad götürmək, ad saxlamaq çətindir.

Qulaqları iri-iri, pələydi,
Əl ayaqdan, boy buxundan köləydi,
Tərpənişdə iti qaçan dələydi,
Ad götürmək, ad saxlamaq çətindir.

– Mən yamanam, işim, gücüm yamanlıq,
Üzdə ayam, dibdə qatı qaranlıq,
Ürəklərdə soyuq çənəm, dumanlıq,
Mənim işim gizli olur, bir anlıq,
Düzdə çoram, odam, suda bulanlıq,
Oğruların çox sevdiyi toranlıq,
Öz gücünü məndən alır qaranlıq,
Ad götürmək, ad saxlamaq çətindir.
Turq dinmədi, acıq tutdu gözünü,
Qılınc vurdu, kəsdi onun sözünü,
Tək qol qaldı yaman tutdu özünü,
Turq önündə o qatdadı dizini,
Ad götürmək, ad saxlamaq çətindir.

Təkqol yaman qaçaqaçda büdrədi,
Kəsik qolu başı üstə hərlədi,
Səsi yenə əvvəlki tək gurladı,
Ad götürmək, ad saxlamaq çətindir.

Dedi, »Ey Turq, mən yamanam, qancılam,
Oxtək gərək gözlərinə sancılam,
Mindiyara alov olub od saçam,
Ad götürmək, ad saxlamaq çətindir.


Turq gördü ki, biri gəlir acıqlı,
Üz çox şeyi açıq-aydın göstərir.
Sarı yarpaq kimi üzü sapsarı,
Üz çox şeyi açıq-aydın göstərir.

Dedi, Turq Ər, eşit bil ki, mən öcəm,
Dolanışda yenilməyən bir gücəm,
Qafalıyam, qapalıyam, həm bicəm,
Üz çox şeyi açıq-aydın göstərir.

Mən Alpisdən incimişəm küsmüşəm,
Onun ilə bağlanışı kəsmişəm,
Tək təkinə yer üzünü gəzmişəm,
Tək qalmaqdan yorulmuşam, bezmişəm,
Üz çox şeyi açıq-aydın göstərir.

Məni götür öz yanına, iş buyur,
Sən Tanrını, mən də səni qoruyum,
Qancılının tükün göyə sovurum,
Gözlərinin giləsini qovurum,
Qaplanları, Qartalları doyurum,
Üz çox şeyi açıq-aydın göstərir.
Turq söylədi: – Belə başa düşdüm mən,
Yaxşılıqdan öc alırsan yenə sən,
Kimə gərək onda bu baş, bu gödən,
Get, öcünə tapşırıram səni mən,
Üz çox şeyi açıq-aydın göstərir.

İstəsən ki, mənlə birgə gedəsən,
Onda gərək öz öcündə itəsən,
Bir də öcsüz ağac kimi bitəsən,
Ək, biç, al, ver işlərinə yetəsən,
Üz iç üzü açıq-aydın göstərir.

Öc saraldı, acığından sozardı,
Buynuz, quyruq çıxararaq bozardı,
Acığından yandı getdi, qızardı,
Üz iç üzü açıq-aydın göstərir.

Turq yol getdi, çatdı çox-çox haraya,
Ortaq oldu neçə-neçə olaya,
Buzboğazdan yortdu o tay, bu taya,
Kölgəsizlər diyarından Al çaya,
Durudaşlar diyarından Altaya,
Üz iç üzü açıq-aydın göstərir.

Dedi: – Tanrım, hər yer birdir, bir boya,
Hər yer qumdur, dəniz, çaydır, sərt qaya,
Tanrı adı ver Arığa, Qızaya,
Onlar ölməz od aparıb o taya,
Üz iç üzü açıq-aydın göstərir.

Dedi, Tanrım, Tanrı işi ağırdır,
Yarı Tanrı Tanrılığa cığırdır,
Harda yaxşı çoxdur, orda uğurdur,
Pis yerlərdə gözlər çuxur-çuxurdur,
Üz iç üzü açıq-aydın göstərir.

Mənə güc ver, gəlim sənlə görüşüm,
Alpis ilə yaxşı-yaxşı döyüşüm,
Ölüm-dirim vuruşuna girişim,
Üz iç üzü açıq-aydın göstərir.
Dedi Tanrım: – Altyer azıb, ərləşdir,
Yaxşı pisi, acı, toxu birləşdir,
Hər bir yeri öz yerinə yerləşdir,
Hər bir şeyi pis görəni çerləşdir,
Üz iç üzü açıq-aydın göstərir.

Dedi Tanrım: – Çox elat var, ölkə var,
Dolanışın yarısıdır Mindiyar,
Bu ölkədə nə istəsən bollu var,
Quraqlığı bu ölkədən, çək çıxar,
Tox yaşasın gözü yaşlı olanlar,
Çox yaşasın yaşdan sevgi alanlar,
Üz iç üzü açıq-aydın göstərir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love