Turq Qartalla gəldi çıxdı Hindelə,
Nə gördünsə gördüyündən yararlan.
İki yallı Qaplan gördü qapıda,
Nə gördünsə gördüyündən yararlan.

Onlar ağac evcikdəydi, qapalı,
Şahın Başev qapısından aralı,
Kök gövdəli ancaq, xırda qafalı,
Nə gördünsə gördüyündən yararlan.

Turq dörd yandan alınmışdı üzüyə
Bağlanmışdı qolu, qıçı, kötüyə,
Şah gözündə o dönmüşdü ürküyə,
Nə gördünsə gördüyündən yararlan.

– Qoca kimsən, kimliyini açıqla,
Bura tez-tez gəlir gözü qıpıqlar,
Qaplan yemi olub çox-çox yazıqlar,
“Mənəm” deyir bizə ağzı yırtıqlar,
Turqdan, Tunqdan qalan yersiz qalıqlar,
Nə gördünsə gördüyündən yararlan.

– Şahım, - dedi, Turq – ovçusayağam,
Qocayamsa siz deyəndən uzağam,
Bu yerlərə mən ötəri qonağam,
Nə gördünsə gördüyündən yararlan.

– Ovçusansa bura qaplan oylağı,
Buyur, bu gün sən ol qaplan qonağı,
Qoy açsınlar belindəki yarağı,
Nə gördünsə gördüyündən yararlan.

Bu qaplanlar adam yeyir, donquz yox,
Qılınc odur, ox çeynəyir, toppuz yox,
Yırtıcıdır, amansızdır, quduz yox,
Nə gördünsə gördüyündən yararlan.

– Mən buraya gəlməmişəm vuruşa,
Qaplanlarla girim qanlı savaşa,
Gəlmişəm ki. şahdan bir söz soruşum,
Nə gördünsə gördüyündən yararlan.

Şah buyurdu, - Qaplanları buraxın,
Çəkin ağac evcikdəki darağı,
Gedib onlar iyləsinlər qonağı,
Nə gördünsə gördüyündən yararlan.


Yaxınlaşdı Turqa yallı qaplanlar,
Tanrı soydur yarı Tanrı olanlar.
İylədilər onu, yerə çökdülər,
Tanrı soydur yarı Tanrı olanlar.

Turq yerindən tərpənmədi, qalxmadı,
Dönüb çökən qaplanlara baxmadı,
Xaqan kimi o özündən çıxmadı,
Tanrı soydur yarı Tanrı olanlar.
Xaqan dedi: – Qaplanları öldürün,
Acığımı quduzlara bildirin,
Qanlarını bu Baş evdən sildirin,
Tanrı soydur yarı Tanrı olanlar.

Turq söylədi: – Xaqan, yaman cılızsan,
Qaplanlar yox, sanki özün quduzsan,
Onlar deyil, sən yiyəsiz ağızsan,
Tanrı soydur yarı Tanrı olanlar.

Onlar məni tanıdılar, durdular,
Sənin böyük mənliyini qırdılar,
Dilsiz, dilsiz mənlə birlik qurdular,
Tanrı soydur yarı Tanrı olanlar.

Xaqan, göylər mənə belə buyurur:
“Ana qaplan onun üstə yüyürüb,
O qaplana qanlı qılınc sıyırıb,
Cüt körpəni anasından ayırıb,
Tanrı soydur yarı Tanrı olanlar«.

Xaqan birdən sıçraq durur ayağa,
Qılınc çəkir o acıqdan qonağa,
Qaplanlarsa diş qıcıbdır yarağa,
Qovub şahı təpir onu bucağa,
Xaqan dönür bir burmaca yumağa,
Tanrı soydur yarı Tanrı olanlar.

Biri dedi: – Qapalanı mən oxladım,
Xaqan yana gələn yolu bağladım,
Mən Xaqana çəpər oldum, saxladım,
Ana Qaplan son anında ağladı,
Tanrı soydur yarı Tanrı olanlar.

Turq söylədi: – Qaçın gedin, qaplanlar,
Sizə qarşı qan, qan olub olanlar,
Öcə qalar dilsizdən öc alanlar,
Gedin, getsin bu Başevdən yalanlar,
Eli sizə yem eyləyən Xaqanlar,
Tanrı soydur yarı Tanrı olanlar.
Qaplanlarsa çökdü yerə getmədi,
Bunun ilə qorxu, ürkü bitmədi,
Göylər yerdə olanları örtmədi,
Küsən, qalan, yalan gözdən itmədi,
Xaqanın da öc acığı ötmədi,
Tanrı soydur yarı Tanrı olanlar.

Xaqan dedi: – Qoca, kimsən, nəçisən,
Ola bilsin sən tanrıdan elçisən,
Ya göylərdən gələn ölçü- biçisən,
Tanrı soydur yarı Tanrı olanlar.

Qal bizimlə, burda yarı tanrı ol,
Bu ölkənin tükənməyən varı ol,
İstəyirsən lap Xaqanlaş, ayrı ol,
Tanrı soydur yarı Tanrı olanlar.

Turq at minib uzağa yol alınca,
Qaplanlarsa getdi onun dalınca,
Qaldı qaplan yuvaları yalıncaq,
Tanrı soydur yarı Tanrı olanlar.


Turq gedirdi Tanrı ilə görüşə,
Yolda bizə yol göstərir ulduzlar.
Ağ buludlar süzgün ona baxırdı,
Yolda bizə yol göstərir ulduzlar.

Dedi: – “Tanrım, düzəlməyir dolanış,
Yaranmışdır boğuşmağa yaranış,
Yalan ilə əkilidir hər qarış,
Hər yer, hamı nə özgədir, nə tanış,
Qoşalaşıb ürəklərdə öc, barış,
Yolda bizə yol göstərir ulduzlar.

Dedi: – “Tanrım, qurda dil ver, qanad ver,
Qurda qurd yox, yeni ölməz bir ad ver,
Dolanışa xoşagəlim bir dad ver,
Pisə qarşı bizə dönməz inad ver,
Dolanışı bizə bir də yarat ver,
Yolda bizə yol göstərir ulduzlar.
Turq çox dedi, səs gəlmədi tanrıdan,
O, tökülü qaldı Tanrı sarıdan,
O qayıtdı uzaq yolu yarıdan,
Yolda bizə yol göstərir ulduzlar.

Dedi: – “tanrım, sərt üz göstər Alpisə,
Qoyma çıxsın yer üzündə qan dizə,
Sən qoyubsan bizi onla üz –üzə,
Onda güc ver, yenilməyən güc bizə,
Yolda bizə yol göstərir ulduzlar.


Birdən birə çovğun düşür, sel, yağış,
Göydən nələr gözləyirsən, nə gəlir.
Buz üzünü üzə verir dolanış,
Göydən nələr gözləyirsən, nə gəlir.

On gün yağış, on gün çovğun, bir ay sel,
Daşır bulaq, daşır axmaz. daşır göl,
Göylər yerə qırmanc vurur elə bil,
Yer eləyir quraqlığa neçə il,
Göydən nələr gözləyirsən, nə gəlir.

Yarğan, meşə, qaya, çökək dağılır,
Min min dilsiz yuvasında boğulur,
Sanki burda yeni dirrik doğulur,
Göydən nələr gözləyirsən, nə gəlir.

Bunlar hamı tanrı Alpis yarağı,
Qızmar isti oda tutur torpağı,
Bu istidən qopur beynin qapağı,
Yanır gedir yerin otu, alağı,
Tüstülənir mal-qaranın otlağı,
Göydən nələr gözləyirsən, nə gəlir.

Dönür baxır arxasına Turq bu an,
Görür daha nə qartal var, nə qaplan,
Tək qoyubdur onu böyük yaradan,
Göydən nələr gözləyirsən, nə gəlir.
Qalxır dağın zirvəsinə Şimşək at,
Silinibdir, burdan gedib yurd, elat,
Meşələrdə qalmayıbdır qol-qanad,
Göydən nələr gözləyirsən, nə gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love