Tunqər Alpan Eldəbiri soruşdu,
Hər uğuru dəyərləndir, bacarsan.
İstəyirdi ona yeni ad verə,
Hər uğuru dəyərləndir, bacarsan.

Dedilər ki,o bir aydır yox olub,
Ola bilsin yeni yola yol alıb,
Deyən o da kövrəkləşib, qocalıb,
Hər uğuru dəyərləndir, bacarsan.

Eldəbir də bal uğuru dadmışdı,
Bunun üçün iş gücünü atmışdı,
O on günə Təbətelə çatmışdı,
Qardaşların son yolunu tutmuşdu,

Gecəsini gündüzünə qatmışdı,
Elçiçəyə iç yanğısı artmışdı,
Yorularaq daşlar içrə yatmışdı,
Hər uğuru dəyərləndir, bacarsan.

Yuxusunda anasını görürdü,
Ana ona yenə öyüd verirdi,
Bulud ana güllərdən şeh dərirdi,
Hər uğuru dəyərləndir, bacarsan.

Deyirdi ki, oğul, bu yol uzaqdır,
Bundan sonra yollar dardır, yasaqdır,
Getmə, yollar burda qardır, buzlaqdır,
Təkcə Sayan, Tantan burda qonaqdır,
Burda qızıl, gümüş qalaq-qalaqdır,
Burda çox şey tanrılaşmış uşaqdır,
Hər uğuru dəyərləndir, bacarsan.

O diksinib ayılarkən yuxudan,
Gördü ona durub baxır bir oğlan,
Ona deyir: – Sən gəlibsən haradan,
Mənim adım Buzbulaqdır nə vaxtdan,
Bu dağların adı qalıb Tantansan
Hər uğuru dəyərləndir, bacarsan.

– Mənim adım Eldəbirdir, Eldəbir,
Dedi:- qardaş mən gəzirəm bir ildir,
Tapacağam mən onları birbəbir,
Hər uğuru dəyərləndir, bacarsan.

– Qardaşların adı nədir söylə sən,
– Sayan, Alan, Qaplandırlar, bir də mən,
– Olmaya sən, Mindiyardan gəlmisən,
Sayan burda baş başıdır biləsən,
Hər uğuru dəyərləndir, bacarsan.


Elə bu an göründülər ovçular,
Tanrı bizə hər şey verir verəndə.
Sayan başda, Tantan onun yanında,
Tanrı bizə hər şey verir verəndə.
Bir birini tanıdılar, güldülər,
Öpüşməkçün lap-lap yaxın gəldilər,
Kövrələrək göz yaşların sildilər,
Ata, ana eldən sorağ bildilər,
Tanrı bizə hər şey verir verəndə.

Sayan dedi: – Sağdır anam Elçiçək,
Gedim düşüm ayağına mən gərək,
Gecələri o yuxuma girərək,
Öyüd verir mənə anam bir ətək
Tanrı bizə hər şey verir verəndə.

– Çox nəzilib ürəyinin bağları,
Oğul deyir, bala deyir, ağlayır,
Hər il sizə bayram payı saxlayır,
Tanrı bizə hər şey verir verəndə.

Bu an qaplan səsi gəldi uzaqdan,
O Sayanı izləyirdi bayaqdan,
Sayan tutdu iki əlli yaraqdan,
Tantan bərk-bərk yapışmışdı tutaqdan,
Atlar qorxub düşmüşdülər ayaqdan,
Tanrı bizə hər şey verir verəndə.

Sayan dedi:- o Alpisdir, veyllənir,
Toyuq kimi orda-burda küllənir,
Hərdən birdən sel-su kimi sellənir,
Qasırğalı çovğun olub yellənir,
Tanrı bizə hər şey verir verəndə.


İrəliyə cumdu birdən Eldəbir,
Olacağın qabağında dik dayan.
Sıyrılaraq parıldadı qılıncı,
Olacağın qabağında dik dayan.

Sıçrayaraq irəliyə yüyürdü,
Toz-torpağı yolda göyə sovurdu,
O qaplanı izləyərək qovurdu,
Hər uğuru dəyərləndir, bacarsan.
At çapırdı qaplan üstə Sayan da,
Yaraqlılar qovur onu hər yandan,
Bunu görüb dəyişildi qaplan da,
Külək oldu, o uladı yalandan,
Olacağın qabağında dik dayan.

Külək oldu, şaxta oldu, sel oldu,
Hərdən dönüb uğuldayan yel oldu,
Sonra göyə sovrularaq kül oldu,
Çaylar, göllər, göy axmazlar lil oldu,
Ağacların budaqları qıl oldu,

Olacağın qabağında dik dayan.

Birdən dindi lap ucadan Buzbulaq,
Dedi, sonda o bir yumaq olacaq,
Tanrı onu pis günlərə salacaq,
Olacağın qabağında dik dayan.

Bulaq ollam, yaraqlılar su içər,
Sərinləyər iş üstündə çölçülər,
Dəyişilər Alpis qoyan ölçülər,
Hər şey, hər iş yaxşılıqla seçilər,
Olacağın qabağında dik dayan.


Alpis qaçdı Tanrı bulaq dinəndə,
Yaxşılıq et, yaxşı yarım Tanrıdır.
Acıq gəlir o pisdikli Alpisə,
Yaxşılıq et, yaxşı yarım Tanrıdır.

Yaraqlılar su içdilər bulaqdan,
Qovrularaq Alpis baxdı uzaqdan,
Gözəl Tantan əl götürüb yaraqdan,
Buzbulaqla əylənirdi bayaqdan,
Olanları soruşurdu qonaqdan,
Yaxşılıq et, yaxşı yarım Tanrıdır.

Elçiçəkdən danışırdı Eldəbir,
Tantan gülüb ağlayırdı hərdən bir,
Gah qaynana, gah qaynata söyləyir,
Yaxşılıq et, yaxşı yarım Tanrıdır.
Təbətelə qırıx gün qonaq qaldı o,
Çox öyüncül, çox sevincək oldu o,
Çoxlarından qızıl bağış aldı o,
Elçiçəkdən, Mineldən söz saldı o,
Yaxşılıq et, yaxşı yarım Tanrıdır.

Sorağ aldı Alpis bu toy düyündən,
Öc alaram dedi bu kal kəbindən,
Təbəteli silkələrəm dərindən,
Mən Sayanı oynadaram yerindən,
Yaxşılıq et, yaxşı yarım Tanrıdır.

Özüm ollam burda böyük başbaşı,
Oturdaram burda yersiz Daryaşı,
Şah olarıq hər ikimiz yanaşı,
Yaxşılıq et, yaxşı yarım Tanrıdır.

Çevrilərəm şaxta, yanğın, dumana,
Mən baxmaram hər yaxşıya, yamana,
Mindiyarı səpələrəm dörd yana,
Yaxşılıq et, yaxşı yarım Tanrıdır.


Nə gözəlsən, sərt sayaqsan Təbətel,
Gözəllər də incə olur, sərt olur,
Incə gülün çiçəkləri titrəkdir,
Gözəllər də incə olur, sərt olur.

Qar saxlayır zirvəsində dağların,
İldə üç yol bəzəklənir bağların,
Gözəl olur sənin yay qış çağların,
Gözəllər də incə olur, sərt olur.

Şahlıq edir burda daşlar, qayalar,
Yüzdür, mindir güllərdəki boyalar,
Duyğuludur burda qızlar, analar,
Gözəllər də incə olur, sərt olur.

Dağ çayların ürəklərə axırmış,
Yağışların od sevgiyə yağırmış,
Qar zirvələr Mindiyara baxırmış,
Elin-oban buludları sağırmış,
Gözəllər də incə olur, sərt olur

Dayanışı, hündür damı, zirvəsi,
Qara bulud gözlərinin sürməsi,
Dağ çayları hörüyünün hörməsi,
Gözəllər də incə olur, sərt olur.


Bunu bilcək ana, ata srvindi,
Öz gücünü Tanrı verib ataya,
Dedi, gedim, gəlinimlə görüşüm,
Öz gücündən Tanrı verib ataya.

Tunq Ər Alpan Sayan ilə öyündü,
Dağ ürəyi çırpım-çırpım döyünd.
Qoca ata uşaq kimi sevindi,
Öz gücündən Tanrı verib ataya.

Elçiçəyi qucaqladı, ağladı,
Ayrılıqlar dib daşından laxladı,
Eldəbiri bir də, üç də yoxladı,
Sonra ata çəkisini saxladı,
“Alpis” dedi, dildə onu dağladı,
Öz gücündən Tanrı verib ataya.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love