Öc almağa yollanırdı Qızay da,
Qadın öcü ağır kişi öcündən.
Eldəbirin bacısıydi qanlısı,
Qadın öcü ağır kişi öcündən.

Demriz yenə başçı idi elində,
Dinclik vardı dağ-daşında, çölündə,
Dedi, Xruş basqısını biləndə,
Qadın öcü ağır kişi öcündən.

– Çıxın iki çay arası, yaraqlı,
Əli yalın çıxın, əli çomaqlı,
Acıqanın qabağında başraqlı,
Qadın öcü ağır kişi öcündən.

Geydi döyüş geyimini əyninə,
Çıxdı gələn toplumların önünə,
Batdı qatı seyrək güney çəninə,
Qadın öcü ağır kişi öcündən.

Araz üstə gəlib durdu acıqan,
Gördü ona qarşı durub çox adam,
Gördü burda nərildəyir dağ, aran,
Qadın öcü ağır kişi öcündən.


Gördü biri qapı-qapı bağırır,
– Vuruş günü kiçik, böyük olmayır!
Xruş dedi: – Kimdi elə bağıran?!
– Vuruş günü kiçik, böyük olmayır!

Üzay dedi: – Odur, Demriz dəlisoy,
Ağ başrağı uca, özü ortaboy,
Bu ellərdə odur başçı, od-aloy,
– Vuruş günü kiçik, böyük olmayır!

Odur mənim yaralayan qolumu,
O kəsmişdir mənim sevgi yolumu,
Odur mənim ağı edən balımı,
– Vuruş günü kiçik, böyük olmayır!

Qoyma onun daş üstündə daşını,
O kəsmişdir çay üstündə qarşını,
Ver Üzaya onun kəsik başını,
– Vuruş günü kiçik, böyük olmayır!

Xruş dedi: – Qan qan üstən salaram,
Diri-diri onu tutuq alaram,
Başın kəsib, saçlarını yolaram,
– Vuruş günü kiçik, böyük olmayır!


Yaraqlılar çaya enib durdular,
Çay löhməsə, demək burdan sel keçib.
Neçəsini süpürləyib apardı,
Çay löhməsə, demək burdan sel keçib.

Xruş dedi: – Ağac kəsin, budayın,
Bərələrə minib çayı addayın,
O Demrizi yaxalayın, oddayın,
Çay löhməsə, demək burdan sel keçib.

Sal düzəldib, yaraqlılar mindilər,
Qorxa-qorxa löhmə çaya endilər,
Az keçmədi, ətə, leşə döndülər,
Çay löhməsə, demək burdan sel keçib.

Hər gün, hər gün sal qayıqlar tikildi,
Su üstündən qalın iplər çəkildi,
Vuruşlarda onlar çaya töküldü,
Çay löhməsə, demək burdan sel keçib.

Bir səs qalxdı, titrək, qorxunc o taydan,
Səs çıxmadı bu taydakı alaydan,
Xruş nəsə soruşmaqda Üzaydan,
Çay löhməsə, demək burdan sel keçib.


Qızay dedi: – Odur, Demriz bağırır,
Səs titrədir hərdən qancıl ürəyi.
Odur, səni başrağıyla qorxudur,
Səs titrədir hərdən qancıl ürəyi.

Demriz deyir: – Ahay, Xruş, yekəbaş!
Bu vuruşda sən yavaş ol, çox yavaş!
Buralarda nə tutuq var, nə daş-qaş!
Səs titrədir hərdən qancıl ürəyi.
Sən buradan öz yerinə dön, Xruş!
Yoxsa sənə sonev olar bu duruş,
Bu, Muğandır, sıra-sıra dağ, vuruş!
Səs titrədir hərdən qancıl ürəyi.

Mən dəliyəm, səni yaxıb əzərəm!
Hər bir yandan yollarını kəsərəm,
Boş başını quş başı tək üzərəm!
Səs titrədir hərdən qancıl ürəyi.

Mənəm yazıq Eldəbirin bacısı,
Mindiyarın qız balası, carçısı!
Qanlı dimdik quzğunların ovçusu,
Səs titrədir hərdən qancıl ürəyi.


Çox əlləşdi Xruş keçsin o taya,
Çayın səsi, seli-suyu qorxulu.
Keçənləri vurub çaya tökdülər,
Çayın səsi, seli-suyu qorxulu.

Gecə idi, bir səs qalxdı o taydan,
Bu səs güclü bağırtıdan, haraydan,
– Bu nə səsdir? – O soruşdu Üzaydan,
Çayın səsi, seli-suyu qorxulu.

Üzay dedi: – Bu, Demrizdir, bağırır,
Səni geri qayıtmağa çağırır,
Pis olacaq-deyir-sənin axırın,
Çayın səsi, seli-suyu qorxulu.

Xruş bir də yürüş edir o taya,
O göstəriş verir yorğun alaya,
Tökülsünlər sıra-sıra bu çaya,
Çayın səsi, seli-suyu qorxulu.

Deyir: – Gedin, vurun, qırın, dağıdın!
Deyir: – Yarın, qan qan üstə axıdın!
Muğan ilə Qobuyeri qorxudun!
Çayın səsi, seli-suyu qorxulu.


Alay gedir, Xruş, Üzay tək qalır,
Təklənəndə qorxu alar ürəyi.
Qaranlıqda şimşək çaxır iki yol,
Təklənəndə qorxu alar ürəyi.

Şimşək deyil, işıq düşür bircə an,
O, Demrizin qılıncıdır parlayan,
İki gövdə aşır yerə yanbayan,
Təklənəndə qorxu alar ürəyi.

Yerdə iki gövdə, iki baş qalır,
Dörd bir yanı ala-qızıl qan alır,
Kəsik başdan boğuq haray ucalır,
Təklənəndə qorxu alar ürəyi.

Qayıdanlar yaralanıb, əzilib,
Xruş, Üzay, qoşa başlar kəsili,
Qalanların daş ürəyi üzülür,
Təklənəndə qorxu alar ürəyi.

Demriz durub kəsik başlar yanında,
Qılıncını yuyur qancıl qanında,
Qalanlar da qaçır arvad donunda,
Təklənəndə qorxu alar ürəyi.

Yazıqlaşan yaraqlılar qaçırlar,
Yaralılar yatıb yeri qucurlar,
Muğanlılar çay yolunu açırlar,
Təklənəndə qorxu alar ürəyi.


At kişnəyir birdən Aran boyunca,
Gec gəlsə də arxa yenə arxadır.
Şimşəkatın kişnərtisi tanışdır,
Gec gəlsə də arxa yenə arxadır.

Turqla Manay, Ağüz gəlib yetişir,
Sanki atlar bir-biriylə ötüşür,
Onlar düşüb Demriz ilə görüşür,
Gec gəlsə də arxa yenə arxadır.

Yerdə cüt baş öz qanında üzürdü,
“Yaşa Demriz!” sözü çölü gəzirdi,
Göydə buna Tanrı qulaq asırdı,
Gec gəlsə də arxa yenə arxadır.

Turq soruşur: – Demriz sənsən, ay bala?!
Demriz deyir: – Mənəm, böyük Turq ata!
Xoş gəlibsiz bu Minelli elata!
Gec gəlsə də arxa yenə arxadır.

Turq söylədi: – Qoy var olsun qılıncın!
Daha sənsən Qobuyerin yerinci!
Sən başçısan, bir də burda birinci!
Gec gəlsə də arxa yenə arxadır.

Qız, çiynindən iki qotaz asılsın!
Adın tanıq adlar içrə yazılsın!
Adın gümüş çevrə qabda yazılsın,
Gec gəlsə də arxa yenə arxadır.

Tək Demriz yox, Dəmirqızsan Muğana,
Çevirmisən qız köksünü qalxana,
Qancılları tökdün çaya, yarğana,
Gec gəlsə də arxa yenə arxadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets