Tanrıyla görüş söylənci
Üz tutmuşdu tanrılara Odərpay,
Qıtlıq olur çəkişəndə tanrılar.
O gedirdi ayaq yalın başaçıq,
Qıtlıq olur çəkişəndə tanrılar.
O gedirdi Qobuyerin düzüylə,
Gedə-gedə danışırdı özüylə,
Küləklərin, buludların iziylə,
Qıtlıq olur çəkişəndə tanrılar.
Bulud hara, o da ora, o yönə,
Gedib çatdı dağ çayına yüz günə,
Əl uzadıb üztut dedi o yenə,
Qıtlıq olur çəkişəndə tanrılar.
Əl-üz yudu, onu yuxu apardı,
Gördü birdən çay suları qabardı,
Bir qanadlı onu yerdən qopartdı,
Qıtlıq olur çəkişəndə tanrılar.
Sıx dumanlıq döndü işıq selinə,
Dəydi əli kimin isə əlinə,
“Böyük tanrı” sözü gəldi dilinə,
Qıtlıq olur çəkişəndə tanrılar.
Bir səs gəldi, sular, çaylar titrədi:
“-Yaxşılıqla bu dolanış dolanır.
Üç yüz ildir sən Odərsən ocaqda,
Yaxşılıqla bu dolanış dolanır.
Bu qan-qırğın, bu vur-aşır nəyçündür,
Çox şey, hər şey elə bilmə gücündür,
Yaxşı, ya pis, bu sonuncu seçimdir,
Yaşayışsa qısa, bircə içimdir,
Yaxşılıqlar mənim ölçüm-biçimdir,
Yaxşılıqla bu dolanış dolanır.
Bil, ikinci Sərtüz sənsən Üstyerdə,
Sənsən keçmiş böyük Sərtüz dəyərdə,
Sənsən yeni yaranışı göyərdən,
Yaxşılıqla bu dolanış dolanır.
Yorulmayın kəsi, tanrı deməkdən,
Bol olacaq su da, yer də, çörək də,
Bunlar doğur işdən, əldən, biləkdən,
Yaxşılıqla bu dolanış dolanır”.
Bu gür səsdən çaylar, göllər daşdılar,
Gurladılar, dağı, düzü aşdılar,
Çovqun, qıtlıq, quraqlıqlar qaçdılar,
Dolanışa yeni yollar açdılar,
Yaxşılıqla bu dolanış dolanır.
Tanrılıqda on il çəkdi çəkişmə,
Çəkişmədən düz yol seçə bilməzsən.
Biri qıtlıq dedi, biri yaşıllıq,
Çəkişmədən düz yol seçə bilməzsən.
Odər-Sərtüz öyüd verdi ərlərə,
Qonaq getdi uzaq-uzaq yerlərə,
Üztut, kəsi qam elədi min kərə,
Çəkişmədən düz yol seçə bilməzsən.
Ağüz, Tunqər inanmadı Sərtüzə,
Dedilər ki, inanmırıq hər sözə,
Biz durmuşuq qancıllarla üz-üzə,
Çəkişmədən düz yol seçə bilməzsən.
Dedilər ki, Daryaş yenə gələcək,
Bu yol onu qabaqlıyaq biz gərək,
Əsəcəkdir yenə çovqun, buz külək,
Çəkişmədən düz yol seçə bilməzsən.
Dedilər ki, gələr yenə Balasqel,
Yenə Hindel,Çinel,Parsel,Darvidel,
Odər-Sərtüz, sən deyənlər düz deyil,
Çəkişmədən düz yol seçə bilməzsən.
Yardım olsun tanrı bizə bir azca,
Üstün olaq acıqandan yaraqca,
Qarşılayaq qancılları qabaqca,
Çəkişmədən düz yol seçə bilməzsən.
Dedilər ki, bizi yıxan barışdır,
Barış-vuruş, bu bitməyən yarışdır,
Bizdən yürüş, Sərtüzdənsə duruşdur,
Çəkişmədən düz yol seçə bilməzsən.
Sərtüz dedi, Ağüz dedi, çəkişdi,
Tunqər qaldı, öz sözündə bərkişdi,
Sərtüz qaldı Ocağında təkləşdi,
Çəkişmədən düz yol seçə bilməzsən.
Daryaş yenə çəkib dartdı ipləri,
Ola bilməz dəlisovdan tanrısoy.
– Əkbitənlə Qobu -dedi- bizimdir,
Ola bilməz dəlisovdan tanrısoy.
Dedi: – Köçsün Buzboğaza Mindiyar,
Bu yanlarda bizə qalsın qalanlar,
Toplu, saxlanc, qızıl, gümüş, nə ki var,
Ola bilməz dəlisovdan tanrısoy.
Sərtüz getdi onu tez-tez yanladı,
“Mənəm, mənəm” deməyini danladı,
Daryaş yenə orda, burda banladı,
Ola bilməz dəlisovdan tanrısoy.
Sərtüz dedi: – Tanrım hamı dəyişib,
Qapış-qapış hamı, hər gün deyişir,
Yaxşıyla pis qan-qan deyir, döyüşür,
Ola bilməz dəlisovdan tanrısoy.
Səs gəlmədi yerdən, göydən, tanrıdan,
Tək qalmışdı Sərtüz yerdə doğrudan,
Qıvrılırdı, açılırdı ağrıdan,
Ola bilməz dəlisovdan tanrısoy.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-tanriyla-gorus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Ağqurd Alpan dedi: – Mənə izin ver,Ağsaqqalsız, şahsız qalmaq çətindir.
Manay şah söylənciManay şahın səsləncləri gurladı,Ölkə gərək bir səs, bir söz tanıya.
Maha söylənciBir gün Maha gəldi şahın yanına,Soyuq olur qadınların öpüşü,
Günay-Tuncər söylənciManay şahın səsləncləri gurlayır,Öz yerində hamı qat-qat güclüdür.
Poems by other poets · Divine love
Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.
کام دلم نشد ز دهانت روا هنوزو آن درد را که بود نکردم دوا هنوز
EdərAralıqda itib hökmi-şəriət,Xahişlərin eyləyirlər təriqət,
Küçük bir levhəEhtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.