Quraqlıq söylənci
Qanlı gədik vuruşları bitmişdi,
Sınıq, qırıq, çapıq qalır vuruşdan.
On il qıtlıq, quraqlıq da üstəlik,
Sınıq, qırıq, çapıq qalır vuruşdan.
Quraqlıqla qıtlıq vurdu torpağı,
O bürüdü Əkbitəni, Duzdağı,
Batdı yerin suyu, gölü, bulağı,
O qurutdu yaşıl-yaşıl otlağı,
Çatdaq-çatdaq oldu sulu batlağı,
Laxlam qaldı ot, yem, çörək tabağı,
Quru qaldı elin ağzı, qırtlağı,
Sınıq, qırıq, çapıq qalır vuruşdan.
Yer-yurd, baxış, göz acıqlı, alışqan.
On il ötdü, qıtlıq, aclıq ötmədi,
Quraqlığın quru yeli bitmədi,
Qurd-quş köçdü, burdan ot-su güdmədi,
Ancaq Minel burdan köçüb getmədi,
Sınıq, qırıq, çapıq qalır vuruşdan.
Yer-yurd, baxış, göz acıqlı, alışqan.
Parseli də tutdu aclıq, quraqlıq,
Qıtlıq gəlir hamılığa, gələndə.
Parsel sanki Mindiyardan qopmuşdu,
Qıtlıq gəlir hamılığa, gələndə.
O Savanı, Qamı, Sakı bürüdü,
Atlar köpdü, adamlarsa qurudu,
Çoxu qaçdı, batıyerə yürüdü,
Sürüsünü dağlıqlara sürüdü,
Uşağını ot koküylə qorudu,
Qıtlıq gəlir hamılığa, gələndə.
Daryaş dedi: – Alpis bizi tollayıb,
Hələ çaşıb bizə qıtlıq yollayıb,
Şimşəkquyruq atını da yallayıb,
O, atı da yalan ilə çullayıb,
İldırımla, şimşək ilə nallayıb,
Çıxıb, gedib ağız-burun sallayıb,
Qıtlıq gəlir hamılığa, gələndə.
Niyə bizi hamı, hamı aldadır,
Niyə Parsel düşüb belə, daldadır,
Niyə hər şey ağı dadır, su dadır,
Qıtlıq gəlir hamılığa, gələndə.
Tanrı dedi: – Daha otur yerində,
Əl-qol atma, əlin-qolun uzanar.
Yaxşılığı qarışdırma pisliklə,
Əl-qol atma, əlin-qolun uzanar.
Yaranmışlar işə, gücə yaranıb,
Ancaq indi o yarağa sarınıb,
Cumur, tutur, alır ora-buranı,
O tutsa da, qopartsa da haranı,
Pozur ölkə, el içində aranı,
Əl-qol atma, əlin-qolun uzanar.
Kəsi elə varın varsa varını,
Əltut elə ağsaqqalı, qarını,
Yaşa, yaşat yaxşılıqla durumu,
Əl-qol atma, əlin-qolun uzanar.
Tanrınındı torpaq, onu paylaşın,
Hamı soylar birdir, gedin soylaşın,
Atın getsin yaraqları, savaşı,
Qardaşlaşın, sevin bacı, qardaşı,
Əl-qol atma, əlin-qolun uzanar.
Daryaş dedi: – Tanrı, məni bağışla,
Yaranmışlar elə tez-tez yanılır.
Yaranmışa yer veribsən, var da ver,
Yaranmışlar elə tez-tez yanılır.
Sən yox elə o basılmaz Tunqəri,
Mindiyarda hər gün bir Tunq göyərir,
Yoxdur mənim Mindiyarda dəyərim,
Yaranmışlar elə tez-tez yanılır.
Mənə güc ver, basar olum, basım mən,
Tunqərlərə hər gün sonev qazım mən,
Gəlmir daha başqa bir iş əlimdən,
Yaranmışlar elə tez-tez yanılır.
Böyük artır, kiçik isə danılır.
İzin versən, son döyüşə gedərəm,
Parsdiyarı Pars ölkəsi edərəm,
Mən şah ollam, şahlığıma yetərəm,
Yaranmışlar elə tez-tez yanılır.
Böyük artır, kiçik isə danılır.
Uğurelə köçdü getdi onçular,
Susuz qalsa torpaq, aclıq olacaq.
Çörəkçilər köçdü, getdi Çinçaya,
Susuz qalsa torpaq, aclıq olacaq.
Qobuyerdən köçdü, getdi yurd, oba,
Çox evlərdə nə buğda var, nə arpa,
Ac günləri say, muncuqtək düz sapa,
Bir xurcunluq saman, ot da yox tapan,
Susuz qalsa torpaq, aclıq olacaq.
Hər gün dolub, boşalırdı ocaqlar,
Susuzluqdan qurumuşdu dodaqlar,
Üztut deyib ağlayırdı uşaqlar,
Qup-quruydu arxlar, göllər, bulaqlar,
Susuz qalsa torpaq, aclıq olacaq.
Turqər, Tunqər, Ağüz, Manay, Dəmirqız,
Qılıncları atın yerə hamınız,
Kimə gərək indi qılınc, ox, topbuz,
Qan içində ölənləri anınız,
Qan tökmənin budur sonu, bu yalnız,
Susuz qalsa torpaq, aclıq olacaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-quraqliq-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Yer üzünə bir də Zərdüşt gələcək,O, tanrının oğlu, tanrı yoludur.
Ağüzün sevgi söylənciKeçdi yüz gün Araz üstdə döyüşdənSevgi birdən gəlir,-demə!, Yalandır.
Muğanel söylənciMuğanelin yerincliyi Aranda,Hər bir yerin başbiləni yerincdir.
Uğureldə vuruş söylənciUğureldə səngimirdi döyüşlər,Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
Poems by other poets · Homeland
Qələmim süngüyə çevril, süngüyə,Sancıl Qarabağda düşmən başına!
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.